Məhkəmə qərarları › İş №2(104)-1826/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1826/2025

22.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1826/2025 22.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ləyaqətsiz vərəsə hesab edilmə və miras əmlaka paydan məhrum edilmə Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X8 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilmə və miras əmlaka paydan məhrum edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 07 avqust 2025ci il tarixli, 2(125)-2395/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhəri, Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2020ci il tarixli, AZ-İİ seriyalı, 110615 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 23 mart 2020-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür;

2. "xxxx" Mənzil tikinti Kooperativinin ümumi iclasının xx.xx.2020-ci il tarixli 12 nömrəli protokolundan çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xəprospekti, (H.Əliyev prospekti) ilə A.Ziyadxanov (keçmiş Miçurin) küçəsi kəşisməsində inşa edilmiş çoxmənzilli “Lyuks” Yaşayış Kompleksi 2 girişli 6-ci yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,37 kv.m. olan, 264 N-li, 3 otaqlı mənzilin kooperativin üzvü Cavabdeh mülkiyyətinə verilməsi qərara alınmışdır;

3. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Birləşmiş Sukanal” Məhdud Məhsuliyyətli Cəmiyyəti “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin 01- 01/9-279 nömrəli, xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan müəyyən olunur ki, Gəncə şəhəri Heydər Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində yerləşən bina 6, mənzil 264-də (Gəncə "Sukanal" TSC-nin "MİS" proqram bazasında Heydər Əliyev prospekti 6/264 "xxxx") 01 yanvar 2013-cü ildən abonent kimi Fəxrəddin Qarayev qeydiyyatdadır.(abonent kodu **********640);

4. X23 Təchizatı və Satışı İdarəsinin 29 aprel 2022-ci il tarixli, 1/205 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri Heydər Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində yerləşən bina 6, mənzil 264- də ("xxxx" ASC-nin STAR proqram bazasında Ş.İ.Xətai 6/264 "xxxx") abonent kimi Fəxrəddin Qarayev qeydiyyatdadır. Mənzilə quraşdırılmış ********** zavod N-li sayğac 2011-ci ilin aprel ayından qeydiyyatdadır. Qeydiyyatda olan tarixdən 2022-ci ilin aprel ayı daxil olmaqla sayğaca 391,20 manat məbləğində vəsait yüklənmişdir;

5. X15 istismarı idarəsi tərəfindən verilmiş 61 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İlin 4 fəsli MMC, Heydər Əliyev 6/264 ünvanı X7 adına olmaqla, X25 İstismarı İdarəsinin Gəncə xidmət sahəsi üzrə abonent (abonent kodu: **********02640) bazasında xx.xx.2016-cı il tarixdən bu günədək abonent kimi qeydiyyatdadır və qeyd olunan ünvanda sonradan ödənişli sayğacdan istifadə edilməkdədir, 05 may 2022-ci il tarixə təbii qazdan istifadəyə görə qalıq debitor borcu yoxdur;

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 90 kv.m olan ev tam mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır;

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 40,9 kv.m olan **********41-05101- 093009 reyestr nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında X12 (2/3 hissədə payı olmaqla) və İddiaçı (1/3 hissədə payı olmaqla, qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2023) adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır;

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 90 kv.m olan **********18-05301-093004 reyestr nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında Cavabdeh (5/6 hissədə payı olmaqla) və İddiaçı (1/6 hissədə payı olmaqla, qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2024) adına daşınmaz əmlakın dövlət reyestrində 210 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır;

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” mərkəzi Notariat ofisi tərəfindən verilmiş 28 yanvar 2023-cü il tarixli 2V-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş – X7 vərəsəsi ünvan 5 ünvanında qeydiyyatda olan qızı – İddiaçı miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası DYPİ Gəncə RQİB-11 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AA371030 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan – X9 məxsus ban nömrəsi XTH310290R0226357, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994-cü il olan QAZ 31029 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 2/3 hissəsindəki pay açıq saxlanılmışdır;

10. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli 2V-93 və 2V-94 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş – X7 vərəsəsi ünvan 5 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh və həmin ünvanda qeydiyyatda olan qızı X4 hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Miras əmlak – Azərbaycan Respublikası DYPİ Gəncə RQİB-11 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AA371030 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan – X9 məxsus ban nömrəsi XTH310290R0226357, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994-cü il olan QAZ 31029 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Şəhadətnamədə qeyd olaraq göstərilmişdir ki, miras əmlakın miras qoyanın qızı İddiaçı çatası 1/3 hissəsindəki payına 28 yanvar 2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir;

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin **********53 nömrəli, xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokolundan çıxarışına əsasən Gəncə şəhəri, Nizami rayonu, X26 prospekti, Heydər Əliyəv prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” Yaşayış Kompleksi 2 girişli 6-cı yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95.37 kv.m olan 264 nömrəli 3 otaqlı mənzilin X11 mülkiyyətinə verilməsi qərara alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi Gəncə nümayəndəliyinin Maliyyə arayışında Gəncə şəhəri, Nizami rayonu, X26 prospekti, Heydər Əliyev prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsi ünvanında inşa edilmiş çoxmənzilli “Lyuks” Yaşayış Kompleksinin "xxxx" MTKya məxsus olduğu, bu binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95.37 kv.m olan 264 saylı mənzilpay haqqı yaşayış sahəsinin payçısı X14 tərəfindən tam ödənildiyi, "İDF- Mənzil Servis MTK-ya borcu olmadığı göstərilmişdir. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 252, mənzil M, m3-ə dair (60.3 kv.m yaşayış sahəsi, 29.7 kv.m köməkçi sahə, 90.0 kv.m ümumi sahə) xx.xx.2021-ci il tarixli **********18-05301- 093004 reyestr, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir;

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin **********43 nömrəli, xx.xx.2020-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.1993-cü il tarixli 4-44 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Şahlar Hüseynov küçəsi, bina 14, 8 saylı mənzil (28.1 kv.m iki yaşayış otağı, 12.8 kv.m yardımçı sahə) Gəncə “Gil-Torpaq” İstehsalat Birliyi tərəfindən X1. Alıcıya xx.xx.1993- cü il tarixli 9197 nömrəli qeydiyyat vəsiqəsi 7 saylı notariat kontorunun xx.xx.2008-ci il tarixli 4Ə-03-523 saylı bağışlama müqaviləsinə əsasən bu mənzil X9 bağışlanmışdır və ona xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

13. Gəncə Şəhər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(125)-321/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 7 ünvanda yerləşən mənzil və “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birində İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi qət edilmişdir;

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2(104)-1915/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(125)-559/2023 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokol qərarı qismən, yəni 1/6 hissədə etibarsız hesab edilmiş, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 210 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 252 saylı evin mənzil M5 m3 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qismən, yəni 1/6 hissədə ləğv edilmiş, həmin 1/6 hissədə İddiaçı payının müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab edilərək 23 mart 2020-ci il tarixində vəfat etmiş X3ndan qanun üzrə aldığı miras payından məhrum edilməsi və həmin miras payının qanuni vərəsələr İddiaçı və X10 arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 mart 2020-ci ildə X3 vəfat etmişdir. Birinci növbə vərəsə kimi mirası qəbul etmişdir. Atasının ikinci nikahda yaşadığı Cavabdeh və atası ilə bu qadının birgə yaşayışından doğulan Qarayeva Təhminə də birinci növbə vərəsələrdir. Gəncə şəhəri, X26 prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan 264 nömrəli 3 otaqlı mənzil, ünvan 3 ünvanında yerləşən mənzil və QAZ-31029 markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil atasından miras qalmışdır. 264 nömrəli, 3 otaqlı mənzil 2007-2008-ci illərdə atası tərəfindən alınmış və mənzilin dəyəri tam şəkildə atası tərəfindən ödənilmişdir. Həmin mənzil alınan zaman çıxarışlar verilməmişdir. "xxxx" MTK ilə bağlanmış müqavilə əsasında X3 mənzili almışdır və həmin kooperativə üzvlüyə qəbul edilmişdir. X3 MTK-ya üzv pay haqqını tam ödəmiş, həmin mənzil üzərində mülkiyyət hüququ əldə etmiş və kommunal xidmətlərə görə haqqların ödənilməsi vəzifəsini yerinə yetirmişdir. Sübut kimi “Azəriqaz” X25 istismarı idarəsi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli arayışında həmin mənzilin ünvanı xx.xx.2016-cı ildən ölümündən sonrayadək Qarayev Fəxrəddinin adına olduğu, abonent kodu ölümündən sonra belə atasının adına qeydiyyatda olmağı, 2011-ci ilin aprel ayından bu günə kimi "xxxx" tərəfindən verilən arayışda həmin mənzildə abonent kimi X12 olduğu, həmçinin "Azərsu” tərəfindən verilmiş arayışa əsasən 32555208 nömrəli müqaviləyə əsasən xx.xx.2013-cü ildən su və kanalizasiya abonenti kimi X3 göstərilmişdir. Həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyinin Texniki Şurasının qəbul etdiyi əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün zəruri olan sənədlərin siyahısında, həmçinin "xxxx" ASC-nin və “Azəriqaz”ın qoşulma qaydasında zəruri sənədlərin siyahısında mülkiyyəti təsdiq edən sənədlərin təqdim olunması qeyd edilmişdir. təqdim olunan sübutlardan da görünür ki həmin mənzil 2007- 2008 ci illərdə X3 tərəfindən alınıb və dəyəri tam ödənilmişdir. Mənzil birgə nikah dövründə alınmış və bununla bağlı bir sıra sübutlar var: birincisi Cavabdeh Gəncə Şəhər Baş Polis idarəsinə verdiyi izahat - həmin izahatda şəxsən özü qeyd edir ki, mənzil 2007-2008-ci illərdə birgə nikah dövründə alınıb. İkincisi isə kommunal sənədlərin 2011-ci illərdən atasının adına olması. (atası 23 mart 2020- ci ildə vəfat edib).

17. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab edilərək miras qalmış əmlak olan – Gəncə şəhəri, Şahlar Hüseynov, bina 14, mənzil 8-dən hər birinə - iddiaçıya ½ payın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızına ½ payın müəyyən edilməsi, Gəncə şəhəri, X26 prospekti (Heydər Əliyev prospekti) ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi, iki girişli 6-cı yaşayış binasının 252-ci girişininin 5-ci mərtəbəsində yerləşən ümumi 264 nömrəli, 3 otaqlı mənzil üzərində iddiaçıya 1/4 payın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızına 1/4 payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsində icraat zamanı İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızı üçünncü şəxs qismində cəlb olunmuşdur.

19. Gəncə Şəhər Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2(125)-2395/2025 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızı) “cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137, 1139, 1159.1, 1203.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227 və 360-cı istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri 21 İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mənzil atası tərəfindən 2007-2008-ci ildə birgə nikah dövründə alınmasına baxmayaraq, 2020-ci ildə atasının ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan, həmin mənzili qanunsuz, saxta sənədlər əsasında ələ keçirmiş və 05 yanvar 2021 ci il tarixində DƏDRX tərəfindən çıxarış verilmişdir. Həmin evin saxta olaraq sənədləşdirilməsinə kömək edən şəxs "xxxx" MTK nümayəndəsi Babək Şərifov olmuşdur. Evin saxta yolla sənədləşdirilməsi onunla sübut olunur ki, İDF MTK tərəfindən 01 avqust 2020-ci il tarixli ümumi iclasın 12 nömrəli protokol qərarına əsasən atasınin adına olan mənzil onun ölümündən sonra, vərəsəlik şəhadətnaməsi olmadan Cavabdeh adına verilmişdir. Belə ki, 01 avqust 2020-ci ildə kooperativin 12 nömrəli iclas protokolundan çıxarışa, eləcədə 01 dekabr 2020-ci il tarixə saxta MTK ya üzvlüyə qəbul olunması barədə müqaviləyə əsasən Cavabdeh qanunsuz olaraq mənzil üzərində mülkiyyət hüququ tanınmışdır. Qeyd olunan saxta sənədlərdən, eləcədə maliyyə arayışından belə görünür ki, guya atasının ölümündən sonra Cavabdeh özü mənzili alıb. Həmin saxta sənədlər əsasında da DƏDRX tərəfindən adına çıxarış əldə etmiş və qanunsuz olaraq miras payını artırmışdır. Halbu ki, mənzil atası tərəfindən 2007-2008 ci illərdə birgə nikah dövründə alınmış və dəyəri tam ödənilmişdir. Atasının ölümündən sonra isə heç bir vərəsəlik şəhadətnaməsi əldə edilmədən mənzil Cavabdehıin mülkiyyətinə verilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, nümayəndəsi olduğu qızı Məltəmin atası mərhum X12 2020-ci ilin mart ayından ölmüş və onun ölümündən sonra miras əmlaklar qalmışdır. Cavabdeh miras qoyanın ikinci arvadı olmuş və yalnız notariusa avtomobilin miras qaldığını bildirərək şəhadətnamə almış, beləliklədə miras qalmış digər əmlakın olmasını, habelə qızı Məltəmin də birinci növbə vərəsələr sırasında olmasını gizlətmişdir. Bunun nəticəsində də o mirasda payını artırmışdır. Cavabdeh miras qalmış digər əmlakı, eləcədə birinci növbə digər vərəsənin olmasını gizlətdiyi üçün ləyaqətsiz vərəsə hesab olunmalıdır. Nümayəndəsi sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının özü, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə iclasında nümayəndə vastəsilə təmsil olunmuş, cavabdeh tərəf isə apellyasiya şikayətinə etiraz göndərmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

27. Maddə 1138. Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.

28. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.

29. Maddə 1143. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı X3nun 23 mart 2020ci il tarixdə ölümündən sonra, onun ikinci nikahda olan arvadı (iddiaçıya münasibətdə ögey ana) Cavabdeh mirasda payını artırmaq məqsədilə birinci novbə vərəsələrin dairəsini, eləcədə miras qalmış əmlakın bir hissəsini gizlədərək qanunsuz yolla atasından qalan əmlakı ələ keçirdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

41. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçının cavabdehə qarşı tələbi ləyaqətsiz vərəsə hesab edilmə və miras əmlaka yalnız iki nəfər, yəni iddiaçının özünün və atasının ikinci nikahdan olan ögey bacısı İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızının vərəsəliyinin müəyyən edilməsindən ibarətdir.

43. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər.

44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.

45. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir.

46. Xüsusilə nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir.

47. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.

48. İddiaçı Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia qaldırsada, lakin cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, yaxud onun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halları işdən müəyyən olunmur. Ona görədə kollegiya hesab edir ki, iddia tələbi cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi hissədə əsaslı sayıla bilməz və birinci instansiya məhkəməsidə düzgün olaraq iddianı təmin etməmişdir.

49. Miras əmlaklara birinci növbə vərəsələrdən yalnız İddiaçı, eləcədə miras qoyanın başqa nikahdan olan qızı İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızının (iddiaçıya münasibətdə ögey bacı) payların müəyyən edilməsi hissədə də kollegiya iddianı əsaslı saymır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi miras qoyandan üç əmlak – Gəncə şəhəri, X26 prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan 264 nömrəli 3 otaqlı mənzilin 1/2 hissəsi, ünvan 3 ünvanında yerləşən mənzil və QAZ-31029 markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil miras qalmışdır. Miras qoyanın qanun üzrə birinci növbə üç vərəsəsi vardır: İddiaçı, Cavabdeh və bu iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızıdır.

50. Qanuni qüvvədə olan məhkəmə qətnamələrinə, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə və dövlət reyestrindən çıxarışlara əsasən ünvan 7 ünvanda yerləşən mənzil və “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birində İddiaçı 1/3 hissədə miras payı müəyyən edilmiş, digər vərəsələrə münasibətdə pay açıq qalmışdır.

51. Gəncə şəhəri, X26 prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan 264 nömrəli 3 otaqlı mənzil (digər adı Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 252 saylı evin mənzil M5 m3 saylı mənzil) isə Cavabdeh ilə mərhum X7 birgə nikah müddətində əldə edildiyindən onların birgə mülkiyyəti hesab edilməklə, X12 23 mart 2020-ci il tarixdə vəfat etdiyindən, həmin mənzilin 1/2 hissəsinə vərəsəlik onun həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı X4 və birinci nikahdan olan qızı İddiaçı birinci növbə vərəsələri kimi, hər birinə miras əmlakın 1/3 hissəsində, ümumilikdə isə həmin mənzil üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı və 1/6 hissədə isə X2 paylarının mövcudluğu müəyyən edilmişdir.

52. Bundan əvvəldə qeyd olunduğu kimi miras qoyanın birinci növbə vərəsəsi, yəni hazırkı iş üzrə Cavabdeh miras əmlakla bağlı ləyaqətsiz vərəsə hesab edilməsinə hüquqi əsaslar mövcud deyil. Belə olan təqdirdə miras üç vərəsə arasında bölünməlidir və artıq hazırkı iddia qaldırılanadək paylar məhkəmə qətnaməsinə, eləcədə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunmuşdur.

53. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2(125)-2395/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar