Məhkəmə qərarları › İş №2(104)-1680/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1680/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1680/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(062)-138/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli, BİR/BF-376-2022 saylı kredit müqaviləsinə əsaən Bank tərəfindən cavabdehə illik 22% hesablanmaqla 12 ay müddətinə qaytarılmaq şərti ilə 4900 manat məbləğində kredit vəsaiti ayrılmışdır.

2. xx.xx.2022-ci il tarixli, G/L/BİR/RF-376 saylı Girov Müqaviləsindən görünür ki, AC20576403 saylı qiymətləndirmə və saxlama şəhadətnaməsi tərtib edilərək 583 əyarlı xalis çəkisi 50,90 qram olan 2 ədəd kulonlu boyunbağı, 750 əyarlı ümumi çəkisi 7,80 qram olan 2 ədəd üzük, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzük və 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1 ədəd qolbağı Banka girov qoyulmuşdur.

3. Qiymətləndirmə və saxlama şəhadətnaməsindən görünür ki, 583 əyarlı ümumi çəkisi 50,90 qram olan 2 ədəd kulonla boyunbağının likvid dəyəri 3054 manat, 750 əyarlı ümumi çəkisi 7,80 qram olan 2 ədəd üzüyün likvid dəyəri 585 manat, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzüyün likvid dəyəri 720 manat, 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1ədəd qolbağın likvid dəyəri 1050 manat məbləğində müəyyən edilmişdir. Qızl-zinət əşyalarının banka girov qoyulması və həmin əşyaların banka təhvil verilməsi ilə bağlı tərəflər arasında xx.xx.2022 saylı Kredit müqavilsəinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 458,61 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4544,48 manat əsas, 731,58 manat faiz olmaqla, cəmi 5276,06 manat borcun və 72,76 manat məhkəmə xərcinin tutulması, tutmanın girov predmeti olan 583 əyarlı, ümumi çəkisi 50,90 qram olan 2 ədəd klonlu boyunbağına, 750 əyarlı ümumi çəkisi 7,80 olan 2 ədəd üzükə, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzükə və 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1 ədəd qolbağa yönəldilməsi, 583 əyarlı xalis çəkisi 50,90 qram 2 ədəd kulonlu boyunbağını ilkin satış qiymətinin 3054 manat, 750 əyarlı xalis çəkisi 7,80 qram olan 2 ədəd üzükün ilkin satış qiymətinin 585 manat, 585 əyarlı ikisinin birlikdə xalis çəkisi 12,00 qram olan 2 ədəd üzükün ilkin satış qiymətinin 720 manat və 583 əyarlı xalis çəkisi 17,50 olan 1 ədəd qolbağın ilkin satış qiymətinin 1050 manat müəyyən edilməklə satılmasına və satışdan əldə edilmiş vəsaitin cavabdehin İddiaçı ASC-yə mövcud qalq borcunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında bağlanmış 28.04. 2022-ci il tarixli, BİR/BF-376-2022 saylı kredit müqaviləsinə əsaən Bank tərəfindən cavabdehə illik 22% hesablanmaqla 12 ay müddətinə qaytarılmaq şərti ilə 4900 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Verilmiş kreditin təminatı olaraq tərəflər arasında xx.xx.2022-ci il tarixdə G/L/BİR/RF-3762022 saylı Girov Müqaviləsi imzalanmış, həmin girov müqaviləsinə əsasən tərəflər arasında xx.xx.2022-ci il tarixli AC20576403 saylı qiymətləndirmə və saxlama şəhadətnaməsi tərtib edilərək 583 əyarlı xalis çəkisi 50,90 qram olan 2 ədəd kulonlu boyunbağı, 750 əyarlı ümumi çəkisi 7,80 qram olan 2 ədəd üzük, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzük və 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1 ədəd qolbağı Banka girov qoyulmuşdur. Həmin qiymətləndirmə və saxlama şəhadətnaməsinə əsasən 583 əyarlı ümumi çəkisi 50,90 qram olan 2 ədəd kulonla boyunbağının likvid dəyəri 3054 manat, 750 əyarlı ümumi çəkisi 7,80 qram olan 2 ədəd üzükün likvid dəyəri 585 manat, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzüyün likvid dəyəri 720 manat, 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1ədəd qolbağın likvid dəyəri 1050 manat məbləğində müəyyən edilmişdir. Qızl-zinət əşyalarının banka girov qoyulması və həmin əşyaların banka təhvil verilməsi ilə bağlı tərəflər arasında xx.xx.2022ci il tarixli təhvil-təslim aktı imzalanmışdır. xx.xx.2022-ci il tarixli BİR/BF-376-2022 saylı Kredit müqavilsəinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 458,61 manat təşkil edir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərdə tutulmuş qaydada icra edilməsi həyata keirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli BİR/BF-376-2022 saylı kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən Bank Borcalan tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə müqaviləyə birtərəfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faiz ilə birlikdə qaytarılmasının habelə müqavilədə müəyyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci tarixli G/L/BİR/BF-3762022 saylı Girov müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə Girovsaxlayan və Girovqoyan arasında bağlanmış 11 fevral 2021-ci il tarixli BİR/BF-26- 2021 saylı kredit müqaviləsinə müvafiq olaraq Borcalan tərəfindən alınmış kreditin qaytarılmasını təmin etmək məqsədilə xüsusi mülkiyyət hüquqi ilə özünə məxsus olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı Girovsaxlayan qarşısında girov qoyur. Həmin müqavilənin 2.1-ci bəndində əsasən Girovqoyan öz mülkiyyətində olan və müqavilənin ayrılmaz hissəsi olan AS20576403 nömrəli qiymətləndirmə və saxlama şəhadətnaməsində göstərilən əşyaları Bank qarşısında girov qoyur. Həminm müqavilənin 3.4-cü bəndində əsasən Girovqoyan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Girov predmetinə ödəniş yönəltmək Girovsaxlayanın hüququdur. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbənindən Bank tərəfindən cavabdehə xəbardarlıq göstərilmiş, borcunu dərhal ödəməsi tələb edilmiş əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Eyni zamanda tərəflərindən xx.xx.2022-ci il tarixdə 02/1796 saylı girov predmetinə tutmanın yönəldilməsinə dair bildiriş cavabdehə ünvanlansa da , hazırki günə qədər cavabdeh tərəfindən mövcud olan öhdəliklr tam icra olunmamışdır. Lakin həm xəbardarlıq göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2022-ci il tarixdə hesablanmaqla cavabdehin Bonk qarşısında ümumilikdə 5276,06 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğin 4544,48 manat əsas borcu, 731,58 manat faiz borcunun ehtiva edir.

6. Tovuz Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(062)-138/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddianın qismən təmin edilməsi, 4544,48 manat əsas, 731,54 manat faiz olmaqla, cəmi 5276,06 manat borc və 72,76 manat məhkəmə xərci Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutma girov qoyulmuş 583 əyarlı xalis çəkisi 50,90 qram olan 2 ədəd kulonlu boyunbağı, 750 əyarlı ümumi çəkisi 7,80 qram olan 2 ədəd üzük, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzük və 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1 ədəd qolbağıdan ibarət olan əmlaka yönəldilsin və əmlakdan əldə ediləcək vəsait hesabına Cavabdeh 28 aprel 2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası üçün İddiaçı ASC-yə olan borcu ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279, 295, 296.1, 297, 385, 442, 445.1, 448.2 maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 115.0.9, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(062)-138/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, o banka bir neçə ay ödəniş etmiş, lakin göstərilən borc məbləği şişirdilmişdir. Əsas və faiz borcu düzgün qeyd edilməmişdir. Buna görə də məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur

13. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

14. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

15. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

16. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

17. Maddə 297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

23. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

35. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh şikayətində qətnamənin yalnız əsas və faiz borca hesablanmış məbləği mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BİR/BF-376-2022 saylı kredit müqaviləsinə əsasən borcalana 59 ay müddətinə illik faiz dərəcəsi 22 % olmaqla, 4900 manat məbləğində kredit verilmişdir. Öhdəliyin təminatı olaraq xx.xx.2022-ci il tarixli, G/L/BİR/RF-376 saylı girov müqaviləsinə əsasən, AC20576403 saylı qiymətləndirmə və saxlama şəhadətnaməsi tərtib edilərək 583 əyarlı xalis çəkisi 50,90 qram olan 2 ədəd kulonlu boyunbağı, 750 əyarlı ümumi çəkisi 7,80 qram olan 2 ədəd üzük, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzük və 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1 ədəd qolbağı Banka girov qoyulmuşdur. Lakin, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir, nəticədə onun banka 4544,48 manat əsas kredit borcu, 731,58 manat faiz borcu olmaqla, 5276,06 manat borcu yaranmışdır.

39. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca vaxtında icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.

40. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.

41. Apellyatorun apellyasiya şikayətində ekspertiza təyin edilməsi barədə dəlili ilə bağlı kollegiya göstərir ki, ekspertiza təyin edilməsi üçün əsaslar yoxdur. Çünki, borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəniş etdiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəməyə təqdim etməmişdir.

42. Halbuki, Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

43. Eyni zamanda kollegiya onu da qeyd edir ki, apellyator borcun düzgün hesablanmadığını bildirsə də, buna əsas verəcək dəlilləri, yəni etdiyi hansı ödənişin nəzərə alınmamasını şikayətində göstərməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir. İddiaçının təqdim maliyyə arayışında və hesabdan çıxarışda əksini tapmış məlumatlar müqavilə şərtləri əsasında təhlil olunduqda görünür ki, hesablanmış əsas borc və faiz borcu məbləğini şübhə altına almağa əsas yoxdur.

44. Kollegiya xatırladır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Kollegiya göstərir ki, ekspertiza təyin edilməsi barədə dəlil formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.

46. Bundan əlavə apellyatorun maddi imkanın zəif olduğundan krediti vaxtı-vaxtında ödəyə bilməməsi dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, göstərilən dəlil qətnamənin ləğvinə əsas verə bilməz. Çünki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh göstərdiyi kimi maddi imkanın zəif olması, borclunun risk dairəsinə aid haldır.

47. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(062)-138/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar