Məhkəmə qərarları › İş №2(104)-1773/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1773/2023

20.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1773/2023 20.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, İddiaçı Bərdə rayon Uğurbəyli kənd Bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və hasarın sökülməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-143/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Uğurbəyli kənd bələdiyyəsinin xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş 0.10 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-143/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia təmin edilmiş, Cavabdeh Bərdə rayon Uğurbəyli kəndində yerləşən zəbt etdiyi bələdiyyə mülkiyyətində olan 0.16 ha torpaq sahəsindən çıxarılması və Cavabdeh tərəfindən çəkilmiş hasarın onun vəsaiti hesabına sökülməsi qət edilmişdir. Narazı qalan cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-143/2023 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilmiş, Azərbaycan Respublikası MPM-nin 361-cı maddəsinin tələblərinə uyğun hesab edilərək mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-143/2023 nömrəli qərardadı ləğv edilərək mülki iş ötürülmüş prosessual müddətə qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan poçt qəbzindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi 25 fevral 2023-cü il tarixdə cavabdehin atası tərəfindən iddia ərizəsində qeyd olunan ünvan-Bərdə rayonu, Uğurbəyli kəndində qəbul edilmişdir. Bundan sonra, 04 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizə ilə Cavabdeh qətnamənin ona çatdırılmadığını bildirərək qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmiş, 05 may 2023-cü il tarixli məhkəmə qəbzinə əsasən qətnamənin surəti cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göründüyü kimi mülki prosessual qanunvericiliyin müddəalarına əsasən birinci instansiya məhkəməsinin qərardadından tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətinədək şikayət verilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-lə müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları dəqiq müəyyən edilmişdir və həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunan normaya əsasən qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilməni müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-143/2023 nömrəli qətnaməsi 25 fevral 2023-cü ildə iddiaçının ünvanına çatdırılaraq atasına təqdim edilmişdir. Göründüyü kimi məhkəmə sənədinin yetkinlik yaşına çatmış ailə üzvü olan hər hansı fərdinə təqdim edilməsi şəxsin özünə təqdim edilmə ilə eyni hüququ nəticəyə səbəb olur. Lakin məhkəmə tərəfindən bu hal nəzərə alınmamış hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətin ötürülməsinə hüquqi qiymət verilmədən şikayətin baxılması üçün göndərilməsi mülki prosessual qanunvericiliyin müddəalarına uyğun deyildir. Odur ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-143/2023 nömrəli qərardadı ləğv edilməli, mülki iş prosessual müddətin ötürülməsinə hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-143/2023 nömrəli qərardadı ləğv edilsin və mülki iş prosessual müddətin ötürülməsinə hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar