Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1766/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3212/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş, xx.xx.2018-ci il tarixli 969/K nömrəli əmrdən çıxarışdan görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixdən İddiaçı MMC-nin Satış Departamentinə Satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir.
2. İş materiallarında olan, xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilənin surətindən görünür ki, cavabdehlə iddiaçı MMC arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.
3. İş materiallarında olan, “Satış Departamentinin satış nümayəndəsinin vəzifə təlimat”ının 14-cü bəndinə əsasən satış nümayəndəsi müştərilərdən (ticarət nöqtələrindən) iddiaçı MMC-yə məxsus malların satışından əldə edilən pul vəsaitini iddiaçı MMC-nin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşıyır.
4. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli 031/K nömrəli əmrdən çıxarışdan və xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, cavabdehin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 yanvar 2020-ci il tarixindən xitam verilmişdir.
5. İş materiallarında olan, cavabdeh və iddiaçı MMC arasında bağlanmış xx.xx.2020ci il tarixli “Mövcud borcun etirafı haqqında” Mücərrəd Müqavilənin 1-ci bəndinə əsasən tərəflər etiraf edərək qəbul edirlər ki, üçüncü şəxslərlə bağlanılan alqı-satqı müqavilələri əsasında ticarət obyektlərindən iddiaçı MMC-yə ödənilməsi üçün "xxxx"-ya verilmiş 41029 manat məbləğində pul vəsaitinin "xxxx" ilə iddiaçı MMC arasında aparılan dövriyyə hesablaşmaları zamanı iddiaçı MMC-nin hesabına daxil olmadığı və əksik olduğu aşkarlanmışdır. Nəticədə "xxxx"-nun iddiaçı MMC-yə 41029 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 2-ci bəndinə əsasən "xxxx" bu müqavilənin 1-ci maddəsində qeyd olunan borc məbləğinin həqiqiliyini və mübahisə edilməzliyini etiraf edir və qəbul edir ki, borc məbləği xx.xx.2020-ci il tarixədək öz hesabına tam qaydada iddiaçı MMC-yə nağd qaydasında tam ödəyəcəkdir. Cəmiyyət ilə "xxxx" arasında əmək müqaviləsinə xitam verilməsi borcun ödənilməsindən azad olunma üçün əsas deyildir. Müqavilənin 3-cü bəndinə əsasən borcun həmin müddət ərzində ödənilməyəcəyi təqdirdə həm əsas borcun, həm də əsas borcun 1 faizi məbləğində tətbiq olunacaq cərimənin və qanunvericiliklə müəyyənləşdirilmiş faiz borcunun, həmçinin, digər xərclərin məcburi qaydada tutulması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada bütün hüquqi tədbirlərdən istifadə ediləcəkdir. Müqavilənin 6-cı bəndinə əsasən bu müqavilənin ikinci maddəsi ilə müəyyən edilmiş öhdəlik "xxxx" tərəfindən vaxtında icra olunmadıqda iddiaçı MMC borcu xəbərdarlıq etmədən dərhal tələb etmək hüququna malikdir.
6. İş materiallarında olan, audit aktının surətindən görünür ki, maddi məsul şəxs olan cavabdehə təhkim edilmiş müştərilən faktiki borc qalıqları cavabdehin özünün iştirakı ilə yoxlanmış, yoxlama dövrünü xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığı, borcun məbləği isə 41028,99 manat təşkil etmişdir.
7. İş materiallarında olan, cavabdehə ünvanlanmış borcun ödənilməsinə dair xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixli “Mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, 41029 manat məbləğində borc pul vəsaitini iddiaçı MMC-yə ödəməmişdir. Cavabdehdən müqavilə üzrə iddiaçı MMC-yə olan borcunu qısa müddət ərzində ödəməsi tələb olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
8. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41029 manat məbləğində pul vəsaitinin və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh 07 dekabr 2018-ci il tarixindən iddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixli “Mövcud borcun etirafı haqqında” Mücərrəd Müqavilənin 1-ci bəndinə əsasən borclu etiraf edir ki, üçüncü şəxslərlə bağlanılan alqı-satqı müqavilələri əsasında iddiaçı MMC-yə ödənilməsi üçün ona verilmiş 41029 manat məbləğində pul vəsaitinin cavabdeh ilə iddiaçı MMC arasında aparılan dövriyyə hesablaşmaları zamanı iddiaçı MMC-nin hesabına daxil olmadığı və əksik olduğu aşkarlanmışdır. Nəticədə cavabdehin iddiaçı MMC-yə 41029 manat məbləğində borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli “Mövcud borcun etirafı haqqında” Mücərrəd Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh borc məbləğinin həqiqiliyini və mübahisə edilməzliyini etiraf edərək, xx.xx.2020-ci il tarixədək 41029 manat borc məbləğini tam qaydada ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçı MMC-yə vurduğu 41029 manat məbləğində zərərin əvəzini ödəməmişdir. Belə ki, xəbərdarlıqdan da görünür ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmişdir.
10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3212/2023 saylı qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia təmin edilərək, Cavabdeh vurulmuş zərərin əvəzi qismində 41029 (qırx bir min iyirmi doqquz) manat və məhkəmə xərcinin əvəzinə görə 213,09 (iki yüz on üç manat, doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2018-ci il tarixdən İddiaçı MMC-nin Satış Departamentinə Satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020- ci tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir. Həmçinin, tərtib edilmiş auditor hesabatına əsasən cavabdehin Cəmiyyətə 41028,99 manat məbləğində zərər vurması müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurduğu, işçinin qanuna zidd əməlinin və bu əməllə zərər arasında səbəbli əlaqənin mövcud olduğu iddiaçının təqdim etdiyi cavabdehin də imzaladığı audit aktı və tərəflər arasında bağlanmış “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə ilə təsdiq olunur. Göründüyü kimi, cavabdeh, üçüncü şəxslərlə bağlanılan alqı-satqı müqavilələri əsasında iddiaçı MMC-yə ödənilməsi üçün ona verilmiş 41029 manat məbləğində pul vəsaitinin onunla iddiaçı MMC arasında aparılan dövriyyə hesablaşmaları zamanı iddiaçı MMC-nin hesabına daxil olmadığı və əksik olduğunun aşkarlandığını və nəticədə onun iddiaçı MMC-yə 41029 manat məbləğində borcunun yarandığını etiraf edərək, xx.xx.2020- ci il tarixədək 41029 manat borc məbləğini tam qaydada ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçı MMC-yə vurduğu 41029 manat məbləğində zərərin əvəzini ödəməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 41029 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882, 882.2, 882.3-cü maddələrinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191, 192, 199, 200. 203, 206-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
13. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3212/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3212/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə işə onun iştirakı olmadan baxmış, bununla da, onun Konstitusiyasının 60-cı və MPM-nin 77.1-ci maddəsində təsbit olunmuş hüququnu kobud şəkildə pozmuşdur. İddia tələbi ona 3 illik iddia müddətinin ötürülməsi ilə verilmişdir. Onun məhkəmədə iştirakını təmin edilmiş olsa idi o, iddia müddətinin tətbiqi ilə bağlı ərizə verə bilərdi. İşə baxan məhkəmə işə onun iştirakı olmadana baxdığı üçün onun bu hüququnu məhdudlaşdırılmışdır. Ona qarşı qaldırılmış pul tələbi ilə bağlı tələb olunan məbləğ düzgün hesablanmamışdır. Yaranmış borc onun iştirakı ilə araşdırılmalı və dəqiq məbləğ müəyyən edilməli idi. Ancaq araşdırma onun iştirakı olmadan aparılmış və borc məbləği düzgün müəyyən edilmədən iddia məbləği şişirdilməklə ona qarşı iddia qaldırılmışdır. Ona görə də iş üzrə ekspertiza təyin edilməli və ödənilməmiş məbləğ dəqiq müəyyən edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, işə baxan məhkəmə işə onun iştirakı olmadan baxmışdır. İddia tələbi ona qarşı 3 illik iddia müddətinin ötürülməsi ilə verilmişdir. Həmçinin tələb olunan pul məbləği düzgün hesablanmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh vəkili X2 izahat verib bildirmişdir ki, işə baxan məhkəmə işə iddiaçının iştirakı olmadan baxmışdır. İddia tələbi ona 3 illik iddia müddətinin ötürülməsi ilə verilmişdir. Onun məhkəmədə iştirakını təmin edilmiş olsa idi o, iddia müddətinin tətbiqi ilə bağlı ərizə verə bilərdi. İşə baxan məhkəmə işə onun iştirakı olmadan baxdığı üçün onun bu hüququnu məhdudlaşdırılmışdır. Ona görə də iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 izahat verib bildirmişdir ki, cavabdehin birinci instansiya məhkəməsində məhkəmə iclasında məlumatı olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh İddiaçı MMC-də satış nümayəndəsi olmuş və yoxlama zamanı onun qeyd olunan məbləğdə borcu yaranmışdır. O isə qeyd olunan borcu etiraf edərək xx.xx.2020-ci il tarixdə “Mövcud borcun etirafı haqqında” müqavilə bağlamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
19. Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
20. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
21. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. 2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.
22. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
23. Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması 1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri 1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
29. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
31. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3212/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. Yoxlama zamanı onun 41029 manat məbləğin dövriyyə hesablaşmaları zamanı iddiaçı MMC-nin hesabına daxil olmadığı və əksik olduğu aşkarlanmışdır. Bundan sonra cavabdeh borcunu etiraf edərək xx.xx.2020-ci il tarixli “Mövcud borcun etirafı haqqında” Mücərrəd Müqaviləni bağlamışdır.
37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan X3 Sistemindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclası barədə ********* mobil nömrəsinə SMS bildiriş göndərilmişdir. Bundan sonra Cavabdeh tərəfindən Gəncə Şəhər Məhkəməsinə teleqram ünvanlanmış və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu hal isə cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iclaslarından xəbərdar olmaması barədə dəlilinin əsassız olduğunu göstərir.
38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin tələb olunan məbləğin düzgün hesablanmaması, yaranmış borcun onun iştirakı ilə araşdırılması və dəqiq məbləğ müəyyən edilməsi dəlillinə münasibətdə qeyd edir ki, iş materialları müəyyən olunur ki, cavabdehə təhkim edilmiş müştərilər üzrə audit yoxlaması keçirilmiş, aşkar edilmiş çatışmamazlıqlar cavabdehin iştirakı ilə araşdırılmış, bu barədə akt tərtib edilmiş və həmin akt cavabdeh tərəfindən imza edilməkjlə təsdiq edilmişdir. Bu baxımdam kollegiya hesab edir ki, apellyasiya şikayətinin həmin dəlili də, əsassızdır.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3212/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3212/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.