Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-173/2025 03.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin üzərində olan tikilidən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(076)-1196/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(076)-1196/2024 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia təmin edilərək Cavabdeh İddiaçı məxsus olan Şəmkir rayonu Çinarlı qəsəbəsində (Yeni qaydalarla: AZ5705, ünvan 2-də) yerləşən 0.0179 ha torpaq sahəsinin üzərində yerləşən tikilidən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh (nümayəndəsi (vəkil) Vəkil2) apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin e-2(076)-1196/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Şəmkir rayonu Çinarlı qəsəbəsində (Yeni qaydalarla: AZ5705, ünvan 2-də) yerləşən 0.0179 ha torpaq sahəsinin üzərində yerləşən tikilidən əşyaları ilə birlikdə çıxarılması barədə müvafiq qətnamə çıxarılamsını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində ona məxsus 0.0179 ha, 0.04205 ha və 0.0950 ha torpaq sahələri vardır. Həmin torpaq sahələrinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahələrinin koordinatlarını əks etdirən “Torpaq sahəsinin planı və ölçü”sü verilmişdir. Bu torpaqlardan 0.0179 ha və 0.04205 ha torpaq sahələrini 2023-cü ilin iyul ayında Cavabdeh keçmiş qayınatası Həmid Əsədovdan almışdır. 0.0950 ha torpaq sahəsini isə 2023-cü ilin noyabr ayında cavabdehin keçmiş həyat yoldaşı Ruslan Əsədovdan almışdır. Göstərilən torpaq sahələrindən 0.0179 ha torpaq sahəsinin üzərində müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili mövcuddur. Torpaq alınan vaxt cavabdeh həmin tikilidən gözəllik salonu kimi istifadə etmişdir. Aydındır ki, torpağı alan zaman cavabdehin həmin tikilidən çıxmasını tələb etmişdir. Lakin satıcılarla cavabdeh öz aralarında razılığa gələ bilməmişlər ki, cavabdeh də gedib notariusda razılıq ərizəsi versin. Daha sonra torpağın alqı-satqısından alınan puldan 65000 (altmış beş min) manatın cavabdehə verilməsi və cavabdehin də gedib notariusda razılıq ərizəsi verməsinə razılaşmışlar. Sonda onun və satıcıların iştirakı ilə razılaşdıqları kimi 65000 (altmış beş) min manat cavabdehə verilmiş və o da gedib notariusda torpağın satılmasına razılıq ərizəsi vermişdir. Həmçinin, həmin vaxt cavabdeh ondan əşyalarını çıxarmaq üçün 5 gün vaxt istəsə də, ona 10 gün vaxt verdiyini bildirmişdir. 10 günün tamamında cavabdehdən tikilidən çıxıb-çıxmadığını öyrənərkən əvvəlcə bir neçə gün gecikəcəyini bildirmiş, hətta ona gecikdiyinə görə üzrxahlıq etmişdir. Lakin sonradan cavabdeh onun telefonlarına cavab verməməyə başlamışdır. Hazırda isə tikilidən çıxmaqdan ümumiyyətlə imtina edir. Bununla bağlı o, cavabdehə dəfələrlə ona məxsus olan torpaq sahəsinin üzərində yerləşən tikilidən çıxması ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh onun sözlərinə məhəl qoymayaraq torpaq sahəsini tərk etmir. Ona görə də əlacsız qalaraq mübahisənin həllini məhkəmədə axtarmaq qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsiniun qətnaməsi maddi və prossesual hüququ normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə nəzərə almamışdır ki, həmin torpaq sahəsində ona aid tikili olmuşdur ki, iddiaçı həmin torpaq sahəsini əldə edərkən bunu bilmişdir. Bundan başqa məhkəmə nəzərə almalıdır ki, iddiaçının təqdim etdiyi çıxarış yalnız boş torpaq sahəsinə aiddir və hər-hansı bir tikiliyə onun çıxarışı yoxdur. Belə olan halda çox maraqlıdır iddiaçı onun torpaq sahəsində qanunsuz tikili tikdirməyini, onun həmin tikilidən istifadə etməyini qəbul edir, amma nədənsə tikilinin sökülməsini istəmir. Görünür o, hazır tikiliyə sahib olmaq istəyir. Bundan başqa həmin tikili qanuni və ya qanunsuz olsa da, iddiaçının mülkiyyətində olan vaxt tikilməyib və yuxarıda da qeyd edilən kimi, o torpaq sahəsini aldığı vaxt orda ona məxsus tikilinin olmasını bilirdi. Odur ki, hesab edirlər ki, iddiaçının tikiliyə mülkiyyət hüququ olmadığı halda o, onun tikilidən çıxmağını tələb edə bilməzdi. O, əvvəlcə çıxarış almalıydı. Bundan əlavə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə onu qeyd etmək istərdi ki, məhkəmədə olan sübutlara düzğün qiymət verməmiş, bununla da adı çəkilən prossesual hüquq normalarını pozmuşdur. Məhkəmə qeyd edir ki, guya o, 65000 manat alaraq hazırki torpaq sahəsinin satılmasına razılıq vermişdir. Məhkəmənin gəlmiş olduğu bu qənaət düzgün deyil. Belə ki, o, həmin pulu ərilə birgə nikah dövründə əldə etdikləri torpaq sahəsinin satılmasına razılıq verərkən almış və həmin torpaq sahəsinə dair heç bir tələbi yoxdur. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsini dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etdiyinə görə həmin qətnamənin əsaslılığı və qanuniliyi tam şəkildə yoxlanılır. Belə ki, Azərbaycan Respubilkası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan reyestrdə 4Ə-927 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı X8 (onun əvəzinə X3 ) alıcı İddiaçı Şəmkir rayon, Çinarlı qəsəbəsində yerləşən, ümumi 0.07 ha olan torpaq sahəsini 7000 manata satmışdır. Müqavilənin 11-ci bəndində qeyd edilmişdir ki, satıcı X8 (onun əvəzinə X3) daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə xx.xx.2023-cü il tarixədək alıcı İddiaçı faktiki sahibliyinə verməyini öhdəsinə götürür. İş materiallarında olan reyestrdə 4Ə-1499 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı X6 alıcı İddiaçı Şəmkir rayon, Çinarlı qəsəbəsində yerləşən, ümumi 0.095 ha olan torpaq sahəsini 6000 manata satmışdır. Müqavilənin 11-ci bəndində qeyd edilmişdir ki, satıcı X6 daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə 16.1.2023-cü il tarixədək alıcı-İddiaçı faktiki sahibliyinə verməyini öhdəsinə götürür. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Cavabdeh təsdiq olunmuş ərizəsindən görünür ki, X4 məxsus olan, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanında yerləşən 0.0950 ha torpaq sahəsinin satılmasına etiraz etməmiş, razılıq vemişdir. İş materiallarında **********83 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən əmlakın hüquqi sahibi tam şəkildə İddiaçıdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli B 139267 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2 ünvanda yerləşən əmlakın hüquqi sahibi tam şəkildə İddiaçıdur. Plan və ölçünün tərtib edilməsinə əsası: DTXK Şəmkir rayon şöbəsi, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, JN-1189A, xx.xx.2006; Şəmkir rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2, Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 40- 927, xx.xx.2023-cü il qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-2964/2025 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X1, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər Şəmkir rayon 1 saylı Notariat Ofisi və X6 cəlb edilməklə) qarşı iddia ərizəsi ilə müraciət edərək, Şəmkir rayon 1 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-927 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş dövlət reyesterində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Şəmkir Rayon məhkəməsi 2(076)-193/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim H.K.Məhəmmədi) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin 2(076)-193/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının xx.xx.2025-ci il tarixli, 2(104)-974/2025 nömrəli (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehdiyev, M.Ə.Mustafayev ibarət tərkibdə) qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(076)-193/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-2964/2025 nömrəli qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2025-ci il tarixli 2(104)-974/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin həmin qərarında göstərilmişdir ki, iddiaçının mübahisələndirilən 25 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış torpaq sahəsi üzərində hər hansı hüququ olmamışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalar vahid daşınmaz əşya olaraq vahid mülkiyyət obyekti olduğundan mülkiyyətçi X5 özünə məxsus torpaq sahəsini üzərindəki tikili ilə birlikdə özgəninkiləşdirmək hüququ olmuşdur. İddiaçı həmin tikilinin onun vəsaiti hesabına inşa edildiyini iddia etsə də, cavabdehlər buna etiraz etmiş, iddiaçı tərəfindən isə bu hal məhkəmə araşdırması zamanı mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özgəninkiləşdirilmiş torpaq sahəsi üzərindəki tikilinin onun vəsaiti ilə inşa edildiyini sübut etmiş olsaydı belə, bu ona mülkiyyətçinin öz əmlakına sərəncam verilməsi barədə bağladığı müqaviləni mübahisələndirmək hüququ vermir. Belə ki, MM-nin 157.7-ci maddəsində əmlaka vicdanlı sahiblik etmiş şəxsin mülkiyyətçidən əmlakın yaxşılaşdırılması və dəyərinin artırılması üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulur. Məkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0.0179 ha, 0.04205 ha və 0.0950 ha torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı 0.0179 ha və 0.04205 ha ölçüdə torpaq sahələrini reyestrdə 4Ə-927 sayla qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən 2023-cü ilin iyul ayında Cavabdeh keçmiş qayınatası Həmid Əsədovdan, 0.0950 ha ölçüdə torpaq sahəsini isə 2023-cü ilin noyabr ayında cavabdehin keçmiş həyat yoldaşı Ruslan Əsədovdan almışdır. Göstərilən torpaq sahələrindən 0.0179 ha torpaq sahəsinin üzərində müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili mövcuddur və cavabdeh həmin tikilidən gözəllik salonu kimi istifadə etmişdir. Cavabdeh alğı-satqı müqaviləsi bağlandıqdan sonra tikilidən çıxacağını bildirmiş olsa da, sonradan həmin tikilidən çıxmaqdan imtina etmiş, alğı-satqı müqaviləsini iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə mübahisələndirmiş, lakin iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunduğu kimi Cavabdeh hazırda gözəllik salonu kimi istifadə etdiyi tikili **********83 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən onun həmin tikiliyə real olaraq gözlənilən mülkiyyət hüquqları vardır. Ona görə də, məhkəmə hesab edir ki, həmin tikili Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən tikilidən çıxmaqdan və əşyalarını çıxarmaqdan imtina etməsi əsaslı sayıla bilməz. Çünki, istənilən hər bir halda cavabdehin qanuni əsaslarla iddiaçıya məxsus əmlakdan çıxmaqdan və əşyalarını çıxarmaqdan imtina etməsi sonuncunun həmin əmlakdan istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdırır. Məhkəmə qeyd edir ki, cavabdehin əşyaları ilə birlikdə çıxarılması tələb olunan tikiliyə iddiaçının mülkiyyətində olan əmlak kimi baxılmalı və cavabdehin mübahisəli tikilidən çıxmaqdan və əşyalarını çıxarmaqdan imtina etməsi iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırma kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. Orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından göründüyü kimi mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi reyestrdə 4Ə-927 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında X8 öz mülkiyyətində olan Şəmkir rayon, Çinarlı qəsəbəsində yerləşən, ümumi 0.07 ha torpaq sahəsini (0.0179 ha və 0.04205 ha olan torpaq sahələrini) alıcı İddiaçı 7000 manata satmış,həmin torpaq sahələri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh “Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırsa da onun iddiası təmin edilməmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus əmlakdan çıxmaqdan və əşyalarını çıxarmaqdan imtina etməsi iddiaçının əmlakdan istifadə hüququnu məhdudlaşdırır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, həmin tikili qanuni və ya qanunsuz olsa da, iddiaçının mülkiyyətində olan vaxt tikilməyib və yuxarıda da qeyd edilən kimi, o torpaq sahəsini aldığı vaxt orda ona məxsus tikilinin olmasını bilirdi. Odur ki, hesab edirlər ki, iddiaçının tikiliyə mülkiyyət hüququ olmadığı halda o, onun tikilidən çıxmağını tələb edə bilməzdi. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, əvvəla torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh isə həmin tikilinin ona məxsus olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Kollegiya həm də nəzərə alır ki, Cavabdeh tərəfindən kimi reyestrdə 4Ə-927 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi mübahisələndirilmiş, lakin onun iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə işdə olan sübutlara düzğün qiymət verməmiş, bununla da prossesual hüquq normalarını pozmuşdur. Məhkəmə qeyd edir ki, guya o, 65000 manat alaraq hazırki torpaq sahəsinin satılmasına razılıq vermişdir. Məhkəmənin gəlmiş olduğu bu qənaət düzgün deyil. Belə ki, o, həmin pulu ərilə birgə nikah dövründə əldə etdikləri torpaq sahəsinin satılmasına razılıq verərkən almış və həmin torpaq sahəsinə dair heç bir tələbi yoxdur. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmır. Ona görə ki, iş materiallarından alğı-satqı predmeti olmuş həmin torpaq sahəsinə həm də cavabdehin mülkiyyət hüququnun olması təsdiq olunmur. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini iddiaçının formal mülahizəsi kimi qiymətləndirir və hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri məhkəmənin şikayətlə mübahisələndirilən qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(076)-1196/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-173/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-173/2025
03.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver