Məhkəmə qərarları › İş №2(104)-18/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-18/2025

29.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-18/2025 29.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-156/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-ci il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Kətəlparaq kənd sakinləri İddiaçı, X4, X1, X2 mülkiyyətinə 0.22 hektar torpaq sahəsi verilmiş, buna dair torpağın mülkiyyətə verilməsinə dair JN-442A KOD 61010018 saylı şəhadətnamə tərtib edilmişdir.

2. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-ci il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Kətəlparaq kənd sakini X6 mülkiyyətinə 0.11 hektar torpaq sahəsi verilmiş, buna dair torpağın mülkiyyətə verilməsinə dair JN-535A KOD 61010018 saylı şəhadətnamə tərtib edilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - İddiaçı JN-442A nömrəli şəhadətnamə əsasında mülkiyyətinə 0.22 ha torpaq sahəsi verilsə də, hal-hazırda 0.2253 ha torpaq sahəsindən istifadə edir. Cavabdeh JN- 535A nömrəli şəhadətnamə əsasında mülkiyyətinə 0.11 ha torpaq sahəsi verilsə də, halhazırda 0.1178 ha torpaq sahəsindən istifadə edir. - İddiaçı sənəd üzrə mülkiyyətinə verilən 0.22 ha həyətyanı torpaq sahəsindən Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə olunmur. - JN-442A KOD 61010018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınmış Bərdə rayon Kətəlparaq kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsində Cavabdeh və ya başqa bir şəxs tərəfindən tikinti işləri aparılmamışdır.

4. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4697 nömrəli ekspert rəyində qeyd edilmişdir: - İddiaçı sənəd üzrə mülkiyyətinə verilən 0.22 ha həyətanı torpaq sahəsindən Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. - JN-442A KOD 61010018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınmış Bərdə rayon Kətəlparaq kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsində Cavabdeh və ya başqa bir şəxs tərəfindən tikinti işləri aparılmadığı müəyyən edilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-A-0110/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - TEKUİS və AzCad məlumat bazasına əsasən İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-442A saylı şəhadətnamə ilə mülkiyyətinə verilən 0.22 ha həyətanı torpaq sahəsi Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə olunmur. - TEKUİS və AzCad məlumat bazasına əsasən İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-442A saylı şəhadətnamə ilə mülkiyyətinə verilən 0.22 ha həyətanı torpaq sahəsi üzərində 143 kv.m ölçüdə bir fərdi yaşayış evi qeyd edilsə də, hal-hazırda həmin torpaq sahəsi üzərində 165 kv.m ölçüdə bir fərdi yaşayış evi və 170 kv.m ölçüdə dəmir kanstruksiyalı maşın təmiri sexi mövcuddur.

6. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/954 nömrəli ekspert rəyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin rəyinə istinad edilərək qeyd edilmişdir ki: - TEKUİS və AzCad məlumat bazasına əsasən İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-442A saylı şəhadətnamə ilə mülkiyyətinə verilən 0.22 ha həyətanı torpaq sahəsi Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə olunmur. - TEKUİS və AzCad məlumat bazasına əsasən İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-442A saylı şəhadətnamə ilə mülkiyyətinə verilən 0.22 ha həyətanı torpaq sahəsi üzərində 143 kv.m ölçüdə bir fərdi yaşayış evi qeyd edilsə də, hal-hazırda həmin torpaq sahəsi üzərində 165 kv.m ölçüdə bir fərdi yaşayış evi və 170 kv.m ölçüdə dəmir kanstruksiyalı maşın təmiri sexi mövcuddur. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bərdə rayonu Kətǝlparaq kəndində yerləşən 0.22 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılmasına və həmin torpaq sahəsinin üzərində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə Bərdə rayonu Kətəlparaq kəndi ərazisində ümumilkdə 0.22 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.2 ha hissəsindən artıq ərazi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən dəfələrlə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxmasını tələb etməsinə baxmayaraq cavabdeh ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən çıxmır.

9. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-156/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə əsaslandırmışdır. Belə ki, qətnamədə qeyd edilir ki,rəyə əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilən 0.22 ha həyətanı torpaq sahəsindən Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə olunmur. JN-442A KOD 61010018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınmış Bərdə rayon Kətəlparaq kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsində Cavabdeh və ya başqa bir şəxs tərəfindən tikinti işləri aparılmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-156/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, iş üzrə verilmiş mütəxəssis rəyi işin hallarına uyğun deyil, yenidən ekspertiza keçirilməklə koordinat nöqtələri tam obyektiv dəqiqləşdirilməlidir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlə qonşudurlar və aralarında hasar yoxdur. Cavabdeh faktiki olaraq onun torpaq sahəsindən istifadə edir və iş üzrə təqdim edilmiş ekspert rəyi ilə razı deyildir.

15. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi və əlavə olaraq bildirdi ki, o, iddiaçının torpaq sahəsindən istifadə etmir və ona məxsus torpaq sahəsində heç bir tikili yoxdur.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

48. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddia tələbindən məlum olur ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bərdə rayonu Kətǝlparaq kəndində yerləşən 0.22 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılmasına və həmin torpaq sahəsinin üzərində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş, tələb təmin edilməmişdir.

22. Hazırki apellyasiya şikayətində iddiaçı məhkəmə tərəfindən nəzərə alınan mütəxəssis rəyinin mötəbər sübut kimi qiymətləndirilə bilməməsini, torpağın koordinat nöqtələrinin naturada təyin edilmədiyini irəli sürmüşdür.

23. Məhkəmə tərkibi ilkin olaraq qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür, məhz o, cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etdiyi torpaq sahəsinin mülkiyyətində olduğunu, həmin sahənin hazırki cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir.

24. Baxılan işdə cavabdehin çıxarılması tələb olunan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair JN-442A KOD 61010018 saylı şəhadətnaməyə əsasən, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-ci il tarixli 05 saylı qərarı ilə Bərdə rayonu Kətəlparaq kənd sakinləri İddiaçı, X4, X1, X2 mülkiyyətinə 0.22 hektar torpaq sahəsi verilmişdir.

25. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı sənəd üzrə mülkiyyətinə verilən 0.22 ha həyətanı torpaq sahəsindən Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə olunmur. Həmin torpaq sahəsində Cavabdeh və ya başqa bir şəxs tərəfindən tikinti işləri aparılmamışdır.

26. Bundan başqa həmin rəylə müəyyən olunmuşdur ki, iddiaçının JN-442A nömrəli şəhadətnamə əsasında mülkiyyətinə 0.22 ha torpaq sahəsi verilsə də, hal-hazırda 0.2253 ha torpaq sahəsindən istifadə edir. Cavabdehin isə JN-535A nömrəli şəhadətnamə əsasında mülkiyyətinə 0.11 ha torpaq sahəsi verilsə də, hal-hazırda 0.1178 ha torpaq sahəsindən istifadə edir.

27. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan rəyə əsaslanmaqla iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul etmiş, iddiaçı həmin rəy və qətnamə ilə razılaşmamışdır.

28. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması zamanı məhkəmə kollegiyasının xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərardadları ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/4697 nömrəli ekspert rəyində İddiaçı sənəd üzrə mülkiyyətinə verilən 0.22 ha həyətyanı torpaq sahəsindən Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə olunmadığı və tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir.

29. Bundan başqa mübahisəli torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz müdaxilə olunub-olunmamasının X7 X10 (TEKUİS) və AzCad məlumat bazasına əsasən araşdırılması məqsədilə məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-A- 0110/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/954 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, TEKUİS və AzCad məlumat bazasına əsasən İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-442A saylı şəhadətnamə ilə mülkiyyətinə verilən 0.22 ha həyətanı torpaq sahəsi Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə olunmur və həmin torpaq sahəsi üzərində 143 kv.m ölçüdə bir fərdi yaşayış evi qeyd edilsə də, hal-hazırda həmin torpaq sahəsi üzərində 165 kv.m ölçüdə bir fərdi yaşayış evi və 170 kv.m ölçüdə dəmir kanstruksiyalı maşın təmiri sexi mövcuddur.

30. Göründüyü kimi iddiaçı apellyasiya şikayətinin məzmununda birinci instansiya məhkəməsinin mütəxəssis rəyinə istinad etməklə yanlış nəticəyə gəldiyini və iş üzrə düzgün nəticəyə gəlmək üçün təkrar ekspertiza təyin edilməsinin vacibliyini qeyd etsə də, mübahisələndirilən torpaq sahəsinə cavabdeh tərəfindən heç bir müdaxilənin olmaması, istifadə edilməməsi və tikinti işlərinin aparılmaması işin apellyasiya icraatı zamanı əldə edilən mütəxəssis və ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara hüquqi qiymət verilərək düzgün nəticəyə gəlinmişdir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.

32. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı aid edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-156/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci- İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22, MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, tərəflərə verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar