Məhkəmə qərarları › İş №2(104)-1681/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1681/2025

12.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1681/2025 12.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X48 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında 2V-113 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi və vərəsəlik hüququ üzrə yalnız iddiaçılara münasibətdə payın müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X4 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı1, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2, Cavabdeh3, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1, eləcədə üçüncü şəxs qismində işə cəlb edilmiş X5 və X6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X48 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında 2V-113 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair çıxarışın ləğv olunması, vərəsəlik hüququ üzrə yalnız iddiaçılara münasibətdə payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(125)-1718/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 19 iyul 2022-ci il tarixli, 05/Q-835/70 nömrəli arayışın surətindən görünür ki, X28 02 mart 1982-ci ildə Gəncə şəhərində ölmüşdür.

2. Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X48 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ozan küçəsi, 83A Yeni qaydalarla: AZ 2000, ünvan 1 ünvanda yerləşən 0,0556 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlak X15 adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır.

3. Cavabdeh1 xx.xx.2024-cü il tarixli 2V113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi:qızı X21 idi, vərəsəliyi qəbul etmiş, lakin, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2005-ci ildə vəfat etməsi ilə əlaqədar miras əmlakın 1/2 hissəsi X7 qızı Cavabdeh2 və Cavabdeh3 keçir və onlar miras əmlakdan, hər birinə bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak–DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X22 verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Gəncə şəhəri, Ozan küçəsi, 83A Yeni qaydalarla : AZ 2000,Gəncə şəhəri, Ozan küçəsi, giriş 121 ünvanında yerləşən ümumi sahəsi 0.0556 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın yerdə qalan 1/2 hissəsi İddiaçı2,İddiaçı1 və İddiaçı3 münasibətdə açıq saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi Notariat idarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 24 yanvar 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Yaqut Tağıyevadan miras qalmış (ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 0,0556 ha olan) torpaq sahəsinə dair vərəsəlik hüquqlarınızın pozulması ilə bağlı müraciətinizə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Y.Tağıveva xx.xx.1982-ci i! tarixdə vəfat etmiş, onun 4 vərəsəsi qaimışdır (Dilarə Yusibova, Simuzər, Əmiraslan və Nürəddin Tağıyevlər). Qeyd etmək lazımdır ki, Y.Tağıyevanın adına vərəsəlik işi yalnız xx.xx.2022-cü il tarixdə Cavabdeh1ndə (xüsusi notarius Abbas Qurbanov) miras qoyanın nəvəsi Mahir Tağıyevin müraciəti əsasında açılmışdır (yuxarıda qeyd olunan bütün vərəsələr vəfat etdikdən sonra). Məsələ ilə bağlı bildirilir ki, mirasın açıldığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer miras qoyanın yaşayış yeri bu məlum olmadıqda isə mirasın olduğu yer hesab olunurdu. Y.Tağıyevanın son yaşayış yeri üzrə qeydiyyatı isə Gəncə şəhəri, Ozan küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evində olmuşdur (həmin maddənin tələbi baxımından vərəsəlik işi adıçəkilən notariat ofisində açılmamalı idi). Notarius ümumi sahəsi 0,0556 ha olan torpaq sahəsinin V2 hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnaməni (xx.xx.2024-cü il tarixdə) bibiniz Dilarə Yusibovanın adına rəsmiləşdirmişdir Lakin, sonuncun xx.xx.2005-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras əmlaka dair hüquqlar qızları Cavabdeh2 və Cavabdeh3 keçmişdir. Məlumat üçün bildirilir ki, mirasın açıldığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinə görə mirasın qəbulu vərəsəlik açılan gündən altı ay ərzində vərəsələr tərəfindən notariat orqanına ərizə verməklə mümkün idi. Müəyyən edilən müddət keçdikdə isə vərəsələrin miras əmlakı faktiki idarə etdiklərini göstərən sənədlərin təqdim olunması və ya həmin müddətin bərpası üçün məhkəməyə müraciət etmələri zəruri idi (552-553-cü maddələr). Notariat işinə əlavə olunmuş sənədlərə baxış keçirərkən Dilarə Yusibova tərəfindən mirasın qəbulunun sübutu kimi hər hansı bir sənəd aşkar olunmamışdır. Lakin “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Əmiraslan Tağıyevin yaşayış yeri üzrə qeydiyyatı ünvan 2 ünvanında olmuşdur (miras qalan torpaq sahəsində yerləşən fərdi yaşayış evi). Belə ki, mirası faktiki qəbul etmiş yeganə vərəsə kimi atanız Ə.Tağıyev tanına bilər. Bildirilir ki, notarius A.Qurbanova qanunvericiliyn tələblərini pozaraq Y.Tağıyevanın adına vərəsəlik işi açdığına və mirası qəbul edən vərəsələrin dairəsini düzgün müəyyən etmədiyinə görə “Notariat haqqında” Qanunun 26-1-ci maddəsinə uyğun olaraq yazılı xəbərdarlıq edilləcəkdir.

5. 1949-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.1947-ci ildə anadan olmuşdur, atası Əliqara Tağıyev, anası Yaqut Tağıyevadır.

6. 02 may 2025-ci il tarixli arayışın surətindən görünür ki, X8 ilə X29 xx.xx.1973-cü ildə nikahlarını rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 407 saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Tağıyeva soyadı verilmişdir.

7. 28 oktyabr 1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx xxxxxxxx 1974-cü ildə anadan olmuşdur, atası X8, anası X23r.

8. 28 fevral 1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxx 1977-ci ildə anadan olmuşdur, atası X8, anası X23r.

9. 03 iyun 2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1981-ci ildə anadan olmuşdur, atası X8, anası X23r.

10. 01 iyul 1969-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx xxxx 1969-cu ildə anadan olmuşdur, atası X41, anası X9r.

11. 15 yanvar 1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X34 xx xxxxxx 1965-ci ildə anadan olmuşdur, atası X41, anası X9r.

12. 27 sentyabr 2023-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Dilarə Taqiyeva xx.xx.1939-cu ildə anadan olmuşdur, atası X35, anası X10r.

13. 14 may 1962-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X41 ilə X24 14 may 1962-ci ildə nikahlarını rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 469 saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Yusubova soyadı verilmişdir.

14. X14 AQİS-dən çıxarışın surətindən görünür ki, X21 22 avqust 2005-ci ildə ölmüşdür.

15. 03 sentyabr 2024-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 23 iyun 2003-cü il tarixdə Gəncə şəhərində ölmüşdür.

16. 22 may 2014-cü “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X31 xx.xx.2014-cü il tarixdə Gəncə şəhərində ölmüşdür.

17. 2025-ci il tarixli aktdan görünür ki, X8 və X31 ölən günədək Gəncə şəhəri, Ozan küçəsi, 83A Yeni qaydalarla: AZ 2000, ünvan 3 ünvanda hal-hazıra qədər mərhumun övladları Gülmira, Aynur və Rəşad yaşayırlar. Aktın doğruluğunu Famil, Vəfa, Zülfiyə və Aydın adlı şəxslər öz imzaları ilə təsdiq etmişlər.

18. 21 avqust 2024-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ozan küçəsi, 83A Yeni qaydalarla: AZ 2000, Gəncə şəhəri, Ozan küçəsi, giriş 121 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın 1/4 hissəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2, 1/4 hissəsi ilə Cavabdeh3, 2/4 hissəsi ilə X15 adına mülk kimi qeydə alınmışdır.

19. 18 sentyabr 2024-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 4 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın 3/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2, 3/12 hissəsi ilə Cavabdeh3, 2/12 hissəsi ilə İddiaçı1, 2/12 hissəsi ilə İddiaçı3, 2/12 hissəsi ilə İddiaçı2 adına mülkü kimi qeydə alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 4 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın 3/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2, 3/12 hissəsi ilə Cavabdeh3, 2/12 hissəsi ilə İddiaçı1, 2/12 hissəsi ilə İddiaçı3, 2/12 hissəsi ilə İddiaçı2 adına mülk kimi qeydə alınmışdır.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 01 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 16 dekabr 1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport X15 və X16 adlarına qeyd edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2227.0 kv.m (0.2227 ha) olmuşdur. Fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 09 iyul 1982-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X15 və X16 adlarına qeyd edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2335.0 kv.m (0.2335 ha) olmuşdur. 26 fevral 1990-cı il tarixdə aparılmış inventarizasiya işləri zamanı fərdi yaşayış evi tikili “A”-da ümumi sahəsi 65.2 kv.m, yaşayış sahəsi 36.4 kv.m olan iki yaşayış otağından, tikili “B”-də ümumi sahəsi 35.3 kv.m, yaşayış sahəsi 18.4 kv.m olan bir yaşayış otağından ibarət olmuşdur. Qeyd edilən sənədlərə əsasən, həmçinin texniki pasportda göstərilən fərdi yaşayış evinin söküldüyü nəzərə alınaraq 0.2227 ha torpaq sahəsinə dair X15 (1/2 hissə) və X16 (1/2 hissə) adlarına payları göstərilməklə 13 oktyabr 2022-ci il tarixli, **********64 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 19 oktyabr 2022-ci il tarixli, 2V-89 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X16 payı X17, 19 oktyabr 2022-ci il tarixli, 2V-88 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X15 payının 1/2 hissəsi X1, X15 (1/4 hissə) və X11 (3/4 hissə) adlarına payları göstərilməklə 14 noyabr 2022-ci il tarixli, **********64 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(125)-184/2024 nömrəli qətnaməsinə əsasən ünvan 6 ünvanda yerləşən 0.2227 ha torpaq sahəsi giriş hissəsinin (dalan istiqamətində) sağ tərəfində yerləşən sərhəd hasarından 3.0 metr məsafə saxlamaqla, torpaq sahəsinin giriş hissəsində paralel olan hasar istiqamətində 15.9 metr uzunluqda, həmin hasara paralel isə 35.0 metr uzunluqda hasar inşa edilməklə (ümumi sahəsi 556.5 kv.m (35.0x15.9), qalan torpaq sahəsi isə X17 verilməklə, dalan tərəfdən bölünmüş torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış qapıları quraşdırılmaqla bölünməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(125)-184/2024 nömrəli qətnaməsinə əsasən Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 4 ünvanı ilə 0.0556 ha torpaq sahəsinə dair X15 adına 07 avqust 2024-cü il tarixli, **********34 reyestr nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayış verilmişdir. Cavabdeh1 08 avqust 2024-cü il tarixli, 2V-113 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X22 məxsus əmlakın 14 hissəsi Cavabdeh2 və Cavadova X2. Miras əmlakın yerdə qalan (1/2) hissəsi İddiaçı2, İddiaçı1 və İddiaçı3 münasibətdə açıq saxlanılmışdır. Qeyd edilən şəhadətnamə əsasında Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 4 ünvanında yerləşən 0.556 ha torpaq sahəsinə dair Cavabdeh2 (1/4 hissə), Cavabdeh3 (1/4 hissə) və X15 (2/4 hissə) payları göstərilməklə adlarına 21 avqust 2024-cü il tarixli, **********34 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

21. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X48 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında 2V-113 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ üzrə yalnız iddiaçılara münasibətdə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, mərhum nənələri X12 miras qalmış ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə varis olaraq vərəsəlik hüquqları tanınmaqla 08 avqust 2024-cü il tarixli, 2V-113 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, paylarının qanun üzrə vərəsəlik hüququ ilə tam müəyyən edilməsi və mülkiyyət hüququ üzrə hüququn dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi mərhum nənələri X12 miras qalmışdır. Miras qalmış fərdi yaşayış evini faktiki olaraq ataları qəbul etmişdir. Cavabdehlər onları Daşkəsən notariat ofisində vərəsələrin siyahısından gizlədərək vərəsə paylarından məhrum etmişlər. Belə ki, Cavabdeh2 və Cavabdeh3 mirası qəbul elməmişlər. Cavabdehlər mirası qəbul etmələri barədə sübutu məhkəməyə təqdim etməlidirlər. Halbu ki, cavabdehlər öz ailə üzvləri ilə birlikdə yaşamışlar. Miras açılmamışdıan əvvəl, eləcədə miras açıldıqdan sonra da onlar yaşamışlar. Miras əmlak Gəncə şəhərində olduğu halda, Daşkəsən rayon notariat kontorunda vərəsəlik işi başlanmış və bununlada qanunvericiliyin tələbləri pozulmuşdur.

23. Gəncə Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(125)-1718/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddia tələbi təmin edilərək, mərhum-X12 miras qalmış Gəncə şəhəri, Ozan küçəsi, 83A Yeni qaydalarla: AZ 2000, Gəncə şəhəri, Ozan küçəsi, giriş 121 ünvanlı torpaq sahəsi barəsində Cavabdeh1 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 2V113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi; Həmin şəhadətnamə əsasında Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 4 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsi barəsində Cavabdeh2 və Cavabdeh3 adına aparılan xx.xx.2024-cü il tarixli qeydiyyatın ləğv edilməsi və mərhum-X12 miras qalmış Gəncə şəhəri, Ozan küçəsi, 83A (Yeni qaydalarla: AZ 2000, ünvan 4 ünvanında yerləşən 0,0556 hektar torpaq sahəsindən ibarət miras əmlakda İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin bərabər hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.

24. Məhkəmə həmin nəticəyə gələrkən 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528, 532, 552 maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220 və 260-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

25. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, məhkəmə mirasın qəbulunu yalnız miras qoyanın oğlu Əmiraslana və onun övladlarına münasibətdə tanımış, miras qoyanın digər üç qızının mirası qəbul etməsi faktına hüquqi qiymət verməmişdir. Reallıqda miras qoyanın qızı Simuzər 2020-ci ilə kimi, Roza 2022-ci ilə kimi, cavabdehlərin anası, yəni miras qoyanın qızı Dilarə isə 1984-cü ilə kimi miras əmlak yerləşən ünvanda yaşamışlar. Onlarda anaları Dilarə ilə birlikdə həmin evdə yaşamışlar, miras əmlakı faktiki olaraq qəbul etmişlər. Məhkəmə miras əmlakın faktiki olaraq X18, X32 və X13 mirasın qəbulu faktından kənarda saxlamış, yalnız X8 tərəfindən mirasın qəbul edilməsini qeyd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsində icraat

28. Miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi Nürəddin Tağıyevin vərəsələri X25, X19 və X20 3-cü şəxs qismində işə cəlb olunmuşlar.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 1965-ci ildə anadan olmuş, 1981-ci ilə kimi nənəsi Yaqutun yanında yaşamış, ondan sonra atası torpaq almış 1981-ci ildən 1987-ci ilədək Gəncə şəhəri, Razin küçəsində yaşamışdır. Dayısı Nürəddin nənəsi ölməmişdən əvvəldə, öləndən sonrada özünə məxsus evdə yaşamışdir. Dayısı Əmraslan, eləcədə xalaları Roza və Simuzər əvvəldən nənəsi Yaqutun evində yaşamışlar. Xalaları subay olmuş, hər ikisi hazırda vəfat etmişdir. Nənəsinin ölümündən sonrada dayısı Əmraslan miras mülkdə yaşamışdır. Anası Dilarə hələ nənəsinin sağlığında həmin evə gedib gəlmişdir. Lakin anası Dilarə Gəncə şəhəri, Razin küçəsində yerləşən evdə vəfat etmişdir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 1969-cu ildə Gəncə şəhəri, Ozan küçəsində ata nənəsi evində anadan olmuşdur. Yaqut onun ana nənəsidir. 1985-ci ilədək nənəsi Yaqutun yanında yaşamışdır. Sonradan atası torpaq alıb ev tikdirmiş və 1985-ci ildə Gəncə şəhəri, Razin küçəsində yerləşən evə köçmüşlər. 1994-cü ildə isə ailə həyatı qurmuş və atası evindən gəlin köçmüşdür. Nənəsi Yaqut xəstə olduğuna görə ona baxmaq üçün anası Dilarə ilə birlikdə onlarda həmin evdə qalmış, atası isə öz evlərində yaşamışdır. Bibiləri Roza və Simuzər subay olub və hər ikisi nənəsi Yaqutun sağlığında onun yanında yaşamışlar. Nənəsi Yaqut öləndan sonrada xalaları həmin evdə ölən günədək yaşayıb. Dayısı Əmiraslanda ailəsi ilə birlikdə nənəsinin yanında qalıb. Dayısı Nürəddin isə əvvəldən öz ailəsi ilə birlikdə Sevinc qəsəbəsindəki evində yaşamışdır. Nənəsinin ölümündən sonra anası Dilarədə mirası qəbul etmişdir. O da anasından miras olaraq, ev əşyaları qəbul etmişdir. Gəncə şəhəri, Razin küçəsində yerləşən evdə hazırda atası Zahid yaşayır və həmin evi nəvəsi Vüqara (İradənin oğlu) bağışlayıb. Cavabdeh3 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1da apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, miras qoyan Yaqutun 5 vərəsəsi olub. Nurəddin, Simuzər, Roza, Dilarə və Əmiraslan. Miras torpaq və üzərindəki tikilidən ibarətdir. Yaqut öləndən sonra həmin evdə Simuzər, Roza və Dilarə yaşayıb. Simuzər və Roza subay olublar. Mirası Dilarədə qəbul etmişdir. Hazırda vərəsələrin hamısı ölüb. Dilarənin iki uşağı, Əmraslanın 3 uşağı var. Nürəddin isə miras açılmamışdan əvvəl özünə məxsus evdə yaşayıb və mirası qəbul etməyib. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1ə Əmraslan qızı izahat verərək göstərmişdir ki, Miras qoyan Yaqut Tağıyevanın 5 vərəsəsi ölub. Nənəsi ilə birlikdə yaşamışlar. Nənəsi öləndə onun 3-4 yaşı olub. Nənəsinin ölümündən sonra atası Əmraslan və bibiləri Roza və Sümuzar miras mülkdə yaşayıblar. Bibiləri Roza və Sümuzar subay olmuşlar, uşaqları olmamış, hal-hazırda da hər ikisi ölmüşdür. Atası Əmiraslan isə 2003-cü ildə ölüb. Onun ölümündən sonra isə miras əmlakda o, qardaşı Rəşad və bacısı Gülmira yaşamışdır. Bibisi Dilarə hələ nənəsinin sağlığında ərə getmiş və ölən günə kimi ər evində yaşamışdır. Sonuncu anasının dəfnində iştirak etmiş, sonra isə öz evində yaşamış və mirası qəbul etməmişdir. Buna baxmayaraq mirasın qəbul edilməsinə, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 22 avqust 2005-ci ildə öldüyünə görə, miras əmlakın ½ hissəsinə onun qızlarə İradə və İlahamənin adına bərabər paylar olmaqla 2024cü ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbu ki, mirası aatası Əmraslan qəbul etmiş, atasının ölümündən sonrada bacı və qardaşı ilə birlikdə o qəbul etmiş, hazırda da həmin əevdə yaşayırlar. İddiaçı1ə Əmraslan qızı sonda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, miras qoyanın hələ sağlığında oğlu Əmiraslan, qızı Roza və Simuzər onunla birlikdə yaşayıb. Simuzər və Roz subay olub, uşaqları yoxdur. Yaqutun əri ondan qabaq ölüb. Yaqutun ölümündən sonrada miras əmlakda Əmraslan, Roza və Simuzər yaşayıb. Dilarə mirassı qəbul etməyib. Hələ valideyinlərinin sağlığında ərə gedib, ölən günədək öz evində yaşayıb. Əmiraslanın ölümündən sonra isə miras əmlakda onun uşaqları, yəni hazırkı iddiaçılar yaşayıb. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Üçüncü şəxs qismində işə cəlb edilmiş X5 izahatında bildirmişdir ki, miras qoyan Yaqut onun ata tərəfdən nənəsidir. Nənəsinin sağlığında əmisi Əmiraslan, eləcədə bibiləri Roza və Simuzər onunla birlikdə yaşayıb. Bibisi Dilarə isə anasına baxmaq üçün həmin evə gedib-gəlirdi. Nənəsinin ölümündən sonrada miras mülkdə əmisi Əmiraslan, eləcədə bibiləri Roza və Simuzər yaşamışdır. Sonuncular subay olmuşdur. Bibisi Dilarə isə həmişə öz evində qalırdı. Əmisı Əmraslanla bibisi Dilarə arasında narazılıq olduğundan, yəni küsülü olduqlarına görə nənəsinin ölümündən sonra Dilarə bibisi həmin evə gedibgəlməmişdir.

35. Üçüncü şəxs qismində işə cəlb edilmiş X26 izahatında bildirmişdir ki, miras qoyan Yaqut onun ata tərəfdən nənəsidir. Nənəsinin sağlığında əmisi Əmiraslan, eləcədə bibiləri Roza və Simuzər onunla birlikdə yaşayıb. Bibiisi Dilarə isə öz evində, yəni Gəncə şəhəri Bağbanlarda yaşamışdır.

Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

36. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

37. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

38. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.

39. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

40. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

41. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər.

42. Maddə 561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağrılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan oların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

50. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

54. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, X15 02 mart 1982-ci il tarixdə vəfatından sonra Gəncə şəhəri, Ozan küçəsi, 83A, Yeni qaydalarla: AZ 2000, ünvan 1 ünvanda yerləşən 0,0556 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlak miras qalmışdır. Daşkəsən rayon notariat ofisi tərəfindən 08 avqust 2024-cü il tarixli 2V- 113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədən müəyyən olunur ki, 02 mart 1982-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi: qızı X21 vərəsəliyi qəbul etmiş, lakin, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 22 avqust 2005-ci ildə vəfat etməsi ilə əlaqədar miras əmlakın 1/2 hissəsi X7 qızı Cavabdeh2 və Cavabdeh3 keçir və onlar miras əmlakdan, hər birinə bərabər hissədə irs almışlar. Şəhadətnamə verilən miras əmlak-DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 07 avqust 2024-cü il tarixdə X22 verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Gəncə şəhəri, Ozan küçəsi, 83A Yeni qaydalarla : AZ 2000,Gəncə şəhəri, Ozan küçəsi, giriş 121 ünvanında yerləşən ümumi sahəsi 0.0556 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın yerdə qalan 1/2 hissəsi İddiaçı2,İddiaçı1 və İddiaçı3 münasibətdə açıq saxlanılmışdır. Hazırkı iş üzrə iddiaçılar İddiaçı2,İddiaçı1 və Tağıyeva X3 rayon notariat ofisi tərəfindən 08 avqust 2024-cü il tarixli 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirərək etibarsız hesab edilməsini məhkəmədən xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişdir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

56. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.

57. Belə ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə açılır. Miras qoyan X28 02 mart 1982-ci il tarixdə vəfat etmişdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir.

59. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda, mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirak və razılığını tələb etmir. Həmçinin, mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.

60. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağrılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.

61. Yuxarıda da qeyd olunduğu kimi, Yaqut Tağıyevanın ölümündən sonra miras qalmış əmlaka dair notariat orqanı tərəfindən bu qətnamənin 54-cü bəndində qeyd olunan əsasslarla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras qoyanın birinci növbə vərəsələrindən X7 mirası qəbul etməsi qeyd olunan şəhadətnamədə göstərilsədə, əslində Dilarə Yusibovanın anası Yaqut Tağıyevanın ölümündən sonra ondan qalan mirası istər qanun üzrə, istərsədə faktiki olaraq qəbul etməsi sübut olunmur.

62. Ümumiyyətlə qeyd edilməlidir ki, notariat orqanı tərəfindən verilən vərəsəlik şəhadətnaməsi vərəsələrin miras hüquqlarını yaratmır. Qurucu mahiyyətdə olmayan və əqd sayılmayan vərəsəlik şəhadətnaməsi, vərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir.

63. Bu səbəbdən notariat orqanı tərəfindən verilən vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti vəzifəsinə görə yoxlayır. Çünki mülkiyyət, o cümlədən vərəsəlik hüququnun müdafiəsinə dair tələblərə baxılarkən mübahisəli hüquq münasibətinin və ya qeydiyyatın əsasında dayanan sənədlərin (şəhadətnamələr və s.) qanuniliyi, yaxud əqdlərin (müqavilə və s.) etibarlılığı tələbdən asılı olmayaraq yoxlanılır. Bu yoxlama nəticəsində məhkəmə təsbit etdiyi hüquqi vəziyyəti nəzərə alaraq irəli sürülmüş tələbləri yekun olaraq həll edir. Əks yanaşma eyni mübahisəli münasibətlərlə bağlı lüzum olmadan çoxsaylı mülki işlərin açılmasına və prosessual hüquqlardan suiistifadə edilməsinə rəvac verməklə, mübahisəyə məhkəmədə ağlabatan müddətdə baxılması və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olar.

64. Bundan əvvəldə qeyd olunduğu kimi miras qoyanın birinci növbə 5 vərəsəsi olmuşdur. Vərəsələrdən Əmraslan, Roza və Simuzər hələ miras qoyanın sağlığında onunla birlikdə yaşamış, onun ölümündən sonrada miras əmlakda yaşamağa davam etmişlər. Roza və Simuzər subay olmuş, Əmraslan isə öz ailəsi ilə birlikdə miras qalmış evdə yaşamışdır. Dilarə və Nürəddin isə miras qoyanın sağlığında ailə quraraq özlərinə məxsus evdə yaşamışdır. İşin qeyd olunan bu halı iddiaçıların, eləcədə üçüncü şəxs qismində işə cəlb olunmuş X5 və X6 izahatları ilə təsdiq olunur. İş üzrə cabvabdehlər Cavabdeh2 və Cavabdeh3 anaları Dilarə Yusibovanın mirası qəbul etməsini bildirsələrdə lakin onların bu dəlili sübut olunmur.

65. X40, eləcədə bacıları Roza və Simuzər tərəfindən qəbul edilməsi təstiq olunur. Belə ki, Yaqut Tağıyevanın 02 mart 1982-ci ildə ölümündən sonra mirasa faktiki sahiblik Əmraslan Tağıyev, eləcədə bacıları Roza və Simuzər tərəfindən həyata keçirilmiş, eləcədə birlikdə mirası idarə etmişlər. Digər iki vərəsə, yəni Dilarə Yusibova və Nürəddin Tağıyev miras əmlaka sahibliyi, eləcədə idarəçiliyı həyata keçirməmişlər. Ona görə də kollegiya hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdir.

66. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 2(125)-1718/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar