Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1713/2024 30.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gurbulaq kənd ümumi orta məktəbinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: işə bərpa və məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və cavabdeh Gurbulaq kənd ümumi orta məktəbin direktoru Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh Gurbulaq kənd ümumi orta məktəbinə qarşı işə bərpa və məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 2(030)-249/2024 nömrəli qətnaməsindən cavabdeh Gurbulaq kənd ümumi orta məktəbin direktoru Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 30 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbi üzrə 16 sentyabr 2019-cu il tarixli 20 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı ərizəsi nəzərə alınaraq 16 sentyabr 2019-cu il tarixdən Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbə 1 aklad dalandar təyin edilmişdir.
2. Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbi üzrə 19 sentyabr 2019-cu il tarixli 19 nömrəli əmrdən görünür ki, Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbin yeni tikilmiş Modul lahiyəli məktəblə, köhnə tikilmiş məktəbin birlikdə ümumi sahəsi 1500 kv.m-dən çox olduğu üçün 1 ştat dalandar (çöl süpürgəçisi) işi təşkil edilmişdir. Əsas: Daşkəsən rayonu İHB-nın 20 may 2016-cı il 24 saylı sərəncamı.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gənc-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu üzrə təhsil sektorunun 20 oktyabr 2022-ci il tarixli 37 nömrəli məktubunun surətindən görünür ki, məktəbin süpürülən həyətyanı sahəsi 1500 kv.m çox olduqda 1 aklad dalandar ştatı müəyyənləşdirilir. 13 oktyabr 2022-ci il tarixdə aparılmış yoxlama zaman məlum olmuşdur ki, Gurbulaq kənd ümumi orta məktəbin süpürülən həyətyanı sahəsinin ölçüsü 750 m2 -dir. Odur ki, Gurbulaq kənd ümumi orta məktəbin süpürülən həyətyanı sahəsinin ölçüsü 750 kv.m olduğuna görə, məktəbin dalandar ştatının bağlanmasına və dalandar işində işləyən İddiaçı ilə bağlanmış əmək müqailəsinə xitam verilməsi barədə əmr verilməsi məktəbə tapşırılmışdır.
4. Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbi üzrə 20 oktyabr 2022ci il tarixli 23 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı – məktəbin dalandarı, məktəbin ümumi sahəsi bir ştat vahidini ödəmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Daşkəsən rayon Təhsil Sektorunun 20 oktyabr 2022-ci il tarixli 37 saylı məktubu.
5. Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbinin 25 oktyabr 2023cü il tarixli məktubundan görünür ki, Gurbulaq kənd ümumi orta məktəbində 20 oktyabr 2022-ci il tarixdən siniflərin sayının azalması ilə əlaqədar olaraq köhnə məktəb binasında siniflər üzrə dərslərin tədrisi dayandırılmışdır. Məktəb üzrə dərslərin tədrisinin təşkili 40 şagird yerlik olan Modul lahiyəli təzə tikilmiş məktəbdə təşkil olunmuşdur.
6. Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 23 yanvar 2024-cü il tarixli MŞG/1-04064 nömrəli arayışından görünür ki, İddiaçı “işə bərpa, əmək haqqının ödənilməsi tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbin direktoru Cavabdeh2 23 yanvar 2024-cü il tarixdə saat 09:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Gurbulaq kənd ümumi orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbin direktorunun onun işdən azad olunmasına dair əmrinin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 15 sentyabr 2019-cu il tarixdən Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbə 1 ştat vahidi ilə dalandar işinə qəbul edilmişdir. Yeni inşa edilmiş məktəbin həyətyanı sahəsi komissiya tərəfindən ölçülərək 1500 kv.metr olduğu təsdiq edilmiş, eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin Daşkəsən rayon şöbəsi tərəfindən həmin əraziyə dair xəritə plancizgisi çəkilib Daşkəsən rayon Təhsil şöbəsinə təqdim edilmişdir. 2022-ci ilin oktyabr ayında Daşkəsən rayonu Əmirvar kəndində yaşayan X2 şikayəti əsasında həmin məktəbin həyətyanı sahəsi yenidən yaradılmış komissiya tərəfindən ölçülmüş və həyətyanı sahənin 754,36 kv.metr olduğu aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin 20 may 2016-cı il tarixli 24 nömrəli sərəncamına əsasən məktəblərin süpürülüb təmizlənən həyətyanı sahəsi 1500 kv.metr və ya ondan çox olduğu halda dalandar ştatı verildiyi nəzərə alınaraq sonuncu komissiyanın tərtib etdiyi akta əsasən, yəni sahənin azlığına görə dalandar ştatı ləğv edilərək 2022-ci ilin oktyabr ayında əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, 2019-cu il və 2022-ci il tarixdə təyin olunmuş komissiya məktəbin direktoru Cavabdeh2 tərəfindən yaradılmışdır. 2019-cu ildə məktəbin həyətyanı sahəsi ölçülərək 1500 kv.metr olduğu təsdiq olunsa da, 2022-ci ildə eyni sahənin hansı səbəbdən azaldığı məlum deyildir. 2022-ci ilin oktyabr ayından işdən azad olunmasına baxmayaraq, bu günə qədər məktəbin direktoru tərəfindən əmrdən çıxarış və ya əmək kitabçası ona verilməmişdir. Halbu ki, Əmək Məcəlləsinə əsasən, işdən azad edilmiş işçinin əmək kitbaçası əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilməlidir. Dəfələrlə tələb etməsinə baxmayaraq, məktəbin direktoru müxtəlif bəhanələrlə əmək kitabçası və əmrdən çıxarışı verməkdən yayınmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Daşkəsən Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 2(030)-249/2024 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddianın təmin edilməsi; İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edilməsi barədə Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbin 20 oktyabr 2022-ci il tarixli 23 nömrəli əmrinin ləğv edilməsi; Məmmədov X3 rayon Gurbulaq kənd ümumi orta məktəbində dalandar işinə bərpa olunması; İddiaçı işəgötürən tərəfindən 20 oktyabr 2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1 69, ,70.1, 73, 74, 75, 76, 79 80.1, 84.2 və 300.1 maddələrinə, Mülki Məcəllənin 375-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4,216-220, 227 və 233-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Gurbulaq kənd ümumi orta məktəbinin direktoru Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əvvəllər Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbdə dalandar işləmişdir. Yeni modul tipli məktəb inşa edilərək istifadəyə verildikdən sonra, 20 oktyabr 2022-ci il tarixdən siniflərin sayının azalması ilə əlaqədar olaraq köhnə məktəb binasındakı siniflər üzrə dərslərin tədrisi dayandırılmış, məktəb üzrə dərslərin tədrisinin təşkili 40 şagird yerlik olan Modul lahiyəli təzə tikilmiş məktəbdə təşkil olunmuşdur. Köhnə məktəbin süpürülən həyətyanı sahəsi 1500 kv.m çox olduqda 1 aklad dalandar ştatı müəyyənləşdirilmişdir. 13 oktyabr 2022-ci il tarixdə aparılmış yoxlama zamanı Gurbulaq kənd ümumi orta məktəbin süpülən həyətyanı sahəsinin ölçüsü 750 kv.m olduğuna görə, məktəbin dalandar ştatının bağlanmasına və dalandar işində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə qərar verilmişdir. Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbi üzrə 20 oktyabr 2022-ci il tarixli 23 nömrəli əmrə əsasən məktəbin dalandarı məktəbin ümumi sahəsi bir ştat vahidini ödəmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisarı ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Daşkəsən rayon Təhsil sektorunun 20 oktyabr 2022-ci il tarixli 37 saylı məktubu olmuşdur. Eləcədə işdən çıxarılma əmri 20 oktyabr 2022-ci il tarixdə verilsədə, lakin iddiaçı 2024-cü idə məhkəməyə müraciət etmişdir, yəni iddia müddətini ötürmüşdür.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gurbulaq kənd ümumi orta məktəbinin direktoru Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra məhkıəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Çayın bir sahilində yeni, digər sahilində isə köhnə məktəb yerləşir, istər köhnə, istərsədə yeni modul tipli məktəbin həyəti süpürülür. Buna baxmayaraq təhsil sektorundan məktub daxil olduğu gün onu işdən azad etmişlər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
16. Maddə10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
17. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
18. Maddə 71
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin 20 may 2016-cı il tarixli 24 nömrəli sərəncamı ilə məktəblərin süpürülüb təmizlənən həyətyanı sahəsi 1500 kv.metr və ya ondan çox olduğu nəzərə alınmaqla Daşkəsən rayon ümumtəhsil məktəblərində dalandar və ya bağban ştatının təsis edilməsi qərara alınmışdır. İddiaçı 15 sentyabr 2019-cu il tarixdə Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbə 1 ştat vahidi ilə dalandar işinə qəbul edilmişdir. Yeni tikilmiş Modul lahiyəli məktəbin süpürülən həyətyanı sahəsi 750 kv.m olduğundan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla razılaşmayan İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.
29. Kollegiyada birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas saymır.
30. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Daşkəsən rayon ümumtəhsil məktəblərinin süpürülüb təmizlənən həyətyanı sahəsi 1500 kv.metr və ya ondan çox olduğu nəzərə alınmaqla ümumtəhsil məktəblərində dalandar və ya bağban ştatları Daşkəsən Rayonu İHB-nın 20 may 2016-cı il tarixli 24 nömrəli sərəncamı əsasında təsis edilmişdir.
31. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ünvan 1 ünvanladığı 20 oktyabr 2022-ci il tarixli 37 nömrəli məktubda Girbulaq kənd ümumi orta məktəbin süpürülən həyətyanı sahəsinin ölçüsü 750 kv.m göstərilsədə, lakin işin 37-ci vərəqində olan 19 sentyabr 2019-cu il tarixli 19 nömrəli əmrdən müəyyən olunur ki, Daşkəsən rayonu Girbulaq kənd ümumi orta məktəbin yeni tikilmiş Modul lahiyəli məktəblə, köhnə tikilmiş məktəbin birlikdə ümumi sahəsi 1500 kv. metrdən çoxdur. Bu səbəbdəndə həmin məktəbdə 1 ştat dalandar (çöl süpürgəçisi) işi təşkil edilmişdir. Əmrin verilməsinə əsas kimi də Daşkəsən rayon İHB-nın 20 may 2016-cı il tarixli 24 saylı sərəncamı göstərilmişdir. Belə olan təqdirdə Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbiin 20 oktyabr 2022-ci il tarixli 23 nömrəli əmri qanuni və əsaslı sayıla bilməz.
32. Apellyasiya şikayətinin “iddia ərizəsi iddia müddətinin ötürülməsi ilə verilmişdir” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkıəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
33. İşin 26-cı vərəqində olan ərizədən müəyyən olunur ki, İddiaçı cavabdeh Gurbulaq kənd ümumi orta məktəbə qarşı işə bərpa və məcburi buraxılmış müddət üçün əmək haqqı tələbinə dair iddiadan cavabdeh tərəf məlumatlı olsada, lakin iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir.
34. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Gurbulaq kənd ümumi orta məktəbin direktoru Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 2(030)-249/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.