Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1722/2025 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” ASC-nin cavabdeh Süleymanova Ramida Rafiq qızına qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh Süleymanova Ramida Rafiq qızının iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Süleymanova Ramida Rafiq qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Süleymanova Ramida Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ## #### 2019-cu il tarixli, 03/055/AİF nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən Süleymanova Ramida Rafiq qızına 300 ay müddətinə illik 07 faiz olmaqla 34.000 manat kredit verilmişdir.
2. ## #### 2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Süleymanova Ramida Rafiq qızına məxsus Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, 320, bina 12A-da yerləşən və sahəsi 67,8 kvm. olan 3 otaqlı ** saylı mənzil poteka ilə yüklü edilmişdir. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestri xidmətində ##.##.2019-cu ildə Süleymanova Ramida Rafiq qızının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ### 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Süleymanova Ramida Rafiq qızının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Aida İmanquliyeva küçəsi 320, bina 12A-da yerləşən və sahəsi 67,8 kv. m. olan 3 otaqlı ** saylı mənzil “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir.
4. “xxxx” MMC tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, A. İmanquliyeva küçəsi 320, bina 12A ünvanında yerləşən ** saylı mənzilin hazırki bazar qiyməti 60000 manat, likvid dəyəri isə 52000 manat təşkil edir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “xxxx” ASC cavabdeh Süleymanova Ramida Rafiq qızına qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Süleymanova Ramida Rafiq qızından ## #### 2019-cu il tarixli, 03/055/AİF saylı krediti müqaviləsi üzrə kreditorun xeyrinə 31459,16 manat əsas, 1204,66 manat faiz, cəmi 32663,82 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Gəncə şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manatın və dövlət rüsumunun əvəzi qismində 199,32 manat tutulmasını, Tələbin mülkiyyət hüququ ilə Süleymanova Ramida Rafiq qızına məxsus Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi 320, bina 12A-da yerləşən ** saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Süleymanova Ramida Rafiq qızınun ## #### 2019-cu il tarixli, 03/055/AİF saylı kredit müqaviləsi üzrə cəmi 32663,82 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 229,32 manat tutilmasını, İpoteka predmeti olan mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh Süleymanova Ramida Rafiq qızı tərəfindən boşaldılması və ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdeh Süleymanova Ramida Rafiq qızından ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə cavabdeh Süleymanova Ramida Rafiq qızı arasında ##.##.2019-cu il tarixli, 03/055/AİF saylı krediti müqaviləsi bağlanmış və sonuncuya 300 ay müddətə 34000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Süleymanova Ramida Rafiq qızına məxsus Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi 320, bina 12A-da yerləşən və sahəsi 67,8 kvm. olan 3 otaqlı ** saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən 31459,16 manat əsas, 1204,66 manat faiz, cəmi 32663,82 manat borcu yaranmışdır.
7. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qərardadı ilə (hakim X.Səfərli) iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Süleymanova Ramida Rafiq qızına qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata, ipoteka predmetinə tutma yönəldildikdən və əmlak satıldıqdan 1 ay ərzində cavabdeh tərəfindən boşaldılmasına dair hissədə xitam verilməsi qərara alınmışdır.
8. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi qismən təmin edilərək, cavabdeh Süleymanova Ramida Rafiq qızından 31459,16 manat əsas borc, 1204,66 manat faiz borcu olmaqla, cəmi borcu 32663 (otuz iki min altı yüz altmış üç) manat 82 (səksən iki) qəpik borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 199 (yüz doxsan doqquz) manat 32 (otuz iki) qəpik pul və qiymətləndirmə üzrə ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; Tələb üzrə tutma Süleymanova Ramida Rafiq qızına məxsus Gəncə şəhəri, Nizami rayonu, Aida İmanquliyeva küçəsi, 320, bina **A saylı ünvanında yerləşən ** nömrəli mənzilə yönəldilməsi; Gəncə şəhəri, Nizami rayonu, Aida İmanquliyeva küçəsi, 320, bina **A saylı ünvanında yerləşən ** nömrəli mənzilin ilkin satış qiyməti 52000 (əlli iki min) manat müəyyən edilməklə açıq hərracda satılması və əldə olunan vəsait hesabına borcun və xərclərin ödənilməsi təmin edilməsi; İddia qalan hissədə təmin edilməməsi və cavabdeh Süleymanova Ramida Rafiq qızından mühasibatlıq üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1, 739-cu maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3, 59.3cü maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1, 216-220, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Süleymanova Ramida Rafiq qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 manat müəyyən olunması işin real hallarına uyğun deyil və bu əmlakin bazar dəyərindən (83000 manat) əhəmiyyətli dərəcədə azdır. Bu səbəbdən də ipoteka predmetinin yenidən qiymətləndirilməsi üçün təkrar qiymətləndirmə keçirilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Süleymanova Ramida Rafiq qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ipoteka predmetinin 75000 manata (likvid dəyər) satışa çıxarılmasına etiraz etmir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
16. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
17. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
18. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
19. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
25. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 10.1. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
29. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
30. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
31. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir.
32. Maddə 36.1. 36.1.İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
33. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.
34. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, eləcədə ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunması hissədə mübahisələndirilir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
46. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx” ASC ilə Süleymanova Ramida Rafiq qızı arasında ## #### 2019-cu il tarixli, 03/055/AİF nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya illik 07 % olmaqla 300 ay müddətinə 34.000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Süleymanova Ramida Rafiq qızına məxsus Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi 320, bina 12A-da yerləşən və sahəsi 67,8 kvm. olan 3 otaqlı ** saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi çərçivəsində bağlanmış hər iki müqavilə üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsədə, lakin borcalan Ramida Süleymanova götürmüş olduğu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. ## ### 2019-cu il tarixli, NBC-İP № ****** saylı İpoteka Kağızı üzrə ## #### 2019-cu il tarixində qeydə alınmış otürücü yazısına əsasən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ipoteka kağızı üzrə öz tələblərini “xxxx” ASC-yə, ## ######## 2020-ci il tarixdə isə Fond həmin ipoteka kağızı üzrə öz tələblərini “xxxx” ASC-yə ötürdüyündən sonuncu hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka predmetinə tutma yönəldildikdən və əmlak satıldıqdan 1 ay ərzində cavabdeh tərəfindən mənzilin boşaldılmasına dair hissədə iş üzrə icraata xitam vermiş, baxılan qalan hissədə isə iddia qismən təmin edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən cavabdeh Ramida Süleymanova apellyasiya şikayəti vermişdir.
47. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki işin materiallari ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Süleymanova Ramida Rafiq qızından 31459,16 manat əsas borc, 1204,66 manat faiz borcu olmaqla, cəmi borcu 32663,82 manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 199,12 manat və qiymətləndirmə üzrə ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manat “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, kreditor müqavilə üzrə cavabdehdən 31459,16 manat əsas, 1204 66 manat faiz borcu tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ######## 2024-cü il tarixli, */**** saylı rəyinə əsasən Süleymanova Ramida Rafiq qızının ## ###### 2023-cü il tarixə “xxxx” ASC-yə olan əsas borcu 31459,16 manat, faiz borcu 3508,05 manat müəyyən edilmişdir. Göründüyü kimi əsas borc kreditorun tələbinə uyğun olmuş, faiz borcu isə əksinə, yəni kreditorun tələb etdiyindən çox olsada məhkəmə faiz borcu tələb olunan hissədə təmin etmişdir.
48. İpoteka predmetinin ilkin satış qiymətinin 52000 manat müəyyən edilməsi hissədə isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti həmin hissədə qismən təmin olunmalıdır.
49. Belə ki, işdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin likvid dəyərini deyil, “xxxx” MMC-dən alınmış rəyə əsasən 52000 manat ilkin satış qiymətini müəyyən etmişdir.
50. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Eyni zamanda, həmin Qanunun 1.0.9-cu maddəsində ilkin satış qiymətinə verilən anlayışa görə, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
51. İstinad edilən hüquq normasından aydın şəkildə görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti həmin əmlakın məhz likvid qiymətini ehtiva edir.
52. Əmlakın qiymətinin likvid dəyərinə gəldikdə isə, qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir.
53. Şərh edilənlərə əsasən kollegiya qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir.
54. İpoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi qiymətləndirmə fəaliyyəti aparılmasından keçir. Bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
55. Cavabdeh Süleymanova Ramida Rafiq qızı da apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin 52000 manat deyil 83000 manat olmasını qeyd etmişdir.
56. Apellyasiya icraatı zamanı ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Aida İmanquliyeva küçəsi 320, bina 12A-da yerləşən və sahəsi 67,8 kvm. olan 3 otaqlı ** saylı mənzilin likvid dəyərinin müəyyən olunması barədə qiymətləndirmə təyin edilmiş və “xxxx” MMCnin ## ###### 2025-ci il tarixli, G-**/**-*** nömrəli rəyinə əsasən əmlakın bazar qiyməti 85000 manat, likvid qiyməti isə 75000 manat müəyyən olunmuşdur.
57. Kollegiya “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, G-**/**-*** nömrəli qiymətləndirmə rəyini möhtəbər hesab edir. Bu da onu deməyə əsas verir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 52000 manat dəyərində müəyyən edilməsi hissədə dəyişdirilməli və həmin hissədə ipoteka predmetinin likvid satış dəyəri 75000 manat müəyyən edilməlidir.
58. “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli G-**/**-*** nömrəli məktubundən görünür ki, göstərilmiş xitmətlə bağlı haqq cavabdeh tərəfindən ödənilmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, əmlakın qiymətləndirməsi üçün ödənilmiş xidmət haqqı cavabdehə aid edilməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372.1, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Süleymanova Ramida Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi “İpoteka predmetinin ilkin satış qiymətinin 52000 manat müəyyən edilməsi” hissədə dəyişdirilsin. İpoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Aida İmanquliyeva küçəsi 320, bina 12A-da yerləşən və sahəsi 67,8 kvm. olan 3 otaqlı 45 mənzilin likvid satış qiyməti 75000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Əmlakın qiymətləndirməsi üçün ödənilmiş xidmət haqqı cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.