Məhkəmə qərarları › İş №2(104)-1690/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1690/2024

18.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1690/2024 18.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X16 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun vəkili X7, cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in nümayəndəsi X1 və vəkili X17 iştirakı ilə, İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43inə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2011-ci il tarixdə Naftalan şəhər xəstəxanasına qeydiyyatçı tibb bacısı vəzifəsinə təyin edilmiş, xəstəxananın baş həkiminin xx.xx.2013-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir; -xəstəxananın baş həkiminin xx.xx.2014-cü il tarixli əmri ilə həmin tarixdən qismən ödənişli sosial məzuniyyət yerinə müvəqqəti tibb bacısı vəzifəsinə təyin edilmişdir; -xəstəxananın baş həkiminin xx.xx.2015-ci il tarixli əmri ilə həmin tarixdən daimi tibb bacısı vəzifəsinə keçirilmişdir; -“Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in direktor vəzifəsini icraedicisinin xx.xx.2023-cü il tarixli əmri ilə həmin tarixdən əmək müqaviləsi əsasında Tibb bacıları şöbəsinin böyük tibb bacısı vəzifəsinə yerdəyişmə edilmiş və TTTY şöbəsi üzrə öhdəliklərin yerinə yetirilməsi həvalə edilmişdir;

2. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in direktorunun “böyük tibb bacısının üzərində olan bütün dərman vasitələrinin təhvil-təsliminə dair” 12 aprel 2023-cü il tarixli PHŞ-6-62/3-1-113/2023 saylı əmrindən görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan bütün dərman preparatlarının TTTY şöbəsinin müdiri X8 təhvil təslim edilməsi barədə X31 - Dəstək xidməti şöbəsinin müdiri, X36 - ümumi şöbənin müdiri, X24 - baş tibb bacısı, X40 - böyük tibb bacısı və X37 – mühasibdən ibarət tərkibdə komissiya yaradılmış, əmrin icrasına nəzarət TTTY şöbəsinin müdiri X8 həvalə edilmişdir.

3. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in direktorunun 13 aprel 2023-cü il tarixli PHŞ-6-62/3-1-120/2023 №li “TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan narkotik tərkibli və psixotrop dərman preparatlarının TTTY şöbəsinin şöbə müdiri Hikmət İbrahimova təhvil-təslim edilməsinə dair əmrin təsviri hissəsinə əlavə”də göstərilir ki, Naftalan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-99/2-2222/2023 nömrəli TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova ünvanlanmış məktubda göstərilən cinayət xarakterli -faktlar, yəni İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4 (mənimsəmə və ya israf etmə) maddələri ilə 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına, təkrarən xx.xx.2013-cü il tarixdə AR CMnin 243.1, 244.2.1 və 66.3 (fahişəliyə cəlb etmə, əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi göstərilmişdir. Eyni zamanda İddiaçı tərəfindən müəssisədaxili nizam-intizam qaydalarını pozaraq nüəssisəyə gəlmiş Polis əməkdaşları ilə mübahisə etməsi, onların qarşısına əmək funksiyasına aid olmayn tələblər qoyması Xəstəxananın iş ahənginin pozulmasına səbəb olmuşdur. İddiaçı yuxarıda göstərilən AR CM-nin 179.2.2, 179.2.3 və 179.2.4 ( mənimsəmə və ya israf etmə) maddələri ilə 3 il müddətində azadlıqdan məhrum edilməsini nəzərə alaraq onun üzərində narkotik tərkibli və psixotrop dərman preparatiarının və digər ləvazimatların maddi məsuliyyətin qoyulmasını məqsədə uyğun və mümkün hesab etmirəm. Göstərilənləri nəzərə alaraq - əmr edirəm: TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan narkotik tərkibli və psixotrop dərman preparatlarının və digər ləvazimatlar TTTY şöbəsinin şöbə müdiri Hikmət İbrahimova təhvil-təslim edilsin. Əsas: TƏBİB-in xx.xx.2023-cü il tarixli PHŞ-6/2-1762/2023 nömrəli məktubu və Naftalan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-99/2-2222/2023 nömrəli məktubu (i.v.46).

4. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in direktoru tərəfindən imzalanmış 20 aprel 2023-cü il tarixli, PHŞ-6- 62/3-1-134/2023 saylı əmrdən görünür ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43də xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə tibb xidmətinin təşkilinin monitoringi nəticəsində aşkar olunan nöqsanlara görə həkim məsləhət komissiyasının sədri, terapiya şöbəsinin müdiri – X12, terapiya şöbəsinin böyük tibb bacısı X13 və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin böyük tibb bacısı – İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.

5. X5 25 aprel 2023-cü il tarixdə vermiş olduğu izahatda göstərilir ki, 24 aprel 2023cü il tarixdə TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı mənim icazəm olmadan xəstəxana aptekindən dərman preparatları götürmüşdür.

6. X5 27 aprel 2023-cü il tarixdə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in direktoruna yazdığı məlumatda göstərilir ki, xx.xx.2023-cü il tarixdə 13:00-da şöbənin böyük tibb bacısı İddiaçı heç bir tələbnamə verilmədən və “mənim icazəm olmadan” xəstəxananın aptekindən spazmalqon 5 qutu, metoqlopramid 5 qutu, eqilon 5 qutu, furasemid 5 qutu və dimedrol 4 ampula götürərək şöbəyə gətirmiş tibb bacılarına paylayarkən xəbəri olmuşdur. Həmin dərmanlar qanunsuz götürüldüyü üçün aptekə geri qaytarılmışdır. Həmin vaxtı İddiaçı şöbənin kollektivi qarşısında onun iş masasının üzərində olan sənədləri yerə atmış. Onu təhqiramiz sözlərlə təhqir etmişdir.

7. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43də baş tibb bacısı işləyən X2 27 aprel 2023-cü il tarixdə vermiş olduğu izahatında göstərmişdir ki, 24 aprel 2023-cü il tarixdə TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı heç bir tələbnamə olmadan spazmalqon 5 qutu, metoqlopramid 5 qutu, eqiloq 5 qutu, furasemid 5 qutu, dimedrol ampula və plastr 3 qutu vermişdir. Sonra TTTY şöbəsinin müdiri Hikmət İbrahimov onun yanında olarkən İddiaçı gəlmiş və onlar bir-birinə səslərini yüksəltmişlər. O, onları sakitləşdirməyə çalışmış, sonra verdiyi dərmanları geri istəmiş və dərmanları götürərək aptekə aparmışdır .

8. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in direktoru tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43 ilk HTK-nın sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 97 saylı məktubda göstərilir ki, xəstəxananın TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı dəfələrlə, mütəmadi olaraq müəssisə daxili intizam qaydalarını pozur və əmək müqaviləsi üzrə əmək funksiyasını layiqincə yerinə yetirmir. Şöbədə dava-dalaş salmaqla digər işçilərinin əmək funkiyasını yerinə yetirməyə maneçilik törədir. Bu da şöbənin eləcədə xəstəxananın bütün işçilərinin haqlı narazılıqlarına səbəb olur. Göstərilənləri nəzərə alaraq İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə öz münasibət bildirməyinizi xahiş edirəm.

9. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43 İHT-nın sədri tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43 TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 103 saylı məktubda göstərilir ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in direktoru tərəfindən xx.xx.2023-cü il tarixli 97 saylı məktubu ilə sizin əmək funksiyanızı layiqincə yerinə yetirməməyiniz və müəssisə daxili intizam qaydalarını pozduğunuza görə barənizdə intizam tənbehi tətbiq edilərək, AR ƏM-nin “70”-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə müraciət daxil olmuşdur. Odur ki, 01 may 2023-cü il tarixdə müəssisə İHT komitəsinin iclasına dəvət olunursunuz. İclasda iştirak etmədiyiniz halda sizin iştirakınız olmadan məktub müzakirə olunaraq, müvafiq qərar qəbul edilmişdir.

10. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43 X22 127 nömrəli iclas protokolundan görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı Kəniş qızının müəssisə daxili intizam qaydalarını mütəmadi olaraq pozması və əmək funksiasını layiqincə yerinə yetirməməməsi barədə TTTY şöbəsinin müdiri X3 direktorunun adına yazılan xx.xx.2023cü il tarixli məlumatı xx.xx.2023-cü il tarixli iclasda müzakirə edilmiş və İddiaçı barəsində ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir.

11. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43 X32 tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43inə ünvanlanmış 03 may 2023-cü il tarixli 104 nömrəli məktubdan görünür ki, HTK İddiaçı intizam tənbehi olaraq ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir.

12. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in direktorunun 15 may 2023-cü il tarixli PHŞ-6-62/3-1-166/2023 №li əmrindən görünür ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in Tibb bacıları şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə böyük tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.

13. Naftalan Şəhər Mərkəzi Xəstəxnası X43in məhkəməyə ünvanladığı 18 sentyabr 2024-cü il tarixli 18-1-62/2-422/2024 saylı məktuba əlavə edilmiş, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı İHT-nın komitəsinin iclasında iştirak etmək üçün ona saat 11:30 radələrinəd Təcili tibbi yardım şöbəsində bildiriş təqdim olunmuş, lakin o, bildirişi qəbul etməkdən imtina edərək prokurorluğa şikayət etmək adı ilə xəstəxanadan çıxaraq getmişdir.

14. Naftalan Şəhər Mərkəzi Xəstəxnası X43in məhkəməyə ünvanladığı 27 sentyabr 2024-cü il tarixli 18-1-62/2-433/2024 saylı məktubdan görünür ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının sabiq böyük tibb bacısı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının İHT-nın xx.xx.2023-cü il tarixində keçirilmiş iclasından X14 (Komitənin sədri), X18 (Komitənini katibi), komitənini üzvləri X15, X28 və X19 iştirak etmişlər.

15. Naftalan Şəhər Mərkəzi Xəstəxnası X43in 17 oktyabr 2024-cü il tarixli 18-1- 62/3-136/2024 saylı Xidməti Xasiyyətnamədən görünür ki, İddiaçı AR Ciinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum olunmuşdur. Bundan başqa İddiaçı tibb bacısı işlədiyi dövrdə özünü qeyri-intizamlı, bacarıqsız və qeyri-etik tanıtmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43inə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 may 2023-cü il tarixli, PHŞ-6-62/3-1-166/2023 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdeh müəssisədən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildə Naftalan şəhər sanatoriyasında xadimə olaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.1986-cı ildə Volqoqrad tibb məktəbinə daxil olmuşdur. Tibb məktəbində oxumaqla yanaşı, Volqoqrad şəhəri infeksion xəstəxanasının laboratoriyasında işləmişdir. xx.xx.1989-cu ildən xx.xx.1996-cı ilədək Naftalan şəhəri “Mil” sanatoriyasında tibb bacısı işləmişdir. xx.xx.1996-cı ildə Naftalan şəhər Gigiyena və Epidemiologiya Mərkəzində sanitar həkim köməkçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-xx.xx.2009-cu illərdə Naftalan şəhər Dezinfeksiya-profilaktika mərkəzində şöbə müdiri işləmişdir. xx.xx.2009-cu ildən xx.xx.2023-cü ilə kimi “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in TTTY şöbəsində tibb bacısı və böyük tibb bacısı işləmişdir. xx.xx.2023-cü il tarixli, PHŞ-6-62/3- 1-166/2023 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh orqan işdən çıxarılma əmrini onunla əsaslandırmışdır ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in Tibb bacıları şöbəsində təcili və təxirəsalınmaz tibbi yardım üzrə böyük tibb bacısı vəzifəsində işləyən İddiaçı tərəfindən dəfələrlə daxili intizam qaydaları pozulduğuna görə ona xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq edilmişdir. Xəstəxanada TƏBİB tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən monitorinq yoxlaması zamanı yol verdiyi nöqsanlara görə (əmək funksiyasını layiqincə yerinə yetirmədiyinə görə) xx.xx.2023-cü il tarixli PHŞ6-62/3-1- 134/2023 əmrlə intizam tənbeh növü kimi “töhmət” verilmişdir. Lakin verilən intizam tənbehindən nəticə çıxarmayaraq İddiaçı xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan aptekdən dərmanlar götürülməsinin onun səlahiyyətində olmamasını və dərmanların sənədsiz götürülməsini irad tutmaqla həmin dərmanların yenidən aptekə geri qaytarılması ondan tələb edilmişdir. Lakin İddiaçı nümayişkaranə şəkildə, kollektivin gözü qarşısında müəssisə daxili intizam qaydalarını pozmaqla X9 təhqir etmiş və nalayiq ifadələr işlətmişdir. Baş vermiş hadisə barədə TTTY şöbəsinin müdiri X15 xəstəxananın direktorunun adına xx.xx.2023-cü il tarixdə məlumat yazmışdır. Məlumatın əsasında araşdırma aparılaraq xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Müəssisənin həmkarlar təşkilatının sədri Y.İ.Nəcəfovaya İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq bildirilməsi barədə müraciət olunmuş və X22 xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən xx.xx.2023-cü il tarixli məktubla İddiaçı intizam tənbehi olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Qeyd olunan əsaslarla işdən çıxarılması qanunsuz və əsassızdır. xx.xx.2020-ci il tarixdə Vətən müharibəsi başlayarkən həmin xəstəxana hərbi hospital elan olunmuşdur. O, xx.xx.2020-ci il tarixədək tibb bacısı kimi əsgər və zabitlərə xidmət göstərmişdir. Bununla bağlı olaraq hərbi biletində qeydlər aparılmışdır. Əlavə olaraq fəxri fərmanlarla təltif edilmişdir. Onun iş fəaliyyəti təkcə əsgər və zabit qardaşlarına xidmət göstərilməklə bitməyib, ümumi əhaliyə göstərdiyi tibb xidmətinə görə də, fəxri fərmanlarla təltif edilmişdir. İddia tələbinin hüquqi əsası ilə bağlı bir neçə məqamı diqqətə çatdırmaq istəyir. Birincisi, xx.xx.2023-cü il tarixdə ona hər hansı yazılı xəbərdarlıq edilməmişdir. xx.xx.2023-cü il tarixdə ona şifahi xəbərdarlıq edilmişdir. Ona şifahi xəbərdarlıq verilməsinə səbəb xx.xx.2023-cü il tarixdə DİN-102 xidmətinə müraciət etməsi olmuşdur. Müraciətinin səbəbi onunla bağlı olmuşdur ki, Daxili İşlər Nazirliyinə məxsus olan post patrul avtomobili xəstəxananın girişində təcili tibbi yardım maşınının yerində saxlanılmışdır. O, polis əməkdaşlarına avtomobildə ağır xəstə olduğunu bildirmişdir. Polislər isə onun dediklərinə məhəl qoymamışlar. Xəstənin sağlamlığını nəzərə alaraq avtomobilin çıxarılması ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. Bununla bağlı olaraq xx.xx.2023-cü il tarixdə şəxsən izahat yazmışdır. İkincisi, işlədiyi müddətdə ona hər hansı töhmət verilməmişdir. Onun əmrdə göstərilən xx.xx.2023-cü il tarixli, PHŞ-6- 62/3-1- 134/2023 saylı töhmətdən xəbəri yoxdur. Əgər ona töhmət verilmişdirsə, bununla bağlı olaraq izahatı alınmalı idi. Töhmət elan edilməklə ona verilməli idi. Üçüncüsü, xəstəxananın aptekindən xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan hər hansı dərman preparatı götürməmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan da xəbəri yoxdur. Özlərindən tərtib etdikləri aktın heç bir istinad nöqtəsi ola bilməz. Dördüncüsü, xx.xx.2023-cü il tarixdə X22 iclası keçirilməmişdir. Ən azından həmkarlar təşkilatı işçinin hüquqlarını müdafiə etdiyi üçün həmin iclasda onun iştirakını təmin etməli idi. Yuxarıda qeyd olunan xüsusatlardan görünür ki, onun işçi olaraq hüquqları işə götürən tərəfindən kobud şəkildə pozulmuşdur. Bu səbəbdən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

18. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsi ilə (hakim A.Səlimov) İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43inə qarşı “işə bərpa” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, iş üzrə aparılmış araşdırma və tədqiq olunmuş sübutlarla İddiaçı iddiasının əsassız olması qənaətinə gəlinir. Belə ki, iş materialları ilə iddiaçı barəsində 20 aprel 2023-cü il tarixdə müəssisənin rəhbəri tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş olması müəyyən olunur. İddiaçı qeyd edilən əmri mübahisələndirməmiş və əmr qüvvədədir. Həmçinin müəyyən olunur ki, iddiaçı, barəsində verilmiş intizam tənbehindən qısa müddət keçdikdən sonra, yəni 24 aprel 2023-cü il tarixdə tələbnamə olmadan, həmçinin götürülməsinin onun səlahiyyətlərində olmadığını bilməsinə baxmayaraq aptekdən dərman vasitələri götürərək tibb bacılarına paylamış, bu zaman ona iradını bildirən şöbə müdiri Hikmət İbrahimov ilə mübahisə etmiş, kollektivin gözü qarşısında müəssisə daxili intizam qaydalarını pozmaqla onu təhqir etmişdir. Qeyd edilən hadisə onu deməyə əsas verir ki, İddiaçı əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Bu isə işçinin əmək vəzifələrini kobud şəkildə pozması hesab edilir ki, nəticədə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə nəticələnmişdir. Məhkəmə iddianın “məcburi boşdayanma ilə əlaqədar əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddianın 15 may 2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsi rədd edildiyindən, qeyd edilən hissənin də müzakirəsi hər hansı əhəmiyyət kəsb etmir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

20. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə və həmin qərarın qəbul edilməsinə səbəb olmuş əsaslandırma ilə qətiyyən razı deyil. Belə ki, hakim tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamış, nəticədə hüquqlarının kobud pozulması ilə qətnamə qəbul edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin təmin edilməsini istəyir. Məhkəmə tərəfindən izahatı təhrif edilmişdir. Belə ki, qəbul edilmiş qətnamənin izahat hissəsində onun adından göstərilir ki, “o, həmçinin ona aid olmayan məsələyə görə töhmət almışdır. Belə ki, Təbibdən gələn audit yoxlaması zamanı təcili tibbi yardım avtomobilinin içərisində depilyator və saturasiya aparatının olmadığı müəyyən edildiyinə görə ona töhmət verilmişdir. Halbuki həmin aparatların olubolmamasına görə cavabdeh şəxs o deyildir. Bu məsələyə cavabdeh şöbə rəisi Hikmət doktor olmuşdur. Lakin sonda Hikmət doktora verilməli olan töhmət ona verilmişdir. Direktora bu barədə iradını bildirən zaman isə o, cavabında “mən belə istəyirəm” demişdir. Bundan sonra direktora heç bir söz deməmişdir. Onunla bərabər bir neçə əməkdaşa da, töhmət verildiyi üçün “palaza bürün, elnən sürün” deyərək məsələnin üzərinə getməmişdi”. İzahatı ilə bağlı olaraq onu bildirir ki, o, məhkəmə iclası zamanı iddia tələbinə uyğun izahat vermişdir. Məhkəmə hərtərəfli, tam və obyektiv araşdırma aparsaydı, ona bildirərdi ki, iddia tələbində töhmətdən xəbəriniz olmayıb bildirirsiniz, izahatınızda isə tam fərqli izahat verilib. Bu ziddiyət araşdırılmalı və sənədlərlə təsdiq edilməli idi. İkincisi, töhmətin mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəmə o halda töhmətə istinad edə bilərdi ki, töhmətin verilməsindən xəbəri olsun. Məhkəmə töhmətdən xəbərdar olmağını izahatını təhrif etməklə əsaslandırmışdır. Bu isə kobud pozuntudur. xx.xx.2023-cü il tarixdə ona hər hansı yazılı xəbərdarlıq edilməmişdir. xx.xx.2023-cü il tarixdə ona şifahi xəbərdarlıq edilmişdir. Ona şifahi xəbərdarlıq verilməsinə səbəb xx.xx.2023-cü il tarixdə DİN-102 xidmətinə müraciət etməyi olmuşdur. Müraciətinin səbəbi onunla bağlı olmuşdur ki, Daxili İşlər Nazirliyinə məxsus olan post patrul maşını xəstəxanın girişində təcili tibbi yardım maşının yerində saxlanılmışdır. Polis əməkdaşlarına bildirmişdir ki, avtomobildə ağır xəstə var. Onlar isə onun dediklərimə məhəl qoymamışdır. Xəstənin sağlamlığını nəzərə alaraq avtomobilin çıxarılması ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmiş, bununla bağlı olaraq xx.xx.2023-cü il tarixdə şəxsən izahat da yazmışdır. İşlədiyi müddətdə ona hər hansı töhmət verilməmişdir. Onun əmrdə göstərilən xx.xx.2023-cü il tarixli, PHŞ-6-62/3-1- 134/2023 saylı töhmətdən xəbəri yoxdur. Əgər ona töhmət verilmişdirsə, bununla bağlı olaraq izahatı alınmalı idi. Töhmət elan edilməklə ona verilməli idi. Bundan başqa xəstəxananın aptekindən xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan hər hansı dərman preparatı götürməmiş, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan da, xəbəri yoxdur. Özlərindən tərtib etdikləri aktın heç bir istinad nöqtəsi ola bilməz. xx.xx.2023-cü il tarixdə X22 iclası keçirilməmişdir. Ən azından həmkarlar təşkilatı işçinin hüquqlarını müdafiə etdiyi üçün həmin iclasda onun iştirakı təmin edilməli idi. Cavabdeh orqan işdən çıxarılma barədə əmrini əsaslandıra bilmir. İstinad etdiyi hüquqi əsaslandırmanın nə məntiqi, nə də hüquqi əsaslandırması yoxdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyasında birinci icraat:

23. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2421/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X10 (sədrlik və məruzəçi), X20 və X6 ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilərək, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsi ləğv edilməsi, yeni qətnamə çıxarılması, iddianın təmin edilməsi, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in direktorunun 15 may 2023cü il tarixli, PHŞ-6-62/3-1-166/2023 nömrəli əmri ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.

24. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2421/2023 saylı, xx.xx.2023-cü il tarixli qərtnaməsindən cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43i tərəfindən kassasiya şikayəti verilmişdir.

Kassasiya instansiyasında icraat:

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1655/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(104)-2421/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, aktda adları yazılmış şəxslər həmkarlar ittifaqının həmin iclasında iştirak etməmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X21 apellyasiya şikayətini müdafiə etdiyini bildirib təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Həmkarlar İttifaqı tərəfindən iddiaçıya sadəcə 01 may 2023-cü il tarixdə iclas barədə məlumat verilmişdir. Həmin gün isə iclasın kecirilməsi barədə heç bir sübut yoxdur. Həmkarlar İttifaqının 120 nəfər üzvü vardır və iclasa neçə nəfərin iştirak etməsi, səsvermədə kimlərin iştirak etməsi müəyyən deyildir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in nümayəndəsi X11 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Suallara cavab olaraq isə bildirmişdir ki, iddiaçıya ünvanlanmış bildiriş texniki səhv olaraq X22 iclasının xx.xx.2023-cü il tarixdə keçirilməsi qeyd olunmuşdur. Lakin, iclas xx.xx.2023-cü il tarixdə keçirilmişdir. İddiaçı isə ona təqdim edilmiş bildirişi qəbul etməkdən imtina etmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in vəkili X29 izahat verib bildirmişdir ki, iddiaçı xəstəxanada işçilərə qarşı dəflərlə dərmanlarla bağlı problemlər yaratmış, onlara qarşı kobud davranmışdır. X4 iclası barədə məlumat verilmiş, lakin iddiaçı qərəzli şəkildə bildirişi qəbul etməkdən imtina edərək iclasda iştirak etməmişdir. Buna görə də, apellyasiya şkayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyasının iclasında şahid qsimində dindirilmiş X28 izahat verib bildirmişdir ki, o, həmin xəstəxanada 9 ildir ki, aşbaz işləyir. O, həmkarlar ittifaqının iclasında iştirak etmiş, lakin çıxış etməmişdir. İdiaçı dəfələrlə xəstəxanada səs-küy salmışdır. Sənan müəllim iclasda iştirak etmirdi. İclasların heç birində iddiaçı iştirak etməmişdir. İclasda Aybəniz, Rəhimə, Yeganə, Hikmət və o iştirak etmişdir. O, yalnız akta imza etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X15 izahat verib bildirmişidir ki, o, TTY-da həkim vəzifəsində işləyir və Həmkarlar İttifaqının üzvüdür. Həmin iclasda o, iştirak etmişdir. İclasın gündəlik mövzusu İddiaçı işdən azad edilməsi olmuşdur. Həmin iclas İddiaçı etik davranış qaydalarını və intizam qaydalarını pozduğuna görə çağrılmışdı. Sənan müəllim iştirak etmiş və iclası o, açmışdır. Həmkarlar İttifaqının sədri Yeganə xanım idi. İclasda iddiaçı iştirak etməmişdir. Aktın isə tərtib olunmasından onun xəbəri yoxdur.

32. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X14 izahat verib bildirmişdir ki, 1996-cı ildən xəstəxanada cərrahiyə şöbəsində tibb bacısı vəzifəsində işləyir. İşlədiyi müddət ərzində iddiaçını tanımışdır. İddiaçı əvvəllər işə gəlmirdi və əmək haqqı alırdı. Lakin, sonradan direktor dəyişdi və İddiaçı barəsində tədbirlər görməyə başlamışdır. Bundan sonra iddiaçı daha da aqressiv olmağa başladı. 2023-cü ilin may ayının 02-nə iclas təyin edildi və iddiaçıya bildiriş şəxsən təqdim edildi. Lakin, bildirişi ataraq qəbul etməkdən imtina etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

33. Maddə 70, “ç” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

34. Maddə 71 Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

35. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

36. Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

37. Maddə 83. 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

38. Maddə 186. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

39. Maddə 187. 1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

40. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

47. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

48. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

49. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

53. Kollegiya ilk növbədə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsidir. Həmin maddədə deyilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

54. Göründüyü kimi, Əmək Məcəlləsinin 300-cü maddəsi, işçinin işə bərpası və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsini bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi; 2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi; 3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsini müəyyən etmişdir. Bunun üçün ilk növbədə işçi ilə işəgötürən arasında əmək münasibətlərinə xitam verilməsi əsasları araşdırılmalıdır.

55. İş materialları ilə müəyyən edilir ki, İddiaçı tutduğu vəzifədən azad edilməsinə əsas iddiaçının müəssisə daxili intizam qaydalarını mütəmadi olaraq pozması və əmək funksiasını layiqincə yerinə yetirməməməsi barədə TTTY şöbəsinin müdiri X3 direktorunun adına yazılan xx.xx.2023-cü il tarixli məlumatı və “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43 X32 tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43inə ünvanlanmış 03 may 2023-cü il tarixli 104 nömrəli məktubu olmuşdur.

56. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43 X22 127 nömrəli iclas protokolundan görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı Kəniş qızının müəssisə daxili intizam qaydalarını mütəmadi olaraq pozması və əmək funksiasını layiqincə yerinə yetirməməsi barədə TTTY şöbəsinin müdiri X3 direktorunun adına yazılan xx.xx.2023-cü il tarixli məlumatı xx.xx.2023-cü il tarixli iclasda müzakirə edilmiş və İddiaçı barəsində ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. Həmin iclasda təşklatın 5 üzvü iştirak etmişdir.

57. İddiaçı aktda adları yazılmış şəxslərin həmin iclasda iştirak etməmələri barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının sabiq böyük tibb bacısı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının İHT-nın xx.xx.2023-cü il tarixində keçirilmiş iclasından X14 (Komitənin sədri), X18 (Komitənini katibi), komitənini üzvləri X15, X28 və X19 iştirak etmişlər. Qeyd olunan hal həmçinin şahid ifadələri ilə təsdiq olunur.

58. Bundan başqa iddiaçı tərəfin Həmkarlar İttifaqı tərəfindən iddiaçıya sadəcə 01 may 2023-cü il tarixdə iclas barədə məlumat verilməsi, həmin gün isə iclasın kecirilməsi barədə heç bir sübutun olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı İHT-nın komitəsinin iclasında iştirak etmək üçün ona saat 11:30 radələrinəd Təcili tibbi yardım şöbəsində bildiriş təqdim olunmuş, lakin o, bildirişi qəbul etməkdən imtina etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı müəssisədaxili intizam qaydalarını mütəmadi olaraq pozması və əmək funksiyasını layiqincə yerinə yetirməməsi barədə TTTY şöbəsinin müdiri X3 direktonunu adına yazılan xx.xx.2023-cü il tarixi məlumat müzakirə edilmiş və bu barədə protokol tərtib edilərək İHTK-nin sədri Yeganə Nəcəfova və katib Rəhimə Babayeva tərəfindən imzalanmışdır.

59. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in nümayəndəsi X11 iddiaçıya ünvanlanmış bildirişdə texniki səhv olaraq X22 iclasının xx.xx.2023-cü il tarixdə keçirilməsi qeyd olunmasını, lakin, iclasın xx.xx.2023cü il tarixdə keçirilməsini bildirmişdir.

60. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in direktorunun 13 aprel 2023-cü il tarixli PHŞ-6-62/3-1-120/2023 №li “TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan narkotik tərkibli və psixotrop dərman preparatlarının TTTY şöbəsinin şöbə müdiri Hikmət İbrahimova təhvil-təslim edilməsinə dair əmrin təsviri hissəsinə əlavə”dən görünür ki, Naftalan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-99/2-2222/2023 nömrəli TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova ünvanlanmış məktubda göstərilən cinayət xarakterli-faktlar, yəni İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4 (mənimsəmə və ya israf etmə) maddələri ilə 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına, təkrarən xx.xx.2013-cü il tarixdə AR CMnin 243.1, 244.2.1 və 66.3 (fahişəliyə cəlb etmə, əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda İddiaçı tərəfindən müəssisədaxili nizam-intizam qaydalarını pozaraq nüəssisəyə gəlmiş Polis əməkdaşları ilə mübahisə etməsi, onların qarşısına əmək funksiyasına aid olamayn tələblər qoyması Xəstəxananın iş ahənginin pozulmasına səbəb olmuşdur. Bu səbəblə də, İddiaçı üzərində narkotik tərkibli və psixotrop dərman preparatiarının və digər ləvazimatların maddi məsuliyyətin qoyulmasını məqsədə uyğun və mümkün hesab edilməmişdir.

61. Həmçinin məhkəmə kollegiyası onu da qeyd ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in direktorunun 20 aprel 2023-cü il tarixli, PHŞ-6- 62/3-1-134/2023 saylı əmri ilə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43də xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə tibb xidmətinin təşkilinin monitoringi nəticəsində aşkar olunan nöqsanlara görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Qeyd olunan hallar isə ona dəlalət edir ki, iddiaçı tərəfindən əmək funksiyası yerinə yetirilən zaman mütədami olaraq nöqsanlara yol verilmişdir. İddiaçı verilmiş töhmətdən xəbərinin olmamasını və həmin tömət verilməmişdən əvvəl onun izahatınnı alınmamasını qeyd etsə də, töhmət verilməsinə dair “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X43in direktorunun 20 aprel 2023-cü il tarixli, PHŞ- 6- 62/3-1-134/2023 saylı əmri onun tərəfindən mübahisələndirilməmişdir.

62. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən hallar iddiaçının əmək intizamına riayət etməməsi deməkdir. Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifəsinin və bu əmək funksiyalarının vaxtında, keyfiyyətlə yetirilməsinə əməl etməlidir. Kollegiya bununla bağlı Əmək Məcəlləsinin 10-cu maddəsinə də nəzər salmağı zəruri hesab edir.

63. Həmin maddənin a) və b) bəndlərində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əsas vəzifələri kimi göstərilmişdir.

64. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Həmin bənddə deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

65. Həmin Məcəllənin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

66. İddiaçının işdən azad edilməsi barədə əmrin qanunvericiliyin bu tələblərinə uyğunluğu araşdırılarkən müəyyən olunur ki, onunla olan əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmış və verilmiş əmr qanunauyğun olmuşdur.

67. Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinin əsas məqsədi, ilk növbədə işçinin əmək müqaviləsinə xitam verilməsinin səbəb və əsasları barədə bütün məlumatlara malik olma hüququnu təmin etməkdir. Digər tərəfdən bu məlumatlar əmək mübahisəsinə baxan orqan üçün işin hallarının tam və obyektiv araşdırılmasına zəmin yaradır. Əgər əmrdə bu məlumatlar tam əks olunmamışdırsa və işin hallarının tam və obyektiv araşdırılması mümkün olmadığına görə bu boşluğu doldurmaq mümkün deyildirsə, həmin əmr etibarsız sayıla bilər.

68. Əks təqdirdə, yəni işçi tərəfindən əmək vəzifələrinin pozulması açıq-aşkardırsa, Əmək Məcəlləsinin 84-cü maddəsində qeyd olunan hər hansı hissənin göstərilməməsi həmin əmrin etibarsız sayılması üçün yetərli sayıli bilməz. Baxılan işdə də, iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozması açıq-aşkardır və əmrdən də, göründüyü kimi iddiaçı həmin səbəbdən işdən azad edilmişdir.

69. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi : Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar