Məhkəmə qərarları › İş №2(104)-1824/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1824/2025

03.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1824/2025 03.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Açar sözlər: yaşayış sahəsinə köçürülmə tələbi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Məmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçı(lar)) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdeh(lər)) qarşı “azyaşlı uşaqları ilə birlikdə evə küçürülmə, maneələrə son qoyulması, fərdi yaşayış evindən, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərdən birgə istifadə olunması” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(061)-812/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Nikah haqqında 28 iyun 2014-cü il tarixli AZ-İ seriyalı 949179 nömrəli şəhadətnaməsinə əsasən, İddiaçı1 ilə X1 arasında 26 iyun 2017-ci il tarixdə nikah bağlanmışdır.

2. Torpağın mülkiyyətinə verilməsinə dair JN-180F KOD61109005 şəhadətnaməyə əsasən Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli 2 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, X12 və İddiaçı1 Tərtər rayonu Sarov kəndində fərdi yaşayış evinin tikintisi üçün 0,26 ha torpaq sahəsi verilmişdir;

3. İddiaçıların köçmək istədikləri mübahisəli yaşayış sahəsi Tərtər rayon Sarov kəndində yerləşən 110 kv.metr, 3 otaqdan ibarət fərdi yaşayış evidir.

4. İddiaçı1 doğulduğu vaxtdan, yəni 1988-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamışdır.

5. İddiaçılar 26 iyun 2014-cü ildə nikah bağlamışlar, İddiaçı2 ərinin və cavabdehlərin olduğu evə köçərək onlarla birlikdə yaşamışdır. İddiaçıların bu nikahından xx.xx.2015-ci ildə X13, xx.xx.2016-cı ildə X6 və xx.xx.2021-ci ildə X9 doğulmuşdur.

6. İddiaçı1, arvadı və övladları ilə mübahisəli yaşayış sahəsində qeydiyyatdadırlar (Tərtər rayon Sarov kənd İƏD-i üzrə nümayəndəliyinin, 90 saylı xx.xx.2024-cü il tarixli arayışı).

7. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrinin **********59- 10301 reyestr nömrəli çıxarışından görünür ki, Tərtər rayonu Sarov kəndində yerləşən torpaq sahəsinin 1/4 hissəsi İddiaçı1 və 3/4 hissəsi isə Cavabdeh1 xüsusi mülkiyyətindədir. Ümumi sahəsi 118.8 kv.m olan fərdi yaşayış evi isə tam olaraq Cavabdeh1 xüsusi mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azadılmasına dair ərizə verərək, onların uşaqları ilə birgə Tərtər rayon Sarov kəndində yerləşən mərhum babasından miras qalmış ümumi sahəsi 110 kv.metr, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri, yaşamaq üçün bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onların uşaqları ilə birgə istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə İddiaçı2 28 iyun 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından 01 may 2015-ci il tarixdə X13, 13 iyul 2016-cı tarixdə X6 və 14 iyun 2021-ci tarixdə X9 anadan olmuşdur. Cavabdehlərdən Hacıyev X11 atası, Cavabdeh2 isə anasıdır. Tərtər rayonu Sarov kəndində yerləşən ailələrinə məxsus ümumi sahəsi 110 kv.m, 3 (üç) otaqdan ibarət fərdi yaşayış evindən cavabdehlər onu və arvadı İddiaçı2 uşaqları ilə birlikdə zorla evdən çıxarmışlar. Həmin evdə qeydiyyatda olsalar da, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində yaşamaqdan məhrum olmuşlar və bu səbəbdən qonşuluqda kirayədə yaşamalı olmuşlar.

10. Cavabdehlər məhkəmə iclasında ərizə təqdim edərək bildirmişlər ki, iddiaçıların bildirdikləri ilə razı deyillər, yazdıqları şər və böhtandır. Onların heç kim evdən çıxarmamışdır. Demək olar ki, gəlinlə aralarında ara-sıra mübahisələr olmuşdur. Belə mübahisələrə əhəmiyyət verməmişlər ki, yaşlaşdıqca düzələrlər. Gəlinləri Nazənin başqa övladlarının ümumiyyətlə onlara gəlmələrinə etiraz etmişdir. Bağ sahələrindən meyvə dərmələrini belə istəməmişlər. İddiaçılar onlardan üzr istəyəcəkləri təqdirdə gələcəkdə həmin evdə yaşamalarına etirazları olmayacağını bildirmişlər.

11. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 9 avqust 2024-cü il tarixli 2(061)-812/2024 nömrəli (hakim Kamil Rzayev) qətnaməsi ilə, iddia təmin edilərək, iddiaçıların uşaqları ilə birgə Tərtər rayon Sarov kəndində yerləşən iddiaçının mərhum babasından miras qalmış ümumi sahəsi 110 kv.metr, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri, yaşamaq üçün bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydalarının ümumi əsaslarla müəyyən edilməsi, yəni evin bir otağının onların uşaqları ilə birgə istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunmasının müəyyən edilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 cavabdehlərdən üzr istəyərək, bir daha onlara qarşı hörmətsizlik etməyəcəklərini və iddialarının təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahat vermiş cavabdehlər iddiaçılara onlardan üzr istəmələrini və gələcəkdə onların yaşadıqları evdə yaşamalarına etiraz etmədiklərini bildirmişlər.

13. Mülki işin materialları ilə də aydın olmuşdur ki, mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmədiyindən iddiaçıların özlərinə münasibətdə tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci və MPM-in 13cü maddələrinin tələblərinə görə analogiya əsasında dövlət mənzil fondunda aid olan normalar tətbiq olunmalıdır.

14. İddiaçı ilə cavabdeh arasında yaşayış evinə istifadə hüququ ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilədək yarandığından və qeyd olunan tarixdə analoji münasibətlərin tənzimləyən norma kimi 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri mövcud olmuşdur. Həmin normalar dövlət və ictimai mənzil fonduna daxil olan mənzillərdən istifadəni tənzimləmiş, normalara görə yaşayış sahəsinin sahibi, mənzilin mülkiyyətçisi deyil, daimi istifadəçisi, kirayəçisi (icarəçisi) olmuşdur. Həmin normaların məzmunu hazırkı münasibətlər üzrə mövcud olan mübahisəli evin statusu ilə daha çox uyğundur və mahiyyətcə biri-birinə ziddiyyət təşkil etmir. Ona görə də mübahisənin həllinə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri tətbiq edilməlidir.

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həmin dövrdə qüvvədə olan 53-cü maddəsinin 1-ci, 2-ci və 3-cü abzaslarında göstərilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb, onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin 3-cü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

16. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həmin dövrdə qüvvədə olan 54-cü maddəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

17. Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev başa düşülür.

18. Mülki işin materialları ilə aydın olur ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 həmin evdə qeydiyyatda olmaqla orada yaşamışlar. Onlar evdən məhrum edilməmiş, cavabdehlərlə aralarında olan münasibətlər pisləşdiyindən evə gəlmələri mümkün olmamışdır.

19. İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 İ dərəcəli vərəsəsi olduğundan mübahisəli evdə pay hüququ olmaqla, yaşayış və istifadə hüququ mövcuddur.

20. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçılar onun oğlu və gəlinidir. Sonuncular onun digər övladlarının evə gəlmələrinə etiraz edərək narazılıqlar yaratmış və bu səbəbdən övladları ilə aralarındakı münasibətlər pozulmuşdur. İddiaçılarla birlikdə yaşamaq istəmir. Mübahisəli fərdi yaşayış evi mərhum anası X3 miras qalmışdır. Sağ ola-ola İddiaçı1 birinci növbə vərəsə hesab edilməsi yolverilməzdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2075/2024 nömrəli xx.xx.2024-cü il qətnaməsi ilə (hakimlər X10 - sədrlik edən və məruzəçi, X4 və X5) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 9 avqust 2024cü il tarixli 2(061)-812/2024 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmuş, İddiaçı1 Cavabdeh1 mülkiyyətində olan Tərtər rayonu Sarov kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarıldığından, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

25. Evə köçürülmə tələbinə dair işlərə baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır. Bu hallar aşağıdakılardan ibarətdir: şəxsin köçmək istədiyi yerdə yaşaması, şəxsin yaşadığı yerdən məhrum edilməsi, məhrum edilmənin qanuni olubolmaması.

26. Cavabdehlərə qarşı iddia tələbi İddiaçı1 (cavabdehlərin oğlu) və İddiaçı2 (cavabdehlərin gəlini) tərəfindən qaldırılmışdır. Ona görə də mübahisənin həlli ilə bağlı iddiaçılara münasibətdə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalıdır.

27. İddiaçı1 münasibətdə kollegiya hesab etmişdir ki, sonuncunun iddiası əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi bu nəticəyə gəlsə də, iddianın təmin olunmasının əsası kimi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 cavabdehlərin birinci növbə vərəsəsi olduğundan evdə pay hüququ olmaqla yaşayış və istifadə hüququ mövcuddur. Halbuki sonuncunun fərdi yaşayış evindən istifadə hüququnun yaranmasının əsası vərəsəlik hüquq münasibətlərindən irəli gəlmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı1 doğulduğu vaxtdan, yəni 1988- ci ildən mübahisəli fərdi yaşayış evində yaşamışdır. Belə olan təqdirdə ona münasibətdə iddia tələbinə həmin dövrdə qüvvədə olan 8 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən hüquqi qiymət verilməlidir. Çünki MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

28. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

29. İddiaçı1 mübahisəli yaşayış sahəsindən 1988-ci ildən hazırkı vaxtadək fasiləsiz yaşaması ona dəlalət edir ki, sonuncu fərdi yaşayış evindən istifadə hüququ əldə etmişdir. Yəni İddiaçı1 daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməmiş, eləcə də həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçməmişdir. Bu da bir daha onu deməyə əsas verir ki, onun iddia tələbi bu hissədə əsaslıdır. Ona görə də o, mübahisəli fərdi yaşayış evinə köçürülməlidir.

30. Yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması ilə bağlı kollegiya qeyd etmişdir ki, fərdi yaşayış evinə köçürülmə özlüyündə tələbin bu hissəsini də özündə etiva edir.

31. Yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onun istifadəsinə verilməsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən olunması mülkiyyətçiyə aid hüquqdur. Fərdi yaşayış evinədən istifadə qaydaları ilə bağlı əgər gələcəkdə mübahisə yaranarsa, onda bu halda məhkəməyə müraciət oluna bilər.

32. Azyaşlı uşaqlarla birlikdə fərdi yaşayış evinə köçürülmə hissədə isə kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.

33. İddiaçı2 münasibətdə isə kollegiya qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı1 ilə İddiaçı2 28 iyun 2014cü il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və sonuncu İddiaçı1 valideyinlərinin istifadəsində və sahibliyində olan (14 noyabr 2024-cü il tarixindən Cavabdeh1 mülkiyyətindədir) Tərtər rayonu Sarov kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı2 mübahisəli evə gəlin köçdüyü zaman qüvvədə olan mənzil qanunvericiliyin tələbləri baxımından sonuncu yaşayış sahəsindən istifadə hüququ əldə etmiş sayılmır. Çünki İddiaçı2 yaşayış sahəsinin hazırkı mülkiyyətçisinin ailə üzvü hesab edilmir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

34. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.2, 157.4-cü, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87 123-cü, 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad edilmişdir.

Kassasiya instansiya məhkəməsində icraat

36. İddiaçı2 kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək (vəkil X2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-2127/2025 nömrəli qərarı ilə, kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2075/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

38. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi İddiaçı1 evdən istifadə etmək hüququnu tanıyaraq onun mübahisəli yaşayış sahəsinə köçürülməsini qət etmişdir. Bununla belə, məhkəmə uşaqların həmin evə köçürülməsi tələbini təmin etməmiş və bu hissədə mövqeyini belə əsaslandırmışdır ki, “Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.”

39. Apellyasiya məhkəməsinin bu məzmunda əsaslandırmasından uşaqların hansı səbəbdən atalarının yaşadığı yerə köçürülmədiyi aydın deyil. Belə ki, İddiaçı1 uşaqların valideynidir, onların ailə münasibətləri faktiki və ya hüquqi olaraq aradan qalxmamış, uşaqların yaşayış yeri ilə bağlı valideynlər arasında mübahisə aşkar edilməmiş, yaxud uşaqlar məhkəmə qərarı ilə analarının himayəsinə verilməmişlər. Belə olan halda İddiaçı1 uşaqlarının onunla birlikdə yaşamaları barədə tələbi qanunvericiliyə uyğun qaydada həll edilməlidir.

40. Məhkəmə tərkibi iddianı İddiaçı2 aid hissədə evdən istifadə hüququ kontekstində yoxlasa da nəzərə almamışdır, həmin iddiaçı ərizəsində uzun müddət cavabdehlərin razılığı əsasında ailəsi ilə birlikdə yaşadığı evdən iradəsi xaricində çıxarıldığını bildirir. Eyni zamanda Cavabdeh2 işdə olan ərizəsində qeyd olunmuşdur ki, evdə baş verən münaqişə zəminində polis əməkdaşı iddiaçıları evdən çıxarmışdır.

41. Bu məlumatlar fonunda İddiaçı2 tələbinin sahibliyin müdafiəsinə dair normalar əsasında araşdırılması da zəruri olmuşdur.

42. Kollegiya onu da qeyd edir ki, iddiaçılar fərdi yaşayış evindən istifadə qaydası ilə bağlı mübahisə olduğunu bildirərək köçürüldükləri evin bir otağının onların uşaqları ilə birgə istifadələrinə verilməsini, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunmasını xahiş etmişlər.

43. Apellyasiya məhkəməsi istifadə qaydasının müəyyən edilməsi barədə tələbin mülkiyyətçiyə aid olduğunu və mübahisə olarsa gələcəkdə buna baxıla biləcəyini bildirsə də bunun səbəbini əsaslandırmamış, qanuni əsasını göstərməmişdir. Halbuki, eyni evdə yaşamaq hüququ olan şəxslər arasında istifadə qaydası ilə bağlı ixtilaf olduqda onlardan hər hansı biri bu qaydanın məhkəmə tərəfindən müəyyən olunmasını tələb edə bilər. Hazırkı işin tərəfləri arasında belə bir mübahisə artıq mövcuddur.

44. Odur ki, yeni apellyasiya baxışında məhkəmə kollegiyası uşaqların və İddiaçı2 mübahisəli evə köçürülməsi qənaətinə gələcəyi təqdirdə bölünməz olan bu tələbə yenidən baxmaqla iddiaçıların uşaqları ilə birlikdə evdən istifadə qaydasını müəyyənləşdirməklə həmin ixtilafı da həll etməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları

45. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, bildirmişdir ki, mübahisəli fərdi yaşayış evini özü anasının torpağında tikmişdir. Həmin zaman iddiaçı daha doğulmamışdır. Belə ki, iddiaçılar uşaqları ilə birlikdə ona məxsus olan fərdi yaşayış evində yaşamışdır. Onlar iddiaçları zorla evdən çıxartmamışlar. Çünki, iddiaçı olan oğlu onun dayısı oğlu ilə razılaşaraq sonuncunun yanına işləməyə getmişlər və həmin zamanda dayısı oğlugildə qalmışlar. Lakin, daha sonra onlar arasında mübahisə yarandığı üçün oğlu yanına gələrək yenidən ona məxsus olan evdə yaşamaq istəmişlər. İddiaçıların dedikləri yalnız şər və böhtandır. İddiaçıların dedikləri kimi onları heç kim evdən çıxartmamışdır. Demək olar ki, gəlinlə aralarında arasıra mübahisələr olmuşdur. Gəlinləri Nazənin başqa övladlarının ümumiyyətlə onlara gəlmələrinə etiraz etmişdir. Bağ sahələrindən meyvə dərmələrini belə istəməmişlər. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

46. Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək və Cavabdeh1 izahatında göstərdiyi hallara oxşar izahat verərək, bildirmişdir ki, onun qızına görə iddiaçılarla, xüsusilə də gəlini olan İddiaçı2 ilə ailədaxili münaqişələri olmuşdur. Hətta ona qarşı iddiaçı tərəfindən fiziki təsirlər də olmuşdur. Lakin, həmin zaman gəlini barədə polis orqanına şikayət etməmişdir. Daha sonra gəlinləri ilə mübahisə olduğu üçüb polis orqanının əməkdaşları tərəfindən evdən çıxarılmışlar. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

47. İddiaçı1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında bildirmişdir ki, cavabdehlər daimi olaraq onlara qarşı şiddət göstərmiş, ona və gəlinlərinə qarşı təhqirlər etmişdir. Hətta bununla bağlı məhkəmə çəkişməlir də olmuşdur. Heç bir əsaslı səbəb olmadan valideyinləri onları evdən çıxartmışdır. Başqa yaşayış yerləri olmadığından hazırda ailəsi ilə birlikdə qonşuluqdakı evdə kirayədə yaşayırlar. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

48. İddiaçı2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında bildirmişdir ki, 2014-cü ildən həmin evə gəlin köçmüş və orada yaşadığı müddətdə üç uşağı anadan olmuşdur. Əri onunla boşansın deyə onları evdən çıxartmışlar. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

49. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

50. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

51. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

52. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

53. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.

54. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

55. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

56. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

57. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

58. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

59. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

60. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

61. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu

62. Maddə 2. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

63. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

68. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

69. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

70. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

71. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

72. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

73. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

74. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

75. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

76. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

78. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

79. Məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuş göstərişlərə də əməl edilməlidir.

80. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

81. Bununla bağlı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh1 qətnaməni tam mübahisələndirir. Lakin, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin əvvəlki baxışında qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsini mübahisələndirilən hissədə, yəni – İddiaçı2 və azyaşlı uşaqlara, o cümlədən evdən istifadə qaydasının müəyyən edilməsinə – aid hissələrdə yoxlamış və qətnamə həmin hissələrdə ləğv edilərək, yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Göründüyü kimi, digər İddiaçı1 münasibətdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilməmiş və artıq qanuni qüvvəsini almışdır. Qeyd edilən hallara əsasən, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız – İddiaçı2 və azyaşlı uşaqlara, o cümlədən evdən istifadə qaydasının müəyyən edilməsinə – aid hissələrdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

82. Məhkəmə hesab edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

83. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

84. Birinci instansiya məhkəməsi tələbi təmin edərkən ona əsaslanmışdır ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 həmin evdə qeydiyyatda olmaqla orada yaşamışlar. Onlar evdən məhrum edilməmiş, cavabdehlərlə aralarında olan münasibətlər pisləşdiyindən evə gəlmələri mümkün olmamışdır. İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 İ dərəcəli vərəsəsi olduğundan mübahisəli evdə pay hüququ olmaqla, yaşayış və istifadə hüququ mövcuddur.

85. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı2 fərdi yaşayış evi üzərindəki sahibliyinin özbaşınalıqdan qorunması üçün iddia qaldırmışdır. Bu tələbi irəli sürən iddiaçı əşya üzərində qanuna və ya müqaviləyə əsasən hüquqa malik olduğunu sübuta yetirməyə borclu deyil.

86. Belə ki, əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr– vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar– geriqaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1). 37. Bu iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər.

87. Hüquq haqqında mübahisələrdə İddiaçı2 mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını – mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu səbəbdən vindikasiya iddiasını irəli sürən şəxs MM-in 157.2-ci maddəsinə əsasən ilk növbədə özünün mülkiyyətçi olduğunu, yaxud MM-in 288.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanı özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edən girov saxlayan özünün girov hüququnu sübut etməlidir. Əks halda həmin normalara söykənən tələblər təmin edilə bilməz.

88. Göründüyü kimi, hüquq haqqında mübahisələrdə tələb edilən əşya üzərində tərəflərin hüquq sahibi olub-olmaması önəm kəsb edir və iddianın həllinə təsir göstərir.

89. Bununla belə, sahibliyin müdafiəsi məqsədilə qaldırılan iddialar mülki qanunvericilikdə hüquq haqqında mübahisə kimi yox, özbaşınalığın qarşısının alınmasını təmin edən tələblər kimi nəzərdə tutulmuşdur.

90. Bu baxımdan məhkəmə sahiblik və sahibliyin qorunmasına dair normaların mahiyyətini və təyinatını nəzərdən keçirməyi zəruri hesab edir.

91. MM-in 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (§ 55).

92. Sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

93. Sahiblik, bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq qazanması (məsələn, sahibsiz daşınar əşyanın mənimsənilməsi- MM, m.184), yaxud başqası tərəfindən sahibliyin ona verilməsi (MM,m.181.1) və ya vərəsəlik yolu ilə əldə edilə bilər (MM,m.1255).

94. Sahiblik institutu mülki hüquq münasibətlərində bir neçə əhəmiyyətli funksiyanı yerinə yetirir. Onlar aşağıdakılardır: əşya üzərindəki hüquqları üçüncü şəxslərə göstərənaçıqlığı təmin edən funksiya (MM, m.166); əşya hüquqlarının bir şəxsdən digərinə verilməsini və ya qazanılmasını təmin edən funksiya (MM, m.181.1); cəmiyyətdəki nizamı və sosial sülhü qoruma funksiyası (MM,m.164,165). Hazırkı işin halları baxımından sonuncu funksiya xüsusi önəm kəsb edir.

95. Heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələr.

96. Bu səbəbdən MM-in 164.1-ci maddəsində sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (birinci cümlə, § 57).

97. Normanın mahiyyətini və məqsədini nəzərə alsaq qeyd etmək olar ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür.

98. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir.

99. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Məsələn, mülkiyyətçisi özünün saatını başqa bir şəxsin qolunda gördükdə (hətta sonuncunun əşyaya hüquqi əsas olmadan sahiblik etdiyi aşkar olduqda) “mənimdir” düşüncəsi ilə onu qəsb edərsə, yaxud qeyri-yaşayış sahəsini kirayəyə vermiş mülkiyyətçi “bura onsuz da mənim mülkiyyətimdədir” deyib, kirayəçinin oraya daxil olmasını əngəlləyərsə, hər iki halda mülkiyyətçi özbaşınalıq etmiş sayılar. Ona görə ki, özbaşınalıq hərəkətinin meyarı əşya üzərindəki hüquq deyil, sahibə qarşı edilmiş hərəkətin (sahiblik vəziyyətinə müdaxilə aktının) hüquqa uyğun olubolmamasıdır. Halbuki, misalda göstərilən eyni hərəkətləri bir müstəntiq götürmə və ya digər istintaq hərəkəti çərçivəsində etmiş olsa, belə müdaxilə özbaşınalıq sayılmayacaq.

100. Beləliklə, qanunverici, cəmiyyətdəki nizam və sosial sülhü qorumaq məqsədilə, əşya üzərində hüquq sahibi olsun və ya olmasın, hər bir şəxsə özbaşınalıqdan operativ şəkildə müdafiə olunmaq imkanı tanıyır. Hətta qanunsuz sahibin əşya üzərindəki sahibliyi özbaşınalıqdan qorunur. Bu baxımdan, qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək hüququnun kimlərə aid olduğunu göstərən MM-in 164.2-ci maddəsində “hər bir sahib” ifadəsindən istifadə edilməsi təsadüfi deyil.

101. Odur ki, belə iddialara baxılarkən əşya üzərindəki mübahisəli subyektiv hüquqlar (mənfəətlər) araşdırılmadan və onlara hüquqi qiymət verilmədən özbaşınalığa məruz qalmış sahibin tələbi əsasında öncəki faktiki vəziyyət (status-kvo) sürətli şəkildə bərpa edilir. Bununla da özbaşınalığın, yəni üçüncü şəxslərin başqasının sahibliyinə qanunsuz müdaxilə etməsinin qarşısı alınır və cəmiyyətdəki sosial nizam təmin olunur.

102. Sahibliyin müdafiəsi ilə bağlı iddianın dərhal, uzağı məhrumetmə və ya pozuntu anından başlayaraq bir il ərzində qaldırılması ilə bağlı qayda (MM,m.165.2) da özbaşınalığın qarşısının təxirəsalınmadan alınmasına yönəlmişdir. Göstərilən müddətlər keçdikdən sonra yaranan sahiblik vəziyyəti yeni bir status-kvo kimi qəbul edilir və bu səbəbdən sahibliyin müdafiəsi iddiaları istisna olunur.

103. Qeyd edilənlər həm də onu deməyə əsas verir ki, əslində məhkəmələr də özbaşınalıqdan müdafiə haqqında iddialara mümkün olan ən qısa müddətdə baxmalı və yekun qərar çıxarmalıdırlar. Bunun üçün sahiblik iddialarının şərtlərinin sürətli şəkildə araşdırılması kifayət edir (bu barədə daha ətraflı bax: § 119-122).

104. Sahiblik iddialarının təyinatı özbaşınalığın qarşısını almaq olduğu üçün belə tələblərə baxılarkən hüquq haqqında mübahisəli halların, o cümlədən əşyaya sahiblik hüququ verən əsasların sübut edilməsinə, yaxud cavabdehin əşyaya daha üstün bir hüquqa malik olması barədə etirazların dinlənilməsinə və bu dəlillərin araşdırılmasına gərək yoxdur. Çünki, əşya üzərindəki mülki hüquqlar sahiblik iddiasının predmeti xaricində qalmaqla mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Yəni, sahiblik iddiasını həll etmiş məhkəmə aktı mübahisənin obyekti üzərində tərəflərdən hansınınsa hüququnu tanımış və ya təkzib etmiş olmur. Bu qərar yalnız özbaşınalıqla pozulmuş sahiblik vəziyyətini bərpa edir, onu ilkin vəziyyətə qaytarır.

105. Ona görə də, sahibliyin müdafiəsinə dair iddianın həllindən (nəticəsindən) asılı olmayaraq, hər bir tərəfin həmin əşya barəsində ayrıca icraatda hüquq haqqında mübahisə açmaq imkanı var. Məsələn, MM-in 164.2-ci maddəsində nəzərdə tutulan geriqaytarma tələbi rədd edilən şəxs, sonradan mülkiyyətçi kimi əşyanın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə vindikasiya iddiası qaldıra bilər (MM, m.157.2). Yaxud, əksinə - şəxs özbaşınalıqla qəsb etdiyi əşyanı MM-in 164.2-ci maddəsi çərçivəsində qaytardıqdan sonra mülkiyyət hüququna söykənərək eyni əşyanı vindikasiya qaydasında geri istəyə bilər (MM, m.157.2).

106. Apellyasiya instansiya məhkəməsi xüsusilə vurğulayır ki, sahibliyin müdafiəsi haqqında tələbin həllinə dair məhkəmə qərarı eyni əşyaya münasibətdə qaldırılan hüquq haqqında mübahisəyə dair işdə preyudisial əhəmiyyət kəsb etmir.

107. Mülki qanunvericiliyə görə sahibin özbaşınalıqdan müdafiə oluna bilməsi üçün aşağıdakı imkanlar nəzərdə tutulmuşdur: sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı (MM,m.164.1, ikinci cümlə, §57); sahibliyin müdafiəsinə dair iddialar qaldırmaq hüququ.

108. “Possessor tələblər” adlandırılan sahiblik iddiaları qanunda aşağıdakı kimi əks olunmuşdur.

109. MM-in 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (birinci cümlə, §58). Bu norma məhrumetmə halında özbaşınalıqdan müdafiəni təmin edir.

110. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər (birinci cümlə, § 59). Bu norma isə sahibliyin pozulması halında özbaşınalıqdan müdafiəni təmin edir.

111. Göstərilən normalarla hər növ əşya üzərindəki sahibliyə, hər kəs tərəfindən edilən müdaxilə aradan qaldırılır.

112. Yəni, sahibliyin müdafiəsi çərçivəsində özbaşınalıqdan qorunma iddiaları həm daşınar əşyalar, həm rəsmi və ya dövlət reyestrində qeydiyyatdan keçmiş daşınar və daşınmaz əşyalar, həm də reyestrdə qeydə alınmamış daşınmaz əşyalar baxımından keçərlidir. Bu qayda MM-in 166.3-cü maddəsində aşağıdakı məzmunda ifadə edilmişdir: “Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər”, § 61).

113. Özbaşınalıq edən tərəfin əşya üzərində hüququnun olması və ya təqsirin dərəcəsi iddianın həlli üçün əhəmiyyət kəsb etmir. Hətta əşyanın mülkiyyətçisi müdaxiləni ehtiyyatsızlıqdan etsə belə, yuxarıda göstərilən məqsədlər naminə özbaşınalığa məruz qalan tərəf müdafiə olunur.

114. Baxılan işdə İddiaçı2 ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatlarda açıq şəkildə bildirmişdir ki, uzun müddət cavabdehlərin razılığı əsasında ailəsi ilə birlikdə yaşadığı evdən iradəsi xaricində çıxarılmışdır.

115. Eyni zamanda, Cavabdeh2 işdə olan ərizəsində qeyd olunmuşdur ki, evdə baş verən münaqişə zəminində polis əməkdaşı iddiaçıları evdən çıxarmışdır.

116. Belə olan halda iddiaçının özbaşınalıqdan müdafiə olunmaq üçün sahiblik iddiasını irəli sürməyə subyektiv hüququ olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda şərh olunan normaları tətbiq etməyərək iddiaya səhvən hüquq haqqında mübahisə kimi baxmış, iddianı İddiaçı2 aid hissədə evdən istifadə hüququnun olub-olmaması kontekstində yoxlamışdır.

117. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, birinci instansiya məhkəməsinin qətnaməsini və mübahisənin hüquqi mahiyyətini hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, İddiaçı2 mübahisəli evdən iradəsi xaricində çıxarıldığı və evə daxil olmasına cavabdehlər tərəfindən maneələr yaradıldığı iş materialları ilə təsdiq olunur. Bu baxımdan, onun irəli sürdüyü tələb mahiyyətinə görə sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddiadır və Mülki Məcəllənin 164 və 165-ci maddələri çərçivəsində həll edilməlidir.

118. Birinci instansiya məhkəməsi iddianı “hüquq haqqında mübahisə” kimi qiymətləndirmiş, iddiaçının evdən istifadə hüququnun olub-olmamasını araşdırmış və tələbi həmin kontekstdə həll etmişdir. Lakin, bu yanaşma sahibliyin müdafiəsinə dair iddiaların mahiyyəti, təyinatı və hüquqi rejimi ilə ziddiyyət təşkil edir.

119. Apellyasiya instansiyası hesab edir ki, iddia MM-in 164 və 165-ci maddələrinə əsasən sahiblik iddiası kimi qiymətləndirilməli və bu iddia növünün tətbiqi üçün qanunun tələb etdiyi əsas şərtlər iş üzrə ayrıca araşdırılmalı idi.

120. Ona görə də apellyasiya məhkəməsi sahiblik iddialarının şərtləri və yoxlanılma ardıcıllığı barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

121. Məhkəmə tərəfindən iddianın bu normalar əsasında təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) İddiaçı əvvəlki və ya mövcud sahib olmalıdır. Hansı şəxsin sahib hesab olunacağına bu qərarın 91-94-cü bənlərində aydınlıq gətirilmişdir. Əvvəlki sahib dedikdə, əşya üzərindəki faktiki hakimiyyətdən tamamilə məhrum edilmiş, mövcud sahib dedikdə isə sahibliyini itirməsə də, əşyadan istifadəsinə maneçilik törədilən şəxs nəzərdə tutlur. 2) İddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməlidir. Özbaşınalıq əməli, sahibin iradəsi xaricində, qanunvericiliyə zidd şəkildə, insan tərəfindən edilən bir davranışdır (bu barədə daha ətraflı bax: §96-99). Başqa sözlə, sahiblikdən məhrum olmaq və ya sahibliyin pozulması sahibin iradəsi daxilində, qanuna uyğun şəkildə, yaxud bir təbiət hadisəsi və ya heyvanın gücü nəticəsinə baş verdikdə özbaşınalıqdan söhbət gedə bilməz. 3) Cavabdehin hazırkı sahibliyi və ya təcavüzü qanunsuz olmalıdır. Əgər cavabdehin əşya üzərindəki sahibliyi qazanması və ya ona müdaxiləsi keçərli bir hüquqi əsasa söykənmirsə, özbaşınalıq onun tərəfindən edilmişdirsə, qanunsuz sayılır. Keçərli hüquqi əsaslara zəruri müdafiə (MM,m.563), son zərurət (MM,m.564), özünəyardım (MM,m.564), qanuni səlahiyyətin həyata keçirilməsi və digər bu kimi halları misal göstərmək olar. 4) Sahiblik iddiasının təmin edilməsini istisna edən hallar olmamalıdır. Bu şərt MM-in 164.2-ci və 165.1-ci maddələrinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydaları özündə ehtiva edir (§ 58-59). Belə ki, sahibliyinin pozulmasına istinad edən iddiaçının özü cavabdehə münasibətdə qüsurlu sahibdirsə (məsələn, iddiaçı həmin əşyanı daha əvvəl cavabdehdən özbaşına şəkildə qəsb etmişsə və bu hərəkətin törədilməsindən bir il müddət keçməyibsə) və ya iddiaçıya qarşı pozuntunun üzərindən bir ildən artıq müddət ötmüşsə, sahibiyin müdafiəsinə dair iddianın təmin edilməsi istisna olunur.

122. Sahibliyin müdafiəsi barədə iddialar yuxarıda göstərilən şərtlər əsasında və ardıcılıqla yoxlanılmaqla həll edilir. Bu şərtlərin hər biri aşkar edildikdə iddia əsaslı sayılaraq təmin olunur. Onlardan hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın rədd edilməsinə əsas verir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır.

123. İşin faktiki hallarından aydın olur ki, İddiaçı2 ailə qurduqdan sonra uzun müddət ərinin valideynlərinə məxsus olan mübahisəli fərdi yaşayış evində ailəsi ilə birgə fasiləsiz yaşamış və bu müddətdə yaşayış sahəsinə faktiki sahiblik etmişdir. Evin hazırki mülkiyyətçi olan Cavabdeh1 və onun arvadı olan digər cavabdeh tərəfindən iddiaçı və onun ailəsinin həmin evdə yaşamasına razılıq verilmiş, onların yaşayışı heç bir qaydada məhdudlaşdırılmamış, bu isə iddiaçının faktiki sahibliyinin cavabdehlərin iradəsi ilə formalaşdığını təsdiq edən əsaslı hal kimi qiymətləndirilməlidir.

124. İş materiallarında, o cümlədən Cavabdeh2 məhkəməyə təqdim etdiyi izahatda göstərilir ki, tərəflər arasında yaranmış ailədaxili münaqişə zamanı polis əməkdaşlarının iştirakı ilə iddiaçı və onun ailə üzvləri evdən çıxarılmışdır. Bu hal, habelə iddiaçının izahatı göstərir ki, evdən çıxarılma onun öz iradəsinə əsaslanmamış, zor tətbiqi ilə baş vermiş, nəticədə İddiaçı2 faktiki sahib olduğu yaşayış sahəsindən tamamilə kənarlaşdırılmışdır. Evdən çıxarıldıqdan sonra iddiaçının eyni yaşayış sahəsinə qayıtması davamlı şəkildə cavabdehlər tərəfindən əngəllənmiş, iddiaçıya həmin əşya üzərində faktiki hakimiyyətini bərpa etməyə imkan verilməmişdir.

125. Bu hallar Mülki Məcəllənin 165.1-ci maddəsində nəzərdə tutulan “qadağan edilmiş özbaşınalıq” tərifinə tam uyğun gəlir, çünki qanunvericiliyə görə sahiblikdən məhrumetmə və ya sahibliyin pozulması sahibin iradəsi xaricində, hüquqi əsas olmadan baş verdikdə özbaşınalıq hesab olunur. Burada cavabdehlərin həmin müdaxiləni həyata keçirmək üçün istinad edə biləcəyi hər hansı hüquqi əsas – zəruri müdafiə, son zərurət, özünə yardım, qanuni səlahiyyət və ya məhkəmə aktı – mövcud deyildir və iş materiallarında belə halların varlığı sübuta yetirilməmişdir. Məhkəmənin hüquqi mövqeyinə görə belə müdaxilə, hətta müdaxilə edən şəxs əşyanın mülkiyyətçisi olsa belə, hüquqa zidd olduğu üçün özbaşınalıq təşkil edir və faktiki sahibin müdafiə edilməsini zəruri edir.

126. Mülki Məcəllənin 159-cu maddəsi sahibliyin əşyaya faktiki hakimiyyətlə əldə olunduğunu nəzərdə tutur və iddiaçının həmin evdə uzunmüddətli, maneəsiz və mülkiyyətçinin razılığı ilə yaşaması onun bu evə faktiki sahib olduğunu təsdiq edir. Sahiblik yalnız şəxsin öz iradəsi ilə və ya qanuni əsaslara söykənən (məsələn, qanuni icra hərəkətləri, təbii hadisələr, dövlət orqanlarının müdaxiləsi və s nəticəsində) hallara əsasən başa çata bilər. Hazırki vəziyyətdə də İddiaçı2 evdən çıxarılması nə öz iradəsi ilə olmuş, nə də hər hansı səlahiyyətli orqanın qanuni proseduru çərçivəsində həyata keçirilmişdir. Buna görə iddiaçının faktiki sahibliyinin cavabdehlər tərəfindən zor tətbiqinin nəticəsində dayandırılması onu “əvvəlki sahib” statusundan məhrum etmir və əksinə, sahiblik iddiası qaldırmaq hüququnu yaradır.

127. Məhkəmə tərəfindən araşdırılan sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən iddiaçının evdən çıxarılması və sonradan evə daxil olmasının əngəllənməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. Həmçinin, iş materiallarında iddiaçının cavabdehə qarşı əvvəlki dövrdə özbaşına qəsb, qanunsuz sahibliyin ələ keçirilməsi və ya qüsurlu sahiblik kimi hallar törətdiyinə dair sübut və məlumatlar yoxdur.

128. Mülki Məcəllənin 165.2-ci maddəsində nəzərdə tutulan iddia müddətinin – sahiblik pozulduğu gündən etibarən bir il müddətində məhkəməyə müraciət edilməsinin – bu işdə gözlənildiyi də müəyyən edilmişdir. İddiaçı evdən çıxarılmasından sonra bir ildən artıq müddət keçməmiş məhkəməyə müraciət etmiş, beləliklə sahibliyin müdafiəsi iddiasının təmin edilməsini istisna edən müddət pozuntusu baş verməmişdir.

129. Yuxarıda göstərilən hüquqi və faktiki əsaslar məhkəməyə İddiaçı2 sahibliyinin qanunsuz və özbaşına pozulduğunu, faktiki sahibliyinin iradəsi xaricində aradan qaldırıldığını, cavabdehin müdaxiləsinin qanunsuz xarakter daşıdığını, habelə sahiblik iddiasının təmin edilməsinə mane olan hər hansı hüquqi və ya faktiki halın mövcud olmadığını tam şəkildə müəyyən etməyə imkan verir.

130. Beləliklə, sahiblik iddialarının mahiyyəti və təyinatı nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçının əvvəlki faktiki sahiblik vəziyyətinin bərpası Mülki Məcəllənin 164 və 165-ci maddələrinin tələblərinə tam uyğun olduğundan təmin edilməlidir.

131. Bundan başqa qeyd edilməlidir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,26 ha torpaq sahəsi Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, X12 və İddiaçı1 mülkiyyətinə verilmişdir.

132. Bundan sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmış və Cavabdeh1 fərdi yaşayış evi üzərində tam, 0,26 ha torpaq sahəsi üzərində ¾ hissə üzrə payı xx.xx.2025-ci il tarixdə, İddiaçı1 isə 0,26 ha torpaq sahəsi üzərində ¼ hissə üzrə payı xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

133. Fərdi yaşayış evinin yerləşdiyi 0,26 halda həyətyanı torpaq sahəsi İddiaçı2 əri İddiaçı1 mülkiyyətində olduğundan və torpaq sahəsinin naturada ayrılmasına dair istər tərəflər arasında razılıq, istərsə də məhkəmə aktı mövcud olmadığından hazırki vəziyyətdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində yerləşdiyini də müəyyən etmək mümkün deyildir.

134. Belə olan halda isə İddiaçı2 ərinin mülkiyyətində olan torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə köçürülməsinə də haqqı çatır.

135. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan uşaqların atası olan digər İddiaçı1 onların valideynlik hüquqlarını itirməmiş, ata və ana arasında uşaqların yaşayış yeri ilə bağlı heç bir mübahisə yaranmamış, uşaqların hər hansı məhkəmə qərarı ilə analarının himayəsinə verilməsi baş verməmişdir. Bu halların mövcudluğu uşaqların yaşayış yerinin qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilməsini zəruri edir.

136. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Qanunvericiliyin bu normasının məzmunundan aydın olur ki, uşaqların yaşayış yeri ayrıca sübut edilməli hüquqi fakt deyil, valideynlik hüququ itirilmədiyi müddətdə avtomatik olaraq valideynin yaşadığı yer kimi müəyyən edilir və bunun üçün əlavə hüquqi prosedur tələb olunmur. Eyni hüquqi mövqe “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində də təsbit olunmuşdur və həmin norma on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yerinin qanuni nümayəndələri olan valideynlərinin yaşayış yeri olduğunu birbaşa müəyyən edir.

137. İş üzrə müəyyən edilmiş faktiki hallara görə, ata İddiaçı1 həmin yaşayış sahəsində yaşamaq hüququna malikdir, mübahisəli evdən faktiki istifadəyə dair hüquqi maneələr mövcud deyildir və kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla onun yaşayış yerinin həmin ev olması müəyyən edilmiş və onun yaşayış sahəsinə köçürülməsi barədə məhkəmə aktı qanuni qüvvəsini almışdır.

138. Ona görə də, apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, uşaqların atalarının yaşadığı evə köçürülməsi qanunun birbaşa tələbi olub, Mülki Məcəllənin 27.2-ci maddəsi və qeyd edilən xüsusi qanunvericilik normaları ilə tam şəkildə əsaslandırılır. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların ana və ata arasında mübahisə olmadığı, valideynlik hüquqlarının tərəflərdən heç biri barəsində məhdudlaşdırılmadığı və uşaqların yaşayış yerinin mübahisələndirilmədiyi halda onların yaşayış yerinin məhz atanın yaşadığı yer kimi müəyyən edilməsi apellyasiya instansiyası üçün məcburi hüquqi nəticədir.

139. Qeyd edilən hallara əsasən məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə digər iddiaçı – İddiaçı1 mübahisəli evdən istifadəyə və orada yaşamağa dair hüququ müəyyən edilmiş olduğundan, İddiaçı2 iddiasının ayrıca həlli ilə yanaşı, uşaqların həmin yaşayış sahəsinə köçürülməsi hər bir halda təmin edilməlidir, çünki valideynlik hüququ saxlanılan və yaşayış yeri müəyyən olunan valideynlə yetkinlik yaşına çatmayan uşaqların birlikdə yaşaması qanunvericiliyin birbaşa tələbidir.

140. Bundan əlavə, məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının istifadə qaydasının müəyyən edilməsi barədə tələbin mahiyyəti düzgün qiymətləndirilməmiş, bu tələbin mübahisənin həlli üçün əhəmiyyətinə və müvafiq hüquqi əsaslara lazımi hüquqi qiymət verilməmişdir.

141. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “apellyasiya məhkəməsi istifadə qaydasının müəyyən edilməsi barədə tələbin mülkiyyətçiyə aid olduğunu və mübahisə olarsa gələcəkdə buna baxıla biləcəyini bildirsə də bunun səbəbini əsaslandırmamış, qanuni əsasını göstərməmişdir. Halbuki, eyni evdə yaşamaq hüququ olan şəxslər arasında istifadə qaydası ilə bağlı ixtilaf olduqda onlardan hər hansı biri bu qaydanın məhkəmə tərəfindən müəyyən olunmasını tələb edə bilər. Hazırkı işin tərəfləri arasında belə bir mübahisə artıq mövcuddur.”

142. İşin faktiki hallarından aydın olur ki, iddiaçılar uzun müddət həmin yaşayış evindən birgə istifadə etmiş, lakin sonradan cavabdehlərin hərəkətləri nəticəsində bu istifadə faktiki olaraq mümkünsüz vəziyyətə düşmüşdür. Tərəflər arasında evdən istifadə ilə bağlı yaranmış münaqişə artıq real və davamlı xarakter daşımış, cavabdehlərin iddiaçının evə daxil olmasına maneələr yaratması həmin yaşayış sahəsindən qarşılıqlı razılıq əsasında istifadə edilməsini qeyri-mümkün etmişdir.

143. Bu səbəbdən, hazırkı işdə məhz tərəflər arasında mövcud olan mübahisəyə uyğun olaraq istifadə qaydası məhkəmə tərəfindən müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, hazırkı işdə tərəflər arasında istifadə qaydasına dair açıq-aşkar ixtilaf olduğundan və bu ixtilaf mübahisənin həllinə bilavasitə təsir etdiyindən, məhkəmə bu məsələdən yayınmalı deyil, əksinə, istifadə qaydasını konkret şəkildə müəyyən etməlidir.

144. Məhkəmə işin halları və yaşayış sahəsinin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edir ki, İddiaçı2 və onun azyaşlı uşaqları ilə birlikdə evdən birgə və maneəsiz istifadə etmələri üçün aşağıdakı istifadə qaydası müəyyən edilməlidir:

1. İddiaçılar ailəvi birlik şəraitində yaşayış sahəsindən sərbəst şəkildə istifadə etmək hüququna malikdir və cavabdehlər tərəfindən iddiaçının, eləcə də onun azyaşlı uşaqlarının evə daxil olmasına və orada daimi yaşamasına heç bir maneə yaradılmamalıdır.

2. İddiaçı və uşaqları evin ümumi istifadə məqsədli sahələrindən — həyatyanı sahədən, giriş hissələrindən, mətbəxdən, sanitar qovşağından və ümumi kommunal sahələrdən bərabər qaydada istifadə etmək hüququna malikdirlər.

3. Evin daxilində ailə tərkibinə uyğun olaraq iddiaçı və azyaşlı uşaqların təhlükəsizliyi və yaşayış şəraitinin təmin edilməsi üçün onlara ayrıca otağın verilməsi təmin olunmalı, həmin otağın istifadəsi yalnız onlar tərəfindən həyata keçirilməlidir.

4. Cavabdehlərə qadağan edilir ki, iddiaçının və onun uşaqlarının yaşayış sahəsinə daxil olmasına, orada yerləşməsinə və ailəvi qaydada istifadə etməsinə maneə törətsinlər və ya istifadəni qeyri-mümkün vəziyyətə gətirən hər hansı hərəkət etsinlər.

145. Məhkəmə qeyd edir ki, iş üzrə digər İddiaçı1 də mübahisəli evdən istifadə hüququnun mövcudluğu (kassasiya instansiya məhkəməsi tərəfindən müəyyən olduğundan) fonunda, həmin yaşayış sahəsinin həm onun, həm də ana olan İddiaçı2 və azyaşlı uşaqların birgə istifadəsinə verilməsi hüquqi baxımdan dəyişməz nəticədir və yaşayış yerinin bu şəkildə müəyyən edilməsi hər bir halda fərdi yaşayış evindən faktiki sahibliyinə və uşaqların mənafeyinə daha uyğun sayılır.

146. Beləliklə, müəyyən edilmiş istifadə qaydası tərəflərin hüquq və vəzifələrini balanslaşdıran, yaşayış sahəsinin təhlükəsiz və məqsədyönlü şəkildə birgə istifadəsini təmin edən, mübahisənin həllinə xidmət edən hüquqi mexanizm kimi qiymətləndirilməlidir.

147. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, fərdi yaşayış evi mübahisə predmeti olmaqla yanaşı, həm iddiaçılar, həm də cavabdehlər tərəfindən faktiki olaraq birgə istifadə olunan yaşayış sahəsidir. Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin Məcəllənin 6.1.1-ci maddəsində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq münasibətlərinin həyata keçirilməsində tərəflərin bir-birinin qanuni mənafelərini nəzərə almasını tələb edir.

148. Belə ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

149. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən faktiki istifadə edən bütün şəxslər həmin əmlakın saxlanması və istifadəsi ilə bağlı yaranan zəruri xərclərə münasibətdə solidar və ya proporsional şəkildə iştirak etmək öhdəliyinə malikdirlər. Çünki, bu xərclər yalnız mülkiyyət hüququnun icrası ilə deyil, həmçinin yaşayış sahəsindən faktiki istifadə ilə bağlı yaranan zərurətlərdən irəli gəlir və onların ödənilməməsi digər istifadəçilərin qanuni mənafelərinə müdaxilə etməyə səbəb olur.

150. Qeyd olunmalıdır ki, yaşayış sahəsindən istifadə edən şəxslərin kommunal xidmətlərdən (elektrik enerjisi, qaz, su təchizatı və s.) istifadə nəticəsində yaranan borcların ödənilməsində iştirak etməsi hüquqi baxımdan zəruri və məcburi xarakter daşıyır. Tərəflərin bu sahədəki davranışları həm qanunvericiliyin tələb etdiyi bərabərlik prinsipinə, həm də ailə və məişət münasibətlərindən irəli gələn qarşılıqlı məsuliyyət tələblərinə uyğun olmalıdır.

151. Məhkəmə qeyd edir ki, İddiaçı2 və onun azyaşlı uşaqları evə köçürüldükdən sonra yaşayış sahəsindən ümumi istifadə yenidən bərpa edilir və bu istifadə çərçivəsində yaranan kommunal xərclərin yalnız bir tərəfin üzərinə qoyulması tərəflərin bərabərlik və ədalət prinsiplərinə zidd olardı. Həmçinin, tərəflər arasında münasibətlərin gərginliyi səbəbindən bir tərəfin bütün xərcləri daşıması digər tərəfin hüququndan sui-istifadə etməsinə yol aça bilər.

152. Bu səbəbdən məhkəmə nəticəyə gəlir ki, yaşayış sahəsindən faktiki istifadə edən bütün şəxslər – istər iddiaçılar, istərsə də cavabdehlər – yararlanan tərəf prinsipinə uyğun olaraq kommunal xidmətlərin haqqının ödənilməsində proporsional qaydada və bərabər məsuliyyət daşımalıdırlar. Bu məsuliyyət həm hüquqi, həm də faktiki əsaslara söykənməklə yaşayış sahəsinin normal istifadəsinin təmin edilməsinə xidmət edir.

153. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).

154. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

155. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

156. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

157. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə ləğv edilməli, həmin hissələr üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

158. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilə bilər.

159. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 386, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi :

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(061)-812/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə ləğv edilsin və həmin hissələrdə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı2 (uşaqları ilə birlikdə) Cavabdeh1 mülkiyyətində olan Tərtər rayonu Sarov kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddiaçılar İddiaçı2 və İddiaçı1, habelə uşaqları üçün fərdi yaşayış evində ayrıca yaşayış otağı ayrılaraq həmin otaqdan daimi və maneəsiz istifadə etmək, evin ümumi istifadədə olan hissələrindən – o cümlədən giriş, dəhliz, mətbəx, sanitar qovşağı və həyətyanı sahəsindən – iddiaçılar və azyaşlı uşaqları tərəfindən bərabər, maneəsiz və fasiləsiz istifadəsi təmin edilsin. Fərdi yaşayış evindən faktiki istifadə edən bütün şəxslərin - iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 – yaranmış kommunal xidmətlərə görə xərclərin ödənilməsində bərabər öhdəlikləri müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçılar İddiaçı2, İddiaçı1 və uşaqların yaşayış sahəsinə daxil olmasına, orada qalmasına, ayrılmış otaqdan və ümumi istifadə sahələrindən istifadə etməsinə törədilən hər hansı maneələr qadağan edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar