Məhkəmə qərarları › İş №2(104)-1695/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1695/2024

15.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1695/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “işə bərpa və sair” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4098/2023 saylı qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, araşdırma zamanı X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən və “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Cavabdeh QSC-də çalışdığınız məlum olmuşdur. Müəssisənin əvvəlki direktoru X1 tərəfindən İddiaçıun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində əmək qanunvericiliyinin tələbləri pozularaq ərizəniz olmadan Azərbaycan Respublikasının Əmək məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin "a” tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xitam verilmiş, eyni zamanda son haqq-hesabı xx.xx.2022-ci ildə ödənildiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı xx.xx.2023-cü il tarixli RM-258/22/X nömrəli xitam əmrinin ləğv edilərək hüquqpozmanın aradan qaldırılmasını təmin edib və nəticəsi barədə 30 (otuz) gün ərzində X4 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədilə Cavabdeh QSC-nin yeni rəhbərliyinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən icrası məcburi olan göstəriş verilmişdir. Hüquqpozma vəzifəli şəxs tərəfindən aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət laqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması oarədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) icrası məcburi olan göstəriş verilmiş, lakin işəgötürən tərəfindən hüquqpozma aradan qaldırılmadığından inzibati icraata başlanılmışdır.

2. Cavabdeh QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, “RİSH" QSC 2017-cı ildə dövlət qeydiyyatına alınmışdır. O cümlədən İddiaçı xx.xx.2019-cu il tarixində Cavabdeh QSC-yə satış meneceri vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cu il tarixində öz razılıq ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. İşçi sonralar direktor müavini kimi rəhbər vəzifəsində çalışmışdır. Çalışdığı dövr ərzində şirkətin kadrlar və digər sənədləri işçi ilə eyni ofisdə olmuşdur. Şirkətin kadr və digər sənədlərin tam olması ilə bağlı müəyyən dövr ərzındə sənədlərin yoxlanışlarını həyata keçirməkdədir. Digər işçilərin bütün sənədləri qaydasında olduğu halda İddiaçı işdən çıxan zaman əmək müqaviləsi, işə qəbul bildirişi, xitam bildirişi və xitam əmrindən başqa heç bir sənədi aşkar edilməmişdir.

3. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xxxxxxx001101 saylı müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixinədək aylıq əmək haqqı 270 manat olmaqla satış meneceri vəzifəsinə işə qəbul edilmişdir.

4. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Cavabdeh QSC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-cu il tarixədək İddiaçı aylıq əmək haqqı 270 manat olmaqla satış meneceri vəzifəsinə işə qəbul edilmişdir.

5. "xxxx" MMC tərəfindən qəbul olunmuş RM-258/22/X nömrəli xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, direktor müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx001100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a”tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi, işçinin xx.xx.2019- cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 30 məzuniyyət gününün son-haqq hesabının qanunvericiliyinə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.

6. xx.xx.2022-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Cavabdeh QSC tərəfindən qəbul olunmuş RM-258/22/X nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı arasında bağlanmış xxxxxxx001100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2., tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir.

7. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh QSC-nin direktoru X6 İXM-nin 539.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və 1000 manat cərimə tətbiq edilmişdir.

8. “Əmək və məşğulluq” altsisteminə Cavabdeh QSC tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Satış meneceri”, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Satış meneceri” və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “Direktor müavini” vəzifəsində işə qəbul olunmasına dair müddətli əmək müqavilələri bağlanmış və müqavilələrin hər birinə AR Əmək Məcəlləsinin “68.2a” maddəsinə əsasən xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli işdən çıxarma barədə əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanaraq iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 500 manat əmək haqqının (cəmi 2500 manat) iddiaçıya ödənilməsi, xx.xx.2022xx.xx.2022-ci il tarixi aralığında əmək haqqının işəgötürənin təqsiri ucbatından gecikdirilmiş hər günü üçün 01 faiz məbləğində olmaqla, ümumilikdə 14693 manat pulun Cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir .

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işəgötürən Cavabdeh QSC ilə onun arasında 29 avqust 2019-cu il tarixdə xxxxxxx001100 saylı Əmək Müqaviləsi bağlanmışdır. Bundan sonra həmin iş yerində onunla çoxsaylı müddətli əmək müqavilələri bağlanmış və həmin müqavilələrə dair əmək müqaviləsi bildirişləri iş materiallarına əlavə edilmişdir. Sonuncu xxxxxxx001111 saylı müqaviləyə əsasən o, Bakı şəhərində yerləşən RİSH QSC-də (əvvəlki adı Rish Medical MMC) aylıq 3.375.00 manat əmək haqqı müqabilində əsas iş yeri üzrə direktor müavini kimi işləmişdir. 2022ci ilin sentyabr ayından başlayaraq cavabdehin məsul şəxsləri ona bildirmişdir ki, işlərin həcmi kəskin şəkildə azalmışdır və buna görə də, bu müəssisədə onun da, əmək funksiyalarının yerinə yetirilməsinə zərurət aradan qalxmışdır. Buna görə də, ona təklif etmişlər ki, o özü ərizə yazıb işdən çıxsın. Lakin o, bu təklifi qəbul etməmiş və müqaviləyə bu əsasla müəssisə tərəfindən tək tərəfli qaydada xitam verilməsinin hüquqi əsasının olmadığını bildirmişdir. Bir neçə gün sonra ona ofisin bağlanacağını və 2022-ci il oktyabr ayından etibarən hər kəsin evdən işləyəcəyini və əməkdaşlıqlarını bu formada davam etdirəcəklərini və ödənilməmiş maaşların da, ən qısa müddətdə ödəniləcəyini bildirmişlər. 2022-ci il noyabrın 25-nə qədər maaş kartı hesabına ödənilməmiş, aylıq maaşları müxtəlif vaxtlarda köçürülmüşdür. 2023-cü il yanvar ayında ofisin mühasibatlıq şöbəsiylə əlaqə yaradıb və 2022-ci il noyabrın 25-dən etibarən heç bir ödənişin hesabına keçmədiyini bildirmişdir və ödənişlərin nə zaman olunacağı haqqında məlumat almaq istəsə də, artıq ona heç bir ödənişin olunmayacağını və pullarının olmadıqlarını bildirmişlər. Cavabdeh QSC əməkdaşlarına aralarındada xxxxxxx001111 saylı müqavilə olduğunu bildirmiş və ona cavab olaraq müqaviləyə və onun həmin müəssisədə əmək münasibətlərinə xitam verildiyini bildirmişlər. O, yalnız bundan sonra əmək müqaviləsinə xitam verildiyini öyrənmiş, lakin bundan əlavə ona heç bir məlumat verilməmişdir. O, hüquqi və faktiki olaraq əmək müqaviləsinə konkret nə vaxt və hansı əsasla xitam verildiyi barədə məlumat əldə edə bilməmişdir. O, son aylarda onlardan sənədlərin ona təqdim edilməsini rəsmi şəkildə xahiş etmiş, lakin bu cəhdi də, nəticəsiz qalmışdır. Bundan sonra o, hüquqlarının müdafiəsi üçün dəfələrlə əmək müqaviləsinin bir nüsxəsinin, əmək kitabçasının, əmrin surətinin ona təqdim edilməsini xahiş etsə də, ona geri dönüş edilməmiş, qanuni tələbinə əsasən heç bir sənəd təqdim edilməmişdir. Sənədlərinin ona təqdim edilməsini gözlədikdən bir müddət sonra əmək müfəttişliyinə müraciət etmək qərarına gəlmiş və 20 fevral 2023-cü ildə şifahi olaraq, 9 mart 2023-cü ildə yazılı olaraq müraciət etmişdir. Şifahi müraciətinə əsasən 22 fevral 2023-cü ildə rəsmi olaraq DOST mərkəzinə dəvət edilmişdir. Bundan sonra Müfəttişlikdə müxtəlif araşdırmalar aparılmış və müraciətilərinə 28 aprel 2023-ci il tarixdə rəsmi qaydada cavab verilmişdir. Sözügedən arayışda qeyd edilmişdir ki, müəssisənin əvvəlki direktoru X1 tərəfindən onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində əmək qanunvericliyinin tələbləri pozularaq, ərizə olmadan Azərbaycan Respublikasinin əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xitam verilmiş, eyni zamanda son haqq-hesabım xx.xx.2022-ci il tarixdə ödənildiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq onun xx.xx.2023-cü il tarixli RM-258/22/X nömrəli xitam əmrinin ləğv edilərək hüquqpozmanın aradan qaldırımasını təmin edib va nəticəsi baradə 30 (otuz) gün ərzində X4 Xidmətinin Bakı şəhər İdarasinə məlumat verilməsi məqsədilə "xxxx" QSC-nin yeni rəhbərliyinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən icrası məcburi olan göstəriş verilmişdir. Hüquqpozma vəzifəli şəxs tərəfindən aradan qaldırılması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsinə əsasən icrası məcburi olan göstəriş verilmiş, lakin işəgötürən tərəfindən hüquqpozma aradan qaldırılmadığından inzibati icraata başlanılmış və həmçinin, ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Odur ki, hazırda o, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa işlədiyi müddət ərzində xəbərdarlıqlarına baxmayaraq cavabdeh tərəfindən əmək haqqının ödənilməsində onun təqsiri üzündən dəfələrlə gecikmələr baş vermişdir. Bunun nəticəsində də o, həmin vəsaitlərdən zamanında faydalana bilməmişdir. Halbuki, həmin dövrlərdə cavabdehin hesabında kifayət qədər pul vəsaiti olmuşdur. İşlədiyi müəssisədə əmək haqqının bir qayda olaraq hər ayın 5-nə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa bank hesabından çıxarışa əsasən də, müəyyən edilir ki, işəgötürən 01 may 2022 - 01 oktyabr 2022 ərzində onun əmək haqqını hər ay 500 manat əksik ödəmişdir. Hər dəfə növbəti ay hamısını birlikdə ödəməyi öhdəsinə götürsələr də, hələ də, həmin əmək haqqı ona ödənilməmişdir. Cavabdeh dəfələrlə əmək haqqının ödənişini gecikdirmiş, buna görə də, ona Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesbalanmıs 14.693 manat məbləğində ödənc verməlidir.

11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4098/2023 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Cavabdeh QSC-nin xx.xx.2022-ci tarixli, RM- 258/22/X nömrəli əmri ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilməsi, Cavabdeh QSC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi, Cavabdeh QSC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il il tarixədək əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün İddiaçı əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanaraq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh QSC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək “Direktor müavini” vəzifəsində işə qəbul edilmişdir. Cavabdeh QSC tərəfindən qəbul olunmuş RM-258/22/X nömrəli xx.xx.2022-ci il tarixli əmrlə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə “AR ƏM-nin 68.2., tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Hazırkı iş üzrə iddiaçı 1) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanaraq ödənilməsi; 2) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqının ödənilməsi; 3) xx.xx.2022-ci il tarixdən xx.xx.2022- ci il il tarixədək əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi tələblərini cavabdehə qarşı irəli sürmüşdür. Məhkəmə əmrin ləğv edilməsi barədə ilkin tələbə münasibətdə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrində göstərilməli olan məlumatlara və həmin əmrin əsaslandırılmasına dair tələblər müəyyən etmişdir. Əvvəla, işəgötürən qeyd edilən əmrdə əmək müqaviləsinin xitam verilməsinin əsası kimi, AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə, yəni tərəflərdən birinin tələşəbbüsünə əsasən əmək müqaviləsinə xitam verildiyinə istinad etmişdir. Lakin əmək müqaviləsi əsasında yaranmış münasibətin iki tərəfindən – işəgötürənin və ya işçinin hansının bu barədə təşəbbüs irəli sürməsi həmin əmrdən müəyyən olunmur. Əmrdə onun verilməsinə əsas olan sənəd qismində göstərilməli olduğu halda, əgər işçi belə ərizə ilə işəgötürənə müraciət edibsə, həmin ərizənin qəbul olunması müəyyən olunmur. Belə ki, işəgötürənin X4 Xidmətinə verdiyi məlumatda işçinin ərizəsinə əsasən, müqaviləyə xitam verildiyi bildirilsə də, məhkəmə araşdırması zamanı işçi olan iddiaçı belə ərizə yazmadığını bildirmiş, habelə cavabdeh tərəf bu halı təkzib edən hər hansı dəlil – işçi tərəfindən işəgötürənə ünvanlanmış, əmək münasibətlərinə xitam verilməsinə dair xahişini əks etdirən və qüvvədə olan ərizə təqdim etməmişdir. Bununla yanaşı, işə götürən qeyd edilən cavab məktubunda bildirmişdir ki, İddiaçı işdən çıxan zaman əmək müqaviləsi, işə qəbul bildirişi, xitam bildirişi və xitam əmrindən başqa heç bir sənədi aşkar edilməmişdir. Digər tərəfdən, AR Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əsas(lar)a söykənərək işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün təşəbbüs göstərilməsi, buna uyğun olaraq işəgötürənin görməli olduğu tədbirlərə riayət edilməsini təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi müddətinin qurtarması əsasıyla qarşılıqlı münasibətlərə xitam verilməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, qeyd edilənlər nəzərə alınaraq mübahisələndirilən əmr əsaslandırılmamış, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozmuş, AR Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etməmişdir, buna görə iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin əmri ləğv edilməli, məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb verilməklə iddiaçı əvvəlki işinə bərpa olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında sonuncu bağlanmış və iddiaçının direktor müavini vəzifəsinə işə qəbul olunması barədə əmək müqaviləsinin qeyd alındığı bildirişin nömrəsi qismində “xxxxxxx001111” əvəzinə “xxxxxxx001100” nörməsinin qeyd olunması mübahisələndirilən əmrin ləğv edilməli olmasını və iddiaçının əvvəlki işinə bərpa olunmasına maneə olan hal hesab edilə bilməz. Məhkəmə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqının və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il il tarixədək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il il tarixədək əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi tələblərinə münasibət qeyd edir ki, həmin tələblər üzrə hesablama aparılması xüsusi bilik tələb etdiyindən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin vəsatətinə uyğun olaraq müvafiq mühasibatlıq sənədlərinin təqdim olunması təklif edilmiş, lakin cavabdeh tərəfindən lazımi sənədlər təqdim edilmədiyi üçün ekspertizanı keçirilməsi mümkün olmamışdır. Məhkəmə nəzərə alır ki, bu hal iddiaçının hüquqlarının pozulması ilə nəticələnə bilməz, buna görə tələb edilən dövlər üzrə əmək haqqının və əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməlidir. Lakin iddiaçının həmin dövrlər üzrə özünün hesablayaraq tələb etdiyi məbləğlərin tutulması hissəsində iddia təmin edilə bilməz, belə ki, həmin hesablamanın düzgünlüyü və əsaslılığı mötəbər sübut(lar)a əsaslanmamaqla yanaşı, xüsusi biliyin tətbiqi əsasında müəyyənləşdirilə bilən haldır. Cavabdeh tələb edilən pul məbləğləri üzrə hesablama aparmaqla ödənişləri həyata keçirməli və ya mühasibatlıq araşdırması nəticəsində hər hansı məbləğ ödənilməli olmaması müəyyən edildikdə müvafiq sənədlərlə həmin hal iddiaçı qarşısında əsaslandırılmalıdır.

13. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddənin 2-ci bəndinə, 42-ci maddənin 1-ci bəndinə, 45-ci maddənin 1-ci bəndinə, 45-ci maddənin 2-ci bəndinə, 68-ci maddənin 1-ci bəndinə , 68-ci maddənin 2-ci bəndinə, 69-cu maddənin 1-ci bəndinə, 69-cu maddənin 2-ci bəndinə, 70, 71-ci maddənin 1-ci bəndinə, 71-ci maddənin 3-cü bəndinə, 73, 76, 80, 83, 84, 172, 287, 288, 289, 294, 300-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

14. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4098/2023 saylı qətnaməsindən Cavabdeh QSC-nin nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4098/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin qeyd edilən qətnaməsi ilə razılaşmırlar və qətnaməni qanunsuz və ədalətsiz hesab edirlər. Belə ki, işə qarşı tərəfin iştirakı olmadan baxılmışdır. İddiaçının özü rəhbər vəzifədə işləmişdir. Əmək müqavilələrinə özü bilavasitə xitam vermək səlahiyyətinə malik olmuşdur. Müəssisənin bütün digər şəxslərinin işdən azad edilməsinə dair ərizələri də, özü qəbul etmişdir. Bununla yanaşı iddiaçı özü də, işdən azad edilməsi ilə ərizələri də özü qəbul etmişdir. Bununla yanaşı iddiaçı özü də işdən azad edilməsi ilə bağlı ərizə yazmışdır. O ərizəsini müəssisənin işçiləri ilə birlikdə yazmışdır. Sonradan onlara məlum olmuşdur ki, həmin vaxtlar Elvin özünə aid bütün sənədlərin hamısını aparmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətininin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir.

19. İddiaçının nümayəndəsi Vəkil məhkəmə ərizə göndərərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi:

20. 296-cı maddə:

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

22. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

30. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instasniya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbin təmin edilməməlidir.

35. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci tarixdə RM-258/22/X saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilmiş və o işdən azad olunmuşdur. İddiaçı isə əmək müqaviləsinə xitam verildiyini bildiyi və müvafiq əmrin surətini alsa da, X4 Xidmətinı xx.xx.2023-cü ildə, məhkəməyə isə iddia ərizəsi ilə xx.xx.2023-cü ildə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X4 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.

37. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 30 iyul 2021-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.

39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən və iddiaçı məhkəməyə müraciət etməklə bağlı iddia müddətini ötürdüyündən hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçının özününü izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı 2022-ci ilin noyabr ayında işdən azad olunması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizənin apellyasiya instansiya məhkəməsində verilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində cavabdeh məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış və onun iştirakı təmin olunmamışdır.

40. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4098/2023 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4098/2023 saylı qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4098/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar