Məhkəmə qərarları › İş №2(104)-168/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-168/2024

28.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-168/2024 28.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X3 və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarma” barədə ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 2766/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-2766/2023 saylı qətnaməsi ilə (hakim X.Səfərli) ilk iddianın təmin edilməsi, İddiaçı məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanında yerləşən evdən Cavabdeh çıxarılması və evin boşaldılaraq İddiaçı təhvil verilməsi, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(125)-2766/2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixlialqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumun cavabdehlərdən tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evdən cavabdehin çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsümünün tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İlk iddia onunla əsaslandırmışdır ki, o, Cavabdeh mülkiyyətində olan, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evi 29 mart 2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdeh aldığı evi 3 ay ərzində boşaldaraq ona təhvil verməyi öhdəsinə götürmüşdür. Ancaq bu müddət keçməsinə və dəfələrlə müraciət etməyinə baxmayaraq onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış evdən çıxmır və evi boşaldıb ona təhvil vermir. Artıq 1 il olur ki, o, öz mülkiyyətindən istifadə edə bilmir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə müraciət edərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı ona qarşı “evdən çıxarlması və evin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evdən onun çıxarılmağı və ev boşaldılaraq ona təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun ondan alınaraq verilməsini xahiş etmişdir. İlk öncə ilkin iddia ilə bağlı bildirir ki, iddia ərizəsi əsassızdır və təmin edilməməlidir, çünki sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Belə ki, ilkin iddia üzrə iddiaçı ilə arasında olan münasibət belə olmuşdur ki, İddiaçı ilə 2018-ci ildən bir-birini tanıyır, aralarında dəfələrlə telefon alış-verişi olubdur. O, xaricdən telefon gətirib Röyala verir, o isə həmin telefonu bir az artıq qiymətə satırdı. Röyal demişdir ki, pul olsa alveri davam edə bilərik? O isə bildirmişdir ki, pul olsa telefon alış-verişi edə bilərik. Sonra Röyal, o və X4 adlı dostu ilə şərikli xaricdən telefon gətirib satmaq qərarına gəlmişlər. Röyal isə ona 15.000 min manat pul verə biləcəyini bildirmiş, lakin pulun təminatı kimi ona məxsus bağ evini girov qoymağını istəmişdir. Sonradan qarşılıqlı razılıq əsasında belə bir ümumi niyyətə gəlmişlər ki, onun mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən bağ evini alqı-satqı müqaviləsi əsasında borcun təminatı kimi İddiaçı adına keçirsinlər. Odur ki, nəticə olaraq AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılarkən aralarında olan iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri evin satılması olmayıbdır. Bundan başqa iddia üzrə iddiaçı Röyal ilə aralarında dəfələrlə telefon alış-verişi olduğu üçün ondan görürdüyü 15000 manat məbləğində pulun qaytarılmasını təmin edən və həmin vaxt mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evi borcun təminatı kimi girov qoymuşdur. Qeyd edilən müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanm şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). İlkin iddia üzrə iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl və bağlanılarkən onunla arasında olan münasibət telefon alış-verişin müsbət olaraq həyata keçirlməsi olmuşdur. O, Royaldan götürdüyü puldan qazanc əldə olduqca ona çatacaqı müəyyən məbləği Röyala vermiş və Röyal özü də bunu təsdiq edə bilər. Röyal ilə onun arasında yaranmış borcun və ümumiyyətlə aralarında olan alış verişi təsdiq edən aralarında olan “Watsap” yazışmaları, eləcə də “Watsap’'da səs yazıları var. Bundan başqa məhkəmədə ilkin iddia üzrə iddiaçının nümayəndəsinin (anasının) ona “Watsap”da göndərdiyi səs yazısı var və həmin səs yazısında anası bildirir ki, iddiaçı Röyala olan borcumu qaytardığı təqdirdə ona məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evi istənilən notarisuda yenidən onun özünə qaytara bilər. Bundan başqa ilkin iddia üzrə iddiaçının arvadının ona “Watsap”da göndərdiyi səs yazısı var və həmin səs yazısında Röyalın arvadı bildirir ki, Röyala olan borcunu qaytardığı təqdirdə ona məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evi istənilən notarisuda yenidən özünə qaytara bilər. X1 adlı şəxs həmin dövrdə onlarla birlikdə telefon alış-verişi ilə məşğul olmuş və bu hadisədə iştirak etdiyi üçün gələcəkdə təyin olunan məhkəmə iclaslarında şahid qismində iştirak etməklə ilkin iddia üzrə iddiaçı ilə onun arasında olan mübahisənin mənbəyi ilə bağlı məlumat verəcəkdir. Birinci instansiya məhkəməsində İddiaçı qarşılıqlı iddiaya etiraz təqdim edərək bildirdmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2766/2023 saylı mülki iş üzrə İddiaçı tərəfindən, Cavabdeh qarşı evdən çıxarılma, boşaldılıb ona təhvil verilməsi və 100 AZN manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddia ərizəsinə, alqı-satqı müqaviləsinin, çıxarışın surətləri əlavə edilmişdir. Cavabdeh tərəfindən əsassız olaraq, iftiralar olan qarşılıqlı iddia ərizəsi yazılmaqla, məhkəmədən xahiş edilmişdir: İlkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək AN-11022174 nömrəli, xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi və ödənilmiş 100 AZN manat məbləğində dövlət rüsumunun alınaraq Cavabdeh verilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məlum edir ki, iddiaçı öz iddiasını sübutetmə vəzifəsini daşıyır. Belə ki, AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli Alq-satqı müqaviləsi əsasında əmlaka sahib olmuşdur. 100% tam şəkildə ödənişləri olmuş və Gəncə şəhər 2 saylı Notariat ofisində şəkilləri çəkilməklə, imzaları təsdiqlənməklə, alqısatqı müqaviləsi baş tutmuşdur. Müqavilənin 13-cü bəndinin mənasına görə Cavabdeh tərəfindən evin tam şəkildə ona - İddiaçı təhvil verilməsi öhdəliyi üzərindədir. Müqavilənin şərtləri xx.xx.2022-ci il tarixə kimidir. Əfsuslar olsun ki, hər dəfə cavabdeh tərəf Cavabdeh bir bahənə ilə evdən çıxmağa vaxt müddət xahiş etmişdir. Bu minvalla 1 il müddət ötməsinə baxmayaraq, evi boşaltmaqdan imtina edilir. Qarşılıqlı iddia ərizəsinin Alqı-satqı müqaviləsinə heç bir aidiyyatı yoxdur, belə ki, qarşılıqlı iddia ərizəsində göstərilən əsassız sübutsuz aidiyyətsız tələblər barədə, alqı-satqı müqaviləsində göstərilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə əsassızdır. Belə ki, ilk iddia üzrə iddiaçının anası və nümayəndəsi məhkəmə iclasında İddiaçı və Cavabdeh Vafiq oğlunun aralarında həqiqətən borc münasibətləri olduğunu təsdiq etmişdir. Daha sonra İddiaçı anası və nümayəndəsi Cavabdeh tərəfindən olan borcunu qaytardığı təqdirdə, Cavabdeh məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184-də yerləşən fərdi yaşayış evini Gəncə Şəhərində yerləşən istənilən notariusda evi yenidən Cavabdeh adına keçirməyə hazır olduğunu, eləcə də ona pulun qaytarılmasının vacib olduğunu və heç kəsənin evi ona lazım olmadığını bildirmişdir. Lakin məhkəmə ilkin iddia üzrə iddaçının nümayəndəsinin etiraf etməsinə baxmayaraq məhkəmənin qətnaməsində əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin iddia etiraf etməsinə dair səlahiyyətləri yoxdur. Bundan başqa İddiaçı və Cavabdeh Vafiq oğlunun aralarında həqiqətən borc münasibətlərini şahid X4 təsdiq edə bilər. Məhkəmənin qətnaməsi tamamilə qanunsuzdur, çünki qarşı tərəf ilkin iddia üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında qarşlıqlı iddianı etiraf edibdir, buna baxmayaraq məhkəmə əqdin etibarlı olub olmamasını araşdırmayıbdır. Röyal ilə Qədimin arasında yaranmış borcun və ümumiyyətlə aralarında olan alış-verişi təsdiq edən “Watsap” yazışmaları, eləcə də “Watsap”da səs yazıları var. Bundan başqa məhkəmədə ilk iddia üzrə iddiaçının nümayəndəsinin (anasının) ona “Watsap”da göndərdiyi səs yazısı var və həmin səs yazısında anası bildirir ki, iddiaçı Röyala olan borcunu qaytardığı təqdirdə ona məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evi istənilən notarisuda yenidən onun özünə qaytara bilər. Bundan başqa ilk iddia üzrə iddiaçının bacısının ona “Watsap”da göndərdiyi səs yazısı var və həmin səs yazısında bacısı ona bildirir ki, Röyala olan borcumu qaytardığı təqdirdə ona məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evi istənilən notarisuda yenidən ona qaytara bilər. Bundan başqa sübut kimi şahid X2 dindirilməsini xahiş etməyinə baxmayaraq vəsatət təmin olunmayıb və şahid dindirilməyibdir. Halbuki şahid onların arasında olan münasibətləri daha yaxşı bildiyini məhkəmədə deyə bilərdi. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixə saat 16:30-a təyin edilmiuş iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh nümayəndə vasitəsilə təmsil olunsalar da özləri məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verdi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş ilk iddia üzrə Cavabdeh 15000 manat miqdarında pulu iddiaçının ona borc olaraq verdiyini, lakin borcunun qaytarılmasının təminatı kimi həmin alğı-satqı müqaviləsini bağladıqlarını, əgər məhkmə ona vaxt verərsə ilk iddia üzrə iddiaçı ilə barışıq sazişi bağlayacağını və iddiaya borclu olduğu məbləği, alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı iddiaçının çəkmiş olduğu xərcləri ödəyəcəyini bildirmiş, ona görə də iki dəfə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin iddiaçı tərəflə nəinki barışıq sazişi bağlamamış, heç buna cəhd də göstərməmiş və məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, oğlu həqiqətən də həmin evi ilk iddia üzrə cavabdehdən almışdır. Lakin cavabdeh hazlırda evi boşaldıb təhvil vermək istəmir. Əvvəlki məhkəmə iclaslarında cavabdeh onunla barışıq sazişi bağlamaqa razı olduğunu qeyd edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin vədinə əməl etməmişdir. Təqdim olunmuş səs yazıları ilə bağlı izah etdi ki, alğı-satqı müqaviləsi həqiqi olmuşdur, lakin hazırda aralarında mübahisə yarandığına görə alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı çəkdiyi xərclər (müqavilənin dəyəri, rüsumlar, gediş-gəliş haqqı, məhkəmə xərcləri və s.) ödənilərsə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilməsinə etiraz etməyəcəkdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanını İddiaçı 15000 manata satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən bağ evi mülkiyyət hüququ əsasında İddiaçı adınadır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh mülkiyyətində olan, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evi 29 mart 2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdeh aldığı evi 3 ay ərzində boşaldaraq ona təhvil verməyi öhdəsinə götürmüş olsa da, keçən müddət ərzində həmin evdən çıxmamış və evi boşaldıb ilk iddia üzrə iddiaçıya təhvil verməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin müqavilənin etibarsızlığına dair məhkəmədə iddia qaldırmış olsa da, onun dəlilləri məhkəmə iclasında təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə ilk iddiaya münasibətdə qeyd edir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ona məxsus mübahisəli evi əvəzli qaydada iddiaçının mülkiyyətinə vermişdir. İddiaçı tərəf Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq bağlanmış həmin müqaviləyə əsaslanaraq, cavabdehin mübahisəli çıxarılması və evin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Belə ki, baxılan iş üzrə alqı-satqı müqaviləsini imzalamış cavabdeh əqdin şərtləri ilə tanış olmuş, əqdi şüurlu şəkildə imzalayaraq, onun yarada biləcəyi hüquqi nəticələrlə bağlı məlumatlı olmuşdur. Məhkəmə nəzərə alır ki, qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla tam fəaliyyət qabiliyyətli mülki hüquq subyeklərinin könüllü və şüurlu şəkildə üzərilərinə götürdükləri öhdəliklərə görə məhz həmin subyektlərin özləri mülki hüquqi məsuliyyət daşıyırlar və bu hal mülki dövriyyənin sabitliyi baxımından mühüm əhəmiyyətə malikdir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında mübahisəli evə dair bağlanmış müqaviləsinin yalan əqd olduğuna əsaslanaraq həmin razılaşmanın etibarsız hesab olunması barədə əsas, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunması barədə törəmə tələb irəli sürmüşdür. Cavabdeh əsas tələbini əsaslandırmaq üçün iddiaçıya olan borcunun təminatı qismində mübahisəli evin alqısatqısına dair müqavilə bağladıqlarını və evin mülkiyyət hüququnun iddiaçıya keçməsinə dair razılaşma nəzərdə tutmadıqlarını bildirmişdir. Beləliklə, cavabdehin mövqeyinə əsasən, mübahisələndirilən əqd öhdəliyin icrasına təminat qismində daşınmaz əmlakın yüklü edilməsi məqsədilə bağlanmışdır. Lakin bu hal alqı-satqı müqaviləsinin yalan əqd hesab edilə bilməsinə əsas vermir. Qeyd edilən hal tərəflərin əslində mübahisəli evin ipoteka ilə yüklü edilməsi üçün hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən alqı-satqıya dair hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərmir. Belə ki, tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etməsi, bunun üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyəti, bununla yanaşı, tərəflərin hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradılması arzu olunan üçüncü şəxslər müəyyən olunmur. Halbuki, qeyd edilən Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, yalan əqd sadalanan həmin əsas tərkib əlamətlərinə malik olmalıdır. Bununla yanaşı, həmin Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, müqavilə tərəflərindən yalnız cavabdehdə yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil, belə ki, iddiaçı məhkəməyə ünvanladığı yazılı izahatında aralarındakı razılaşmanın yalan əqd olmasını inkar etmişdir. Bundan başqa, qanunvericilik borc müqaviləsinin təminatı kimi evin ipoteka ilə yüklü edilməsi qaydalarını müəyyən edir. İş materialları əsasında yaşayış sahəsinin satılması ərəfəsində cavabdehin özünə məxsus mübahisəli əmlakı borc müqaviləsi üzrə ipoteka ilə yüklü etməsinə mane ola biləcək hər hansı halın mövcud olduğu müəyyən edilmir. Bu baxımdan alqı-satqı müqaviləsinin məhz borc müqaviləsi üzrə təminat məqsədilə imzalandığı barədə cavabdehin mötəbər sübutlarla təsdiq olunmayan dəlilləri əsassızdır. Digər tərəfdən, cavabdeh tərəf həmçinin əmlakın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərinin aşağı olması ilə tələbini əsaslandırmışdır. Lakin nəzərə almaq lazımdır ki, qiymət müqavilənin əvəzli ya əvəzsiz olmasını göstətən mühüm şərtdir və həmin məbləğin aşağı və ya yuxarı olması əqdin etibarlılığına təsir edən hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı vəmülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindədir. Bununla yanaşı, hazırkı iş üzrə tərəflər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə etmiş, onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və sərbəst olaraq qanunvericiliyə zidd olmayan müqavilə şərtləri qoymuşlar. Bundan başqa, həmin mülki hüquqların qanunla məhdudlaşdırıla bilməsi üçün dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri hallar müəyyən edilmir. Cavabdeh tərəf tələbini həmçinin təqdim edilmiş səs yazılıarı ilə əsaslandırmışdır. Həmin səs yazılarının bir qrupu telefon alqı-satqısına dair danışıqları, bir qrupu kimliyini təqdim etməmiş və cavabdeh tərəfin iddiaçının arvadı olduğunu bildirdikləri şəxsin danışıqlarını, bir qrupu isə özünü iddiaçının anası kimi təqdim edən şəxsin danışıqlarını əks etdirir. Məhkəmə hesab edir ki, həmin səs yazıları sübut qismində qəbul edilə və dəyərləndirilə bilməz. Belə ki, gizli yolla əldə edilmiş həmin səs yazılarının sübut kimi istifadə oluna bilməsi üçün qanunla icazə verilən hallar müəyyən olunmur. Bundan başqa, qeyd edilən Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, başqa şəxslərin - iddiaçının arvadının və (ya) anasının danışıqları yox, birbaşa əlaqədar şəxs olan əqdin qarşı tərəfi iddiaçının bildirdiyi iradə ifadələrini əks etdirən danışıqlar həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə oluna bilər. Mübahisələndirilən əqdin tərəfləri olduqları bildirilən şəxslərin danışıqları isə telefon alqı-satqısı barəsindədir və əqdin etibarsızlığı üçün əhəmiyyət kəsb etmir. Sübut kimi nəzərə alına bilməməsiylə yanaşı iddiaçının təmsilçisi olan anası həmin səs yazılarının hazırkı mübahisəyə aidiyyatı olmadığını bildirmişdir. Sübutun işə aidiyyatı olmasını və qanuna müvafiq qaydada tədqiq edilə biləcəyini təsdiqləmək onu təqdim edən tərəfin üzərinə düşür. Bundan başqa, cavabdeh tərəf iddiaçının nümayəndəsinin pulun qaytarılması tələbinə dair izahatı ilə mövqeyini əsaslandırır. Lakin nəzərə alınmalıdır ki, qarşılıqlı iddianın etirafı haqqından istifadə olunması barədə qərar verməyə tək səlahiyyətli şəxs haqq sahibinin özü olan ilk iddiaçıdır. Mübahisələndirilən əqdin tərəfi olan iddiaçı həmin müqavilə üzrə ifadə edilmiş iradənin sahibidir və həmin razılaşmanın iradələrin təhrif olunmuş ifadələrini əks etdirməsini inkar edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin pulun qaytarılmasına dair tələbi barədə izahatı cavabdehin mövqeyini təsdiqləyən sübut və mübahisələndirlən müqavilənin yalan əqd hesab edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı nəzərə almaq lazımdır ki, iddianın etiraf edilməsi təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməli olan səlahiyyətdir. Belə ki, nümayəndə məhkəmədə təmsil olunan iradəsini ifadə edir və təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün ona zəruri olan bütün prosessual hərəkətləri edə bilməsi üçün lazımi səlahiyyətlər verilmişdir. Nümayəndə təmsil olunanın iradəsinə zidd fikir bəyan edə bilməz, buna görə təmsilçi ilə birgə iştirak zamanı məhkəmə iclasında tərəfin öz fikri əsas götürülür. Hazırkı iş üzrə iddiaçının iddasından və qarşılıqlı iddiaya etirazından mövqeyi aydındır və qarşılıqlı iddianın əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş edir. Məhkəmə həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsinin tərəfləri arasında həmçinin borc münasibətlərinin mövcudluğu əqdin etibarsızlığı üçün əsas və sübut deyil. Məhkəmə mülki işin tədqiq edilmiş faktiki hallarına hüquq normalarını tətbiq etməklə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli və cavabdeh mübahisəli evdən çıxarılmalı və həmin ev boşaldılaraq iddiaçıya təhvil verilməlidir; sübuta yetirilmədiyi üçün qarşılıqlı iddia üzrə əsas tələb, dolayısıyla törəmə tələb təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsibnə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İlk iddia ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evi İddiaçı qanuni əsaslarla əldə etdiyindən Cavabdeh ailə üzvü olmadığından, eyni zamanda qeyd olunan şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüquqları da yoxdur. Bu səbəbdən Cavabdeh iddiaçıya məxsus evdən istifadə hüquqları yoxdur, həmçinin iddiaçının cavabdehin onun mülkiyyətində yaşamaqlarına razılığı da yoxdur. Ona görə də birinci instansiya məhkəməsi ilk iddianı təmin etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (Azərbaycan Respublikası MM-in 390.1-ci maddəsi). Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır Həmin Məcəllənin 596-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin Maddə 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan alqısatqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunduğu, həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsasların mövcud olmadığı işin faktiki halları ilə müəyyən edilmişdir. Beləliklə də, iddiaçı mübahisələndirdiyi əqdin etibarsızlığına səbəb ola biləcək hər hansı halların mövcud olduğunu məhkəmə iclasında sübut edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-2766/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar