Məhkəmə qərarları › İş №2(104)-1830/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1830/2023

05.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1830/2023 05.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: evə köçürülmə tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-693/2023 saylı mülki iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006–cı il tarixdə rəsmi nikah bağlanmışdır.

2. İşdə olan doğum haqqında arayışlardan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2002-ci il tarixdə Musa, xx.xx.2006-cı il tarixdə Xəyal və xx.xx.2006-cı il tarixdə Xəyalə adlı uşaqları doğulmuşdur.

3. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh və ailə üzvlərinin adlarına ümumi birgə mülkiyyət hüququ ilə JN-705A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Şəhadətnamə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli qərarına əsasən verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadəsində olan və Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2001-ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2006-cı il tarixdə rəsmi nikah qeyd etdimişdir. Birgə nikahlarından xx.xx.2002-ci il tarixdə Musa, xx.xx.2006-cı il tarixdə Xəyal və xx.xx.2006-cı il tarixdə Xəyalə adlı uşaqları doğulmuşdur. Toy günü qayınatasına məxsus evə gəlin köçmüş, bir müddət həmin evdə yaşamışlar. Gəlin köçdüyü evin həyətyanı torpaq sahəsi həm ərinin, həm də onun ailə üzvlərinin paylı mülkiyyətindədir. Sonradan qayınatasının razılığı ilə həmin torpaq sahəsindən ərinin payı naturada ayrılmış və o, cavabdehlə birlikdə qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Ev hazır olandan sonra həmin evə köçmüş, cehiz əşyalarını da həmin evə aparmışdır. Uzun müddət həmin evdə yaşasalar da, hazırda cavabdeh onun evdə yaşamasına imkan vermir. Həmin ev cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilsə də, qanunsuz tikilidir. Hesab edir ki, mübahisəli evi cavabdehlə birgə nikah dövründə inşa etdirdiklərindən, habelə həmin evdə uzun müddət yaşadığından onun da evdən istifadə hüququ yaranmışdır. Hazırda onun yaşamağa başqa evi yoxdur. Eləcə də, uşaqlarından ayrı yaşamaq onun üçün çətindir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.

6. Şəmkir Rayon Məhkəməsinin 2(076)-693/2023 saylı mülki iş üzrə 02 may 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 693/2023 saylı mülki iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən ev qanunsuz tikilidir. Həmin evlə bağlı cavabdehin hüquqları dövlət qeydiyyatına alınmamışdır. Eyni zamanda onların arasında olan münasibətlər 2001-ci ildən yarandığı üçün məhkəmə 2009-cu ilə kimi qüvvədə olan Mənzil Məcəlləsinin normalarına istinad etməklə işə baxmalı idi. Lakin, məhkəmə qətnamə qəbul edərkən həmin halları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmədə süal cavab zamanı İddiaçı izahatında göstərdi ki, ailəsinə xəyanət etməmişdir, işdən qayıdarkən səhhətində olan problemlərlə bağlı yaşadığı evə yolu tapa bilmədiyindən başqa yerə getmişdir. Bundan sonra qarşı tərəflə onların arasında münaqişəli vəziyyət mövcuddur və uşaqları da onu qəbul etmirlər, onun iddia etdiyi evə qayıtmasına kəskin etiraz edirlər.Ona görə də hazırda valideynlərinin evində yaşayır.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında nümayəndə qeyd etdi ki, İddiaçı ailəyə xəyanət edərək, uşaqları evdə qoyub başqa bir şəxsə qoşulub evdən qaçıb getmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

13. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

14. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 15.Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 16.Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 17.Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 18.Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. 27.Məhkəmə kollegiyasında işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2001-ci ildə ailə qurmuş, nikahlarını xx.xx.2006-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə münasibətlərindən xx.xx.2002-cı il tarixdə Musa, xx.xx.2006-cı il tarixdə Xəyalə və Xəyal adlı uşaqları anadan olmuşdur. Hazırda tərəflər arasında olan ailə münasibətləri pozulmuşdur və tərəflər arasında kəskin ziddiyyətli vəziyyət mövcuddur. Belə ki, cavabdeh tərəfin bildirdiklərinə görə İddiaçı ailəyə xəyanət edərək, uşaqları evdə qoyub başqa bir şəxslə qaçıb getmişdir. İddiaçı isə özünün məhkəmədə verdiyi izahatında göstərmişdir ki, uşaqlar da ondan ayrı yaşayırlar, onu qəbul etmirlər, onun iddia etdiyi evə dönməsinə kəskin etiraz edirlər. Bundan başqa, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi mülk kimi heç kəsin adına dövlət qeydiyyatından keçməmişdir. 28.Məhkəmə kollegiyası göstərir ki, tərəflər arasında hüquq münasibətləri 2001-ci ildə yarandığından, mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına uygun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

29. Artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçının istifadə hüquqlarının tanınmasını tələb etdiyi fərdi yaşayış evi özbaşına tikili olmaqla, tikiliyə tərəflərdən heç birinin hüquqmüəyyənedici sənədləri yoxdur. Evin yerləşdiyi torpaq sahəsi barəsində iddiaçının mülkiyyət hüquqları olmadıgından, (iş materiallarına əsasən həmin torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli qərarına əsasən, yəni onun iddiaçı ilə ailə qurmasından əvvəl verilmişdir) həmin ev barəsində onun mülkiyyət hüquqlarının real gözləntisi də yoxdur. 30.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. 31.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Məhkəmə kollegiyasının qeyd edir ki, tərəflərin məhkəməyə verdiyi məlumatlardan belə qənaətə gəlmək olur ki, İddiaçı yaşadığı evdən özü getmişdir və bundan sonra ailədə münaqişəli vəziyyət yaranmışdır. Hazırki vəziyyətdə İddiaçı mübahisəli yaşayış evi barəsində hər hansı bir hüququ olmadığından mövcud qanunvericilik onun həmin evə köçürülməsinə yol vermir. Buna görə də, onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-693/2023 saylı mülki iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar