Məhkəmə qərarları › İş №2(104)-1744/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1744/2024

17.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1744/2024 17.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mənzildən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(125)-2595/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 noyabr 2022-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzil İddiaçı Qafar oğlunun mülkiyyətindədir.

2. 06 yanvar 2023-cü il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən İddiaçı ona məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzili 46000 manata satır, İddiaçı bu məbləğdən 28000 manatı əvvəlcədən beh almış, 18000 manat isə 06 oktyabr 2023-cü il tarixədək alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman Cavabdeh ödəməyi vədd vermişdir.

3. Audio qeydlərdən görünür ki, İddiaçı və X8 arasında olan telefon danışığı zamanı X8 pul vəsaitinin Cavabdeh tərəfindən tam məbləğdə X6 vasitəsi ilə ödənildiyini bildirir, İddiaçı isə vəsaitin ona ödənilməsini inkar edir. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbi ilə Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İlkin iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzili xüsusi mülkiyyətindədir. Aralarında olan razılaşmaya əsasən həmin mənzili Cavabdeh 46000 manat satmış və həmin məbləğdən 28000 manat əvvəlcədən beh almış, qalan 18000 manat isə 06 oktyabr 2023-cü il tarixədək alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman Cavabdeh ödəməyə vədd vermişdir. Beh müqaviləsi 06 yanvar 2023-cü il tarixdə Gəncə şəhər 3 saylı Notariat Ofisində təsdiq edilmişdir. Cavabdeh 28000 manat ödədikdən sonra mənzili onun sahibliyinə vermişdir. Hazırda cavabdeh həmin mənzildə yaşayır və 18000 manat 06 oktyabr 2023-cü il tarixədək ödəməli olduğu halda bundan imtina edir.

6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı 76000 manat və ödənilmiş 318 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, ev almaq üçün X4 müraciət etmiş, sonuncu da Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilini ona göstərmiş və həmin mənzilin 48000 manata satıldığını bildimrişdir. 30000 manat ilkin ödəniş ödəməyə maddi imkanı olduğunu bildirmiş, X6 da mənzilin sahibi ilə əlaqə saxlamış, mənzilin sahibi 30000 manat vəsaitin beh kimi ödənilməsinə, qalan 18000 manat isə 06 oktyabr 2023-cü il tarixədək ödənilməsinə razıolduğunu bildirmişdir. Mənzilin dəyərindən ilkin olaraq 2000 manat İddiaçı vermiş, 06 yanvar 2023-cü il tarixli beh müqaviləsi üzrə isə 28000 manat depozit hesaba köçürmüşdür. 2023-cü ilin fevral ayında isə X3 iştirakı ilə İddiaçı 2000 manat ödəniş etmiş, həmin vaxt sonuncu ona ödənilməli olan pulları bundan sonra X4 verməyi tapşırmış, hətta onunla ortaq iş gördükləri və mənafelərinin eyni olduğunu ona bildirmiş, o da 16000 manat ödənişi X6 vasitəsi ilə İddiaçı ödəmişdir. Lakin İddiaçı müxtəlif bəhanələrlə mənzili onun adına rəsmiləşdirilməsindən boyun qaçırmış, rəsmiləşdirilmənin aparılmamasının səbəblərini soruşduqda isə onunla hər hansı problemin olmadığını, sadəcə X3 digər borcunun ödənilməsi üçün rəsmiləşdirməni aparmadığını və X3 digər borcunu qaytardığı vaxt rəsmiləşdirməni tamamlayacağını demiş, narahatçılığa əsas olmadığına onu inandırmağa çalışmışdır. Sonradan İddiaçıla əlaqə saxlamış, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilindən beh müqaviləsinə görə ödənilmiş 28000 manat pulun 2 qatı 56000 manat, eyni zamanda ödədiyi 20000 manat, cəmi 76000 manat qarşılığında evdən çıxa biləcəyini bildirmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(125)-2595/2024 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı ilkin iddiası təmin edilməsi; Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilindən çıxarılması; Cavabdeh qarşılıqlı iddiasının təmin edilməsi; İddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilinin alqı-satqısı ilə əlaqədar avans qismində ödənilmiş vəsaitin əvəzi qismində 2000 (iki min) manat, 06 yanvar 2023-cü il tarixli beh müqaviləsi üzrə beh qismində ödənilmiş 28000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinə görə həmin məbləğin 2 misli qismində 56000 (əlli altı min) manat, mənzilin avans və beh çıxıldıqdan sonra dəyərinin qalan hissəsinin ödənilmiş əvəzi qismində 18000 (on səkkiz min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 318 (üç yüz on səkkiz) manat, cəmi 76318 (yetmiş altı min üç yüz on səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh xeyrinə tutulması qət olunmuşdur.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1, 425.1, 432.1, 433.1-433.3, 491.1, 491.2 və 491.3-cü maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119, 217.4, 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qarşılıqlı iddianın təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, Cavabdeh 16000 manat ona ödəməyərək beh müqaviləsinin tələblərini pozmuşdur. Bundan başqa 16000 ona ödəməsi məqsədilə iddia etdiyi Bəhram Kazımlı adlı şəxsə verməsini ona tapşırmağını məhkəmədə sübuta yetirə bilməmişdir. Halbu ki, həmin hal olmamış və ona belə bir tapşırıq verməmişdir. Bəhram ona öz borcuna görə 10500 manat vermiş və onun həmin pulu Cavabdeh alıb-almaması barədə məlumatı olmamışdır. Həmçinin Cavabdeh yaxını olan şahid Sənan İsayevin ifadəsi iş üçün hər hansı sübuti əhəmiyyət daşımır. Onun guya Cavabdeh 16000 manat pulu ödənilməsi üçün Bəhram Kazımlıya verməsini tapşırmağı ilə bağlı məhkəmənin gəldiyi nəticə mülahizədən ibarətdir və heç bir sübut yoxdur. Cavabdeh belə bir tapşırıq verməmişdir. X2 Cavabdeh pul alması barədə sonradan məlumatı olmuşdur. Cavabdeh pulunu özbaşına kimə veribsə ondan da tələb etsin və onun izahatı möhtəbər subut kimi nəzərə alına bilməz. Əgər Cavabdeh 16000 manat pulu hazırda ona təqdim etsə həmin mənzili onun adına rəsmiləşdirməyə hazırdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin İddiaçı ilkin iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə2 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mənzilin danışılmış qiymətini, yəni 46000 manatı tam ödəmişdir. Aralarında olan razılaşma ilkin iddiaçı tərəfindən pozulmuşdur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə1 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

21. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

25. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. [427]

26. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

27. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.

28. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

29. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissədə mübahisələndirilmişdir. Ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 109 nömrəli evin 57 nömrəli mənzilin 46000 manata alqı-satqısına dair sonuncu ilə Cavabdeh arasında razılaşma olmuş, Cavabdeh 06 yanvar 2023-cü il tarixli beh müqaviləsi üzrə 28000 manat beh, sonradan isə 2000 manat avans vermiş, İddiaçı mənzilin açarlarını Cavabdeh vermişdir. Sonuncu razılaşdırılmış qalan məbləği, yəni 16000 manatı isə İddiaçı tapşırığı əsasında X4 vermişdir. Buna baxmayaraq tərəflər arasında alqısatqı baş tutmamışdır. Belə ki, İddiaçı qalıq məbləğin ona verilməməsini əsas gətirərək alqı-satqının bağlamaqdan imtina edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh da öz növbəsində qarşılıqlı iddia vermişdir. İşə baxan birinci instansiya məhkəməsi hər iki iddianı təmin etmişdir.

40. Yuxarıda da qeyd olunduğu kimi qətnamə qarşılıqlı iddianın təmin olunması hissədə mübahisələndirilmişdir. Qətnamə mübahisələndirilən hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyil.

41. İlkin İddiaçı Cavabdeh razılaşdırılmış məbləğdən onun özünə müqavilə əsasında 28000 manat beh, 2000 manat avans verməsini, qalan məbləğin verilməməsini bildirsədə, lakin qalan məbləğin ona verilməməsi hissədə dəlilini kollegiya inandırıcı saymır və şikayətin bu dəlilini əsassız sayır.

42. Alqı-satqı ilə bağlı tərəflər arasında razılaşdırılmış 46000 manatın Cavabdeh tərəfindən tam olaraq ödənilməsi, yəni 28000 manat beh, 2000 manat avans formada İddiaçı özünə, qalan məbləği isə İddiaçı göstərişi əsasında Bəhram Kazımlıya ödəməsi iş materialları ilə tam sübut olunur.

43. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilərkən X6 göstərmişdir ki, 2022-ci ildən İddiaçıla birlikdə evlərin alqı-satqısı ilə məşğul olurlar. Cavabdeh satılacaq mənzilin razılaşdırılmış pulundan 28000 manat beh, 2000 manat avans İddiaçı özünə verilmiş, qalan məbləğin isə Cavabdeh tərəfindən ona, yəni Bəhram Kazımlıya ödəməsini tapşırmış, sonuncuda həmin məbləği hissə-hissə ona vermiş, o da 10500 manat şəxsən İddiaçı vermiş, 5500 manat isə Xalidin göstərişi əsasında satmaq üçün birlikdə aldıqları mənzilin təmirinə sərf etmişdir. Pul tam ödənilməsinə baxmayaraq İddiaçı müxtəlif bəhanələr gətirərək alqı-satqı müqaviləsinin bağlanmasından yayınmışdır.

44. Eləcədə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 da ifadəsi ilə təsdiq olunmuşdur ki, tərəflər arasında razılaşdırılmış alqı-satqı müqaviləsi (46000 manat tam ödənilməsinə baxmayaraq) məhz İddiaçı gətirmiş olduğu müxtəlif bəhanəlr ucbatından baş tutmamışdır.

45. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(125)-2595/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni qarşılıqlı iddianın təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılsın.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1.,372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(125)-2595/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni qarşılıqlı iddianın təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar