Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1736/2025 24.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə1 və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2(125)-3739/2025 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. MYİ ******* seriya nömrəli vəsiqənin surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı Raya Alıevaya 08 aprel 2025-ci il tarixdən 08 iyul 2025-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir;
2. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti başçısının X8 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli, 10 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən 1986-cı ildə Goranboy rayon Səmədabad kəndinə ərə gəlmiş, 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayon Səmədabad kəndində “Dmitrov” adına kolxozda kolxozçu-fəhlə işləmişdir;
3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Goranboy Rayon Dövlət X4 tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli, 3-18-190/2-73/2025 nömrəli məktubdan görünür ki, 06 yanvar 1992-ci il tarixdə Goranboy rayon Əzizbəyov kəndində Dmitrov adına kolxozun inzibati binasında yanğın hadisəsi baş vermiş, nəticədə binanın bütün tikinti materialları və sənədlər yanmışdır;
4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Goranboy Rayon İcra Hakimiyyəti Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli, 3-48- 15RA/Z-Ə140/1/2024 nömrəli arayışdan görünür ki, Goranboy rayon Əzizbəyov (keçmiş Dmitrov) kolxozunun mühasibatlıq sənədləri 1992-ci ildə kolxozun inzibati binasında yanğın hadisəsi baş verdiyindən bina və sənədlər yanaraq məhv olmuşdur. Bu səbəbdən kolxozun mühasibatlıq sənədləri mühafizə olunmaq üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 1987-ci ildən 1991ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində yerləşən Əzizbəyov (keçmiş “Dmitrov”) adına kolxozda kolxozçu-fəhlə kimi işləməsi və əmək haqqı alması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, 02 noyabr 1964-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunun Əzizli kəndində doğulmuşdur. hal-hazırda Rusiya Federasiyası vətəndaşıdır. 1986-cı ildə Goranboy rayonunun Səmədabad kəndinə ərə gəlmişdir. 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində yerləşən “Dmitrov” adına kolxozda kolxozçu-fəhlə kimi işləmişdir. Rusiya Federasiyası Komi Respublikasının İnta şəhərinin pensiya idarəsinə müraciət etmiş, lakin ona bildirmişlər ki, 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində yerləşən “Dmitrov” adına kolxozda kolxozçu-fəhlə kimi işləməsinə dair müvafiq arayış və ya məhkəmə qətnaməsi təqdim edilməlidir. Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2024cü il tarixli arayışından müəyyən olunmuşdur ki, Goranboy rayon Əzizbəyov (keçmiş Dmitrov) kolxozunun mühasibatlıq sənədləri 1992-ci ildə kolxozun inzibati binasında yanğın hadisəsi baş verdiyindən bina və sənədlər yanaraq məhv olmuşdur. Bu səbəbdən kolxozun mühasibatlıq sənədləri mühafizə olunmaq üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Ona görə də 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində yerləşən “Dmitrov” adına kolxozda kolxozçu-fəhlə işləməsi və əmək haqqı alması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin faktların müəyyən edilməsi pensiya işi içün lasımdır.
7. Gəncə Şəhər Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2(125)-3739/2025 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin əsassız olduğundan təmin edilməməsi və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən “Hüquqi əhəmiyyəti olan faktlərın müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndi və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 216- 220, 227, 233, 358, 360-cı maddələrinə isitnad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Goranboy rayon Əzizbəyov (keçmiş Dmitrov) kolxozunun mühasibatlıq sənədləri 1992-ci ildə kolxozun inzibati binasında yanğın hadisəsi baş verdiyindən bina və sənədlər yanaraq, məhv olmuşdur. Onun 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində yerləşən “Dmitrov” adına kolxozda kolxozçu-fəhlə kimi işləməsini məhkəmədə dindirilmiş şahidlər təsdiq etsədə, məhkəmə ərizəni təmin etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Goranboy Rayon Dövlət X2 21 aprel 2025-ci il tarixli 3-18-190/2-73/2025 nömrəli və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Goranboy Rayon İcra Hakimiyyəti Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli, 3-48- 15RA/Z-Ə-140/1/2024 nömrəli arayışlarda Goranboy rayon Əzizbəyov (keçmiş Dmitrov) kolxozunun mühasibatlıq sənədlərinin 1992-ci il tarixdə kolxozun inzibati binasında yanğın hadisəsi zamanı bina və sənədlərin yanaraq məhv olması qeyd olunmuşdur. Ərizəçi 1987ci il tarixdən 1991-ci il tarixədək Goranboy rayonunun Səmədabad kəndində yerləşən Əzizbəyov (keçmiş "Dmitrov") adına kolxozda kolxozçu-fəhlə işləməsini göstərsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Yanğın nəticəsində kolxozun inzibati binnası və sənədlərin yanması sübut olunur. Məhkəmə iclasında dindirilmiş şahidlər həmin kolxozda işləmələrini göstərsələr də, lakin onların özünün həmin kolxozda işləmələri sübut olunmur.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
12. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə1 ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, bacısı Raya Dimitrov adına kolxozda 5 il pampıqçı işləyib, lakin əmək kitabçası olmayıb. Ümumiyyətlıə kolxozda işləyənlərin heç birinin əmək kitabçası olmayıb. Nümayəndə sonda apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
13. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, məhkəmə iclasında dindirilmiş şahidlər ərizəçinin kolxozda işləməsini təsdiq etsələrdə, lakin onların ozünün həmin kolxozda işləməsi sübut olunmur. Ona görə də məhkəmə düzgün olaraq ərizəni təmin etməmişdir.
14. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndə ilə eyni məzmunlu izahat vermişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Sonuncu nümayəndəsi vasitəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
16. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyən edilməsi zamanı alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanınınməcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
17. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün Əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə nin 17-ci bəndi: İş stajı barədə sənət olmadıqda idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bənidndə göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
24. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
25. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə məhkəmə baxır.
26. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
27. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Ərizəçi 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində yerləşən Əzizbəyov (keçmiş “Dmitrov”) adına kolxozda kolxozçu-fəhlə kimi işləməsini, 1992-ci ildə kolxozun inzibati binasında yanğın baş verməsi nəticəsində kolxozun arxv sənədləri yandığından həmin illərə dair işləməsini sübut edən müvafiq sənədlləri əldə edə bilməməsini, pensiya təyini zamanı qeyd olunan illərin onun əmək stajına daxil edilməsinin zəruri olmasını, elə bu səbəbdəndə işləməsi faktının məhkəmə qaydasında təsdiq olunmasının vacib olmasını əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi ərizəni təmin etməmişdir.
34. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir və apellyasiya şikayətinin dəilləri qətnamənin ləğvi üçün əsas deyil.
35. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.1-ci bəndində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
36. Daha sonra Plenum qeyd etmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir (Qərarın 13.4-cü bəndi).
37. Hazırkı işdə Ərizəçi etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə1 bacısının Dimitrov adına kolxozda 5 il pampıqçı işlədiyini bildirir və bunun əsası kimi iş üzrə dindirilmiş iki nəfər şahidin ifadəsinə istinad edir.
38. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri - xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneəçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün Əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə nin 17-ci bəndinə görə, iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
41. Göründüyü kimi, iş stajının məhkəmə qaydasında müəyyən edilməsi üçün ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin eyni təşkilatda işləmələri barədə sənədləri olmalıdır.
42. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi həmkəndlisi kimi tanıyır, həmçinin ərizəçinin yoldaşı ilə bir məktəbdə oxumuşdur. Hərbi xidmətdən gəldikdən sonra hər hansı peşəsi olmadığı üçün “Dmitrov” adına kolxozda traktorçu işləməyə başlamış, 50 yaşına kimi kolxozda işləmişdir. Hansı müddətlərdə işlədiyini dəqiq xatırlamır, əsgərlikdən nə vaxt gəldiyini də unutmuşdur. O, kolxozda işlədiyi vaxt Ərizəçi kolxozda işləmiş və pambıq alağı təmizləmişdir. Kolxoz dağılandan sonra ona əmək kitabçası verilməmişdir.,Kolxozun arxivi isə yanmışdır. Həmin vaxt savadsızlıq olduğuna görə heç kim gələcəkdə təqaüdü fikirləşməmiş, hamı işləyib pulunu almışdır. Özünün də kolxozda işləməsi barədə sənədləri olmadığına görə hazırda yaşa görə 220 manat sosial təqaüd alır.
43. Digər şahid X5 da ifadəsində bildirmişdir ki, ərizəçi ilə yaxın qonşu, həm də uzaq qohumdur. Ərizəçi hazırda Rusiyada yaşayır. O, özü 11 il Gəncədə işləmişdir. 1989-cu ilin oktyabr ayında ailə qurub Goranboya rayonuna köçmüş, sovet hökuməti dağılana, təxminən 90-cı illərə kimi “Dmitrov” adına kolxozda işləyərək pambıq alağı təmizləmişdir. 1989-cu ildə işə başlayanda ərizəçini də orada işləyən görmüşdür. Belə ki, ərizəçi ilə birlikdə yan-yana işləmiş, hətda ərizəçinin yoldaşı da onlarla birlikdə pambıq alağı təmizləmişdir. Sovet hökuməti dağıldıqdan sonra kolxozda işləyənlərin heç birinə əmək kitabçası verilməmişdir. Kolxozun arxivi isə yandığından heç kimin staj müddəti bilinməmişdir. Özü də hazırda yaşa görə təyin olunmuş sosial təqaüd alır.
44. Göründüyü kimi, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər “Dmitrov” adına kolxozda ərizəçi ilə birlikdə işləmələrini qeyd etsələrdə, lakin onların özlərinin həmin kolxozda işləməsi sübut olunmur. Belə olan təqdirdə şahidlərin ifadəsi hazırkı ərizənin həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz və birinci instansiya məhkəməsidə düzgün olaraq şahid ifadələrini sübut kimi qəbul etməmişdir.
45. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, ərizə sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, ərizəçi ərizədə göstərilən halları təsdiq edə biləcək hər hansı bir möhtəbər sübutları məhkəməyə təqdim edə bilmir.
46. Halbuki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Ggöstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372.1, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2(125)-3739/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.