Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1855/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(058)-453/2023 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş Samux rayonu Sərkər kəndində yerləşən, onun sahibliyində və istifadəsində olan torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(058)-453/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim T.Kərimova) iddia təmin edilməmişdir. İddiaçı X4 həmin qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(058)-453/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, Samux rayonu Sərkər kəndində kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə xx.xx.1999-cu ildə səlahiyyətli orqana müraciət etmiş, dəyəri əvvəlcədən ödənilməklə 24 kv. metr torpaq sahəsi almışdır. Onun satın aldığı torpaq sahəsinə dair “tikintiyə icazə verilməsi haqqında” xx.xx.1999-cu il tarixli 278 saylı sərəncam imzalanmışdır. Buna baxmayaraq, 2017-ci ildə imzalanmış layihə əsasında, KTM quraşdırılması üçün həmin torpaq sahəsi "xxxx" ASC-nə verilmişdir. Cavabdeh "xxxx" ASC-nə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(058)-453/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, 1999-cu ildən bu vaxta qədər həmin torpaq sahəsi boş qalmış, heç bir mağaza tikintisini etməmiş və hazırda orada cavabdeh "xxxx" ASC-ti tərəfindən transfarmator quraşdırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(058)-453/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Samux Rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 1999-cu il sərəncamından çıxarışın surətindən görünür ki, İddiaçı Samux rayonu Sərkar kəndində orta məkəb həyəti yaxınlığında əksxana binasının yanında kommersiya məqsədilə mağaza binası tikilməsinə icazə verilsin və bu məqsədlə 24 kv.m torpaq sahəsi ayrılsın. Torpağın alqı-satqısına dair aktın surətindən görünür ki, X3 Sərkar bələdiyyəsi ərazisində 24 kvm torpaq sahəsinin satılması barədə bələdiyyə tərəfindən qərar qəbul edilmişdir. Samux Rayonu Sərkar Bələdiyəsinin "xxxx" ASC-nə ünvanladığı məktubunun surətindən görünür ki, bələdiyyə tərəfindən "xxxx" ASC-nə bildirilmişdir ki, Samux rayonu Sərkar kəndi ərazisində X2 mülkiyyətində torpaq sahəsi yoxdur. X2 qeyd etdiyi tortaq sahəsinə dair onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı üçün həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və 2017-ci ildə hazırlanmış layihə əsasında KTM quraşdırılması üçün "xxxx" ASC-nə verilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən torpaq sahəsinin ona məxsus olmasını sübut etmək üçün torpağın alqı-satqısına dair xx.xx.1999-cu il tarixli akta istinad edir. Halbuki həmin akt hüquq müəyyənedici sənəd hesab edilmir. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair sənəd işə əlavə edilməmiş və ya məhkəməyə təqdim edilməmişdir. Həmin əsasla məhkəmə iddiaçının hazırki iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun olmadığı qənatinə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmənin həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifada etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası «Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X2 hazırkı tələbin irəli sürülməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı X1 rayonu, Sərkar kəndində yerləşən mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən ona satılmasını və hazırda onun istifadəsində olduğunu göstərsə də, sözügedən torpaq sahəsinə dair hər hansı hüquqlarının olmasını təsdiq edən bələdiyyənin müvafiq qərarını və digər mötəbər sübutları məhkəmə kollegiyasına təqdim etməmişdiir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı X2 işin 8-10-cu vərəqələrində işə əlavə etdiyi xx.xx.1999-cu il tarixli sərəncamdan çıxarış və torpağın alqı-satqısına dair akt isə kserosurət olmaqla, Azərbaycan Respublikası MPM-nin 88-89-cu maddələrinin tələbləri baxımından yazılı sübut kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, mülki və torpaq qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(058)-453/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(058)-453/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.