Məhkəmə qərarları › İş №2(104)-1667/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1667/2024

29.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1667/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “qanunsuz müdaxilələrin qadağan edilməsi və əldən çıxmış fayda” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-56/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Cavabdeh1 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********11-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.06075 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2233.3 kv.m qeyriyaşayış binası xüsusi mülkiyyət növü ilə İddiaçı tam mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********11-06301, invertar nömrəsi 10873 olan Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanında 0.06075 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2233.3 kv.m qeyriyaşayış binasının hüquq subyekti İddiaçıdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********46-12101, invertar nömrəsi 1622 olan Texniki Pasportundan görünür ki, Bərdə rayon Bakı küçəsi 3 ünvanında yerləşən Əmlak Kompleksinin balans saxlayıcı Azərbaycan Respublikası Təhsil Nazirliyi, X2 Texnologiya Kolleci, hüquq subyekti X2 Texnologiya Kollecidir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına qanunsuz müdaxilələrin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(021)- 1753/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən aparılan 10.63 kv.m tikilinin 6.02 kv.m hissəsi TEKUİS məlumat bazasında mövcud, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********11 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətindədir. Qalan 4.61 kv.m hissəsi isə iddiaçının mülkiyyətinə aid olmayan torpaq sahəsində tikilmişdir. Həmin torpaq sahəsinin 4.61 kv.m hissəsi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə aid olmadığından cavabdehler tikintinin aparılmasına müdaxilə edirlər.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9247 nömrəli Ekspert Rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-46/2- 3881/2023 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir: İddiaçı tərəfindən aparılan 10.63 kv.m tikilinin 6.02 kv.m hissəsinin TEKUİS məlumat bazasına əsasən İddiaçı mülkiyyətində olduğu, qalan 4.61 kv.m hissəsinin isə iddiaçının mülkiyyətinə aid olmayan torpaq sahəsində tikildiyi müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin 4.61 kv.m. hissəsinin iddiaçının mülkiyətinə verilmiş torpaq sahəsinə aid olmadığın və cavabdehlər tərəfindən tikilinin aparılmasına müdaxilə edildiyi müəyyən olunmuşdur.

6. Məhkəmə tərəfindən həyata keçirilmiş xx.xx.2024-cü il tarixli yerli baxış protokolundan görünür ki, ünvan 1 ünvanında 0.06075 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2233.3 kv.m qeyri-yaşayış binası - otel tikintisi başa çatmışdır. Həmin otelin qarşı tərəfi Bakı küçəsi, arxa tərəfi isə X4 və Texnologiya Kollecinin həyəti ilə qonşuluqda yerləşir. Həmin ünvanında yerləşən 0.06075 ha torpaq sahəsində yerləşən otel tikintisinin arxa tərəfinin 6.02 kv.m hissəsinin İddiaçı mülkiyyətində olduğu, qalan 4.61 kv.m hissəsinin isə iddiaçının mülkiyyətinə aid olmayan torpaq sahəsidir. Mülki işin gedişatında iddiaçı tərəfindən tikilən qazanxana X4 və Texnologiya Kollecinin ərazisinə düşmüş, lakin sonradan həmin qazanxana sökülmüşdür. Həmçinin müəyyən edilir ki, otel tikilisinin binasından kənarda sağ və sol tərəfindən pilləkan vastəsilə düşmək və çıxmaqla X4 və Texnologiya Kollecinin ərazisinə keçid vardır. Otel tikilisinin binasından kənarda sağ və sol tərəfindən pilləkanlardan yan-yana cərgə ilə digər vətəndaşlara məxsus obyektlərdə yerləşir. Həmin keçidləri həm yoldan keçən vətəndaşlar, həmçinin kollecdə oxuyan şagirdlər tərəfindən zibillənmiş, üfunət iyi ətrafa yayılmışdır. İddiaçı hazırda otel tikintisinin arxa tərəfinin özünəməxsus 6.02 kv.m hissəsində qazanxana tikilisini tikmək üçün-burada həmçinin şagirdlərin təhlükəsizliyini təmin etmək üçün və otelin müştərilərini cəlb etmək üçün-burada həmçinin üfunəti aradan qaldırmaq məqsədi ilə sağ və sol tərəfindən pilləkanları daş hasarla hörmək istəyir ki, cavabdehlər buna müdaxilə edir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Bakı küçəsindən X4 və Texnologiya Kollecinin həyətinə başqa obyektlərin ara məsafəsindən də gediş –gəliş yolu mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2unun Bərdə şəhəri, Bakı küçəsi ev 330-da yerləşən 0.06075 ha torpaq sahəsinin sərhədləri daxilində qazanxana binasının tikintisinə qanunsuz müdaxilələrin qadağan edilməsinə və cavabdehlərdən müşətərək qaydada əldən çıxmış fayda şəkilində 20.000 manat zərərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri Bakı küçəsi 330-da yerləşən 0.06075 ha torpaq sahəsi və onun üzərində yerləşən 2233.3 kv.m qeyri-yaşayış binası onun tam mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyesterindən Seriya RX ******* saylı “Çıxarışdan” da göründüyü kimi sözügedən obyekt üzərində mülkiyyət hüquqları rəsmi qeydə alınmış və bu barədə “Texniki Pasport” da verilmişdir. Sözügedən torpaq sahəsi üzərində 42.5 X 12.4 kv.m ölçüsündə qeyri yaşayış binası (mehmanxana və klinika) inşa etmişdir. Həmin obyektləri istiliklə təmin etmək üçün ona məxsus torpaq sahəsinin tikinti olmayan 80.5 kv.m hissəsinin 18 kv.m hissəsində qazanxana inşa etdirmək istəyərkən, hazırkı iş üzrə cavabdehlər Bərdə Kollecinin direktoru Cavabdeh1 və kollecin mühasibi Cavabdeh2 qazanxananın tikilməsinə qanunsuz olaraq müdaxilə edərək, mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Qazanxananın alt hissəsində su çəni quraşdırılmış və qazanxanın tikilisi isə yekunlaşmaq üzərədir. Cavabdehlərin hərəkətləri nəticəsində külli miqdarda zərərə düşmüşdür. Mehmanxana və klinikanın fəaliyyətə başlaması üçün qazanxananın işləməsi ən vacib şərtdir. Artıq bir aydan çoxur ki, cavabdehlərin təqsiri ucbatından qazanxasının tikintisinin başa çatmasına imkan vermirlər. Dəfələrlə şifahi söhbətlər etsə də, mümkün olmamışdır. Cavabdehlər bildirirlər ki, onların rəsmi sənədi var, lakin nə qədər sənədi göstərmələrini tələb etsə də, göstərməmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Bərdə Rayon Məhkəməsinin 2(021)-56/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “qanunsuz müdaxilələrin qadağan edilməsi və əldən çıxmış fayda” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bərdə şəhəri, Bakı küçəsi ev 330-da yerləşən 0.06075 ha torpaq sahəsinin faktiki tikinti işləri aparılan 6.02 kv.m hissəsində qazanxana binasının tikintisinə və hasarın hörülməsinə qanunsuz müdaxilələr qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, ekspertiza xərcinin 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə ekspert rəyini və işin faktiki hallarını əsas götürərək hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən tikintinin qanunsuz müdaxilələrin qadağan edilməsi hissəsində təmin olunmalıdır.

11. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsi, Mülki Məcəlləsinin 139.3, 140, 146.1, 146.2, Torpaq Məcəlləsinin 67-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Bərdə Rayon Məhkəməsinin 2(021)-56/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-56/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi və əldən çıxmış fayda şəklində 20.000 (iyirmi min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbini 2022-ci ilin aprel ayından qaldırmışdır. Həmin vaxtadək isə ən azı 5-6 ay cavabdehlə danışıqlar getmişdir ki, otel binasının fəaliyyət göstərməsi üçün yalnız qazanxananın olmaması əngəl törədir. Öz mülkiyyətində olan torpaq sahəsində qazanxananın tikintisinə sonda maneçilik yaratdığından məhkəmədə iddia qaldırmalı olmuşdur. xx.xx.2022-ci il tarixdə hətta qazanxananın inşasına qanunsuz müdaxilələrin qadağa edilməsi barədə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, MTT(021)-14/2022 saylı qərardadı ilə ərizəsi təmin edilmişdir. Buna baxmayaraq, cavabdehlər özbaşınalıq edərək, məhkəmə qərardadını saymayaraq, tikdirdiyi qazanxananı traktorla sökərək, həmçinin 2 ildən çoxdur ki, qanunsuz hərəkətləri nəticəsində otel və klinikası fəaliyyət göstərə bilmədiyindən ona külli miqdarda ziyan vurmuşlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********11-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.06075 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2233.3 kv.m qeyriyaşayış binası xüsusi mülkiyyət növü ilə İddiaçı tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylıƏrazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********11-06301, invertar nömrəsi 10873 olan Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanında 0.06075 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2233.3 kv.m qeyri-yaşayış binasının hüquq subyekti İddiaçıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına qanunsuz müdaxilələrin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(021)- 1753/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti- texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən aparılan 10.63 kv.m tikilinin 6.02 kv.m hissəsi TEKUİS məlumat bazasında mövcud, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********11 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətindədir. Məhkəmə tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, otel tikilisinin binasından kənarda sağ və sol tərəfindən pilləkan vastəsilə düşmək və çıxmaqla X4 və Texnologiya Kollecinin ərazisinə keçid vardır. Otel tikilisinin binasından kənarda sağ və sol tərəfindən pilləkanlardan yan-yana cərgə ilə digər vətəndaşlara məxsus obyektlərdə yerləşir. Həmin keçidləri həm yoldan keçən vətəndaşlar, həmçinin kollecdə oxuyan şagirdlər tərəfindən zibillənmiş, üfunət iyi ətrafa yayılmışdır. Sadalanan xüsusatlardan göründüyü kimi, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir.

14. Bərdə Rayon Məhkəməsinin 2(021)-56/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 56/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tikintitexniki ekspert rəyinə əsaslanaraq, qeyd edilən ərazinin 6,02 kv.m hissəsində “qazanxana binasının tikintisinə və hasarın hörülməsinə qanunsuz müdaxilələrin qadağan edilməsi barədə” qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən 2014-cü il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylıƏrazi İdarəsi Tərəfindən verilmiş Texnikuma məxsus ərazinin Texniki Pasportu ilə 2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********11-06301, invertar nömrəsi 110873 olan Texniki Pasportu müqayisəli şəkildə təhlil etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan 2014-cü il tarixli Texniki Pasport ilə 2017-ci il tarixli Texniki Pasportu müqayisə etsə idi mübhisəli tikintinin hansı ərazidə aparıldığı tam aydın görsənərdi.

16. Bərdə Rayon Məhkəməsinin 2(021)-56/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-56/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qətnamədə AzərbaycanRespublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsini tətbiq etməklə yekunda qərar qəbul edərkən səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı bir neçə dəfə məktəbin istifadəsində olan torpaq sahəsində qazanxananın inşasına icazə verilməsi barədə məhkəməyə müraciət etsə də, sonradan iddianın gələcək prespektivinin uğurlu olmayacağını anlayaraq, ərizəsini geri götürmüşdür. Lakin, sonradan yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən öz marağına uyğun qərar ala bilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş ekspert rəyi ilə kifayətlənərək, tikilməsi nəzərdə tutulan qazanxanın kollecin tikintisi üçün ayrılan torpaq sahəsi (6.4 ha) ilə üst-üstə düşübdüşmədiyini müəyyən etməmişdir. Məhkəmə tərəfindən müəyyən edilən qazanxana tikintisi üçün nəzərdə tutulan 6.02 kv.m sahənin məktəbin ərazisində müəyyən etməsinin hüquqi əsası yoxdur. İşə baxan məhkəmə iş üçün əhəmiyyət kəsb edən halları araşdırmadan, habelə çəkişmə prinsipinə əməl etmədən qanunsuz və əsassız qərar qəbul etmişdir. Qətnamədə göstərilmiş nəticə işin faktiki hallarna uyğun gəlmir. Belə ki, Azərbaycan KP MK-nin və Respublika Nazirlər Sovetinin 25 mart 1978-ci il tarixli 113 nömrəli qərarına əsasən, Bərdə Rayon XDS İcraiyyə Komitəsinin 02 iyul 1979-cu il tarixli, 16 nömrəli sərəncamı ilə binanın tikintisi üçün ayrılmış 6,4 hektar torpaq sahəsi ilə üstüstə düşməsi işin faktiki halıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, mübahisəli torpaq onlara məxsusdur. Onlar qarşı tərəflə barışmışlar. Birinci instansiya məhkəməsi iddiasını qismən təmin etdiyi üçün apellyasiya şikayəti vermişlər. Halbuki, iddia tələbində onlar 20.000 manat əldən çıxmış fayda tələb etmişlər.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirdi ki, birinci mərtəbənin altında qazanxana tikilmişdi. O da, sökülüb. Artıq hər şey qaydasındadır. Mübahisə predmeti yoxdur artıq sökülüb. Apellyasiya şikayətindən imtina etməyə ona səlahiyyət verilməmişdir.

21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, iş yükü ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

22. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

34. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlüklə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, hər üç apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-56/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, İddiaçı apellyasiya şikayətində cavabdehlər tərəfindən qanunsuz olaraq sökülmüş əvvəlki qazanxananın tikintisinə çəkdiyi xərcin və cavabdehlərin təqsiri ucbatından fəaliyyət göstərmədiyi 2 il ərzində əldən çıxmış faydanın, cəmi 20.000 manat dəymiş ziyanın ona ödənilməsini, yəni iddia tələbinin tam təmin edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qazanxana quraşdırılmadığından otel fəaliyyət göstərə bilməmiş, otel otaqlarının sayı və günlük qiyməti nəzərə alınmaqla əldən çıxmış fayda, otel hələki müştəri qəbul etmədiyi və illik gəlir müəyyən olunmadığı və bunun əsasında ortalama gəlir nə qədər olması müəyyən edilmədiyi üçün təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş materiallarında, iddiaçının apellyasiya şikayətində və məhkəmə iclasında iddiaçı tərəfindən əldən çıxmış faydanın və ya 20.000 manat dəymiş ziyanın müəyyən edilməsinə dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Buna görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

40. Cavabdeh1 apellyasiya şikayətində ona əsaslanmışdır ki, texnikuma məxsus ərazinin Texniki Pasportu ilə 2017-ci ildə DƏDRX 7 saylı ərazi idarəsi tərəfindən verilmiş Texniki Pasportu müqayisəli şəkildə təhlil etməmişdir. Məhkəmə 2014-cü il tarixli texniki pasport ilə 2017-ci il tarixli texniki pasportu müqayisə etsə idi, mübahisəli tikintinin hansı ərazidə aparıldığı tam aydın görsənərdi. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9247 nömrəli Ekspert Rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-46/2- 3881/2023 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir. İddiaçı tərəfindən aparılan 10.63 kv.m tikilinin 6.02 kv.m hissəsinin TEKUİS məlumat bazasına əsasən İddiaçı mülkiyyətində olduğu, qalan 4.61 kv.m hissəsinin isə iddiaçının mülkiyyətinə aid olmayan torpaq sahəsində tikildiyi müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin 4.61 kv.m. hissəsinin iddiaçının mülkiyətinə verilmiş torpaq sahəsinə aid olmadığın və cavabdehlər tərəfindən tikilinin aparılmasına müdaxilə edildiyi müəyyən olunmuşdur. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən aparılan 10.63 kv.m tikilinin 6.02 kv.m hissəsinin TEKUİS məlumat bazasına əsasən İddiaçı mülkiyyətində olduğu, qalan 4.61 kv.m hissəsinin isə iddiaçının mülkiyyətinə aid olmayan torpaq sahəsində tikilmişdir və Cavabdeh1 apellyasiya şikayətində qeyd etdiyi xüsasatları təsdiqləyəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin mübahisəli əraziyə dair iddiçının mülkiyyət hüququna dair aparılmış qeyd cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir.

41. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya şikayətinin Azərbaycan KP MK-nin və Respublika Nazirlər Sovetinin 25 mart 1978-ci il tarixli 113 nömrəli qərarına əsasən, Bərdə Rayon XDS İcraiyyə Komitəsinin 02 iyul 1979-cu il tarixli, 16 nömrəli sərəncamı ilə binanın tikintisi üçün ayrılmış 6,4 hektar torpaq sahəsi ilə üst-üstə düşməsinin işin faktiki halı olması, birinci instansiya məhkəməsinin ekspert rəyi ilə kifayətlənərək, tikilməsi nəzərdə tutulan qazanxanın kollecin tikintisi üçün ayrılan torpaq sahəsi (6.4 ha) ilə üst-üstə düşübdüşmədiyini müəyyən etməməsi dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/9247 nömrəli Ekspert Rəyi TEKUİS məlumat bazasına əsasən verilmişdir və həmin baza məlumatlarına əsasən İddiaçı mülkiyyətində olduğu, qalan 4.61 kv.m hissəsinin isə iddiaçının mülkiyyətinə aid olmayan torpaq sahəsində tikilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan KP MK-nin və Respublika Nazirlər Sovetinin 25 mart 1978-ci il tarixli 113 nömrəli qərarına əsasən, Bərdə Rayon XDS İcraiyyə Komitəsinin 02 iyul 1979-cu il tarixli, 16 nömrəli sərəncamı ilə binanın tikintisi üçün ayrılmış 6,4 hektar torpaq sahəsi ilə üst-üstə düşməsini qeyd etsə də, iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş tam mülkiyyət dair reyestr nömrəsi **********11-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı qeydi mübahisələndirməmiş və həmin qeyd qüvvədədir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.

42. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 2(021)-56/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Bərdə Rayon Məhkəməsinin 2(021)-56/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-56/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar