Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1693/2023 18.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: evə köçürülmə tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakları ilə, Gəncə şəhər Məhkəməsinin 2(125)-706/2023 saylı mülki iş üzrə 07 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 25 okyabr 2022-ci il tarixli, **********91 nömrəli məktubunda bildirilmişdir ki, Yerli Təsərrüfat şöbəsi ilə Gəncə şəhəri notariat kontorunda bağlanmış xx.xx.1931-ci il tarixli 9218 saylı müqaviləyə əsasən Cahangirov Fərmana fərdi yaşayış evinin tikintisi üçün 546,0 kv.m torpaq sahəsi ayrılmışdır. Kirovabad şəhər notariat kontorunun xx.xx.1938-ci il tarixli, 88749 saylı alqı-satqı müqaviləsinə əsasən ünvanı Kirovabad şəhəri, Sadovaya küçəsi, 346 olan fərdi yaşayış evi Cahangirov Fərman tərəfindən X1. Alıcının adına bu əmlakın yerləşdiyi 592,0 kv.m torpaq sahəsinə dair xx.xx.1938-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhər Kəpəz rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarına əsasən hal-hazırda ünvanı Məmməd Məhərrəmov küçəsi 64 olan bu mülkdə (qanunu tikililər 21,6 kv.m bir yaşayış otağı, 28,5 kv.m köməkçi sahə, 14,6 kv.m örtülü eyvan, 56.3 kv.m açıq eyvan) müvafiq icazə sənədləri olmadan inşa edilmiş 50,6 kv.m yaşayış sahəsi, 5,0 kv.m köməkçi sahə, 14,9 kv.m örtülü eyvan tikililərin hüquqverici sənədlərlə təmin edilməsi barədə rəy təsdiq edilmişdir. X11 adına bu əmlaka xx.xx.1988-ci il tarixli, 742 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Kirovabad şəhər 4 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2-96 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk (tikili “A”-da 72,2 kv.m üç yaşayış otaqları, 29.5 kv.m örtülü eyvan, 28,5 kv.m keçid, tikili "B"-də 36,9 kv.m iki yaşayış otaqları, 5,0 kv.m tambur) X13 adına keçmişdir. X16 bu əmlaka xx.xx.1989-cu il tarixli 742 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Kirovabad şəhər Kəpəz rayon xalq məhkəməsinin xx.xx.1989-cu il tarixli, 2-411 1989 saylı qətnaməsinə əsasən 4 saylı notariat kontorunun 2-96 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ləğv edilmişdir. Bu fərdi yaşayış evi yenidən X11 adına qaytarılmışdır. Kirovabad şəhər 4 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2-377 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlakın 1/2 hissəsi X13 adına keçmişdir. Bu fərdi yaşayış evinə (tikili "A"-da 72,2 kv.m üç yaşayış otaqları, 29,5 kv.m örtülü eyvan, 28,5 kv.m dəhliz, 5,0 kv.m tambur, tikili "B"-də 19,4 kv.m bir yaşayış otağı) X11 1/2 hissə və X13 1/2 hissə adlarına xx.xx.1989-cu il tarixli 742 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Kəpəz rayon xalq məhkəməsinin xx.xx.1991-ci il tarixli 2- 150/1991 saylı qətnaməsinə əsasən Məmməd Məhərrəmov küçəsi 64 saylı ünvanda yerləşən mülk iki yerə bölünmüşdür. "A" literli yaşayış evinin üst mərtəbəsində yerləşən 28.0 kv.m, 22,6 kv.m yaşayış otaqları, 14,9 kv.m örtülü eyvan, 5,0 kv.m dəhliz X4, "A" literli yaşayış evinin alt mərtəbəsindəki 21,6 kv.m yaşayış otağı, 14,6 kv.m örtülü eyvan və "B" literli yaşayış evi X16 verilmişdir. Sahəsi 28,5 kv.m olan keçid və həyətyanı torpaq sahəsi tərəflərin bərabər istifadələrində saxlanılmışdır. Mülk bölündükdən sonra X4 Məhərrəmov küçəsi 64 saylı fərdi yaşayış evinə (tikili "A"-da 50,6 kv.m iki yaşayış otaqları, 19,9 kv.m köməkçi sahə) xx.xx.2002-ci il tarixli, 4281 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X13 ifadəsində olan və ünvanı Məhərrəmov küçəsi 64 olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçməmişdir. Kirovabad şəhəri 4 saylı notariat kontorunun xx.xx.2003-cü il tarixli, 2V-1-43 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X3 adına olan mülk Cavabdeh2 adına keçmişdir. Cavabdeh2 Məmməd Məhərrəmov küçəsi 64 saylı fərdi yaşayış evinə xx.xx.2003-cü il tarixli, 4281 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
2. Mülki işin materiallarında olan, Azərbaycan Respublikası Gəncə Dövlət Texniki və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 4281 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanlı ev Cavabdeh2 adına mülkiyyət hüququ əsasında xx.xx.2003-cü il tarixdə qeydə alınmışdır.
3. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Həsənov Y.P, Yusubov F.Ş, Tairov N.M, Yusubov M.Ə, İsayev N.C, Yusubov Ə.Ə tərəfindən imza edilmiş aktdan görünür ki, Gəncə şəhəri, Məhərrəmov küçəsi 64 saylı evdə yaşayan Cavabdeh2 qonşuları həqiqətən təsdiq edirlər ki, X17 və onun həyat yoldaşı İddiaçı 1994-95-ci illərdən həmin evdə yaşamırlar.
4. Mülki işin materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2439/2019 nömrəli, xx.xx.2019- cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 2 nömrəli evin “A”literli tikilisinin 1-ci mərtəbəsindən çıxarılması qət edilmişdir.
5. Mülki işin materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1822/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 X8, İddiaçı və qeyrilərinə qarşı iddia qaldıraraq, cavabdehlərin onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalarını və özünün ailə üzvləri ilə birlikdə həmin yaşayış evinin 2-ci mərtəbəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsindən müəyyən olunur ki, X6 və İddiaçı uzun illər həmin evdə yaşamadıqları müəyyən edildiyindən, onların həmin evdən çıxarılmaları tələbi hissədə iddia təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı, X5 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüqunun tanınaraq evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3-də istifadə hüququ verilib, evə köçürülmə tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
7. Bundan sonra İddiaçı və digər iddiaçıların nümayəndəsi Vəkil “iddia tələbinin həcminin azaldılması” barədə məhkəməyə ərizə verərək, mübahisəli evə yalnız İddiaçı köçürülməsi və digər şəxslərin iddiaçılar siyahısından çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1987-ci ildə X14 ilə ailə qurmuş, mübahisəli evə gəlin köçmüşdür. Son zamanlara kimi digər iddiaçılarla mübahisəli evdə gəlin köçdüyü gündən bəri gəlin gəldiyi evdə yaşamışdır. O, ailə üzvləri ilə işləmək üçün Rusiya Federasiyasına gedib-gəlmişdir. Demək olar ki, əri Bəxtiyarla mövsümü olaraq Rusiya Federasiyasına işləməyə getmiş və hər il qayıdaraq mübahisəli evdə yaşamışlar. Yalnız pandemiya vaxtı sərhədlər bağlı olduğundan mübahisəli evə əri Bəxtiyarla gələ bilməmişdir. O, gəlin gələn zaman mübahisəli ev qaynatası və qaynanasının mülkiyyətində olmuşdur. Təxminən 2022-ci ilin sentyabr ayının ortalarında o, mübahisəli evə getmək istəmiş, lakin Sultanın arvadı Cavabdeh1 onları evə buraxmamışdır. Səbəb budur ki, qaynı Sultan Bəxtiyardan borc pul istəmiş, Bəxtiyar ona pul verə bilmədiyinə görə araları dəymişdir. Halbuki Sultan həmişə onlarla yaxşı münasibətdə olmuşdur. O və əri Bəxtiyar Rusiya Federasiyasında Sultanın qulluğunda olmuşdur. Hətta Sultanla qardaşı Yavərlə hazırki evlə bağlı mübahisə edən zaman Sultan onun tərəfində olmuşdur. Onun əri Bəxtiyar evin kiçik oğlu olmuşdur. Mübahisəli evdə 2 qız övladı dünyaya gətirmişdir. Mübahisəli ev 2 mərtəbədən ibarətdir. Evin onlar yaşayan hissəsində bütün kommunal xərcləri yoldaşının adınadır və onlar tərəfindən vaxtaşırı ödənilmişdir. Əşyaları da hazırda həmin evdə yerləşir. Cavabdehlər evin giriş qapısını dəyişərək, onu sözügedən evə qoymur, evin açarını da ona vermirlər. O, çöllərdə qalmaq məcburiyyətində qalmış, başqa daimi yaşaya biləcək yeri yoxdur. Mübahisəli evdə yaşayaraq istifadə hüququ əldə etmişdir. Cavabdehlər onu evə buraxmadığı üçün aralarında mübahisə yaranmış və polisə müraciət etmişlər. Polis məhkəməyə müraciət etməklərini məsləhət görmüşdür. Mübahisəli evdə pasport qeydiyyatındadır. Mübahisəli evdə yaşayaraq istifadə hüququ əldə etmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin 2(125)-706/2023 saylı mülki iş üzrə 07 aprel 2023cü il tarixli qətnaməsi ilə (hakim: Z.İmanov) iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 3 ünvanına istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh2 Əli oğlu apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 706/2023 saylı mülki iş üzrə 07 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həmin mənzildə müvəqqəti sakin olmaqla çox qısa müddət yaşamışdır və ailə üzvü kimi təsərüfatı idarə etməmişdir. Belə ki, iddiaçı 1995-ci ildən həmin evdə yaşamamışdır. Bundan başqa iddiaçının Gəncə şəhərinin ərazisində öz evi vardır və həmin evdə yaşamaq mümkündür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, qeyd etdi ki, iddiaçı 1995-ci ildən öz ailəsi ilə birlikdə Rusiyaya getmiş, həmin vaxtdan da daimi olaraq Rusiyada yaşamışdır. Bundan başqa iddiaçının Gəncə şəhərinin ərazisində öz evi vardır, evin fotoşəkilləri iş materiallarında vardır və həmin evdə yaşamaq mümkündür. İddiaçı onun ailə üzvü deyildir, hazırda onunla aralarında ciddi narazılıqlar var. İddiaçı ona və ailəsinə öz mülkiyyətində olan evdə rahat yaşamağa mane olur. Ona görə də iddiaçının onun evində yaşamasını istəmir. Sonda apellyator şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, izahatında qeyd etdi ki, həqiqətən də öz əri ilə birlikdə uzun müddət Rusiyada yaşamışlar, lakin arada gəlib mübahisəli evdə yaşamışlar və Gəncə şəhərinin ərazisində özləri üçün ev inşa etdirmişlər. Ancaq, həmin ev istifadə üçün tam hazır deyildir. Sonda iddiaçı şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
15. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
18. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
20. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 26.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385.1.1. və 385.1.2. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası qeyd edir ki, irəli sürülən iddianı təmin edərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli evə 1987-ci ildən köçdüyündən, onunla cavabdehlər arasında mülki hüquq münasibətləri həmin vaxtdan əmələ gəlmişdir, ona görə də tərəflər arasında olan mübahisə 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin müəyyən etdiyi qaydalara uyğun həll edilməlidir.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
33. Belə ki, məhkəmə kollegiyasında işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı iş üzrə cavabdeh olan Cavabdeh2 qardaşı Bəxtiyar Əliyevlə 1987-ci ildə ailə qurmuş və mübahisəli evə gəlin köçmüşdür. Həmin vaxt mənzil İddiaçı qaynanası X3 mülkiyyətində olmuşdur. Sonradan iddiaçı ailəsi ilə birlikdə işləmək üçün Rusiya Federasiyasına getmiş, orada yaşamış, uzun illər köçürülməsini tələb etdiyi fərdi yaşayış evində yaşamamışdır. X9 öldüyündən hazırda iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi X3 vərəsəsi olan Cavabdeh2 mülkiyyətinə keçmiş və həmin ev barəsində Cavabdeh2 xx.xx.2003-cü il tarixli 4281 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Evin Cavabdeh2 adına mülk kimi qeydə alındığı xx.xx.2003-cü il tarixədək iddiaçının həmin evə istifadə hüququları rəsmən qeydə alınmamışdır. İddiaçı üzun illər öz ailəsi ilə birlikdə Rusiyada yaşamış və hazırda onların özləri üçün Gəncə şəhərinin ərazisində inşa etdirdikləri fərdi yaşayış evi vardır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəllələrində (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.
35. Artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi 2003-cü ildən iddiaçının ailə üzvü olmayan Cavabdeh2 adına mülk kimi qeydə alınmışdır. Yəni, 2003-cü ildə həmin mənzilin hüquqi vəziyyəti dəyişmiş, yeni mülkiyyət münasibətləri yaranmışdır və fərdi yaşayış evinin Cavabdeh2 adına mülk kimi qeydə alındığı anda iddiaçının istifadə hüquqları ilə yüklü olaraq Cavabdeh2 mülkiyyətinə keçdiyi barədə güvənli nəticəyə gəlmək olmur. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1822/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı və onun ailəsi uzun illərdir ki, həmin evdə yaşamırlar. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin Cavabdeh2 adına mülk kimi qeydə alındığı 2003-cü ildə iddiaçının həmin ev barəsində istifadə hüququnun mövcudluğu və saxlanmalı olması fakt kimi birmənalı olaraq təsdiq olunan deyildir. Evin mülkiyyətçisinin 2003-cü ildən etibarən Cavabdeh2 olduğu fakt kimi mübahisəsiz olduğundan, məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə tərəflər arasında olan mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri ilə müəyyən etdiyi qaydalara uyğun olaraq həll edilməlidir. İddiaçı mülkiyyətçinin qardaşı arvadı olmaqla, onun ailə üzvü sayılmadığından və həmin evdən istifadə barədə onların arasında hər hansı bir rəsmi razılaşma olmadığından, həmin qanun normalarının hazırki işin faktiki hallarına tətbiqi nəticəsində iddiaçının mübahisəli evə köçürülməsinə yol verilmədiyi müəyyən olunur. Digər tərəfdən tərəflərin məhkəmədə verdikləri izahatlardan işin faktiki halı kimi müəyyən olunur ki, iddiaçının öz ailəsi ilə birlikdə Gəncə şəhərinin ərazisində özləri üçün inşa etdirdikləri fərdi yaşayış evi vardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin ailə üzvü olmayan iddiaçının mülkiyyətçinin iradəsi əleyhinə olaraq, mülkiyyətçinin öz ailəsi ilə birlikdə yaşadığı evdən onunla birlikə istifadə etmək istəyi qanuni əsaslı sayıla bilməz.
36. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Gəncə şəhər Məhkəməsinin 2(125)-706/2023 saylı mülki iş üzrə 07 aprel 2023-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhər Məhkəməsinin 2(125)-706/2023 saylı mülki iş üzrə 07 aprel 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.