Məhkəmə qərarları › İş №2(104)-1742/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1742/2024

15.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1742/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X13 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 2(058)-235/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən vəkil X3 müraciətinə əsasən verilmiş cavab məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN- 237A, KOD 50806028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə Cavabdeh, X9, X6, X5 və X10 adlarına işlənilmişdir. Samux rayonu, Alıuşağı kəndində yerləşən ümumi sahəsi 142.8 kv.m olan fərdi yaşayış evi xx.xx.1993-cü il tarixli, 18g saylı Qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adınadır.

2. Samux rayon notariat ofisinin 5/12 saylı notariat işindəki alqı-satqı müqaviləsinin surətindən görünür ki, 1993-cü ildə Samux rayonu Alıuşağı kəndində yerləşən və X24 və X19 məxsus olmuş evi Cavabdeh alqı-satqı müqaviləsinə əsasən almışdır.

3. JN 274A, KOD 50706028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Əliuşağı kəndində yerləşən 0,07 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli qərarı ilə Cavabdeh, X9, X6, X5 və X10 mülkiyyətinə verilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, Samux rayonu, Əliuşağı kəndində yerləşən ümumi sahəsi 142.8 kv.m olan fərdi yaşayış evi xx.xx.1993-cü il tarixli, 18 G saylı Qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adınadır.

5. AZ-İ seriyalı 973732 nömrəli nikah haqqında şəhadətnamənini surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.1983-cü ildə bağlanmışdır.

6. Nikahın pozulması haqqında AZ-İ seriyalı 468037 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Samux Rayon Məhkəməsinin 2(058)-882/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 06 dekabr tarixində 93 nömrə ilə qeyd edilmişdir.

7. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 9901/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərin surətindən görünür ki, Cavabdeh 05 mart 1993-cü il tarixdə Samux rayonu, Alıuşağı kəndində ümumi sahəsi 88 kvm olan 4 otaqlı yaşayış evi almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonu, Alıuşağı kəndində yerləşən, Cavabdeh adına qeyd edilmiş yaşayış evinin ½ hissəsinə mülkiyyət hüququnun ona verilməsi, həmçinin ödədiyi 100 manat dövlət rüsumunun və 55 manat mediasiya xərcinin əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.1983-cü ildən 2023-cü ilədək nikahda olmuşdur. Onların hazırda yetkinlik yaşına çatmış Zamin, Fədail və Süsanə adlı uşaqları var. Cavabdehlə nikahları 2023-cü ildə pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə, yəni 11 mart 1993-cü ildə Samux rayonu Alıuşağı kəndində yerləşən, sahəsi 142,8 kv.m olan evi X14 alqı satqı yolu ilə almışlar. Sözügedən ev Samux rayonu notariat kontorunda bağlanmış 5/12 reyestr nömrəli, 11 mart 1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeyd edilmişdir. Bu barədə evin müvafiq sənədi var. Cavabdeh evin sənədini, yəni qeydiyyat vəsiqəsini ona vermədiyindən və həmin sənədi əldə edə bilmədiyindən DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə müraciə etmiş, ordan isə yalnız məktubla cavab verilmiş, mülkiyyət sənədini isə ona verməmişlər. Bu səbəbdən o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat arxivindən alqısatqı işini almışdır. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Samux Rayon Məhkəməsinin 2(058)-235/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Tərifə Kərimova) iddia təmin edilərək, mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmış, Samux rayonu, Əliuşağı kəndində yerləşən, ümumi sahəsi 142.8 kv.m olan fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsinə İddiaçı payı müəyyən edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli daşınmaz əmlak tərəflərin nikahda olduqları dövrdə əldə edilmiş və müvafiq qeydiyyat vəsiqəsinə əsasən cavabdehin adına qeydə alınmışdır. Qanunvericiliyin tələbinə görə birgə nikah dövründə əldə olunmuş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayıldığından iddiaçının hazırki iddia tələbi əsaslıdır.

12. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 32, 36.1, 37.1, 37.2-ci maddələrinə, Mülki Məcəllənin 225.1-ci maddəsinə istinad edtmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Samux Rayon Məhkəməsinin 2(058)-235/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 2(058)- 235/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən mülki işi hərtərəfli obyektiv araşdırmamış və iddiaçının söylədiyi fikirlər əsasında qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin faktiki olaraq adına heç bir ev yoxdur. Dövlət Reyestrindən qeydiyyatdan alınmamış mülkün mübahisələndirilməsi qanunvericiliyin tələbinə ziddir. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi xx.xx.1993-cü ildə Samux rayonu Alıuşağı kəndində yerləşən, sahəsi 142,8 kv.m olan evin X14 aldığı göstərilmişdir. Lakin həmin mülkiyyətin alqı satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçməsi Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeydiyyatdan keçməmişdir. Faktiki olaraq həmin evin mülkiyyət sənədi yoxdur və həmin ev hansı torpaq sahəsində, harada, hansı koordinatda yerləşməsi, yəni məkan göstəriciləri müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindən alqı-satqı edilmiş daşınmaz əmlak olan evin sənədlərini tələb etdikdə onlara rəsmi olaraq bildirmişlər ki, onlarda evə aid heç bir sənəd yoxdur və heç bir nüsxə saxlanılmamışdır. Ona görə də, mübahisəli evlə bağlı heçbir sənəd təqdim edilməyib. Həmçinin alqı-satqı etmiş X16 fərdi yaşayış evini hansı torpaq sahəsində inşa etməsi məlum deyil və həmin şəxsin adına həyətyanı torpaq sahəsi müəyyən edilməmişdir. İddia ərizəsində bölünməsi tələb olunan yaşayış evinin həyətyanı torpaq sahəsi məlum deyil. Həmin ev hansı torpaq sahəsində inşa edilmişdir məlum deyil. Alqı-satqı müqaviləsində satılan evin 1400 kv.m həyətyanı torpaq sahəsi göstərilmişdir. Lakin,alqı-satqı müqaviləsində yaşayış yerini satan X16 və X17 adına, həyətyanı torpaq sahəsinin mövcud olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən bölgüsü tələb olunan evin hansı torpaq sahəsində yerləşməsi məlum deyildir. Bölünməsi tələb olunan daşınmaz əmlak Dövlət qeydiyyatına alınmamışdır. Alqı-satqı müqaviləsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində qeydiyyatdan keçməmişdir. Bununla da X16 və X17 birgə mülkiyyətində olan daşınmaz əmlak Cavabdeh mülkiyyətinə keçməmişdir. Ona görə də, iddia ərizəsində bölünməsi tələb olunan evin Cavabdeh mülkiyyətinə keçmədiyi üçün məhkəmədə mübahisələndirilə bilməz. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məhkəmə işə baxarkən həmin maddənin tələbini pozmuşdur. Belə ki, iddia ərizəsində bölünməsi tələb olunan 142.8 kv.m yaşayış evinin Cavabdeh adına hər hansı bir çıxarışın olması müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi Dairəsinin vəkil sorğularına cavabında ziddiyyətli məqamlar müəyyən edilmişdir. xx.xx.1993-cü il tarixli 18 G saylı qeydiyyat vərəqəsinin nüsxəsinin arxiv qovluğunda saxlanılmaması göstərilmişdir. Bu da qeyri-müəyyən haldır. Belə ki, qeydiyyata alınan və çıxarış verilən sənədlər 2 nüsxədə hazırlanır. 1 nüxəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin arxivində saxlanılır və 1 nüxəsi də mülkiyyətçinin özünə verilir. Həmin mülkiyyət sənədinin 1 nüsxəsinin arxivdə saxlanmaması şübhəli haldır. Vəkil sorğusunun cavabı isə naməlum səbəblərdən şəxsi xahiş əsasında hazırlanmışdır. Bundan əlavə Samux rayon məhkəməsi tərəfindən verilmiş sorğunun cavabında da məhkəməyə mülkiyyət sənədi təqdim edilməmişdir. Sorğunun cavabında Samux rayon Alıuşağı kəndində Cavabdeh, X9, X8, X5 və X11 Samux rayon Aqrar İslahat komissiyası tərəfindən 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinədair” JN-237A, KOD 50806028 saylı şəhadətnamə verilmişdir. İddia tələbində qeyri müəyyənlik ondan ibarətdir ki, iddiaçı bölünməsi tələb olunan evin həmin paylı torpaqsahəsində yerləşdiyini iddia edir. Burda ziddiyyətli məqam ondan ibarətdir ki, X16 və X1 ev 5 nəfərin paylı mülkiyyəti olan həyətyanı torpaq sahəsində yerləşir. Bu tələb əsassızdır və qanunvericilik baxımından təmin edilə bilməz. Lakin, məhkəmə qarşı tərəfin təqdim etdiyi sənədlər əsasında yox, söylədiyi fikirlər əsasında qərar vermişdir. Məhkəmə işə baxarkən iddia ərizəsində bölünməsi tələb edilən yaşayış evinin kimə məxsus və hansı ərazidə olan torpaq sahəsində yerləşməsi müəyyən edilməmişdir. Məhkəmə çıxışında iddiaçı bildirir ki, tələb etdiyi ev 5 nəfər payçının adına olan 0,07 ha olan həyətyanı torpaq sahəsində yerləşir. Yəni bu fikir əsassızdır. Alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsi ilə Samux rayon Aqrar İslahat komissiyası tərəfindən verilmiş torpaq sahəsi arasında ziddiyyət mövcuddur. Həmin ziddiyyətin aydınlaşdırılıb hüquqi qiymət vermədən yaşayış evinin bölünməsi qanunvericiliyin tələbinə ziddir. Belə ki, paylı mülkiyyətdə paylar müəyyən edilməlidir. Həmin payçıya qarşı yönəlilən iddia ümumi paya yox, həmin payçının ona aid olan hissəsində baxılmalıdır. Məhkəmə qətnaməsinin bu qaydada qəbul edilməsi digər 4 nəfərin mülkiyyət hüququnu pozur. Həmçinin məhkəməyə bölünməsi tələb olunan yaşayış evinin payçıların torpaq sahəsində yerləşməsinə dair heç bir sübut təqdim edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 izahat verib bildirdi ki, 1993-cü ildə mübahisəli evi onun digər qardaşı almışdır. Sadəcə həmin qardaşı Rusiya Federasiyasında yaşadığından mübahisəli evi qardaşı Əyyamın adına almışdır. Məhkəməyə təqdim edilmiş sənədlər saxtadır. Hesab edir ki, hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarışı olmayan fərdi yaşayış evin bölnüməsi qanuna ziddir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

18. 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

19. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

20. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

21. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən,372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı apelyasya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin 2(058)-235/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.1983-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birdə nikah dövründə, yəni 05 mart 1993-cü il tarixdə Cavabdeh Samux rayonu, Alıuşağı kəndində ümumi sahəsi 88 kv.m olan 4 otaqlı yaşayış evi satın almışdır. Aralarında baş vermiş narazılıqlar səbəbindən Samux Rayon Məhkəməsinin 2(058)-883/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonu, Alıuşağı kəndində yerləşən, Cavabdeh adına qeyd edilmiş yaşayış evinin ½ hissəsinə mülkiyyət hüququnun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş cavab məktubunda Samux rayonu, Əliuşağı kəndində yerləşən ümumi sahəsi 142.8 kv.m olan fərdi yaşayış evi xx.xx.1993-cü il tarixli, 18 G saylı Qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adına qeyd olunmuşdur.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli evin Samux rayon Aqrar İslahat komissiyası tərəfindən verilmiş torpaq sahəsidə inşa edilməsi, iddianın təmin edilməsi digər payçıların hüquqlarının pozulmasına gətirib çıxarması ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının tələbi birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evi üzərində onun ½ payının müəyyən edilməsi olmuşdur və həmin iddianın təmin edilməsi digər şəxslərin hər hansı hüququnu pozmur. Digər tərəfdən, mübahisəli fərdi yaşayış evi alındığı vaxtdan birgə əmlak olmuşdur və hazırkı həmin birgə əmlakda ½ payının müəyyən edilməsindən ibarətdir.

37. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin 2(058)-235/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Samux Rayon Məhkəməsinin 2(058)-235/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 2(058)-235/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar