Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1688/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanunsuz zəbt edilmiş bələdiyyə torpağının geri qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz zəbt edilmiş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(015)-18/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 10 iyun 2005-ci il tarixli, JN 01-96 nömrəli KOD 50202028 nömrəli aktdan görünür ki, Ağstafa rayonu, X1 rayonu Həsənsu kəndi ərazisində 229,98 ha torpaq sahəsinin mülkiyyətçisidir.
2. 21 may 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
3. 06 may 1999-cu il tarixli, JN-261 nömrəli KOD 50202028 nömrəli aktdan görünür ki, Cavabdeh və onun ailə üzvləri Ağstafa rayonu Həsənsu kəndi ərazisində 0,72 ha torpaq sahəsinin mülkiyyətçisidir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlet Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı ərazi idarəsinin verdiyi xx.xx.2022ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh Naği oğlunun Ağstafa rayonu Həsənsu kəndində xüsusi mülkiyyətində 0,147240 hektar torpaq sahəsi vardır.
5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/109 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi 1979,0 kv.m təşkil edir. Həsənsu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında konfiqurasiya fərqləri olmasına baxmayaraq, TEKUİS (X5 informasiya Sistemi) məlumat bazasında Cavabdeh mülkiyyətində olan 0,15 ha torpaq sahəsi öz əksini tapmışdır. Cavabdeh mülkiyyətindən artıq olan, lakin istifadəsində olan torpaq sahəsinin 562,0 kv.m qədər hissəsi TEKUİS məlumat bazasında bələdiyyə mülkiyyəti kimi işlənmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz zəbt edilmiş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Ağstafa rayonu Həsənsu kənd ərazisində yerləşən Həsənsu Bələdiyyəsinin mülkiyyətində olan qanunsuz zəbt edilmiş torpaq sahəsinin cavabdehdən alınaraq Həsənsu Bələdiyyəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Ağstafa rayonu, Həsənsu kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh mülkiyyətinə məxsus olan JN 261 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə pay (üzüm bağı) torpaq sahəsinin kənarında yerləşən 104,2 metr uzunluğunda və 3,50 metr enində Həsənsu bələdiyyəsinin mülkiyyətində olan kənd sakinlərinin və eyni zamanda kənd təsərrüfatı texnikalarının gediş-gəlişi üçün istifadə olunan yolun bir hissəsini qanunsuz zəbt edərək qeyri-qanuni istifadə edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.6-ci maddəsinə görə torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Bələdiyyələr qanunla müəyyən olunmuş müddətdə ərizəyə baxır və torpaqayırma sənədləri hazır olduqdan sonra torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Habelə həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq torpaq sahəsini hərrac və ya müsabiqə qaydasında əldə edə bilərlər. Cavabdeh ona torpaq sahəsinin ayrılması üçün bələdiyyəyə müraciət etməmiş və bələdiyyə tərəfindən torpağın cavabdehə verilməsi barədə qərar qəbul edilməmişdir. Habelə torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə əldə olunmamışdır. Beləliklə, cavabdeh heç bir hüquqi əsas olmadan bələdiyyə torpağından qanunsuz istifadə edərək, zəbt etmişdir. Eyni zamanda bildirirk ki, Cavabdeh rəsmi qaydada müraciət edərək Ağstafa rayonu Həsənsu Bələdiyyəsinə məxsus qanunsuz zəbt etdiyi torpaq sahəsinin zəbtdən azad edilməsi tələb edilmişdir. Lakin, cavabdeh həmin torpaq sahəsini zəbtdən azad edilməsindən imtina edərək həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Cavabdehin bu cür qanunsuz əməli kənd sakinləri tərəfindən haqlı narazılığa səbəb olmuşdur. Sakinlərin narazılığının əsas səbəbi isə ondan ibarətdir ki, həmin qanunsuz zəbt edilmiş torpaq sahəsinin bir hissəsi yolun payına düşdüyündən hazırda həmin yoldan istifadə mümkün deyildir. Hazırki vəziyyətdə yol dar olduğundan kənd təsərüffatı texnikası ilə yolda təmir bərpa işləri aparılması mümkünsüzdür.
8. Ağstafa Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(015)-18/2023 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddianın təmin edilməsi, Ağstafa rayonunun Həsənsu Bələdiyyəsinin mülkiyyətinə verilmiş Ağstafa rayonu Həsənsu kəndi ərazisində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 562,0 kv.m hissəsi zəbtdən azad olunsun və həmin torpaq sahəsi Ağstafa rayonunun Həsənsu Bələdiyyəsinə qaytarılması, iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Cavabdeh alinaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 152.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5 və 111-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının Qanunun 4.0.1 və 16.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(015)-18/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən ekspert qarşısında qoyulan hər iki sualın cavabı konkret olaraq verilməmişdir. Ekspert yalnız ƏMDX-nin yanında DƏDK və R p.h.ş.-n 15 saylı Tovuz Ərazi İdarəsinin göndərdiyi cavabı qeyd etmişdir və orada göstərilir ki, TEKUÍS-də həmin torpaq sahəsi yuxarıdakı kimi qeyd edilmişdir. Bu məlumat hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Ekspert rəyində 2-ci suala ümumiyyətlə cavab verilməmişdir. Bu isə torpaq sahəsi üzərində mükiyyət hüququnu təsdiq edən sənəd deyildir və sübutedici sənəd kimi götürülə bilməz. Belə ki, məhkəmə hüquqmüəyyənedici sənədlə sübut etməli idi ki, onun istifadəsində olan torpaq sahəsinin bir hissəsi Həsənsu bələdiyyəsinə məxsusdur. Bundan sonra isə həmin torpaq sahəsinin boşaldılması barədə qərar qəbul etməli idi. Belə bir sənəd olmadığı üçün məhkəmə məlumatı əsas götürərək zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qərar qəbul etmiş. Həsənsu bələdiyyəsinə verilmiş Dövlət Akt-nın planına baxdıqda da aydın görünür ki, bələdiyyə torpağı ilə onu istifadəsində olan torpaq sahələri ayrı-ayrı yerlərdir və üst-üstə düşmürlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətin təmin edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətin təmin edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
15. İş üzrə iddiaçı Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, icazə verilmir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
20. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
21. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
22. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətinə malikdirlər.
24. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
37. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(015)-18/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 229,98 ha torpaq sahəsi Ağstafa rayonu Həsənsu bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Bu barədə bələdiyyənin adına 10 iyun 2005-ci il tarixli, JN 01-96 nömrəli KOD 50202028 saylı torpağa mülkiyyət hüququna dair akt tərtib edilmişdir. Cavabdeh bələdiyyənin mülkiyyətinə aid 562,0 kv.m torpaq sahəsini zəbt edərək kənd sakinlərinin və eyni zamanda kənd təsərrüfatı texnikalarının gediş-gəlişi üçün istifadə olunan yolun bir hissəsini bağlamışdır. Cavabdehin isə həmin torpaq sahəsindən istifadə etməsinin heç bir hüquqi əsası yoxdur.
42. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
43. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və mütəxəssis, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/109 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi 1979,0 kv.m təşkil edir. Həsənsu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında konfiqurasiya fərqləri olmasına baxmayaraq, TEKUİS (X5 informasiya Sistemi) məlumat bazasında Cavabdeh mülkiyyətində olan 0,15 ha torpaq sahəsi öz əksini tapmışdır. Cavabdeh mülkiyyətindən artıq olan, lakin istifadəsində olan torpaq sahəsinin 562,0 kv.m qədər hissəsi TEKUİS məlumat bazasında bələdiyyə mülkiyyəti kimi işlənmişdir.
44. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
45. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
46. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.
47. Göründüyü kimi, bələdiyyə torpaqlarına aid 562,0 kv.m ha torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və hazırda da oradan istifadə edilir.
48. Kollegiya iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçının torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.
49. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
52. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağstafa Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(015)-18/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.