Məhkəmə qərarları › İş №2(104)-1704/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1704/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1704/2025 22.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2(040)-694/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ağdam RPŞ-nin 17 aprel 2025-ci il tarixli, 61/2-8806/2025 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Kəlbəcər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən bugünədək onun xeyrinə ödənilməli olan, lakin ödənilməmiş 11076 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh yük avtomobillərindən istifadə edərək hər hansısa layihəni həyata keçirən şəxs kimi tanımışdır. Aralarında yaranmış razılığa əsasən bir yük avtomobilinin bir günü üçün 230,76 manat ödəməsi barədə cavabdehlə aralarında razılaşma olmuş və cavabdeh üç yük avtomobilinin lazım olduğunu ona bildirmiş, o da razılaşmışdır. Aralarında olan razılaşmanı rəsmiləşdirmək barədə cavabdehə bildirsə də, cavabdeh bunun yaxın günlər ərzində baş tutacağını ona demişdir. Cavabdeh 2024-cü ilin aprel ayının 15-dən ona məxsus yük avtomobilləri ilə işə başlamış və aprel ayının 15-i də daxil olmaqla 2025-ci ilin 30 aprel tarixinə kimi onun yük avtomobillərindən istifadə etmişdir. 16 gün çalışdıqdan sonra 3 yük avtomobilinin işləməsini nəzərə alaraq, ümumilikdə 11076,48 manat ödəniş etməsini cavabdehdən tələb etmişdir. Lakin Cavabdeh avtomobillərin yenidən işləyəcəyini və ayın sonuna kimi ödəniş edəcəyini bildirmişdir. Artıq avtomobillərin dövriyyəsini dayandırmaq məcburiyyətində qalmışdır. Daha sonra cavabdehdən onun xeyrinə ödənilməli olan, lakin ödənilməmiş pulu tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırsada, lakin borcu yaxın günlər ərzində qaytaracağını bildirmişdir. Bir müddət gözləsədə, cavabdeh ödəniş etməmişdir. Ona görədə Ağdam Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin mübahisə mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi bildirilmişdir.

4. Kəlbəcər Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2(040)-694/2025 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.4, 442, 739.1-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərəkən hesab etmişdir ki, iddianın əsaslı olmasına dair iddiaçı hər hansi möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, razılaşmanın şərtlərinə uyğun olaraq mülkiyyətində olan Shacman markalı **-DC-***, **- VO-*** və **-HJ-*** qeydiyyat nişanlı özü boşaldan yük avtomobillərini cavabdehə vermiş, sonuncuda həmin avtomobillərdən 16 gün istifadə etsədə, lakin ona icarə pulu ödəməmişdir. Yaxın vaxtlarda isə ona məlum olmuşdur ki, cavabdeh ona məxsus avtomobilləri Sahil Şərifova icarəyə vermiş, sonuncuda icarə haqqını İqbalın kartına köçürmüşdür. Avtomobillər Körpü-Bina-Tikinti MMC-də işləmişdir.

10. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

15. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

16. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Shacman markalı **-DC-***, **-VO-*** və **-HJ-*** qeydiyyat nişanlı özü boşaldan yük avtomobillərinin hər biri üçün gündəlik 230 manat ödəmək şərtilə şifahi razılaşma əsasında Cavabdeh icarəyə verməsini, sonuncunun 16 gün avtomobillərdən istifadə etdiyini, lakin 16 gün üçün hesablanmış 11076 manat icarə haqqını ödəmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı rədd etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

27. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də apellyasiya şikayətinin dəlillərini kollegiya qətnamənin ləğvi üçün əsas saymır.

28. Belə ki, İddiaçı iddia ərizəsində mülkiyyətində olan Shacman markalı **-DC-***, **-VO-*** və **-HJ-*** qeydiyyat nişanlı özüboşaldan yük avtomobillərinin hər biri üçün gündəlik 230 manat ödəmək şərtilə şifahi razılaşma əsasında Cavabdeh icarəyə vermişdir. Apellyasiya icraatı zamanı isə izahatında bildirmişdir ki, Cavabdeh özlüyündə ona məxsus həmin avtomobilləri Sahil Şərifov adlı şəxsə icarəyə vermiş və avtomobillər sonuncu tərəfindən Körpü-Bina-Tikinti MMC-də istifadə olunmuş, Sahil Səfərov tərəfindən də icarə haqqı İqbalın kart hesabına köçürülmüşdür. İddiaçı belə bir dəlil irəli sürsədə, ümumiyyətlə İqbal adlı şəxslə 3 ədəd özüböşaldan yük avtomobillərinə dair aralarında razılaşma olmasına və sonuncuya həmin avtomobilləri təhvil verməsinə, həmçinin İqbal tərəfindən də avtomobillərin Sahil Səfərov adlı şəxsə icarəyə verilməsi və bunun müqabilində sonuncunun Cavabdeh kart hesabına pul köçürməsinə dair hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir.

29. İddiaçı apellyasiya şikayətinə əlavə etdiyi ödəniş qəbzlərində 510307******1018 müştəri A*****İ*****R*****oğluna məxsus kart hesabına 5500 (3000+2500=5500) manat köçürülməsi təsdiq olunsada, lakin həmin məbləğin kim tərəfindən və hansı məqsədlə köçürülməsini müəyyən etmək mümkün olmur.

30. Apellyasiya icraatı zamanı İddiaçı irəli sürdüyü dəlillərin təsdiqi barədə məhkəməyə sübutlar təqdim etməsi təklif olunmuş və işə baxılması bir neçə dəfə təxirə salınmışdır. Sonuncu nəinki məhkəməyə sübut təqdim etməmiş, hətta sonrakı məhkəmə iclaslarında belə iştirak etməmişdir.

31. Digər tərəfdən apellyasıya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının özünün mülkiyyəti kimi qeyd etdiyi Shacman markalı avtomobillərdən yalnız **-VO-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili onun adına qeydə alınmışdır. Shacman markalı **-DC-*** markalı özüboşaldan yük avtomobili İmişli rayonu, Mirzəli kənd sakini X3, Shacman markalı **-HJ-*** qeydiyyat nişanlı özüboşaldan yük avtomobili isə Ağdam rayonu, Şotlanlı kənd sakini X2 adına qeydə alınmışdır.

32. İşin obyektiv həlli baxımından məhkəmənin özünün təşəbbüsü ilə də iddiaçının adını qeyd etdiyi Körpü-Bina-Tikinti MMC-yə sorğu göndərilsədə, buna baxmayaraq sorğu cavablandırılmamışdır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

36. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

37. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

38. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

39. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, yuxarıda da qeyd olunduğu kimi iddiaçının birinci instansiya məhkəməsinə, eləcədə apellyasiya şikayətinə əlavə etdiyi sənədlər sübut baxımından iddianın əsaslı olması anlamını vermir.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli 2(040)-694/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar