Məhkəmə qərarları › İş №2(104)-1673/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1673/2024

23.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1673/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(062)-403/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,02 ha sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 01 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, baza məlumatlarına əsasən RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 27 kv.m. hissəsi və Cavabdeh2 istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 35 kv.m.-ə qədər hissəsi üst-üstə düşür. Üst-üstə düşən hissələrdə üzüm bağı salınmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ona məxsus Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq sahəsindən Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, eləcədə cavabdehlərdən vurulmuş 6000 manat maddi və 1000 manat mənəvi ziyan, ödənilmiş 100 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq sahəsini 2017-ci ildən zəbt edərək üzüm bağı salmışlar. Dəfələrlə torpaq sahəsindən çıxmağı tələb etsədə, onlar buna məhəl qoymamışlar. Cavabdehlərin qanunsuz hərəkətlər nəticəsində onun mülkiyyət hüquqları pozulmuşdur.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Tovuz Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(062)-403/2024 nömrəli (hakim F.Əliyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddia tələbi təmin edilərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış üzrə İddiaçı məxsus Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq sahəsinin 27 kv.m. hissəsindən Cavabdeh1, 35 kv.m. hissəsindən isə Cavabdeh2 çıxarılması qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4 maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111 maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76, 88, 217.3, 217.4, 218.1, 216-220 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, mübahisəli torpaq sahəsi onlara məxsus pay torpaq sahəsidir və 2000-ci ildən üzüm bağı salmışlar. Necə ola bilər ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi zəbt olunsun, iddiaçıda uzun illər buna etiraz etməsin. Birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin edilsədə, iş üzrə ekspert rəyi deyil mütəxəsis rəyi alınmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun torpaq sahəsinin alt hissəsində yerləşir və onun özünə aid pay torpaqdır və həmin yerdə qardaşı ilə birlikdə üzüm bağı salmışlar. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 da digər Cavabdeh2 ilə eyni məzmunlu izahat vermişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

16. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

17. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur.

18. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

19. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

20. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir və sonuncunun adına bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edildiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

31. Məhkəmə koillegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

32. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, mübahisəli torpaq sahəsi, yəni Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq İddiaçı mülkiyyətindədir və sonuncuya bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.

33. Birinci instansiya məhkəıməsində icraat zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən alınmış 01 aprel 2024-cü il tarixli mütəxəssis rəyi ilə də sübut olunur ki, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 27 kv.m. hissəsi, Cavabdeh2 istifadəsi kimi təqdim olunan torpaq sahəsinin isə 35 kv.m-ə qədər hissəsi üst-üstə düşür. Üst-üstə düşən hissələrdə üzüm bağı salınmışdır.

34. Cavabdehlər mübahisəli torpaq sahəsinin onlara məxsus torpaq sahəsi olduğunu qeyd etsələrdə, lakin bu barədə məhkəməyə hər hansı möhtəbər sübut təqdim etməmişlər.

35. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(062)-403/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar