Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1728/2025 03.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və tikinin sökülməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma və tikinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(076)-101/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 03 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-623, KOD 50415038 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Şəmkir rayon, Əliyaqublu kənd sakinləri, İddiaçı, X4, X5 və X3 0.25 ha torpaq sahəsi verilişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 10 dekabr 2024-cü il tarixli, 3-21-3-40/2-7120/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, yeni elektron uçot xəritəsinə əsasən Şəmkir rayon Əliyaqublu kəndi ərazisində yerləşən (Torpağın mülkiyyətə verilməsinə dair JN-623A KOD 50415038 nömrəli şəhadətnamə əsasında) 0.25 ha torpaq sahəsinin 0.0115 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Mübahisəli torpaq sahəsində hansisa tikinti və digər obyektlər mövcud deyil.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 aprel 2025-ci il tarixli, 10/227 nömrəli ekspert rəyindən görünür ki, Yeni elektron uçot xəritəsinə əsasən Şəmkir rayon Əliyaqublu kəndi ərazisində yerləşən (Torpağın mülkiyyətə verilməsinə dair JN-623A KOD 50415038 nömrəli şəhadətnamə əsasında) 0.25 ha torpaq sahəsinin 0.0115 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Mübahisəli torpaq sahəsinde hansisa tikinti və digər obyektlər mövcud deyil.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarı və JN 623A saylı Torpağın mülkiyyət Hüququna dair Şəhadətnamə əsasında onun və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmiş, Şəmkir rayonu Əliyaqublu kəndinin ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin bir hissəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin sahədə cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarı və JN 623A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə Əliyaqublu kəndinin ərazisindən 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsi uzun müddətdir ki, cavabdeh tərəfindən zəbt olunaraq istifadə edilir. Belə ki, cavabdeh eni 3 metr, uzunluğu 24 metr olan torpaq sahəsinin bir hissəsində özünə fərdi yaşayış evi inşa etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək müvafiq həyətyanı torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini tələb etdikdə, həmin orqanın əməkdaşları əraziyə baxış keçirmişlər. Torpaq sahəsinin bir hissəsi qonşunun (cavabdehin) istifadəsində olması, eləcədə həmin ərazidə qonşunun ev inşa etməsi əsas gətirilərək 07 may 2024-cü il tarixli məktubla dövlət qeydiyyatından imtina etmişlər. Dəfələrlə cavabdehdən torpaq sahəsinin zəbt olunmuş hissəsinin azad edilməsini və həmin hissədə özbaşına inşa etdiyi yaşayış evinin sökülməsini tələb etsə də, cavabdeh bu tələbləri yerinə yetirməkdən imtina etmiş, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Şəmkir Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(076)-101/2025 nömrəli (hakim H.Məhəmmədi) qətnaməsi ilə iddia qismən təmin edilərək, JN-623A, KOD 50415038 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yerləşən İddiaçı, X4, X5 və X1 mülkiyyətində olan 0,25 ha torpaq sahəsinin 0.0115 ha-dək hissəsindən Cavabdeh çıxarılması; İddianın qalan hissəsinin təmin edilməməsi; Cavabdeh müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47, 84, 111 maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.6, 157.2, 157.4, 157.8, 215.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 213, 217.4, 218.1, 218.3, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı iddianın təmmin olunmaması hissədə qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 11 saylı Şəmkir Ərazi İdarəsi 10 dekabr 2024-cü il tartixli mütəxəssis rəyi versədə, lakin mütəxəssis rəyi hazırlanmamışdan əvvəl əraziyə baxış həyata keçirilməmiş, yalnız elektron uçot xəritəsi ilə torpaq sahəsinin zəbt edildiyi aşkar edilmişdir. Halbuki, torpaq sahəsində tikintinin mövcudluğu yalnız vizual baxışla həyata keçirilə bilərdi. Əgər əraziyə baxış keçirilsəydi ozaman torpaq sahəsində həqiqətən də tikilinin tikildiyi aşkar olunardı. Bundan başqa, zəbt edilən torpaq sahəsinin koordinatları və ya mənim mülkiyyətimdə olan torpaq sahəsinin hansı hissəsində yerləşməsi, zəbt edilən torpaq sahəsinin ümumi sahəsi göstərilsədə, onun mövcud olduğu yer, eni və uzunluğu göstərilməmişdir.
10. Cavabdeh iddianın təmin olunması hissədə qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparılmadan qətnamə çıxarılmışdır. Belə ki, iddiaçı ona qarşı məhkəmədə iddia qaldırmamışdan əvvəl aralarında olan mübahisə ilə əlaqədar dəfələrlə hər ikisi mütəxəssislərə müraciət etmiş, mübahisəli əraziyə gələn mütəxəsisslər hər dəfə bildirmişlər ki, əksinə iddiaçı onun torpağını zəbt edib. Hətta qərardadın icrası ilə gələn yerli mütəxəssisdə əvvəlcədən bildirmişdir ki iddiaçı onun torpaq sahəsini zəbt edib. İddiaçı ona qarşı tikilinin (evin) sökülməsini də tələb kimi qeyd etmişdir. Ona məlum olmayan səbəblərdən mütəxəsisslər evin yerləşdiyi torpaq sahəsindən yox, digər 0.0115 ha hissədən onun çıxarılması rəydə qeyd etmişdir. Əslində iddiaçının torpaq sahəsini zəbt etməmişdir. 30 ilə yaxındır ki həmin torpaq sahələri vətəndaşlara paylanıb. Hətta keçmiş SSRİ-nin vaxtından hamı öz sərhədlərini müəyyən etmiş və mehriban qonşu kimi yaşayır. İddiaçı isə kiminsə öyrətməsi ilə qərəzli şəkildə, haqsız olaraq ona qarşı iddia qaldırmış, məhkəmə isə yerli baxış keçirmədən mütəxəssis rəyinə əsaslanaraq iddianı qismən təmin etmişdir.
c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması təmin olunsada, fərdi yaşayış evinin tikildiyi ərazidən çıxarılma təmin edilməmişdir. Əslində cavabdehin tikdiyi fərdi yaşayış evidə onun mülkiyyətində olan torpaqda inşa edilmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
14. Hazırki Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçının atası ilə onun atası əmioğlu olub. Yaşadığı ev 1930-cu ildə tikilib. İddiaçı həmin evin yerləşdiyi torpağın ona məxsus olmasını əsas gətirərək evin sökülməsini tələb edir. Halbu ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsini zəbt etməyib. Əksinə mütəxəsislər ölçü işləri apararkən ona bildirmişlər ki, iddiaçı ona məxsus torpaq sahəsini zəbt edib. Münasibətləri yaxşı olmadığından iddiaçı ona qarşı qərəzli olaraq belə bir iddia qaldırıb. Cavabdeh sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
24. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Verilmiş hər iki apellyasiya şikayətində qətnamə iddianın təmin və təmin edilməməsi hissələrdə mübahisələndirildiyi hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Hazırkı işin hallarından müəyyən olunur ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.25 ha torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998ci il tarixli qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu barədə sonuncuların adına JN-623A, KOD 50415038 Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini, zəbt edilmiş ərazidə fərdi yaşayış evi tikildiyini əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi qətnamədən iddianın təmin olunmaması hissədə iddiaçı, iddianın təmin olunması hissədə isə cavabdeh apellyasiya şikayəti vermişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
32. Bu baxımdan hər iki apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, hər iki şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.
33. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsini və həmin ərazidə fərdi yaşayış evi tikdirdiyini iddia edir. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152 və 157-ci maddələri nəzərdən keçirilə bilər və bu qətnamənin 15-18-ci bəndlərində həmin normalar sadalanmışdır.
35. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli qərarı ilə Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı, X4, X5 və X1 mülkiyyətinə verilməsi və buna dair sonuncuların adına Torpağın mülkiyyətə verilməsinə dair JN-623A KOD 50415038 nömrəli şəhadətnamə verilməsi işin mübahisəsiz halıdır.
36. İddiaçı mülkiyyətlərinə verilmiş 0,25 ha torpaq sahəsini cavabdeh tərəfindən 3 metr enində, 24 metr uzunluğunda zəbt etdiyini və zəbt etdiyi torpaq sahəsinin bir hissəsində özünə fərdi yaşayış evi tikdirdiyini bildirir. Cavabdeh isə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsini zəbt etmədiyini, yaşadığı fərdi yaşayış evinin isə 1930-cu ildən inşa edildiyini bildirmişdir.
37. Kollegiya qeyd edir ki, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırılmalıdır: 1) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; 2) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması; 3) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Bu üç hal məcmu şəkildə mövcud olduqda tələb təmin edilə bilər.
38. Hazırkı iddia tələbinin əsaslılığının araşdırılması bəzi xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etdiyindən birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə düzgün olaraq məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2025-ci il tarixli, 10/227 nömrəli ekspert rəyi ilə da müəyyən olunmuşdur ki, yeni elektron uçot xəritəsinə əsasən Şəmkir rayon Əliyaqublu kəndi ərazisində yerləşən (Torpağın mülkiyyətə verilməsinə dair JN-623A KOD 50415038 nömrəli şəhadətnamə əsasında) 0.25 ha torpaq sahəsinin 0.0115 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Mübahisəli torpaq sahəsində hansisa tikinti və digər obyektlər mövcud deyil.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə isə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyini işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 10 dekabr 2025-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında da hər hansı şübhə yaratmır. İddiaçı və cavabdeh tərəf rəylə razılaşmadığı barədə arqument irəli sürsələr də, lakin sonuncuların hər biri öz arqumentlərini əsaslandıra bilməmişlər.
41. Belə ki, ekspert rəyi ilə stəsdiq olur ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin 0.0115 ha hissəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Lakin iddiaçı zəbt olunmuş torpaqda cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edildiyini bildirsədə, onun bu dəlili sübut olunmur. Çünki ekspert rəyində qeyd olunur ki, cavabdeh tərəfindən zəbt olunmuş 0.0115 ha torpaq sahəsində hər hansı bir tikinti və obyekt inşa olunmamışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddia tələbini bu hissədə təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və iddiaçı tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən bu hissədə ləğvi üçün əsas deyil.
42. Cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayətinə münasibətdə də kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər iddianın təmin edilməsi hissədə qətnamənin ləğvi üçün əsas sayıla bilməz və bi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Cavabdeh iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsini zəbt etmədiyini bildirsədə, laklin bundan əvvəldə qeyd olunduğu kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2025-ci il tarixli, 10/227 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, yeni elektron uçot xəritəsinə əsasən Şəmkir rayon Əliyaqublu kəndi ərazisində yerləşən (Torpağın mülkiyyətə verilməsinə dair JN-623A KOD 50415038 nömrəli şəhadətnamə əsasında) 0.25 ha torpaq sahəsinin 0.0115 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.
43. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, hər iki apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissələrdə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin və təmin edilməyən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(076)-101/2025 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin və təmin olunmaması hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.