Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1684/2025 27.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və tikinin sökülməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh, eləcədə onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikinin sökülməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(045)- 57/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 21 iyun 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Goranboy rayonu, Sarovlu kəndində yerləşən 0,189734 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 07 saylı Bərdə Ərazi İdarəsinin 03 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Goranboy rayonunun Sarov kəndində yerləşən torpaq sahəsinin (0.189734 ha) və əmlak kompleksinin (387.2 kv.m) kontur, koordinat və parametrləri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarışında göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil edir, lakin 60 kv.m hissəsinin digər şəxs istifadə etdiyi müəyyən edilmilşdir, Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsinin 60 kv.m hissəsinin koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.189734 ha torpaq sahəsinin koordinatları üst-üstə düşdüyü müəyyən olunmuşdur, rəyə sxem əlavə edilmişdir, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarış sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.189734 ha torpaq sahəsinin 60 kv.m hissəsini Cavabdeh istifadə edir və hal-hazırda üzərində yarımçıq tikili mövcudur.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2025-ci il tarixli, 10/2626 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarış sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.189734 ha torpaq sahəsinin 60 kv.m hissəsini Cavabdeh istifadə edir və hal-hazırda üzərində yarımçıq tikili mövcuddur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər X5 və Cavabdeh qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş 240 kv.m hissəsindən çıxarılması və həmin zəbt edilmiş 240 kv.m torpaq sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülüb ərazinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o cavabdehləri tanıyır və indiyənə kimi münasibətləri yaxşı olmuşdur. Goranboy rayonunun Sarovlu kəndi ərazisində 0.189734 ha torpaq sahəsində yerləşən Əmlak Kompleksi mülkiyyətindədir. Əmlak kompleksinə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 21 iyun 2011-ci il qeydiyyat tarixi çıxarış və Daşınmaz Əmlakın Texniki Pasportu verilmişdir. Cavabdehlərdən X1 torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsi və Əmlak Kompleksi ilə həmsərhəd olmaqla qonşuluqda yerləşir. Cavabdehlərdən X4 öz torpaq sahəsini xeyli müddətdir ki, digər Cavabdeh qeyri-rəsmi vermiş və Cavabdeh həmin torpaq sahəsində tikinti aparmağa başlamışdır. Cavabdeh qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsinin 96 kv.m hissəsinə girərək orada da qanunsuz və özbaşına tikinti işləri aparmışdır. Onunla cavabdehlər arasında mübahisə olmuşdur. Həmin vaxt cavabdehlərdən Cavabdeh ilə onun arasında şifahi razılaşma olmuş və Cavabdeh zəbt etdiyi 96 kv.m torpaq sahəsinə görə ona 10.000 manat vermiş, o da 96 kv.m torpaq sahəsini həmin şəxsə vermişdir. Həmin vaxtıda cavabdehlərlə aralarında şifahi olaraq belə bir razılaşma olmuşdur ki, 96 kv.m torpaq sahəsindən əlavə onun mülkiyyətində olan torpaq sahəsinə girməsinlər. Əgər bu şərt pozularsa o, aldığı pulu geri qaytarmaqla mülkiyyətində olan 96 kv.m torpaq sahəsini geri tələb edəcəkdir. Buna baxmayaraq 1-2 ay bundan əvvəl cavabdehlərdən Cavabdeh şərti pozaraq yenidən mülkiyyətində olan torpaq sahəsinin 144 kv.m hissəsini qanunsuz zəbt etmiş və orda özbaşına tikinti aparır. Yenidən onunla cavabdehlər arasında mübahisə olmuş və onun mülkiyyətində olan zəbt edilmiş 240 kv.m torpaq sahəsindən çıxmalarını və orda aparılan özbaşına tikintilərin sökülməsini tələb etmişdir. Cavabdehlərdən X4 bildirmişdir ki, guya Cavabdeh tikinti apardığı torpaq sahəsi ona məxsus olan torpaq sahəsidir. Cavabdehlərin bu qanunsuz hərəkəti barədə DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş və onun şikayəti ilə bağlı Goranboy rayonu X6 bölməsində təhqiqat aparılmışdır. Ancaq, şikayəti ilə bağlı 11 iyul 2024-cü il tarixli Qərarla cinayət işi başlanması rədd edilməklə ona mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir.
6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş 96 kv.m hissəsindən çıxarılması və Cavabdeh tərəfindən həmin zəbt edilmiş 96 kv.m torpaq sahəsində aparılmış qanunsuz tikililərin cavabdehin öz hesabına sökülüb ərazinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Goranboy Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(045)-57/2025 nömrəli (hakim T.Mustafayev) qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Bayram oğluna **********68-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla məxsus olan 0,189734 ha torpaq sahəsinin 60 m2 hissəsindən (xx.xx.2025-ci il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun) Cavabdeh çıxarılması, həmçinin aparılmış qanunsuz tikili cavabdehin öz hesabına sökülməsi və ərazi boşaldılaraq iddiaçıya təhvil verilməsi; Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 111 maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146, 152, 157.4, 240.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 106.1, 107, 115, 217.4-ci maddələrinə istinad etmişdir.
b)Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə təkrar mühəndis-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, mübahisəli torpaq sahəsində Əmlak Kompleksi vardır. X1 mülkiyyətində olan torpaq sahəsi Əmlak Kompleksi ilə həmsərhəddir. O mülkiyyətçi Adıgözəlov Rəvan ilə şifahi razılığı əsasında tikinti aparmış, onun tərəfindən heç bir irad və narazılıq olmamışdır. Həmin tikinti aparılarkən torpaq sahəsinin texniki pasportunda göstərilən koordinatlar müəyyən edilərək tikinti aparılmışdır. Ekspertiza Mərkəzinin eksperti tərəfindən 60 kv.m zəbt müyyən edilmişdir. Ekspertin rəyinin obyektiv olmaması, ekspertizanın Əmlak Komlekslərinin Texniki pasportunda olan koordinatlar əsasında aparılmamasını məhkəmənin iclasında bildirmişdir. Məhz bu baxımdan ekspertizanın düzgün aparılmaması nəticəsində məhkəmə qətnaməsini əsassız və qanunsuz hesab edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 10000 manat müqabilində aldığı 96 kv.m torpaq sahəsi hazırkı mübahisənin predmetinə daxil deyil. İddiaçının tələb etdiyi torpaq sahəsi Rəvan adlı şəxsə məxsus olmuşdur və 60 kv.m torpağı və yarışçıq tikilini Rəvandan almışdır. Lakin notarial qaydada aralarında alğı-satqı müqaviləsi olmamışdır. Hazırkı mübahisə predmeti olan 60 kv.m torpaqla, iddiaçıdan 10000 manat müqabilində aldığı 96 kv.m torpaq sahəsi yanşıdır. Ekspert düzgün araşdırma aparmamışdır. Əgər o iddiaçının torpaq sahəsini tutmuşdursa, onda ona məxsus torpaq hardadır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını və təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 10.000 manata alınan 96 kv.m torpaq hazırda cavabdehin sahibliyindədir. Mübahisəli 60 kv.m torpaq cabvabdehə satılan 96 kv.m torpaq sahəsinin yanında yerləşir və hər biri ayrı-ayrı torpaqlar olmaqla 60 kv.m torpaq sahəsi Rəvan Adıgözəlovun mülkiyyətində olmuşdur. Öz aralarında olan razılaşmaya əsasən sonuncu 60 kv.m torpağı Fəridə satıb. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını və təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 60 kv.m torpaq sahəsi onun mülkiyyətindədir və 96 kv.m-ə heç bir aidiyyatı yoxdur. İş üzrə ekspertiza keçirilmiş və işin qeyd olunan bu halı ekspert rəyi ilədə təsdiq olunmuşdur. Təkrar ekspertizanın keçirilməsinə heç bir zərurət yoxdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
25. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissədə mübahisələndirilmişdir. Ona görədə hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Hazırkı işin hallarından müəyyən olunur ki, Goranboy rayonu, Sarovlu kəndində yerləşən 0,189734 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və buna dair sonuncuya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən **********68-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 21 iyun 2011-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də ekspert rəyini əsas tutaraq iddianı qismən təmin etmişdir.
32. Eləcə də müəyyən olunur ki, hazırkı mübahisə predmeti olan 60 kv.m torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olmuş və 10000 manat müqabilində cavabdehə verdiyi 96 kv.m torpaq sahəsi ayrı-ayrı torpaqlardır.
33. Kollegiya hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də apellyasiya şikayətinin dəlillərini kollegiya mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas saymır.
34. Belə ki, yuxarıda da qeyd olunduğu kimi birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2025-ci il tarixli, 10/2626 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarış sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.189734 ha torpaq sahəsinin 60 kv.m hissəsini Cavabdeh istifadə edir və hal-hazırda üzərində yarımçıq tikili mövcuddur.
35. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
36. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
37. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahələrindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Cavabdeh tərəf həmin rəylə razılaşmadığı barədə dəlil irəli sürsədə, lakin bu dəlilini əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh tərəf mübahisəli 60 kv.m torpaq sahəsinin Rəvan Adıgözəlova məxsus olmasını və həmin torpağı və üzərində olan yarımçıq tikilini sonuncudan aldığını qeyd etmişlər. Lakin, kollegiya bu dəlili əsassız saymışdır.
38. Çünki, torpaq sahəsinə dair iddiaçının adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, habelə çıxarışın verilməsinə əsas kimi hüquqmüəyyənedici sənəd hazırkı məqamda hüquqi qüvvəsini saxlayır. Bu halda, torpaq sahəsinin başqa bir şəxs(lər)ə məxsusluğundan söhbət gedə bilməz.
39. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 25 oktyabr tarixli Qərarı).
40. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli qərardad).
41. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin (ekspert rəyində göstərilən həcmdə) cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan zəbt edilməsi sübut olunur. Cavabdehin bu qanuna zidd hərəkətləri nəticəsində isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Halbu ki, mülkiyyət hüququ təbiəti etibarıilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
42. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı Bayram oğluna **********68-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla məxsus olan 0,189734 ha torpaq sahəsinin 60 m2 hissəsindən (xx.xx.2025-ci il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun) Cavabdeh çıxarılması, həmçinin aparılmış qanunsuz tikili cavabdehin öz hesabına sökülməsi və ərazi boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli 2(045)-57/2025 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “İddiaçı Bayram oğluna **********68-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla məxsus olan 0,189734 ha torpaq sahəsinin 60 m2 hissəsindən (xx.xx.2025-ci il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun) Cavabdeh çıxarılması, həmçinin aparılmış qanunsuz tikili cavabdehin öz hesabına sökülməsi və ərazi boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.