Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1668/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh ünvan 1v adına ümumi orta məktəbinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), X6 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı X3, nümayəndəsi (vəkili) Nümayəndə və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı X3 cavabdeh ünvan 1v adına ümumi orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)- 365/2024 nömrəli qətnaməsindən cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 09 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ünvan 1v adına ümumi orta məktəbin direktoru Cavabdeh 13 noyabr 2023-cü il tarixli, 60 nömrəli əmrindən görünür ki, ünvan 1v adına ümumi orta məktəbin ibtidai sinif müəllimi X5 ilə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən ləğv edilmişdir.
2. Əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1995-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər ünvan 1v adına ümumi orta məktəbində müəllim vəzifəsində işləmişdir.
3. 28.08.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Çiçək Məmmədova xx.xx.2023cü il tarixdə cərrahi əməliyyat olunmuş, xx.xx.2023-cü il tarixdə evə yazılaraq xəstəyə yataq şəraiti istirahət və müalicə məsləhət görülmüşdür.
4. Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixlər aralığında işdən azad edildiyi göstərilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən X3 müraciətinə əsasən ona verilmiş cavabda qeyd olunmuşdur ki, X5 “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na (bundan sonra - Qaydalar) uyğun olaraq peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş sertifikatlaşdırmanın test mərhələsində keçid balını toplaya bilməmiş və Qaydaların 5.2-ci bəndinə əsasən 1 (bir) il müddətində iş yeriniz saxlanılmaqla ona təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X5 cavabdeh ünvan 1v adına ümumi orta məktəbinin direktoru Cavabdeh qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1v adına ümumi orta məktəbin direktorunun xx.xx.2023-cü il tarixli, 60 nömrəli əmrinin ləğv edilməsinə, onun əvvəlki işinə bərpa edilməsinə və işdən çıxarıldığı müddətdə əmək haqqının ödənilməsinə və əvvəlki işinə bərpa edilməsi mümkün olmadıqda başqa işlə təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci il tarixdə Samux Rayon Mahir Aydınov adına Salahlı kənd əsas məktəbində müəllim vəzifəsində işə götürülmüşdür. Həmin məktəbdə 28 il 9 ay müəllim işlədikdən sonra Samux Rayon, Mahir Aydınov adına Salahlı kənd ümumi orta məktəb direktoru xx.xx.2023-cü il tarixdə 60 nömrəli əmrlə o, qeyri - qanuni şəkildə əmək müqaviləmi ləğv edilərək işdən çıxarılmışdır. Belə ki, onun xx.xx.2023-cü il tarixdə keçirilən sertifikatlaşdırma imtahanında iştirak etmədiyi, işdən çıxarılmasının əsası kimi götürülmüşdür. Halbuki o, imtahan keçirilən tarixdə Mərkəzi Klinkada stasionar müalicədə olmuşdur. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək qabliyyətinin olmaması vərəqəsini iş yerinə təqdim etmişdir. Lakin Samux Rayon Mahir Aydınov adına Salahlı kənd ümümi orta məktəb direktorunun qeri-qanuni hərəkətləri nəticəsində, qanunvericiliyin tələbinə zidd olaraq işdən azad edilmişdir. Qeyri qanuni işdən çıxarılması maddi vəziyyətini daha da çətinləşdirmiş və müalicə üçün dərmanlarını ala bilmir, həmçinin müalicə üçün götürdüyü kredit borcunu ödəyə bilmir. Hazırda heç bir maddi köməkliyi olmadığı üçün maddi cəhətdən əziyyət çəkir. O, üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq stasionar müalicə aldığı üçün xx.xx.2023-cü il tarixdə keçirilən sertifikatlaşdırma imtahanında iştirak edə bilməmişdir. Xəstəliyi ilə əlaqədar müvafiq sənədləri şəxsən məktəbin direktoru Cavabdeh təqdim etmişdir. Lakin bütün bunlara baxmayaraq xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məktəb direktoru Cavabdeh onun əmək müqaviləsinə qeyri-qanuni xitam verdiyi üçün onu əmək haqqına uyğun başqa işlə təmin edəcəyinə dair vəd vermişdir. Sonradan məktəbin direktoru ona bildirmişdir ki, göstəriş gəlib ki, ona heç bir iş verməsin. Mövcud vəziyyətlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə ərizə ilə müraciət etmiş, lakin qeyri-qanuni işdən çıxarılması ilə əlaqədar heç bir tədbir görülməmişdir. Bundan əlavə işə bərpa olunması ilə əlaqədar Samux 1 saylı mediyasiya təşkilatına rəsmi müraciət etmiş, X4 işə bərpa tələbi ilə əlaqədar cavabdehlə müvafiq danışıqlar apardı. Nəticədə cavabdehlə barışıq əldə edilmədi. Bu səbəbdən də işə bərpa tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
8. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-365/2024 nömrəli qətnaməsi (hakim Tərifə Kərimova) ilə, iddianın təmin edilməsi, iddiaçı X3 əmək müqaviləsinin ləğv edilməsi barədə ünvan 1v adına ümumi orta məktəbinin direktoru Cavabdeh 13 noyabr 2023-cü il tarixli, 60 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb verilməklə X5 əvvəlki işinə bərpa olunması qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67.2, 68, 69, 70, 71, 72, 73, 74, 74.2, 75, 76, 83 və 300-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 216-220, 227, 233.1, 360 və 362-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-365/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, hazırkı iş üzrə X5 xx.xx.1995-ci il tarixindən məktəbdə ibtidai sinif müəllimi işləyir. X5 xx.xx.2016-cı il tarixində Göygöl rayonunda keçirilmiş müəllimlərin diaqnostik qiymətləndirmə imtahanında ixtisasdan 9 bal, metodikadan 3 bal, cəmi 12 bal toplamışdır. Təkrar diaqnostika imtahanı 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilmiş və X5 imtahanda iştirak edərək ixtisasdan 9 bal, metodikadan 0 bal toplamışdır. Daha sonra X5 xx.xx.2022-ci il tarixində Gəncə şəhərində keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak etmiş və müvafiq keçid balını toplaya bilməmişdir. Ona görə də X5 xx.xx.2023-cü il tarixində təşkil olunacaq təkrar sertifikatlaşdırma imtahanında iştirak etməli idi. X1 həmin imtahanda iştirak etməmişdir. O, bunu səhhəti ilə əlaqələndirmiş və növbəti bir neçə ay ərzində işə çıxmamışdır. Əslində isə hesab edirik ki, iddiaçı özü də yaxşı bilmişdir ki, imtahandan keçə bilməyəcək. Çünki iddiaçı adi bir ərizəni belə yazmağa çətinlik çəkir. Belə olan halda isə onun gələcəyimiz sayılan ibtidai siniflərə necə dərs keçəyini asanlıqla təxmin etmək olar. Hesab edirik ki, iddiaçı yalnız 60 yaşı tamam olduqdan sonra işə çıxmaqla sertifikatlaşdırma imtahanından qəsddən yayındığını biruzə vermişdir. Lakin birinci sertifikatlaşdırma imtahanı keçirilən zaman onun hələ 59 yaşı olsa da, müvafiq keçid balını toplaya bilməmişdir. Bütün bunları nəzərə alıb xx.xx.2022-ci il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanında və xx.xx.2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməməsi səbəbindən və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 04 sentyabr 2023-cü il tarixli 3-29/3-2-53F2023 nömrəli əmrini əsas tutaraq X5 işə çıxdıqdan sonra 13 noyabr 2023-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Hesab edirik ki, məhkəmə sözü gedən qətnaməni çıxaran zaman işin yuxarıda qeyd edilən faktiki hallarını aydınlaşdırmamışdır ki, bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki haldır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı X5 apellyasiya şikayətinə qarşı məhkəmə kollegiyasına etiraz ünvanlayaraq, cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ünvan 1v adına ümumi orta məktəbi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini və Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-365/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyinin tələbinə riayət etmədən hazırlanmışdır. Apellyasiya şikayəti həqiqəti əks etdirmir və cavabdehin subyektiv fikirləri qeyd olunmuşdur. Belə ki, apellyasiya şikayətinin 5-ci bəndində iddiaçının peşə fəaliyyətinə xələl gətirən ifadələr işlətməklə ona qarşı mənəvi ziyan vurmuşdur. İddiaçı iştirak etdiyi xx.xx.2022-ci il tarixdə diaqnostik qiymətləndirmə imtahanında 18 bal yığmışdır və tələb olunan balı yığmadığına görə ona növbəti imtahanda iştirak etməkdə vaxt verilmişdir. Həmin tarixdən sonra iddiaçı xx.xx.2023-cü il tarixə kimi həmin məktəbdə müəllim işləyərək peşə fəaliyyətini davam etdirmişdir. İddiaçı həmin məktəbdə 28 il 9 ay müəllim işlədikdən sonra qeyri-qanuni şəkildə işdən çıxarılmışdır. Cavabdeh bildirmişdir ki, iddiaçı imtahandan keçə bilməyəcəyini qabaqcadan bildiyi üçün imtahanda iştirak etməmişdir. Bu tamamilə yalandır. Ona görə ki, cavabdeh yaxşı bilirdi ki, səhhətində ciddi problem vardır və onunla əlaqədar ciddi müalicə alır. xx.xx.2023-cü il tarixində Bakı şəhərində Mərkəzi Klinikaya daxil olmuşdur və həkimlər onkoloji xəstə olduğu üçün üzərində təcili əməliyyat keçirilməsi qənaətinə gəlmişdirlər. Bu səbəbdən də xx.xx.2023-cü il tarixində üzərində cərrahi əməliyyat keçirilmişdir. İddiaçı Bakı şəhərinə Mərkəzi Klinikaya hərəkət edə bilmədiyi üçün təcili tibbi yardım maşını ilə aparılmışdır. Ona görə də imtahanda iştirak edə bilməmişdir.
2. Daha sonra iddiaçının işdən çıxma əmri qanunvericiliyin tələbinə zidd olaraq əmək kitabçasına işlənmişdir. İşdən çıxma səbəbinə heç bir aydınlıq gətirilməmiş və heç bir əsas göstərilməmişdir. 3. Apellyasiya şikayətində göstərilən maddi və prosessual hüquq normalarının pozuntusuna aid maddələrin işin mahiyyəti ilə heç bir əlaqəsi yoxdur. Real vəziyyətə hüquqi qiymət verməmiş, cavabdehin subyektik fikrilərini əsaslandırmağa çalışmışlar. 4. Hesab edir ki, apellyasiya şikayəti mülki qanunvericiliyin tələbinə uyğun yazılmamışdır. Təmin olunması üçün heç bir qanuni əsas göstərilməmişdir. Həmçinin iddiaçının işdən çıxarılması ilə əlaqədar elm və təhsil nazirliyi tərəfindən heç bir rəsmi məktub göndərilməmişdir. Odur ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, obyektiv araşdırma aparılaraq qəbul edildiyindən dəyişdirilmədən saxlanılmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, X5 xx.xx.1995-ci ildə Samux rayon Salahlı kənd Mahir Aydınov adına ümumi orta məktəbinə ibtidai sinif müəllimi təyin olunmuşdur. X5 4 dekabr 2016 cı il tarixdə Göygöl rayonunda keçirilmiş müəllimlərin diaqnostik qiymətləndirmə imtahanında ixtisasdan 9 bal, metodikadan 3 bal, cəmi 12 bal toplamışdır.Təkrar diaqnostika imtahanı 2018 ci ilin iyun ayında Bakı şəhərində keçirilmiş və X5 yenə imtahanda iştirak edərək ixtisasdan 9 bal, metodikadan 0 bal toplamışdır. X5 29 avqust 2022-ci il tarixdə Gəncə şəhərində keçirilmiş olan sertifikatlaşdırma imtahanında iştirak etmiş və müvafiq keçid balını toplaya bilməmişdir. Növbəti sertifikatlaşdırma imtahanı 29 avqust 2023-cü il tarixdə yenidən təşkil olunmuşdur. X2 23 avqust 2023-cü il tarixdə əməliyyat olunduğundan imtahanda iştirak edə bilməmişdir. X5 23 avqust 2023-cü İl tarixdən 10 noyabr 2023-cü il tarixə kimi xəstə olmuşdur. 13 noyabr 2023-cü il tarixdə onun əmək müqaviləsinə 29 avqust 2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazırliyinin 04 sentyabr 2023-cü il tarixli 3-29/3-2- 53F2023 nömrəli əmrinə əsasən xitam verilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. İş üzrə cavabdeh ünvan 1v adına ümumi orta məktəbinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
17. Maddə 2, 3-cü hissə. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır.
18. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
19. Maddə 67, 1-ci hissə. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-c maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
20. Maddə 67-1, 1-ci hissə. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir
21. Maddə 67, 2-ci hissə. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
22. Maddə 67, 3-1-ci hissə. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
23. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir
24. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
25. Maddə 76, 1-ci hissə. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
26. Maddə 79, 1-ci hissə. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
27. Maddə 83, 1-ci hissə. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
28. Maddə 83, 2-ci hissə. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
29. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil və peşə standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir.
31. Maddə 9.2. Təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq qaydada qiymətləndirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası
32. Bənd 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36- 2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir;
33. Bənd 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər;
34. Bənd 4.3. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10- 1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər.
35. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
36. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
37. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
47. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
50. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
52. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-365/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı X5 xx.xx.2022-ci il tarixində keçirilmiş sertifikatlaşdırmanın test mərhələsində keçid balını toplaya bilməmiş və Qaydaların 5.2-ci bəndinə əsasən 1 (bir) il müddətində iş yeri saxlanılmaqla ona təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. Bundan sonra X5 növbəti imtahanın keçirildiyi tarixdə müvəqqəti olaraq əmək qabiliyyəti olmamaqla xəstə olmuşdur. Həmin səbəblə əlaqədar o, xx.xx.2023-cü il tarixdə təşkil olunmuş sertifikatlaşdırmanın test mərhələsində iştirak edə bilməmişdir.
55. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
56. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur.
57. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir.
58. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi göstərilmişdir.
59. Həmin norma, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürənə əmək müqaviləsinə xitam verilməsi hüququ verir.
60. Bu normanın məzmunundan göründüyü kimi, həmin norma əsasında əmək müqaviləsinə xitam verilməsi üçün aşağıdakı əsaslardan biri olmalıdır: - a) müəssisə ləğv edildikdə; - b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; - c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; - ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; - d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; - e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
61. İşəgötürən əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin c) bəndinə istinad etmiş və bu qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanında və xx.xx.2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməməsi səbəbindən və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 04 sentyabr 2023-cü il tarixli 3-29/3-2-53F2023 nömrəli əmrini əsas tutaraq X5 işə çıxdıqdan sonra 13 noyabr 2023-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı X5 həqiqətən də xx.xx.2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanı zamanı xəstə olmuş və bu səbəbdən sözügedən imtahanda iştirak edə bilməmişdir. Hansı ki, bu hal iş materialları ilə də təsdiqini tapmışdır. Belə ki, Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixlər aralığında işdən azad edildiyi göstərilmişdir.
63. Digər tərəfdən, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X5 xx.xx.2022-ci il tarixdə 60 yaşını tamamladığından əmək qanunvericiliyinin tələbinə görə o, xx.xx.2023-cü il tarixdə keçirilən imtahanda sadəcə könüllülük əsasında iştirak edə bilərdi. Ona görə də, X3 xx.xx.2023-cü il tarixdə keçirilən təkrar sertifikalaşdırmada iştirak etməməsi səbəbindən onun əmək müqaviləsinə xitam verilməsi əsassızdır.
64. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh mübahisələndirilən əmrin əsaslığını, iddiaya etirazının əsası kimi istinad etdiyi halları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
65. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
68. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
69. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Məhkəmə Kollegiyasının araşdırılması ilə bir daha müəyyən edildi ki, iddiaçı X5 həqiqətən də xx.xx.2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanı zamanı xəstə olmuş, bu səbəbdən qeyd olunan imtahanda iştirak etməmişdir. Bundan başqa X5 xx.xx.2022-ci il tarixdə 60 yaşını tamamladığından əmək qanunvericiliyinin tələbinə görə o, xx.xx.2023-cü il tarixdə keçirilən imtahanda sadəcə könüllülük əsasında iştirak edə bilərdi. Göründüyü kimi, X3 xx.xx.2023-cü il tarixdə keçirilən təkrar sertifikalaşdırmada iştirak etməməsi səbəbindən onun əmək müqaviləsinə xitam verilməsi əsassız olmuşdur.
71. Ona görə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-365/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.