Məhkəmə qərarları › İş №2(104)-1809/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1809/2024

04.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1809/2024 04.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1492/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1492/2024 saylı qətnaməsi ilə (hakim F.Əliyev) İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin hallari: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsindəki ümumi sahəsi 106,6 kv.m. olan fərdi yaşayış evindən cavabdehin uşaqları və əşyaları ilə birlikdə çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun və vəkil xərci kimi ödənilmiş 300 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ata mülkündə yaşayır. Mərhum ərinə məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsində ümumi sahəsi 106,6 kv.m. fərdi yaşayış evi mövcud olmuşdur. Əri vəfat etdikdən sonra onun vərəsələri kimi oğlu və özü qalmışdır. Oğlu Abbasəli cavabdeh ilə 2012-ci ildə evlənib ailə qurmuş və 2023-cü ildə onlar arasında olan nikah pozulmuşdur. Hazırda keçmiş gəlini onu evə buraxmır və özü də evdən könüllü çıxmır. Oğlu da ona etibarnamə vermişdir ki, keçmiş arvadını fərdi yaşayış evindən çıxarsın. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdeh Tovuz Regional “Asan Xidmət” Mərkəzində inzibati vəzifədə işləyir və 1000 manata yaxın əmək haqqı alır. Deməli cavabdehin Tovuz rayonunda özünə istədiyi yerdən kirayə ev tutaraq qalmağa kifayət qədər imkanı olduğu halda məhkəmə əsassız olaraq iddiaçının və oğlunun mülkiyyət hüququnu pozmuş və cavabdehin həmin evə istifadə hüququnu tanımışdır. Məhkəmə cavabdehi nözünə yaşayış yeri seçmək üçün kifayət qədər imkanının olmasını həmçinin cavabdehin atasına məxsus olan evdən də istifadə etmək imkanını nəzərə almadan cavabdehin başqa şəxslərin mülkiyyətində olan evə istifadə hüququnu tanımışdır. Bundan başqa məhkəmə iclasının video görüntülərindən də sübut oluna bilər ki, cavabdeh məhkəmə prosesində yaşamağa yeri olamaması və ya özünə kirayə ev tutmağa imkanının olmaması barədə heç bir çıxış etməmişdir. Cavabdeh yalnız iddiaçının oğlunun ona aliment ödəmədiyi üçün evdən çıxmayacağını bildirmişdir. Lakin məhkəmə öz əsassız qətnaməsini əsaslandırmaq üçün cavabdehin adından başqa cümlələr qeyd etmişdir. Həmin halları məhkəmə iclasının video görüntülərinə baxaraq müəyyən etmək olar. Tərəflərin apellyasiya şikayəti ilə bağlı izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərfələrin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yenidən iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin çıxarılmadır. Belə ki, iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə X6 arasında olan xx.xx.2012-ci il tarixli nikah qeydi pozulmuş, onların birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Məryəm adlı uşaqlar anasının yanında saxlanılmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsindəki ümumi sahəsi 106,6 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 məxsus olmuşdur. Torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X4 məxsus olmuşdur. Bu barədə qeydiyyat xx.xx.2024-cü il tarixdə aparılmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli, 2V-262 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2000-ci ildə vəfat etmiş X1 vərəsələri arvadı İddiaçı və oğlu X5r. Miras əmlak isə ********** qeydiyyat nömrəli çıxarış əsasında mərhum X3 məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsindəki ümumi sahəsi 106,6 kv.m. olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 106,6 kv.m. olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X4 məxsusdur. Bu barədə qeydiyyat xx.xx.2024-cü il tarixdə aparılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh ilə iddiaçının oğlu X6 xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş və həmin vaxtdan da iddiaçının mərhum əri X3 məxsus olmuş Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsindəki ümumi sahəsi 106,6 kv.m. olan fərdi yaşayış evində yaşamağa başlamış, əri ilə birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Məryəm adlı iki uşaqları doğulmuş, əri ilə nikahı xx.xx.2023-cü il tarixdə pozulmuş, gəlin köçərək və hazırda yaşadığı ev vərəsəlik qaydasında iddiaçının və onun oğlu (cavabdehin keçmiş əri) X2 mülkiyyətinə keçmişdir. Həmin ev birgə mülkiyyət hüququ ilə İddiaçı və onun oğlu (cavabdehin keçmiş əri) X4 məxsus olsa da, cavabdehə qarşı hazırkı iddia ilə yalnız İddiaçı müraciət etmiş, digər mülkiyyətçi X6 isə cavabdehə qarşı hər hansı iddia verməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının keçmiş gəlinini çıxarmaq istədiyi mübahisəli fərdi yaşayış evi onunla birgə cavabdehin keçmiş əri olan Abbasəli Novruzovun mülkiyyətindədir. Yəni cavabdehin keçmiş əri fərdi yaşayış evi üzrə paylı mülkiyyətçidir. Belə olan halda isə cavabdehin özünün saxlanılmasın tələb etmək hüququ yaranmış olur. Cavabdeh mübahisəli mənzilə iddiaçının oğlunun ailə üzvü olaraq yəni arvadı kimi köçmüşdür və hüquqları Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin təsiri altına düşür. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Hazırki mübahisə üzrə cavabdehin özünün yaşayış evinin olmamasını, özünü başqa yerdə yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması aşkardır. Bunu məhkəmə işinin mübahisəsiz halı kimi qəbul edir. Bu nöqteyi-nəzərdən məhkəmə cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddət – beş il müddətinə saxlanılmasını ədalətli hesab edir. İşin faktik hallarından aydın olur ki, cavabdehin keçmiş əri uzun müddət Rusiya Federasiyasındadır və onun uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəməli olduğu aliment borcu hədsiz çoxdur. Bir sözlə cavabdehin keçmiş əri valideynlik vəzifələrini layiqincə icra etmir. Uşaqların saxlanılması yalnız ana kimi cavabdehin üzərindədir. Bu aspektdən məhkəmə hesab edir ki, cavabdehin fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddət daxilində saxlanılması ədalətli və qanunidir. Uşaqları təkbaşına böyüdən ananın himayəsində yetkinlik yaşına çatmamış məktəblilərin olması onun başqa yerdə özünü və uşaqlarını saxlaması üçün mənzillə təmin edə bilməsi baxımından mümkün olmayan haldır. Belə bir durumda həmin şəxsin evdən çıxarılması məhkəmə tərəfindən qanuni hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarındakı tövsiyyələrdə göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mülkiyyətçi ilə yaşayış sahəsində yaşayan şəxslər arasındakı münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməli olmamasına dair gəldiyi nəticə ilə razılaşsa da, lakin qətnamənin əsaslandırıcı hissəsi ilə razılaşmır. Belə ki, məhkəmə iddia tələbini rədd edərkən iddiaçının keçmiş gəlinini çıxarmaq istədiyi mübahisəli fərdi yaşayış evinin onunla birgə cavabdehin keçmiş əri olan Abbasəli Novruzovun mülkiyyətində olduğunu, yəni cavabdehin keçmiş ərinin də fərdi yaşayış evi üzrə paylı mülkiyyətçi olduğunu, cavabdehin Abbasəli Novruzovdan özünün saxlanılmasını tələb etmək hüququnun yarandığını, ona görə də cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddət – beş il müddətinə saxlanılmasını ədalətli hesab etdiyini qeyd etmiş olsa da, qətnamənin nəticə hissəsində İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə cavabdehi digər mülkiyyətçi Abbasəli Novruzovun keçmiş ailə üzvü olmaqla, sonuncunun mübahisəli ünvandakı fərdi yaşayış evinin iddiaçı ilə bərabər mülkiyyətçisi olduğunu vurğulasa da, lakin Abbasəli Novruzovun cavabdehə qarşı evdən çıxarılmaya dair tələbinin olmadığını nəzərə almamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçının keçmiş gəlinini çıxarmaq istədiyi mübahisəli fərdi yaşayış evi oğlu ilə birgə mülkiyyətdə olduğundan, iddiaçının yalnız özünə məxsus hissədən cavabdehi çıxarmaq hüququ olduğundan, eyni zamanda fərdi yaşayış evi faktiki olaraq hissələrə bölünmədiyindən bu baxımdan iddiaçının iddiası qeyri- müəyyən olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1492/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar