Məhkəmə qərarları › İş №2(104)-182/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-182/2024

05.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-182/2024 05.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və fərdi yaşayış evinin sökülməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(042)-65/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13/1 saylı qərarı ilə verilmiş Gədəbəy rayonu Düzyurd kəndində yerləşən JN-424 KOD 50515018 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı əsasında ona məxsus olan 0,25 ha əkin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X2 çıxarılması və həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən tikilmiş fərdi yaşayış evinin onun hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı ərizə verərək, cavabdeh X2 əsl Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmişdir. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13/1 saylı qərarı ilə verilmiş Gədəbəy rayonu Düzyurd kəndində yerləşən JN-424 KOD 50515018 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı əsasında ona məxsus olan 0,25 ha əkin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən tikilmiş fərdi yaşayış evinin onun hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(042)-65/2023 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,1234 hektaradək hissəsindən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13/1 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu Düzyurd kəndində 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-424 KOD 50515018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. Sözügedən torpaq sahəsinin 0.25 ha hissəsi əkinçilik üçün nəzərdə tutulmuşdur. Cavabdehlər ona məxsus torpaq sahəsinin 0.25 ha hissəsini zəbt etmişlər. Həmçinin Cavabdeh2 torpaq sahəsinin üzərində ev inşa etdirmişdir. Dəfələrlə cavabdehlərdən ona məxsus torpaq sahəsindən çıxmalarını tələb etsə, lakin müsbət nəticə olmamışdır. Cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etməkləri onun mülkiyyət hüquqlarını pozur. İş materiallarında olan: JN-424 KOD 50515018 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndi ərazisində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəsissləri tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, İddiaçı məxsus Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən torpaq sahəsinin 0,1234 hadək hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Apellyasiya icraatı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9672 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Gədəbəy rayonu Düzyurd kəndində yerləşən torpaq sahəsinin 0.1234 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı işə baxılarkən məhkəmə iclasında iştirakı təmin olunmamışdır və bu səbəbdən də iddia tələbinin rədd olunmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisəni həll edərkən mütəxəssis rəyinə istinad edib və iddianın təmini üçün həmin rəyi əsas götürüb. Lakin məhkəmənin həmin mütəxəssis rəyinə istinad edib, iddianı təmin etməsi düzgün deyil. Çünki rəy verən mütəxəssis yalan rəy verməyə görə məsuliyyət daşıması barədə xəbərdar olunmamışdır. Bu səbəbdən də rəy verən mütəxəssis istədiyi formada və məzmunda rəy verə bilər. İş üzrə müvafiq ekspertiza təyin olunmalıdır. Bundan əlavə, mübahisəli torpaq sahəsindən 35 ildən çoxdur ki, istifadə edir və orada ev inşa etdirmişdir. Bir xüsusat da nəzərə alınmalıdır ki, yaşadıqları rayonun ərazisi ilə bağlı müvafiq elektron xəritə tərtib olunub və həmin xəritədə sürüşmələr vardır. Bu səbəbdən də rayon ərazisində çoxlu sayda torpaq mübahisələri yaranıb. Hesab edir ki, ekspert araşdırma zamanı köhnə xəritədən istifadə etsə, daha obyektiv araşdırma aparmış olacaq. Məhkəmə qətnaməsindən də aydın olur ki, mübahisəli torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin paylı mülkiyyətindədir və mülkiyyətçilər arasında naturada bölgü aparılmayıb. Belə olan halda iddiaçının tələbi necə təmin edilə bilər. İşə baxan birinci instansiya məhkəməsi isə mübahisəni araşdırarkən digər mülkiyyətçilərin fikrini nəzərə almamış, habelə onları tərəf kimi işə cəlb etməmişdir. Mübahisə predmeti olan torpaq sahəsi həqiqətən də iddiaçının mülkiyyətindədirsə, sonuncu nəyə görə uzun müddət ərzində həmin ərazidən istifadə ilə bağlı ona etirazını bildirməmişdir. Halbuki qanunvericiliyə görə əgər istifadəçi daşınmaz əmlaka 10 il müddətində mübahisəsiz sahiblik həyata keçiribsə, həmin əmlak, o, şəxsin mülkiyyəti sayılır. Apellyasiya şikayəti üzrə izahatlar: 21 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı məxsus torpaq sahəsi onun evinin həyatyanı torpaq sahəsinin yanında yerləşir. Həmin torpaq sahəsi aqrar islahat zamanı ona verilmişdir, torpaq sahəsinin üzərində yerləşən ev isə islahatdan qabaq inşa edilmişdir. İddiaçı ilə aralarında razılaşma olmuşdur ki, ona torpaq sahəsi alıb verəcək, lakin iddiaçı şəhər ərazisində torpaq sahəsi istəyir. Bundan əlavə, digər Cavabdeh2 tərəfindən inşa edilmiş ev İddiaçı məxsus torpaq sahəsinin bir hissəsinin üzərində yerləşir. 21 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh1 ona məxsus torpaq sahəsinin 0.12 hadan çox hissəsini zəbt etmişdir. Ona məxsus torpaq sahəsinin bir hissəsinin üzərində isə digər Cavabdeh2 tərəfindən ev inşa edilmişdir, lakin həmin cvabdehlə öz aralarında razılığa gəliblər. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin dəlillərindən, eləcə də onun apellyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “Cavabdeh1 İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,1234 hektaradək hissəsindən çıxarılması” hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13/1 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu Düzyurd kəndində 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-424 KOD 50515018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. İddiaçı cavabdehlərin həmin torpaq sahəsini zəbt etdiklərini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə mülkiyyətin müdafiəsi ilə bağlı yaranmış mübahisədir və mübahisəyə mülkiyyətin müdafiəsi üzrə tətbiq edilməli olan normalar əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsindən istifafə edib-etməməsinin aydınlaşdırılması üçün apellyasiya baxışı zamanı iş üzə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9672 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus Gədəbəy rayonu Düzyurd kəndində yerləşən torpaq sahəsinin 0.1234 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Cavabdeh iş üzrə keçirilmiş ekspert rəyinin düzgün olmadığını iddia etsə də, rəyi şübhə altına alacaq hər hansı bir əsaslı arqument irəli sürə bilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahəsinin ölçü planı ilə yeləşmə kordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyətləri aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı bir şübhə yaratmamışdır. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdən müəyyən olunur ki, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384.0.1, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(042)-65/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh1 İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,1234 hektaradək hissəsindən çıxarılması” hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar