Məhkəmə qərarları › İş №2(104)-1779/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1779/2023

03.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1779/2023 03.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban оğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibаrət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh, X4 və X2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(021)-911/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon məhkəməsinə müraciət edərək, cavabdehdən ona toy hədiyəsi kimi verilmiş qızıl-zinət və cehiz əşyalarının natura şəklində və ya olmadığı təqdirdə dəyəri olan 10240 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 yataq dəsti, pərdə-1 pəncərəlik, naçnik-1 ədəd (2 ədəd göstərilmişdir, ancaq bir ədədi tələb olunur), armudu stəkan-6 ədəd, nəlbəki-6 ədəd, fincanlar-6 ədəd, kapron ləyən-1ədəd, tuj qazan- (3 ədəd qeyd olunmuşdur, 2 ədədi tələb olunur), qazan -1 ədəd, süfrə-2 ədəd, əl üz dəsmali -6 ədəd, güldan - 1 ədəd, vanna-3 ədəd, vedrə-2 ədəd, dvd -1 ədəd, şam qablari-2ədəd, şəkil çərçivəsi-2 ədəd, qizil qabı və mebel şüşəsindən ibarət əşyalar hissədə iddia tələbinin həcminin azaldılması barədə ərizə vermişdir. İddiaçı X5 ərizə təqdim edərək, X3 və X1 cavabdeh kimi işə cəlb edilməsini və cavabdehlərdən müştərək qaydada ona toy hədiyəsi kimi verilmiş qızıl-zinət və cehiz əşyalarının natura şəklində və ya olmadığı təqdirdə dəyərinin, eləcədə ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(021)-911/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə, eləcədə apellyasiya şikayəti vermişdir. Bərdə Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(021)-911/2020 nömrəli (hakim Q.Əbilov) qərardadı ilə ərizə təmin edilməyərək, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(021)-911/2020 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsindən imtina edilməsi və apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(021)-911/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2. maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxlərdə malikdir..... . Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1. maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1. maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.3. maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası iclasında müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(021)-911/2020 nömrəli qətnaməsinin surətini Cavabdeh yaşadığı ünvana göndərilmiş və sonuncu poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə 30 yanvar 2021-ci il tarixdə imza edərək onu qəbul etmişdir. Cavabdeh qətnamənin surətini 17 fevral 2023-cü il tarixdə almasını əsas gətirərək prosessual müddətin bərpasına dair ərizə vermiş və apellyasiya şikayətyinıdə həmin ərizəyə əlavə etmişdir. Prosessual müddətin bərpasına dair ərizə birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi qətnamənin surəti cavabdehin faktiki olaraq yaşadığı Bərdə rayonu Balaqəcər kəndinə göndərilmiş və həmin ünvanda Cavabdeh tərəfindən qəbul edilmişdir. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, 03 sentyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iştirak etmiş, həmin gün qətnamə elan olunmuş, eləcədə qətnamədən şikayət verilməsi qaydası və müddəti sonuncuya izah olunmuşdur. Buna baxmayaraq Cavabdeh prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qətnamədən apellyasiya şikayəti verməmiş, eləcədə ötürülmüş prosessual müddətin üzürlü olması barədə hər hansı möhtəbər subutu məhkəməyə təqdim edilməmişdir. Ona görədə kollegiya hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 133, 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(021)-911/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar