Məhkəmə qərarları › İş №2(104)-1813/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1813/2024

06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1813/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: doğum faktının müəyyən edilməsi, sübutetmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Ərizəçi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) doğum faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-450/2024 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.20424-cü il tarixli ƏƏSMN tabeliyində SXA-nin ƏOŞ X24 Mərkəzi tərəfindən tərtib olunmuş aktdan görünür ki, SXA-nin 13 fevral 2024-cü il tarixli 3-17-3/3-1- 2026/2024 saylı əmrinə əsasən Suriya Ərəb Respublikasından gətirilmiş xx.xx.2024-cü ildə reabilitasiya məqsədilə ƏOŞ X2 yerləşdirilən Ərizəçi, X22, X23, X15, X16, Musayev Xalid Orxan oğlu sosial-psixoloji qiymətləndirilmiş və 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimləri tərəfindən müayinə olunaraq, qan analizləri müayinələri aparılmış, mərkəz tərəfindən tibbi-sosial xidmətlər göstərilmiş və ünvan 1 ünvanda yaşayan qaynı və qaynanası X25, X1-salamat təhvil verilmişdir.

2. xx.xx.2024-cü il - xx.xx.1994-cü ildə doğulduğu qeyd edilən Ərizəçi AA ******* saylı, xx.xx.2013-cü ildə doğulduğu qeyd edilən X17 AA ******* saylı, xx.xx.2017-ci ildə doğulduğu qeyd edilən X10 AA ******* saylı, xx.xx.2016-cı ildə doğulduğu qeyd edilən X18 AA ******* saylı, xx.xx.2019-cü ildə doğulduğu qeyd edilən X11 AA ******* saylı və xx.xx.2021-ci ildə doğulduğu qeyd edilən X13 AA ******* saylı qayıdış şəhadətnamələri verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi (Maraqlı şəxs) doğum faktının müəyyən edilməsi ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, qızı Aişənin xx.xx.2016-cı il tarixdə, qızı Məryəmin xx.xx.2017-ci il tarixdə, qızı Həlimənin xx.xx.2019-cu il tarixdə və oğlu Xalidin xx.xx.2021-ci il tarixdə Suriya Respublikası İqlip şəhərində ev şəraitində doğulmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhərində anadan olmuş, hazırda Samux rayonu Sərkar kəndində pasort qeydiyyatındadır. 2012-ci ildə Musayev Orxan Zakir oğlu adında bir nəfərlə qeyri-rəsmi ailə qurmuş, nikahları olmamış və birgə yaşadıqları müddətdə 5 uşaqları doğulmuşdur. xx.xx.2013-cü ildə oğlu-X17 doğum haqqında şəhadətnamə almışdır. Onlar 2015-ci ildə yaşamaq üçün Suriya dövlətinə getmiş, orada onların faktiki nikahlarından 4 uşaqları doğulmuşdur. Onlar həmin uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişlər və 2023-cü ilin noyabrında artıq Türkiyə dövlətinə getmək istəyərkən orada onun əri Musayev Orxan Zakir oğlunu saxlamışlar, onu və uşaqlarını orada olan geri göndərmə məntəqəsində saxlamışlar, daha sonra 2024-cü ilin fevral ayında Azərbaycan dövlətinin köməkliyi ilə Bakı şəhərinə gəlmişlər və gələrkən 1 uşağının sənədi olmuş, qalan 4 uşağının isə heç bir sənədləri olmamış, yalnız qayıdış vəsiqəsi ilə Azərbaycana qayıtmışlar. O, həmin uşaqlara hazırki vaxtadək heç bir sənəd ala bilməmişdir. Belə ki, uşaqlar ev şəraitində doğulduğu üçün onlara xəstəxana tərəfindən doğum haqqında tibbi şəhadətənamə verilməmiş və bu səbəbdən uşaqlar sənədsiz qalmışdır. Hazırda uşaqların qayıdış vəsiqələrindən başqa heç bir sənədləri yoxdur. O, bununla bağlı 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsinə də müraciət etmiş, lakin onun ərizəsi Qeydiyyat şöbəsi tərəfindən təmin edilməmiş, ona hüquqları izah olunmaqla, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-450/2024 nömrəli qətnaməsi ilə (hakim Tərifə Kərimova), ərizənin təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı bildirmişdir ki, ərizəçi ərizəsində doğum faktının müəyyən edilməsini tələb etdiyi uşaqlarının ev şəraitində doğulmasını və buna dair tibbi sənədlərin olmamasını bildirsə də, məhkəmə iclasında verdiyi izahatında uşaqların Suriya respublikasında xəstəxanada doğulduğunu, doğuma dair xəstəxana tərəfindən tibbi sənədlərin verildiyini, lakin Suriyadan çıxarkən həmin sənədləri özləri ilə götürmədiklərini bildirmişdir. Halbuki ərizəçi ərizəsində sözügedən uşaqlarının Suriya respublikası İqlip şəhərində ev şəraitində doğulmaları faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi ərizəçinin ərizəsində göstərdiyi xüsusatlarla məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatlar ziddiyyət təşkil edir. Həmçinin ərizəçi tərəfindən məhkəməyə doğum faktının mövcudluğunu təsdiq edən heç bir mötəbər və təkzibedilməz sübutlar təqdim edilməmişdir. Buna görə də məhkəmə ərizənin təmin olunmasını yolverilməz hesab edir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Ərizəçi apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-450/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, maddi hüquq normalarının məzmunundan və tələbindən görünür ki, hazırki yaranmış vəziyyətdə uşaqlarımın doğum faktının müəyyən edilməsi yalnız məhkəmə qətnaməsi ilə müəyyən edilməli halda, məhkəmə qanunsuz və əsassız qətnaməsi ilə 4 nəfər az yaşlı uşağımı sənədsiz buraxmaqla onların gələcəyini əzab-əziyyətli talehin ümidinə buraxmışdır. Məhkəmə nəzərə almamışdır ki, hazırki mübahisə məhkəmədən kənar başqa orqanlarda həll edilməsi mümkün deyil və uşaqlarının son şansıdır. Hesab edir ki, məhkəmə yuxarıda göstəriilən maddi hüquq normalarını düzgün tətbiq edib ərizəni təmin etməli olduğu halda bunu etməmiş, yuxarıda göstərilən maddi hüquq normalarını düzgün tətbiq etməyərək əsassız və qanunsuz qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, hazırda Samux rayonu Sərkar kəndində pasport qeydiyyatında olmaqla orada yaşayır. O, 2012-ci il tarixdə Musayev Orxan Zakir oğlu ilə faktiki nikah münasibətinə girərək ailə qurmuş, nikahları rəsmi qeyd edilməmişdir. Birgə nikahdan xx.xx.2013-cü ildə X22 adında oğulları doğulmuş və ona burdan doğum haqqında şəhadətnamə alınmışdır. 2015-ci ildə də, əri Musayev Orxan Zakir oğlunun təkidi və təklifi ilə yaşamaq üçün Suriya Respublikasına gedib, orda İqlip şəhərində yaşamışlar. Suriya Respublikasının İqlip şəhərində yaşadıqları müddətdə də, Musayev Orxan Zakir oğlu ilə birgə nikahdan xx.xx.2016-cı il tarixdə X20, xx.xx.2017-ci il tarixdə X15, xx.xx.2019-cu il tarixdə X16 və xx.xx.2021-ci il tarixdə Musayev Xalid Orxan oğlu adlı daha 4 nəfər uşaqları anadan olmuşdur. Həmin vaxtda xarici ölkədə yaşadıqlarından və həmin ölkənin vətəndaşları olmadıqlarından doğuma görə xəstəxanaya müraciət etməmişlər və uşaqların 4-də ev şəraitində doğulmuşlar. 2023-cü ilin noyabr ayında onlar ailəlikcə vətənləri olan Azərbaycan Respublikasına qayıtmaq üçün Turkiyə Respublikasına keçmək istəyərkən orda onun əri Musayev Orxan Zakir oğlunu saxlamışlar, onu və uşaqlarını isə orda olan geri göndərmə məntəqəsində saxlamışlar. 2024-cü ildə fevral ayında Azərbaycan Dövlətinin köməkliyi ilə o və uşaqları Azərbaycana gətirilmişlər. Həmin vaxtdı Suriya Respublikasında doğulan 4 nəfər uşağının heç bir sənədi olmadığından 4 nəfər uşağı Azərbaycan Dövləti tərəfindən qayıdış vəsiqələri ilə təmin edilmişlər. Belə ki, həmin uşaqları Suriyada ev şəraitində doğulduğundan onlara xəstəxana tərəfindən doğum haqqında şəhadətnamə verilməmiş və bu səbəbdən uşaqlar sənədsiz olmuşdur. Hazırda 4 nəfər uşağının Azərbaycan Dövləti tərəfindən verilmiş qayıdış vəsiqələrindən başqa heç bir sənədləri yoxdur. Azərbaycana qayıdandan sonra o və az yaşlı uşaqları bir müddət Bakı şəhərində saxlanılmaqla ƏOŞ X2 qalmaqla onara dövlət tərəfindən tibbi-sosial xidmətlər göstərilmiş, habelə həkimlər tərəfindən tibbi müayinələrdən keçmişlər. Bundan sonra onu və uşaqlarını ünvan 2 ünvanda yaşayan qaynı X25 və qaynanası X1-salamat təhvil vermişlər. Gəncə çəhərinə gələndən sonra da, o Suriya Ərəb Respublikasında doğulan 4 nəfər az yaşlı uşağına doğum şəhadətnaməsi almaq üçün 1 saylı Gəncə regional ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etsə də, ərizə təmin edilməmiş və ona izah edilmişdir ki, uşaqlarının doğum faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etsin. Bundan sonra o uşaqlarımın doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etsə də, məhkəmə əsassız olaraq ərizəsini təmin etməmişdir. Bundan əlavə, həqiqətən də Suriya Ərəb Respublikasında doğulan 4 nəfər az yaşlı uşağı ev şəraitində doğulmuşlar və bunu ərizəsində də, göstərmişdir. Ancaq, birinci instansiya məhkəməsinin iclasında ifadə verərkən orda işləyən məhkəmə işçisi ona bildirmişdir ki, “elə ifadə versən ərizən təmin edilməyəcək Deki Suriyada uşaqlar xəstəxanada doğulub ancaq bu barədə olan sənədlər Suriyada qalıb. Onda ərizən təmin olunacaqdır”. O da aldanıb məhkəmədə elə ifadə vermişdir və məhkəmədə bu ifadəsini qətnamədə yazaraq əsassız olaraq ərizəsini təmin etməmişdir. Hansı ki, işdə uşaqlarının göstərdiyi tarixlərdə Suriya Ərəb Respublikasının İqlip şəhərində doğulmasını təsdiq edən mötəbər sübutlar var. Əgər, olmasaydı Azərbaycan Dövləti onu və az yaşlı uşaqlarını bir Azərbaycan vətəndaşları kimi ölkəyə gətirməzdi. Ancaq, məhkəmənin bu qətnaməsi az yaşlı uşaqlarımı ömrü boyu şəxsiyyətlərini təsdiq edən sənədsiz qoymaqla, onları bağça və təhsil müəsissələrində təhsil almaq kimi Konstitusion hüquqlarını da, pozmuşdur. Ona görə də, apellyasiya şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və ərizəçinin göstərdiyi halları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun ata evi ilə bitişik qonşularının qızı olub, həmin vaxtlardan onu oğluna almaq istəmişdir. Sonra oğlu Musayev Orxan Zakir oğlu ilə ailə həyatı qurmuşlar. Onların nikahlarını rəsmi qeydiyyata aldrımaq üçün qeydiyyat şöbəsinə müraciət etmişlər, lakin elə həmin ərəfələrdə də Suriya Respublikasına çıxıb getmişlər və nikahlarını rəsmi olaraq qeydiyyata alındıra bilməmişlər. Oğlu ilə ailə həyatı quran ərizəçinin hazırda 5 uşaqları vardır. Böyük nəvəsi olan Həmzə Gəncə şəhərində doğulduğu üçün ona doğum haqqında şəhadətnamə verilmişdir. Nəvəsinin 2 yaşı olan zaman ərizəçi və ailəsi Suriya Respublikasının İqlib şəhərinə getmişlər. Daim olaraq ünsiyyətləi və əlaqələri olmuşdur. Buna görə də sonradan da hər dəfə nəvələrinin doğulması barədə məlumatı olmuşdur. Ancaq, hansı tarixlərdə doğulduqlarını bilməmişdir.

14. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında şahid qismində dindirilmiş X25 ifadə verərək bildirmişdir ki, Ərizəçi qardaşının arvadıdır. Onlar ailə qurduqdan sonra Gəncə şəhərində olan zaman Həmzə adında uşaqları doğulmuşdur. 2013-cü il tarixdə Suriya Respublikasına köçmüşlər. Onlar orada yaşadıqları müddətdə daim əlaqələri olmuşdur. Daha sonra qardaşının Suriya Respublikasında yaşadıqları müddətdə 3 qız və 1 oğlan övladı doğulmuşdur.

15. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 25.4. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz.

17. Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.

18. Maddə 31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

19. Maddə 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

20. Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.

26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

30. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

31. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

32. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

33. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.

34. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

37. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

43. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

44. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi ərizəsində doğum faktının müəyyən edilməsini tələb etdiyi uşaqlarının ev şəraitində doğulmasını və buna dair tibbi sənədlərin olmamasını bildirsə də, məhkəmə iclasında verdiyi izahatında uşaqların Suriya respublikasında xəstəxanada doğulduğunu, doğuma dair xəstəxana tərəfindən tibbi sənədlərin verildiyini, lakin Suriyadan çıxarkən həmin səndləri özləri ilə götürmədiklərini bildirmişdir. Halbuki ərizəçi ərizəsində sözügedən uşaqlarının Suriya respublikası İqlip şəhərində ev şəraitində doğulmaları faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi ərizəçinin ərizəsində göstərdiyi xüsusatlarla məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatlar ziddiyyət təşkil edir. Həmçinin ərizəçi tərəfindən məhkəməyə doğum faktının mövcudluğunu təsdiq edən heç bir mötəbər və təkzibedilməz sübutlar təqdim edilməmişdir.

45. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə əsaslı deyildir.

46. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

47. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

48. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

49. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

50. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

51. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

52. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

53. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.20424-cü il tarixli ƏƏSMN tabeliyində SXA-nin ƏOŞ X24 Mərkəzi tərəfindən tərtib olunmuş aktdan görünür ki, SXAnin 13 fevral 2024-cü il tarixli 3-17-3/3-1-2026/2024 saylı əmrinə əsasən Suriya Ərəb Respublikasından gətirilmiş xx.xx.2024-cü ildə reabilitasiya məqsədilə ƏOŞ X2 yerləşdirilən Ərizəçi, X22, X23, X15, X16, Musayev Xalid Orxan oğlu sosial-psixoloji qiymətləndirilmiş və 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimləri tərəfindən müayinə olunaraq, qan analizləri müayinələri aparılmış, mərkəz tərəfindən tibbi-sosial xidmətlər göstərilmiş və ünvan 1 ünvanda yaşayan qaynı və qaynanası X25, X1-salamat təhvil verilmişdir.

54. İş materiallarında olan xx.xx.2024-cü il - xx.xx.1994-cü ildə doğulduğu qeyd edilən Ərizəçi AA ******* saylı, xx.xx.2013-cü ildə doğulduğu qeyd edilən X17 AA ******* saylı, xx.xx.2017-ci ildə doğulduğu qeyd edilən X10 AA ******* saylı, xx.xx.2016-cı ildə doğulduğu qeyd edilən X18 AA ******* saylı, xx.xx.2019-cü ildə doğulduğu qeyd edilən X11 AA ******* saylı və xx.xx.2021-ci ildə doğulduğu qeyd edilən X13 AA ******* saylı qayıdış şəhadətnamələri verilmişdir.

55. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

56. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

57. İşin materiallarından görünür ki, ərizəçinin tələbinin əsasını qızı Aişənin xx.xx.2016-cı il tarixdə, qızı Məryəmin xx.xx.2017-ci il tarixdə, qızı Həlimənin xx.xx.2019cu il tarixdə və oğlu Xalidin xx.xx.2021-ci il tarixdə Suriya Respublikası İqlip şəhərində ev şəraitində doğulmaları faktının məhkəmə qaydasında müəyyən olunması təşkil edir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir, yəni; - müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır; - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilməlidir; - ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir; - təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır.

59. Azərbaycan Respublikasının MPM-in 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

60. Məhkəmə kollegiyası qeyd edir ki, doğum fiziki şəxsin hüquq qabiliyyətinin əsasını təşkil elir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir. (MM-nin 25.2-ci maddəsi) Beləliklə də, doğumun bir şəxs üçün zəruri hüquqi fakt olduğu mübahisəsizdir. Doğum özlüyündə hüquqi fakt olduğu üçün onun hüquqi qeydiyyatı da mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə də qanunvericilik doğumun qeydiyyatını müəyyən etmişdir. (Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələri)

61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilənlərə əsasən ərizəçinin uşaqlarının doğum faktının müəyyən edilməsinin onun üçün hüquqi əhəmiyyət kəsb etməsini, ərizəçinin və uşaqları – xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X14, xx.xx.2019-cü il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X12 barəsində rəsmi sənədləri (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və s.) olmadığı üçün Azərbaycan Respublikasına daxil ola bilmələri üçün qayıdış vərəqəsinin verilməsi, ölkəyə daxil olduqdan sonra tibbi müayinələrdən keçmələri, daha sonra isə qeydiyyat orqanına müraciətlər etməsinə, yekun da məcbur olaraq ərizəçinin uşaqlarının doğum faktının müəyyən edilməsi üçün hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etmək etməsi, ümumilikdə ərizəçinin tanınmasını xahiş etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair bütün cəhdləri etməsinə və bu barədə məhkəməyə kifayət qədər sübutlar təqdim etməsinə baxmayaraq, doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün MPM-nin 308-ci və 310-cu maddəsi ilə müəyyən edilmiş şərtlərə əməl edildiyinə düzgün hüquqi qiymət verməmişdir.

62. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri)

63. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir.

64. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

65. Belə ki, şahidlərdən X7 izahatında göstərmişdir ki, Ərizəçi onun ata evi ilə bitişik qonşularının qızı olub, həmin vaxtlardan onu oğluna almaq istəmişdir. Sonra oğlu Musayev Orxan Zakir oğlu ilə ailə həyatı qurmuşlar. Onların nikahlarını rəsmi qeydiyyata aldrımaq üçün qeydiyyat şöbəsinə müraciət etmişlər, lakin elə həmin ərəfələrdə də Suriya Respublikasına çıxıb getmişlər və nikahlarını rəsmi olaraq qeydiyyata alındıra bilməmişlər. Oğlu ilə ailə həyatı quran ərizəçinin hazırda 5 uşaqları vardır. Böyük nəvəsi olan Həmzə Gəncə şəhərində doğulduğu üçün ona doğum haqqında şəhadətnamə verilmişdir. Nəvəsinin 2 yaşı olan zaman ərizəçi və ailəsi Suriya Respublikasının İqlib şəhərinə getmişlər. Daim olaraq ünsiyyətləi və əlaqələri olmuşdur. Buna görə də sonradan da nəvələrinin doğulması barədə məlumatı olmuşdur. Ancaq, hansı tarixlərdə doğulduqlarını bilməmişdir.

66. Digər şahid X25 isə izahatında göstərmişdir ki, Ərizəçi qardaşının arvadıdır. Onlar ailə qurduqdan sonra Gəncə şəhərində olan zaman Həmzə adında uşaqları doğulmuşdur. 2013-cü il tarixdə Suriya Respublikasına köçmüşlər. Onlar orada yaşadıqları müddətdə daim əlaqələri olmuşdur. Daha sonra qardaşının Suriya Respublikasında yaşadıqları müddətdə 3 qız və 1 oğlan övladı doğulmuşdur.

67. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin qayınanası olan şahid X4 və qaynı olan X19 ifadələrini mötəbər sübut kimi qəbul edilməlidir.

68. Həmin şahidlərin verdikləri ifadə doğum faktının müəyyən olunması üçün yetərli sübutdur.

69. Ərizəçi tərəfindən isə məhkəmə kollegiyasına hər hansı əlavə sübut təqdim olunmamışdır.

70. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

71. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

72. Həmçinin sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə ərizəçinin istinad etdiyi faktik hallara, yəni tələbin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və tələbi rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

73. “Məhkmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

75. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

76. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

77. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

78. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

81. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

82. Beləliklə, Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, ərizəçinin, onun nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək şahidlərin ifadələrini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin sübutlar mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə Kollegiyası təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, həmin sübutlarla ərizəçinin xx.xx.2016-cı il tarixdə bir qız uşağının, xx.xx.2017-ci il tarixdə bir qız uşağının, xx.xx.2019-cu il tarixdə bir qız uşağının və xx.xx.2021-ci il tarixdə bir oğlan uşağının Suriya Ərəb Respublikasının İqlib şəhərində ev şəraitində doğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə uşaqlar üçün doğum haqqında şəhadətnamənin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, ərizədə uşaqların soyadı, adı və ata adı qeyd edilsə də, həmin faktın xüsusi icraat qaydasında müəyyən edilməsi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır.

83. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə qismən təmin edilməlidir.

84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-450/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Ərizə qismən təmin edilsin. Ərizəçi Suriya Ərəb Respublikasının İqlib şəhərində ev şəraitində xx.xx.2016-cı il tarixdə bir qız uşağının, xx.xx.2017-ci il tarixdə bir qız uşağının, xx.xx.2019-cu il tarixdə bir qız uşağının və xx.xx.2021-ci il tarixdə bir oğlan uşağının doğması faktı müəyyən edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar