Məhkəmə qərarları › İş №2(104)-1750/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1750/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1750/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil və cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3nə və Cavabdeh1nə qarşı “xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 255/23 saylı protokolun etibarsız hesab edilməsi” tələbinə dair Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(021)-1465/2024 nömrəli qətnaməsindən cavabdehlər Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq X1 Əmlak Hərrac Mərkəzi MMC tərəfindən tərtib edilmiş “X5 barədə xx.xx.2023-cü il tarixli, 255/23 saylı yekun protokolun və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 8İ-13058 nömrəli İcra qeydi verilərək onun icrası Cavabdeh1nə həvalə edilmişdir. İcra qeydində göstərilir ki, “ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan – AZ 1025, ünvan 1 ünvanında yerləşən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti-Vöen: ********** tələbi ilə ipoteka qoyan – ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (AA 3659710, xx.xx.2022 – Asan 1; FİN: xxxxxxx; d/t: xx.xx.1962), ünvan 3i ünvanında qeydiyyatda olan İddiaçı (AA 3032906, xx.xx.2021 – Asan – Bərdə; FİN: xxxxxxx; d/t: xx.xx.1988) məxsus ipoteka predmeti olan 0.05 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 154.6 kv.m. ümumi sahəsi olan və Bərdə rayonu Türkmən kəndində fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən DENGZ-00105-14/22A müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 32109.62 AZN əsas borc, 3260.05 AZN faiz borcu, 1605 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 36974.67 AZN təşkil edir.”) Həmin İcra qeydinə əsasən Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul edilmiş (İcra məmuru Məhəmmədəli Qasımzadə) və həmin şöbə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 131738/10 saylı sifariş əsasında ipoteka ilə yüklü edilmiş ünvan 5i ünvanında olan ona məxsus 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən ona məxsus olan 154,6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə dair açıq hərrac keçirilməsi Azərbaycan Respublikası X1 Cavabdeh3 MMC-yə həvalə edilmişdir. Həmin MMC tərəfindən 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş ilkin hərrac iştirakçılar olmaması səbəbindən baş tutmamış, odur ki, yuxarıda göstərilən əmlakım ilkin satış qiymətindən 15% aşağı qiymətdə olmaqla 06 oktyabr 2023-cü il tarixində təkrar açıq hərraca çıxarılmışdır. Lakin iştirakçıların olmaması səbəbindən təkrar hərrac da baş tutmamışdır. Odur ki, Cavabdeh3 MMC onun həmin əmlaklarını təkrar hərracdakı satış qiymətindən 25%-dən az olmayan qiymətə, yəni 31875 manata almağı ipoteka saxlayan "xxxx" ASCyə 09 oktyabr 2023-cü il tarixli, 2082/23 saylı “İpoteka predmetinin əldə edilməsi barədə” Təkliflə bildirmişdir. İpoteka saxlayan "xxxx" ASC təklifi qəbul etmiş və X1 Cavabdeh3 MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” X5 barədə 16 oktyabr 2023-cü il tarixli, 255/23 saylı Protokoluna əsasən ipoteka predmeti olan əmlak, yəni Maraqlı şəxs məxsus olmaqla Bərdə rayonu Türkmən kəndi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 154,6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi cəmi 31875 manata "xxxx" ASC-yə satılmışdır. Hərracı keçirilməsini və tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Protokolu qanunsuz hesab edir. Hərrac keçirən X1 Cavabdeh3 MMC-nin keçirdiyi hərrac əslində açıq deyil, gizlin (xəlvəti) keçirilmiş hərrac olmuşdur, formal xarakter daşınmışdır və nə ona, nə də notariusun İcra qeydi üzrə digər borclu Maraqlı şəxs nə ilkin, nə də təkrar hərracın keçirilməsi yeri, vaxtı və şərtləri barədə qanunla müəyyən edilmiş qaydada hər hansı bir məlumat verilməmişdir. Hətta “İpoteka predmetinin əldə edilməsi barədə” 09 oktyabr 2023-cü il tarixli Təklifinin surətini də MMC onlara göndərməmişdir. Bundan başqa ipoteka predmeti olan 0.05 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 154.6 kv.m. ümumi sahəsi olan və Bərdə rayonu Türkmən kəndi ünvanında yerləşən fərdi yaşayış evi həddindən artıq aşağı qiymətə hesablanmışdır. Halbuki, həmin evin bü günki bazar dəyəri 100000 (bir yüz min) manat təşkil edir və bu onu göstərir ki, həmin evin likvid dəyəri və bazar dəyəri arasında kəskin fərq var. Odur ki, “Notariusun İcra qeydinin ləğv edilməsinə dair” və "xxxx" ASC-yə qarşı “borc məbləğinin mübahisələndirilməsinə dair” müstəqil iddiaları indiyədək müvafiq məhkəmələrdə qaldırmamışdır. Lakin ən qısa müddətdə bu iddiaları məhkəmələrdə qaldıracaq. Cavabdeh1 onun iddia ərizəsi üzrə ona görə cavabdehlik daşımalıdır ki, ipoteka predmetinin açıq hərracda satılmasının sifarişçisi olmuş, həm də bu sifarişi verərkən notariusun İcra qeydinə zəruri sənədlərin (notarus tərəfindən mənə əvvəlcədən bildiriş göndərilməsini və həmin bildirişin tərəfimdən alınmasını təsdiq edən sənədlər) surətinin əlavə edilməsinə əhəmiyyət vermədən açıq hərrac keçirilməsini sifarişini vermiş və Hərracın yekununa dair Protokola imza etmişdir. Cavabdeh3 MMC onun iddia ərizəsi üzrə ona görə cavabdehlik daşımalıdır ki, hərracın təşkilatçısı olaraq həmin açıq hərracı qanun pozuntuları ilə keçirmiş və Hərracın yekununa dair Protokola imza etmişdir. "xxxx" ASC onun iddia ərizəsi üzrə ona görə cavabdehlik daşımalıdır ki, qanun pozuntuları ilə, həm də formal keçirilmiş açıq hərracdan ipoteka predmetini (həmin əmlakımı) almış və qanunsuz sahiblik edir, Hərracın yekununa dair Protokola imza etmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi notariat ofisi nəzərə almamışdır ki, ona cavabdeh "xxxx" ASC tərəfindən kredit biznes məqsədilə ilə verilmişdir. Bu isə “Mediasiya” prosesindən keçməli idi. Bunun özü isə ciddi pozuntu hesab olunur. Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(021)-1465/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) iddianını təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası X1 Əmlak X8 Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş “X5 barədə xx.xx.2023-cü il tarixli, 255/23 saylı yekun protokol və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(021)-1465/2024 nömrəli qətnaməsindən cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-1465/2024 saylı qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(021)-1465/2024 nömrəli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(021)-1835/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin əsaslandırıcı hissəsinə nəzər saldıqda görünür ki, məhkəmə işdə olan sənədləri sıralamışdır. Sonda isə hərracın keçirilməsi vaxtı və yeri barədə ünvanlanmış məktubların iddiaçıya və ipoteka qoyana çatdırılmadığını qeyd edərək, bunu kobud bir pozuntu kimi qiymətləndirmiş və sonda iddianı təmin etmişdir. Qeyd etmişlər ki, hərracın keçirilməsi ilə bağlı və ipoteka qoyanın adına olan əmlaka dair qiymətləndirilmə aparılarkən qanunvericiliyin tələbləri pozulmamış və hərrac üzrə işin hallarına düzgün qiymət verilmişdir. Bundan əlavə iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında da öz əksini tapmamışdır. Hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir. Belə ki, mübahisəsi gedən əmlakın hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçının xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. İşin həmin halı məhkəməyə təqdim edilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 255/23saylı “X5 barədə Protokolu”, hərracın keçirilməsi ilə bağlı iddiaçıya və ipoteka qoyana göndərilmiş həmin bildirişlərin göndərilməsi iş materiallarında olan sənədlərlədə təsdiq edilir. Hətta bu sübutları məhkəmə özüdə qətnaməsində sıralamaqla göstərmişdir. Birinci instansiya məhkəməsinin yanaşmasından belə müəyyən olunur ki, hərrac təşkilatı hərrac bildirişlərini şəxsən iddiaçı ilə ipoteka qoyana verməli imiş. Əgər bütün işlər üzrə məhkəmə belə bir təcrübəni tətbiq etsə gərək onda ümumiyyətlə heç hərrac keçirilməsin və ya keçirilmiş hərraclar etibarsız olsun. Birinci instansiya özü qətnaməsində iş materiallarında olan poçt sənədlərinə qiymət verərkən qeyd etmişdir ki, hərraca çıxarılmış daşınmaz əmlakın mülkiyyətçisi və ipoteka qoyanlar İddiaçı və Maraqlı şəxs hərracın keçirilməsinin vaxtı və yeri barədə ünvanlanmış məktublar onlara çatdırılmamış, xəbərnamələrin üzərində ünvanda olmamaları qeyd edilərək geri qaytarılmışdır. Məhkəmənin bu məntiqi ilə onda borclular onlara gələn bildirişləri də almaqdan dolayı yolla boyun qaçırsınlar, sonda da məhkəmə desin ki, bəs bildirişi şəxsən borcluların özünə təqdim etməli idi. Birinci instansiyanın işə bu cür yanaşması ağlabatan deyildir. Konstutisiya Məhkəməsinin Plemunun 30 dekabr 2008-ci il tarixli Qərarı pozulmuşdur. Belə ki, həmin Qərardaqeyd olunmuşdur ki, bu maddənin ("ipoteka haqqında" Qanunun 42.1-ci maddəsi) məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini yazılı surətdə bilavasitə borcluya, yaxud da təlabkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Belə ki, qanunvericilik də bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də iş materiallarına əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. İddiaçı iddia ərizəsində hərracın keçirilməsindən məlumatsız olması ilə əsaslandırsa da buna dair sübut təqdim etməmiş, eyni zamanda birinci instansiya məhkəməsinin araşdırması zamanı həmin dəlil təkzib olunmuşdur. Belə ki, Cavabdeh3 MMC-dən alınmış sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya və ipoteka qoyana hərracın keçirilməsinə dair bildiriş, ipoteka predmetinin əldə olunmasına dair təklif göndərilmişdir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə AR Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qeyd etmişdir ki, bu maddənin tələbləri pozulmuş, hərracın iştirakçıları hərracın keçirilməsi vaxtı və yeri barədə məlumatlandırılmamışlar. Qeyd etməyi zəruri hesab edirlər ki, məhkəmə işə düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Çünki qeyd olunan maddədə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Lakin, qanunvericilikdə bununla bağlı “İpoteka haqqında” Qanunda ayrı qayda nəzərdə tutulmuşdur. Belə ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Göründüyü kimi işə Mülki Məcəllənin 415.2-ci maddəsi deyil, İpoteka haqqında Qanunun42.1-ci maddəsi maddəsi tətbiq edilməli idi. Məhkəməsinin qətnaməsində qeyd olunur ki, Cavabdeh3 MMC tərəfindən hərrac keçirilərkən Azərbaycan Respublikasının MM-nin 415.2-cimaddəsinin tələbləri pozulmuş, hərracın iştirakçıları hərracın keçirilməsi vaxtı və yeri barədə məlumatlandırılmamışlar. Məhkəməyə təqdim olunmuş reyestrlərin surətlərindən görünür ki, iş üzrə borclular Maraqlı şəxs, eləcə də İddiaçı sifariş məktubunda, eləcə də icra qeydində göstərilən ünvanlarına, həmçinin ipoteka predmeti olan əmlakın yerləşdiyi ünvana bildirişlər, eləcə də təklif və satılma barədə müşayiət məktubu göndərilmişdir. Həmçinin qeyd olunması zəruridir ki, ünvan 6 ünvan tam deyil, bu ünvanda tapılmadı, köçüb qeyd şərtləri ilə geri qayıtsa da, Bərdə rayon İcra Şöbəsi tərəfindən göndərilən sifarişdə və icra qeydində qeyd olunan ünvan 8 ünvanına göndərilən məktublar borclular tərəfindən təhvil alınmışdır. Göründüyü kimi, Konstutisiya Məhkəməsinin Plemunun Qərarında qeyd olunduğu kimi borclulara hərracların keçirilməsinə dair bildirişlər, təklif məktubu, satılma barədə müşayiət məktubu göndərilmişdir. Qeyd olunması zəruridir ki, məktubların çatıb-çatmaması və ya hər hansı səbəbdən borclunun əmlakın satılması barədə xəbərdar olmamasından asılı olmayaraq hərrac təşkilatı açıq hərracı təyin olunan vaxtda keçirməyə borcludur. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Məhkəmə tərəfindən məhkəmə araşdırması, tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə bir başa təsir edəcək bütün faktiki hallar araşdırılmamış sadəcə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallarla yekun qənaətinə gəlinmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində də qeyd etmişdir ki, iş materiallarında olan poçt sənədlərindən görünür ki, hərraca çıxarılmış daşınmaz əmlakın mülkiyyətçisi və ipoteka qoyanlar İddiaçı və Maraqlı şəxs hərracın keçirilməsinin vaxtı və yeri barədə ünvanlanmış məktublar onlara çatdırılmamış, xəbərnamələrin üzərində ünvanda olmamaları qeyd edilərək geri qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(021)-1465/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı iddia qaldıraraq X1 Əmlak Hərrac Mərkəzi MMC tərəfindən tərtib edilmiş “X5 barədə xx.xx.2023-cü il tarixli, 255/23 saylı yekun protokolun və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etsə də, mübahisələndirilən protokolun hüquqi nəticəsini konkret olaraq iddia tələbində qeyd etməmişdir ki, bununla da iddiaçının tələbi qeyri-müəyyən olmuşdur. Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə əsasən isə iddia ərizəsində iddiaçının tələbi göstərilməlidir. İddiaçının iddia ərizəsində göstərilən X5 barədə xx.xx.2023-cü il tarixli, 255/23 saylı yekun protokolun və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi tələbi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə cavab verməməkdədir. Belə ki, iddiaçının qeyd olunan tələbləri konkret olaraq icra edilməli olan hər hansı bir hərəkəti nəzərdə tutumamaqdadır. Nəzərə alınmalıdır ki, iddiaçının irəli sürdüyü tələblərin təmin edilməsi halında həmin qətnamənin icrası da qeyri-müəyyən olmaqla, mümkünsüz olacaqdır. Bundan əlavə cavabdehlər Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 hüquqi ünvanları göstərilməmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci və 149.2.3-cü maddələrinin tələbinə riayət etmədən iddia ərizəsini məhkəməyə təqdim etməsini nəzərə almayaraq, Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsini icraata qəbul etmədən geri qaytarmalı olduğu, iddia ərizəsini icraata götürdüyü təqdirdə isə iddiaçıdan qeyd olunan nöqsanları aradan qaldırmaqla iddia tələbini dəqiqləşdirməsini təklif etməli olduğu, nöqsanlar aradan qaldırıldıqdan sonra işə baxmalı olduğu halda, faktiki olaraq mövcud olmayan tələb üzrə işə mahiyyəti üzrə baxmaqla, prosessual qanunvericiliyin tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən nöqsaların apellyasiya icraatı qaydasında aradan qaldırılması mümkün deyildir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən baxılmamış tələb üzrə apellyasiya baxışı istisna olunmaqdadır. Buna görə də Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(021)-1465/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(021)-1465/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad çıxarılmalıdır. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, hazırkı qərardadda göstərilənləri nəzərə alaraq, yenidən ümumi əsaslarla məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.12 və 384.0.5-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(021)-1465/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə qərardad qəbul edilsin. İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar