Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-172/2024 03.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-123/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Azərbaycan Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 23 sentyabr 2021-ci il tarixdə qeydə alınmışdır.
2. ƏMDX-nin DƏDKR X6 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən 0,06 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 01 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/9469 nömrəli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı məxsus Gədəbəy rayonunun, Qaradağ kəndində yerləşən 0,06 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə olunmuş mübahisəli torpaq sahəsinə dair yerquruluşu Planında olan koordinatlara əsasən eləcə də Google Earth internet xəritə programında peyk vasitəsi ilə yoxlanılaraq müəyyən olundu ki, İddiaçı məxsus olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən 0,06 ha torpaq sahəsində faktiki olaraq Cavabdeh tərəfindən hər-hansı tikili inşa edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, ƏMDK yanında DƏDRX-dən verilmiş 23 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli elektron çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0,06 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu, Qaradağ kəndində 0,06 ha həyətyanı torpaq sahəsi əldə etmiş və həmin torpaq sahəsinə 23 sentyabr 2021-ci il tarixdə mülkiyyət hüququ qeydə alınmış, ona qeyd haqqında müvafiq çıxarış verilmişdir. Cavabdeh həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir və torpaq sahəsindən çıxmaqdan imtina edir.
6. Gədəbəy Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(042)-123/2023 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev), iddianın təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 152.5 və 157.2-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 76.1, 76.2, 106.1, 106, 216-220, 233.1, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-123/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının iddia tələbinin əsaslılığı üçün iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçi olmalı və o həmin torpaq sahəsini qanunsuz olaraq tutmalıdır. Lakin, məhkəmə bu hüquq normalarına istinad etsə də mübahisəli torpaq sahəsinin iddiaçıya daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarış əsasında məxsus olan torpaq sahəsi olması və həmin mübahisəli torpaq sahəsinin onun tərəfindən tutulması öz təsdiqini tapmır. Məhkəmə qərar qəbul edərkən mübahisəli torpaq sahəsininin kimə məxsusluğu, onun istifadə etdiyi torpaq sahəsinin iddiaçıya məxsus olan torpaq sahəsi olub-olmaması dəqiqləşdirilməmiş, sadəcə olaraq DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş rəyə əsaslanmış, daha üstün qüvvəyə malik olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri işə cəlb edilməmiş və kifayət qədər sübutlar toplanılmadan əsassız və qanunsuz olaraq sözügedən qətnamə çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
12. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh vəkili ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
15. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
16. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
19. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
22. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
23. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
24. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
25. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-123/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Beləliklə, işin halları ondan ibarətdir ki, Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Lakin, həmin torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh iddiaçının mülkiyyətndə olan torpaq sahəsinin həmin hissəsindən çıxmadığı üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
44. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
45. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
46. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
47. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (MM 152.5-ci mad).
48. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
49. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
50. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
51. Belə ki, həm birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, həm də apellyasiya baxışı zamanı keçirilmiş 01 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/9469 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Gədəbəy rayonunun, Qaradağ kəndində yerləşən 0,06 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə olunmuş mübahisəli torpaq sahəsinə dair yerquruluşu Planında olan koordinatlara əsasən eləcə də Google Earth internet xəritə programında peyk vasitəsi ilə yoxlanılaraq müəyyən olundu ki, İddiaçı məxsus olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən 0,06 ha torpaq sahəsində faktiki olaraq Cavabdeh tərəfindən hər-hansı tikili inşa edilməmişdir.
52. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
53. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
54. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.
55. Göründüyü kimi, iddiaçının mükiyyətində olan 0,06 ha torpaq sahəsi bütövlükdə Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və hazırda da oradan istifadə edir.
56. Kollegiya iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçıların torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.
57. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
60. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-123/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tululub SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.