Məhkəmə qərarları › İş №2(104)-1804/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1804/2023

08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1804/2023 08.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı uşaqların atanın himayəsinə verilməsi və aliment tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(045)- 48/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə cavabdehlə ailə həyatı qurmuş və birgə nikahdan iki uşaqları doğulmuşdur. Bundan sonra aralarında narazılıq olmuş və Goranboy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)- 85/2021 saylı qətnaməsinə əsasən cavabdehlə arasında olan nikah pozulmuş və uşaqlar ananın, yəni cavabdehin himayəsinə verilmiş, lakin bir müddət sonra cavabdeh uşaqları ona verib çıxıb getmişdir. Hal-hazırda uşaqlara o baxır və uşaqları tək saxlamaqda maddi çətinlik çəkir. Goranboy Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(045)-48/2023 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 İddiaçı himayəsinə verilməsi, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən etibarən İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, bildirmişdir ki, məhkəmə onun iştirakı olmadan qətnamə qəbul etmiş, heç bir əsaslı sübut olmadan, psixoloji ekspertiza keçirilmədən iddiaçının əsassız dəlilləri və qəyyumluq və himayəçilik komissiyasının əsassız rəyi ilə övladlarını ondan alıb iddiaçının himayəsinə vermişdir. Bildirmişdir ki, o, uşaqlarını iddiaçı ilə görüşməyə verdikdən sonra iddiaçı uşaqları ona qaytarmamışdır. Məhkəmə isə qətnamə qəbul edərkən uşaqların mənafeyini nəzərə almamış, uşaqların yaşını, uşağın tərbiyəsi və inkişafı üçün valideynlərin şəxsi keyfiyyətlərini, iş üzrə məhkəmə-psixoloji ekspertiza keçirilməklə uşaqların kimin yanında qalmasına dair əsaslandırılmış rəy almaqla uşaqların valideynlərdən hansının yanında qalmasını müəyyən etməli oduğu halda bunu etməmiş, bununla da Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli qərarının tələblərini pozmuşdur. Məhkəmə uşaqların onun əlindən zorla alınmasını, uşaqları tələb etdikdə onları döydüklərini, xalasının başının yarıldığını, oğlunun burnunun qırılması ilə bağlı halları aydınlaşdırmamış, uşağın onun tərəfindən atılması faktını sübuta yetirməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə müvafiq qaydada məlumat verilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(045)-48/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli və mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iş üzrə cavabdeh olan Cavabdeh yaşayış yeri üzrə Samux rayonunun Qarayeri qəsəbəsində qeydiyyatdaır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə baxılarkən aidiyyət qaydaları pozulmuş və Goranboy Rayon Məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq, Goranboy Rayon Məhkəməsində baxılmalı olmayan mülki işi icraatına qəbul edərək, nəticə vermişdir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(045)-48/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş baxılması üçün ərazi üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.4, 385.1.1, 387, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-48/2023 saylı mülki iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar