Məhkəmə qərarları › İş №2(104)-1834/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1834/2024

09.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1834/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi (vəkili) Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X10 və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X16, X11) mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair HDQH DƏDR-dən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(076)-180/2024 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X16, X11) qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-667 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında X9, X10, X5 mülkiyyətində olmuş, Şəmkir rayonu Çənlibel kəndi ərazisində yerləşən 2.47 kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 181.18,00 kv.m hissəsi üzərində X10 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli **********94 reyestr nömrəli çıxarşın əsassız olmasına görə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-180/2024 nömrəli qətnaməsi (hakim Şəfəq Məmmədova) ilə, iddianın təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Şəmkir rayonu, Çənlibel kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə X12, X3, X6 və X13 məxsus 1.18118 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2023-cü il tarixli **********94 nömrəli qeyd ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o məhkəmədə iradını bildirərək imzanın ona məxsus olmadığını, bunu dəqiqləşdirmək üçün ekspertiza təyin olunmasını xahiş etsə də, vəsatəti təmin olunmamışdır. Həmçinin, qeyd edir ki, əri Qəhrəman Rzayev və qızı Ramilə Rzayeva məhkəmədə üçüncü şəxs qismində işə cəlb olunmuş, digər qızı Şərəbanı isə, ümumiyyətlə, işə cəlb olunmamışdır. X2 görə qızı X7 etibarnamə ilə onu məhkəmədə təmsil etmək istəsə də, məhkəmə onun prosesdə iştirakını və dindirilməsini təmin etməmişdir. Satılan torpaq yalnız əri Qəhrəmanın adına deyildir, həmin torpaq onun və uşaqlarının ümumi birgə mülkiyyətində olan torpaqdır. xx.xx.2004-cü il tarixdə torpaq satılanda uşaqları azyaşlı olsalar da, o ərilə eyni hüquqlu satıcı, bərabər paylı mülkiyyətçi kimi, hansısa bir saxta ərizəyə deyil, alqı-satqı müqaviləsinə imza etməli idi. İddiaçı isə, onun imzalamadığı ərizəni məhkəməyə təqdim etmişdir. Əgər, həmin ərizə həqiqətən xx.xx.2004-cü il tarixdə notariusda tərtib olunmuşdursa, nə üçün “18” rəqəmi əllə yazılmış, digər yazılar isə makina ilə çap olunmuşdur?! Bu hal onu göstərir ki, həmin ərizə sonradan tərtib olunmuş, onun əvəzinə naməlum şəxs tərəfindən imzalanmışdır. Məhkəmə bu xüsusatın yoxlanması üçün xəttşünaslıq ekspertizası təyin etməli olduğu halda, bunu etməmişdir. X8 özünə aid olan torpağı öz razılığı ilə satdığına görə reyestrdən çıxarış yalnız ona münasibətdə, yəni qismən ləğv olunmalı idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İddia tələbindən görünür ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Qeyd olunan sənədin verilməsinə əsas JN-667 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı olmuşdur. İşin bu anında məhkəmə kollegiyası diqqətin Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarına yönəldilməsini əsaslı hesab edir. Həmin Qərarda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, iddiaçının etibarsızlığını tələb etdiyi daşınmaz əmlaka dair hüquqi sənədlərin verilməsinin kökündə inzibati aktlar dayandığından hazırki tələbə ümumi məhkəmə icraatında baxıla bilməz. Lakin, birinci instansiya məhkəməsi bu hala qiymət verməmiş, iddia ərizəsini icraata qəbul etməklə prosessual səhvə yol vermişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti Azərbaycan Respublikasının MPM-in 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə qaydasında baxıla bilməsinin müəyyən edilməsidir. Azərbaycan Respublikasının MPM-in 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi işin bu mərhələsində ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasını müəyyən etməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15.4-cü bəndində göstərilmişdir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 261.0.1-ci maddəsində göstərilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 10-1, 263, 264, 384, 385, 387, 405-407-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-180/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddia tələbi üzrə icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya bu iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası üzərindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar