Məhkəmə qərarları › İş №2(104)-181/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-181/2023

12.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-181/2023 12.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaqdan çıxarılma və törədilmiş maneəçiliyə son qoyulması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-419/2022 saylı mülki iş üzrə 06 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə 12 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Bərdə rayon Xanərəb kənd sakini İddiaçı JN-031 saylı Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 2.51 ha pay torpaq sahəsi ölçülərək ona tanıdılmışdır.

2. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0031 KOD 61019018 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Xanərəb kənd sakinləri İddiaçı, X1, X5 və X3 mülkiyyətinə 2.51 hektar torpaq sahəsi verilmişdir.

3. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-0030 KOD 61019018 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Xanərəb kənd sakinləri Cavabdeh və X4 mülkiyyətinə 1.40 hektar torpaq sahəsi verilmişdir.

4. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı və ailə üzvlərinə məxsus JN-0031 KOD 61019018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən qeydiyyata alınmış Bərdə rayon Xanərəb kəndində yerləşən 2.51 ha torpaq sahəsi ilə Cavabdeh və ailə üzvlərinə məxsus JN-0030 KOD 61019018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən qeydiyyata alınmış Bərdə rayon Xanərəb kəndində yerləşən 1.40 ha torpaq sahəsinin sərhdləri üst-üstə düşmür, torpaq sahəsinin sərhədləri üst-üstə düşmür. İddiaçı və cavabdehin pay torpaqlarının yerləşdiyi kontorunda bütün payçıları sənəd üzrə onların mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatlarına, həndəsi ölçüsünə uyğun naturada istifadə etmədiyindən ümumi torpaq sürüşməsi səbəbindən kompleks yerquruluşu layihəsinə və TEKUİS-ə əsasən cavabdeh iddiaçının 0.69 ha torpaq sahəsindən istifadə edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Bərdə rayon Xanərəb kəndində yerləşən ona məxsus pay torpağından çıxarılması və onun tərəfindən təsərrüfatından istifadə etməyinə törətdiyi manəçiliklərə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə ona 2.51 ha torpaq sahəsi verilmişdir. Son illərdə onun pay torpağına yaxın ərazidə olan Cavabdeh ona məxsus dövlət pay torpağından qanusuz istifadə edir. Cavabdehə dəfələrlə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Bərdə Rayon Məhkəməsinin 2(021)-419/2022 saylı mülki iş üzrə 06 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Q.Əbilov) İddiaçı cavabdeh X2 qarşı “torpaqdan çıxarılma və maneçiliklərə son qoyulması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh JN-0031 KOD 61019018 saylı Dövlət Aktı əsasında qeydiyyata alınmış Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş Bərdə rayonu Xanərəb kəndində yerləşən 2.51 ha torpaq sahəsinin 0,69 ha hissəsindən çıxarılması və törətdiyi maneçiliklərə son qoyulması, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 419/2022 saylı mülki iş üzrə 06 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və işin faktiki hallarının araşdırılmaması ilə qəbul edilmişdir. Məhkəmə tərəfindən düzgün araşdırılma aparılmamışdır. Əgər məhkəmə ədalət mühakiməsini həyata keçirirdisə, bu zaman aydınlaşdırmalı idi ki, şəhid qardaşı Cavabdeh Hac oğlunun və onun həyat yoldaşının Dövlət Aktına əsasən dövlət tərəfindən mülkiyyətinə verilmiş 1.40 ha torpağın 0.69 ha hissəsi haradadır ?. İddiaçı 24 il ərzində necə olub ki, onun pay torpağının 0.69 ha hissəsinin guya onun tərəfindən zəbt edilərək qanunsuz istifadə edildiyini bilməyib və ya başa düşməyib? Məhkəmənin qətnaməsi onun qanuni qaydada xüsusi mülkiyyəti olan 1.40 ha pay torpaq sahəsinin 0.69 ha hissəsindən istifadədən, sahiblikdən və üzərində sərəncam verməkdən qanunsuz olaraq məhrum edir. Belə ki, Dövlət Aktı ilə ona və həyat yoldaşına məxsus olan 1.40 ha torpaq sahəsinin koordinatları və sərhədləri dövlət orqanları tərəfindən 1998-ci ildə dəqiq müəyyənləşdirilib onlara təhvil verilmişdir. Həmin koordinatlar və sərhədlər daxilində ondan istifadə etməkləri məhkəmə qətnaməsi ilə məhdudlaşdıra bilməz. Bundan əlavə qeyd etmişdir ki, məhkəmə işə baxarkən heç bir əsas olmadan məhkəmə-torpaqşünaslıq ekspertizası təyin etməmiş, yalnız mütəxəssis rəyinə istinad etmişdir ki, həmin rəyin tarixi, nömrəsi, rəyi vermiş mütəxəssisin adı, soyadı, vəzifəsi məlum deyildir. Hesab edir ki, həmin mütəxəssis rəyi bu mütəxəssis tərəfindən İddiaçı sifarişi ilə və onun arzuladığı məzmunda nə vaxtsa tərtib edilib hazırlanmış, sonradan məhkməyə təqdim edilmişdir. Odur ki, apellyasiya məhkəməsi tərəfindən işə baxarkən iş ürə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməklə, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, qeyd etdi ki, onun faktiki olaraq istifadə etdiyi torpaq sahəsi onunla qonşu olan qardaşının torpaq sahəsidir. Hazırda qardaşı onun torpaq sahəsinin boşaldılmasını tələb edir. Sonda iddiaçı şikayətin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 2(021)-419/2022 saylı mülki iş üzrə 06 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

13. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

16. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

18. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

19. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. 28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

30. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.

31. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

32. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətindədir və Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək, istifadə edilir.

33. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə işə baxarkən ekspertiza təyin etməmiş, yalnız mütəxəssis rəyinə istinad edərək, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

34. Apellyatorun şikayətinin dəlilinə qiymət verilməsi məqsədilə məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4329 nömrəli ekspert rəyinə əsasən iddiaçı və cavabdehin sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq olduğundan iddiaçı faktiki naturada 2.54 ha torpaq sahəsindən istifadə etsə də, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş torpaq sahəsinin TEKUİS məlumat bazasındakı koordinatlarına əsasən 2.51 ha torpaq sahəsinin 1.21 ha hissəsinin Cavabdeh tərəfindən naturada ustufadə edildiyi müəyyən edilmişdir.

35. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

36. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd olunmasına əsas vermir.

37. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4329 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğindədir.

38. Apellyasiya şikayəti təmin edilmədiyindən, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri cavabdehə aid edilməli, 100 manat məbləğində pul ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-419/2022 saylı mülki iş üzrə 06 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar