Məhkəmə qərarları › İş №2(104)-1671/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1671/2024

08.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1671/2024 08.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin azad edilməsi və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, evin və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Cahangir qızı özünə məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evini İddiaçı bağışlamışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin texniki pasportun və xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi **********24-10301 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2169/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 Cahangir qızı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 5400 manat kompensasiya verilməsi müqabilində onun mülkiyyətində olan Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində yerləşən 12 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)- 401/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********24-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0.12 ha. torpaq sahəsinin cavabdehlərdən azad edilməsi, həmin torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, həmin torpağın və evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 112.31 kv.m təşkil edən fərdi yaşayış evi vardır. Həmin daşınmaz əmlaka dair hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində **********24-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd olunan daşınmaz əmlak ona anası Cavabdeh1 tərəfindən bağışlanılmışdır. İş üzrə Cavabdeh2 onun mərhum qardaşı Sərdar Heydanovun həyat yoldaşı, digər cavabdeh isə qızıdır. İş üzrə cavabdehlər onun ailə üzvü sayılmır və hazırda müvəqqəti olaraq mülkiyyətində qeyd olunan daşınmaz əmlakda iradəsinə zidd olaraq yaşayır və daşınmaz əmlaka heç bir hüquqları yoxdur. O, özü 1-ci Qarabağ müharibəsi veteranı, oğlu Abdulla Heydanov isə 2-ci Qarabağ müharibəsi veteranıdır. Döyüş medalları ilə təltif olunmuş və döyüşlər zamanı müxtəlif dərəcəli travmalar almışdır. Ailə vəziyyətləri ilə əlaqədar oğlunun onun mülkiyyətində olan qeyd edilən daşınmaz əmlaka ailə quraraq köçürülməsi və orada yaşaması ilə bağlı evinin cavabdehlərdən boşaldılması tələb olunsa da, cavabdehlər evi tərk etməkdən boyun qaçırdır. Cavabdehlərin bu hərəkətləri onun mülkiyyətindən maneəsiz istifadə hüquqlarının pozulmasına səbəb olmuşdur.

6. Ağstafa Rayon Məhkəməsinin 2(015)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Natiq Abbasov) İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı torpaq sahəsinin azad edilməsi və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, evin və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 və iki övladı əvvəl Cavabdeh1 Cahangir qızının, hazırda İddiaçı mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Belə ki, Cavabdeh2 iddiaçının mərhum qardaşı ilə rəsmi nikaha daxil olduqdan sonra həmin evə köçmüş və ərinin ölümündən sonra da həmin evdə yaşamışdır. Mübahisələndirilən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olsa da, cavabdehin qeyd olunan yaşayış sahəsindən istifadə hüququ olmaqla onun azyaşlı uşağı ilə birlikdə yaşamağa başqa yaşayış yeri və mülkiyyətində hər hansı daşınmaz əmlak mövcud deyildir. Cavabdehlərin həmin yaşayış sahəsinə yaşayış hüququ olması məhkəmə qətnaməsi ilə tanınmışdır. “Mənzildən istifadə və yaşayış hüququ” özlüyündə ardıcıl və davam edən hüquqdur. Hazırda cavabdehin yaşayış sahəsindən istifadə hüququ ardıcıl olmuş, həmin evə köçürüldüyü andan kəsilməmişdir. Cavabdehə mütənasib şəkildə tarazlaşdırılmaqla real bazar qiymətlərinə uyğun olaraq kompensasiya verilmədən yaşayış sahəsindən çıxarılması onun və himayəsindəki şəxslərin konstitusion hüququ olan mənzil hüququnun pozulmasını ehtiva edəcəkdir. Ona görə də hazırki iddia tələbi təmin edilə bilməz.

8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 151.1, 152.3, 152.5, 228.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Ağstafa Rayon Məhkəməsinin 2(015)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin olunmasını və iş üzrə Ağstafa rayon Məhkəməsinin 2(015)-100/2024- saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 112.31 kv.m təşkil edən fərdi yaşayış evi vardır. Həmin daşınmaz əmlaka dair hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində **********24- 10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd olunan daşınmaz əmlak ona anası Cavabdeh1 tərəfindən bağışlanılmışdır. İş üzrə Cavabdeh2 onun mərhum qardaşı Sərdar Heydanovun həyat yoldaşı, digər cavabdeh isə qızıdır. İş üzrə cavabdehlər onun ailə üzvü sayılmır və hazırda müvəqqəti olaraq mülkiyyətində qeyd olunan daşınmaz əmlakda iradəsinə zidd olaraq yaşayır və daşınmaz əmlaka heç bir hüquqları yoxdur. Belə ki, həmin şəxslər Dağkəsəmən kəndində tamamilə başqa təsərrüfatda qeydiyyatdadırlar. Bu barədə kənd icra nümayəndəliyindən müvafiq arayışlar iş materiallarına əlavə olunmuşdur O, özü 1ci Qarabağ müharibəsi veteranı, oğlu Abdulla Heydanov isə 2-ci Qarabağ müharibəsi veteranıdır. Döyüş medalları ilə təltif olunmuş və döyüşlər zamanı müxtəlif dərəcəli travmalar almışdır. Ailə vəziyyətləri ilə əlaqədar oğlunun onun mülkiyyətində olan qeyd edilən daşınmaz əmlaka ailə quraraq köçürülməsi və orada yaşaması ilə bağlı evinin cavabdehlərdən boşaldılması tələb olunsa da, cavabdehlər evi tərk etməkdən boyun qaçırdır. Hazırda cavabdehlər mübahisəli evdə onun iradəsinə zidd olaraq yaşamağa davam edilər Cavabdehlərin bütün bu hərəkətləri yolverilməzdir və bu hərəkətləri onun mülkiyyətindən maneəsiz istifadə hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, hazıki mübahisənin məhkəmə qaydasında həll olunması üçün Ağstafa rayon Məhkəməsinə müraciət etsə də, hazırki işə məhkəmə tərəfindən baxılaraq sonda doğru olmayan hüquqi nəticəyə gəlinmişdir. Anası Cavabdeh1, gəlini olmuş iş üzrə Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istfadə hüququ olmadan ona münasibtədə kompensasiya verməklə onunla hallalaşmaq məqsədilə ona son məbləğ olaraq 6000 manat kompensasiya təklif edərək yaşayış sahəsindən çıxarmaq istəmişdir. Cavabdeh buna razı olmamış və məhkəmələr də, həmin məbləği yetərli hesab etməyərək onun anasının iddiasını rədd etmimşdir. Göründüyü kimi, həmin iş üzrə məhkəmə çəkişməsinin predmetini anasının vaxtilə gəlini və ailə üzvü olmuş Cavabdeh2 arasında "kompensasiya verməklə şəxsin yaşayış sahəsindən çıxarılması" təşkil edirdi. Hazırki mübahisə isə, onun ilə heç ailə üzvü olmayan, Cavabdeh2 və onun qızı arasında mülkiyytət hüququnun müdafiəsi ilə bağlıdır. Yəni, o mülkiyyətçi kimi, qanunla ona verilən müstəsna hüququndan istifadə edərək, ailə üzvü sayılmayan, istifadə hüququ olub-olmasından asılı olmayaraq istənilən şəxsi öz mülkiyyətindən çıxarmaqla mülkiyyətindən maneəsiz istifadə etmək hüuquna malikdir. Lakin, iş üzrə birinci instansiya məhkəmə onun bu hüquqdan əsassız və qanunsuz olaraq məhrub etmişdir. Bütün bu və digər hallar bir daha iş üzrə birinci isntansiya məhkəməsi tərəfindən işə formal və səthi yanaşmasından, habelə işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmamasından və işə qərəzli yanaşmasından xəbər verir. Nəticə etibarilə bunlar bir daha onu deməyə əsəs verir ki, qətnamə qanuni və əsaslı deyildir. Ona görə ki, hazırki mülki iş hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu hal hazırki iş üzrə xx.xx.2024-ci il tarixli qətnamənin ləğvi üçün əsasdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh2 onun mərhum qardaşı Sərdar Heydanovun həyat yoldaşı, Cavabdeh1 isə qızıdır. Evdən çıxarışı o 2022-ci ildə almışdır. Ondan əvvəl ev anasının adına olmuşdur, anası ona evi bağışlamışdır. Cavabdeh 2004-cü ildə ailə həyatı qurmuşdur və hazırki evə gəlin gəlmişdir. O həmin evdə yaşamamışdır. Qardaşı vəfat etdikdən sonra, evdə anası və cavabdehlər yaşamışdır. O, 8000 manat kompensasiya verməyə razıdır.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, o, iddiaçıdan 15000 manat tələb edir. Himayəsində az yaşlı uşaq olduğunu və onların 2004-cü ildən həmin evdə yaşamalarını bildirmişdir.

14. Cavabdeh1 məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının:

15. 43-cü maddəsinə İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülkil Məcəlləsinin:

16. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

17. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il redaksiyasında):

18. maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

19. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

27. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 1079/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraq qeyd edir ki, tərəfərin izahatları, həmçinin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 2004-cü ildə mübahisəli fərdi yaşayış evinə gəlin gəlmişdir. Digər Cavabdeh1 isə həmin evdə anadan olmuşdur. Cavabdeh2 mübahisəli fərdi yaşayış evinə köçərkən ev mülkiyyətdə olmamış, yalnız xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Cahangir qızının adına qeydə alınmışdır. Cavabdeh2 2004-cü ildə mübahisəli fərdi yaşayış evinə köçdüyündən həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından istifadə hüququ yaranmışdır. İddiaçı özü də cavabdehlərin istifadə hüqunun yaranmasını mübahisələndirmir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, daşınmaz əmlaka dair hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində **********24- 10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Qeyd olunan daşınmaz əmlak ona anası Cavabdeh1 tərəfindən bağışlanılmışdır. İş üzrə Cavabdeh2 onun mərhum qardaşı Sərdar Heydanovun həyat yoldaşı, digər cavabdeh isə qızıdır. İş üzrə cavabdehlər onun ailə üzvü sayılmır və hazırda müvəqqəti olaraq mülkiyyətində qeyd olunan daşınmaz əmlakda iradəsinə zidd olaraq yaşayır və daşınmaz əmlaka heç bir hüquqları yoxdur.

33. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları).

34. Hazırda iş üzrə cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları olduğundan, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri əsasında mümkün ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir ki, belə bir müqavilənin bağlanması da, məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

35. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlərin onun ailə üzvləri olmamasına və bu baxımdan da, onunla bərabər ona məxsus fərdi yaşayış evindən istifadə etmək hüququna malik olmamasına istinad etsə də, Cavabdeh2 2004-cü ildə mübahisəli fərdi yaşayış evinə gəlin gəlməsi, digər Cavabdeh1 isə həmin evdə anadan olması işin mübahisəsiz halıdır. Bu baxımdan cavabdehlərin həmin evdən istifadə hüququn yaranması hazırda qüvvədə olan Mənzil Məcəlləsi ilə deyil, 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. İddiaçının xx.xx.2022-ci il tarixdə mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüqunun yaranması isə cavabdehlərin həmin evdən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir.

36. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin 2(015)-100/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Ağstafa Rayon Məhkəməsinin 2(015)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar