Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1847/2023 10.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Telman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (anası) X4 iştirakları ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-260/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun, azyaşlı uşaqları, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 ilə birlikdə mərhum X8 məxsus, Qazax rayonunun Qarapapaq kəndində yerləşən evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun tanınmaqla, həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 ilə 2004-cu ildə evlənmişlər. Nikahlarını xx.xx.2008-ci il tarixdə Qazax rayon qeydiyyat şöbəsində bağlayaraq 192 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından iki övladları, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 anadan olmuşlar. Həmin uşaqlar hal-hazırda onun himayəsindədirlər.X1 ilə 2004-cu ildə evlənərkən, onun mərhum anasına məxsus olan, Qazax rayonunun Qarapapaq kəndində yerləşən evə gəlin köçmüş, əmlakını həmin evə yerləşdirmişdir. Qeyd olunan vaxtdan etibarən sözügedən evdə yaşamış, orada iki uşaq dünyaya gətirmiş. X1 xx.xx.2022-ci il tarixdə saata 03:30 radələrində mübahisəli evdə balta ilə ona çoxlu sayda xəsarətlər yetirdiyindən, üzün müddət xəstəxanada qalmışdır. Sağaldıqdan sonra uşaqları ilə birlikdə ər evinə qayıdanda, qaynı olan Cavabdeh onu və uşaqlarını evə buraxmamış, evin kilidini dəyişdirərək onları evə daxil olmağa imkan verməmişdir. İki azyaşlı uşaqla birlikdə yaşamaları üçün başqa yaşayış sahəsi yoxdur. Ona məxsus olan cehiz əşyaları və başqa əmlakları həmin mübahisəli evdədir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-260/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Zamiq Rəsulov ) İddiaçı Cavabdeh qarşı «evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun tanınmaqla evə köçürülmə» tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-260/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticəni DƏDRXnn 15 saylı Tovuz Ərazi İdarəsinin məktubuna istinad etmişdir. Həmin sözləri təsdiq edəcək hər hansı sübut, vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarış iş materiallarında olmamışdır. Ümmiyyətlə belə bir vərəsəlik şəhadətnaməsi də mövcud deyildir. Həmin ev heç kimin mülkiyyətində deyidir.Bundan əlavə, X1 ilə 2004-cu ildə evlənərkən, onun mərhum anasına məxsus olan, Qazax rayonunun Qarapapaq kəndində yerləşən evə gəlin köçmüş, əmlakını həmin evə yerləşdirmişdir. Qeyd olunan vaxtdan etibarən sözügedən evdə yaşamış, orada iki uşaq dünyaya gətirmişdir. İki azyaşlı uşaqla birlikdə yaşamaqları üçün başqa yaşayış sahəsi yoxdur. Ona məxsus olan cehiz əşyaları və başqa əmlakları həmin mübahisəli evddir. Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi (anası) X9 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-260/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər. İddiaçı sədrlik edənin sualına cavab olaraq bildirdi ki, o, mübahis olunan evə 29 dekabr 2004-cü ildə gəlin gəlmiş, nikahlarını isə 27 may 2008-cu il tarixdə rəsmiləşdirmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-260/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Nikah haqqında şəhədətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı 27 may 2008cu il tarixdə 192 nömrəli qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X2 birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. xx.xx.2022-ci il tarixli xx-xx/1319 nömrəli arayışdan görünür ki, X3 və onun ailə üzvləri Qazax rayonu Qarapapaq kəndində qeydiyytada olmaqla həmin evdə yaşamışlar. 21 iyul 2022- ci il tarixli 2(023)-52/2022 saylı qərardan görünür ki, X3 4 ay müddətə yəni 20 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X16 15 saylı Tovuz Ərazi İdarəsinin məktubundan görünür ki, 15 saylı Tovuz Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv məlumatlarına, Əmlak Məslələri Dövlət Xidməti tətrəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr və elektron baza məlumatlarına əsasən Cavabdeh və ailə üzvlərinin adına Qazax rayonu Ağköynək (Qiyasbəyli) kəndində JN 1582 nömrəli dövlət aktı ilə 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Qeyd edilən torpaq sahəsi Qazax rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 4Ə-2-288 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmişdir. Eyni zamanada Cavabdeh və ailə üzvlərinin adına Qazax rayonunun Qarapapaq kəndində JN 158F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dairşəhadətnamə” ilə 0,11 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. X7 adına keçmiş DTİ və MHQİ-si tərəfindən 15 nömrəli qeydiyyat vəsiqəsi verilmiş və Qazax rayonunun Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Qeyd edilən həmin fərdi yaşayış evi Ağstafa rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 2-V-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh adına qeyd edilmişdir. Cavabdeh adına digər əmlakların qeydə alınması aşkar edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 2004-cü ilin dekabr ayında X3 ilə faktiki evlənərək, Qazax rayonunun Qarapapaq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, nikahlarını 27 may 2008-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. X3 xx.xx.2022-ci il tarixdə saata 03:30 radələrində mübahisəli evdə iddiaçıya balta ilə ona çoxlu sayda xəsarətlər yetirmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanılmış və barəsində həbs qətumkan tədbiri seçilmişdir. İddiaçı uzun müddət xəstəxanada müalicə almış və sonra cavabdeh qaynı onu və uşaqlarını evə buraxmamışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının köçürülməsini xahiş etdiyi Qazax rayonunun Qarapapaq kəndində yerləşən mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Lakin həmin evin yerləşdiyi 0,11 ha həyətyanı torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin adına JN 158F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dairşəhadətnamə” ilə dövlət qeydiyyatına alınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair “legitim gözləntisi” olduğunu iddia edə bildikdə, legitim gözləntilər mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə Qərarında göstərilmişdir ki: “mülkiyyət anlayışı“ mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qarrax Çexiyaya qarşı», «Miray Fransaya qarşı», «Burdov Rusiya Federasiyasına qarşı» və «Akimova Azərbaycana qarşı» iş üzrə digər qərarlarında da şərh etdiyi hüquqi mövqeyə görə real mövcud olan əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilmişdir. Göründüyü kimi, AHİM tərəfindən real mövcud olan əmlakı gələcəkdə əldə etməyi qanuni gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilmişdir. Buna görə də, kollegiya hesab edir ki, mübahisəli evin yerləşdiyi 0,11 ha həyətyanı torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olduğundan cavabdehin həmin evə dair mülkiyyət hüququna qanuni gözləntisi vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Göründüyü kimi, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ məhdud əşya hüquq olmaqla, yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. İddiaçı mübahisə edilən yaşayış evinin gözlənilən mülkiyyətçisi Cavabdeh qardaşı arvadı olmaqla, onun ailə üzvü dairəsinə daxil deyildir. O, həmin evdən istifadə ilə bağlı mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlamamış və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının evə köçürülməsi barədə iddiasını təmin etməməkdə haqlı olmuşdur. İddianın evə köçürülməsi hissəsi rədd edildiyi üçün, ididaçının evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun tanınması hissəsi də düzgün olaraq rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-260/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-260/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1847/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1847/2023
10.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver