Məhkəmə qərarları › İş №2(104)-1710/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1710/2025

01.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1710/2025 01.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-101/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyət hüququnu təmin edərək himayəsində olan X2 ilə birlikdə Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yerləşən evə köçürülməyi və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(015)-101/2025 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı adından məhkəməyə apellyasiya şikayəti daxil olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qətnaməsindən X3 tərəfindən verilmiş apelyasiya şikayətində şikayəti verən şəxsin soyadı düzgün göstərilmədiyindən və şikayət MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət ərizəsi Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadı ilə təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, İddiaçı tərəfindən verilmiş şikayət mülki işlə birlikdə 7 gün müddətində baxılması üçün Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-1238/2025 saylı qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)- 101/2025 saylı qərardadından İddiaçı verdiyi şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmamış, İddiaçı Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadından verdiyi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadından şikayət vermiş, eyni zamanda müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, kimsəsiz şəxs olaraq normal yaşayış yerinin olmadığı üçün, asan imzasını və telefonunu itirdiyi üçün həmin işin nəticəsi barədə xəbərdar olmamaqla məhkəmədən gələcək olan məktubu gözləmiş, sonradan ona məlum olmuşdur ki, əgər onun elektron kabineti varsa məhkəmə həmin ona aid olan sənədlər barəsində verəcəyi qərarları elektron kabinetə yerləşdirəcək. Ona görə də qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2 (015)-101/2025 nömrəli xx.xx.2025-ci il trixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi, Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)- 101/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayəti və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, şikayət yoxlanılarkən İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş şikayətdə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər göstərilməmişdir. Belə ki, apellyator tərəfindən mübahisələndirilən hallar yalnız şikayətin 5 və 6-ci hissəsində qeyd edilmiş, lakin həmin halları əlaqəli formada şikayətin digər hissələrində aydın şəkildə ifadə edən izahlar verilməmiş və yaxud müvafiq qeydiyyatlar aparılmamışdır (2 saylı Əlavənin 7, 8, 9, 10 və 11-ci hissələr). Göründüyü kimi, apellyasiya şikayəti qanunvericiliyin tələb etdiyi formada, yəni MPMnin 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-101/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar