Məhkəmə qərarları › İş №2(104)-1858/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1858/2024

12.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1858/2024 12.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(125)-85/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, çıxarış və layihəyə uyğun icarəsində olan torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(125)-85/2024 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanda yerləşən, İddiaçı qanuni sahibliyində olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(125)-85/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, şəhid atasıdır, iddiaçı ilə mübahisəli torpaq sahəsi üçün aralarında 23000 manata razılşasalar da, pulu olmadığına görə Sənan adlı şəxs onun əvəzinə iddiaçıya 5000 manat pul vermişdir. Lakin sonradan İcra Hakimiyyətində məlum olmuşdur ki, həmin ərazi dövlətin parkıdır. Həmin torpaq sahəsinə dair iddiaçının heç bir sənədi yoxdur. 2022-ci ilin mart ayında 500 manat, aprel ayında isə 800 manat pul vermişdir. Apreldə iddiaçı ona etibarnamə vermiş, həmçinin ona İcra Hakimiyyətində bildirmişlər ki, həmin ərazi dövlətin parkıdır, bundan sonra ona və digər şəhid ailələrinə orada şəhidlər üçün abidə ucaltmağa icazə verilmişdir. İddiaçı onu aldadaraq ümumi etibarnamənin verilməsi üçün 7800 manat məbləğində pulunu almışdır. Sonradan həmin etibarnaməni ləğv etdirmişdir. Onun faktiki istifadəsində olan ərazinin iddiaçıya aidiyyəti yoxdur. Orada “Dəmir Yumruq” və şəhidlərin xatirəsinə ucaldılmış abidə isə təkcə onun tərəfindən deyil, bir çox şəhid ailələri tərəfindən tikilmişdir. Cavabdeh vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdeh mübahisəli ərazini zəbt etməmişdir. Cavabdehin mübahisəli əraziyə dair heç bir qanuni sənədi yoxdur. Apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(125)-85/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdeh onun icarəsində olan torpaq sahəsini tutaraq orada kafe inşa etdirmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(125)-85/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında göstərdi ki, sözügedən torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla parkın ərazisidir və iddiaçının istifadəsinə - icarəyə verilmiş, iddiaçı ilə müvafiq icarə müqaviləsi bağlanmışdır. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(125)-85/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-4992/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3166 nömrəli icarə müqaviləsinə uyğun olaraq Gəncə şəhəri, D.Qorqud küçəsi ilə Müseyib Bağırov küçəsinin kəsişməsində yerləşən qeyri- 80,0 kv.m torpaq sahəsi İddiaçı icarəsinə verimiş və İddiaçı adına xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-7501/2024 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə mütəxəssis mülahizəsi məhkəməyə təqdim edilmişdir. Mütəxəssis mülahizəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 3166 saylı icarə müqaviləsinə əsasən İddiaçı (icarəsinə) ayrılmış və və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş ünvan 1 ünvanda yerləşən 0,008 ha-dan ibarət torpaq sahəsi naturada (yerində) üst-üstə düşür. 2-ci və 3-cü suallara cavab olaraq müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa edilmiş abidə tipli tikilinin 4.0 (dörd) metrə qədər hissəsi, **********15 reyestr nömrəli Çıxarışa əsasən, İddiaçı icarəsində olan 0,008 ha torpaq sahəsində yerləşir. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-2077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2- 10/1409 nömrəli, 27 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022ci il tarixli 3166 saylı icarə müqaviləsinə əsasən İddiaçı (icarəsinə) ayrılmış və və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş ünvan 1 ünvanda yerləşən 0,008 ha-dan ibarət torpaq sahəsi naturada (yerində) üst-üstə düşür. Cavabdeh tərəfindən inşa edilmiş abidə tipli tikilinin 4.0 (dörd) metrə qədər hissəsi, **********15 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı icarəsində olan 0,008 ha torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialının 150(105)/4 nömrəli, 17 fevral 2021-ci il tarixli arxiv arayışına (“Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti başçısının 02 aprel 2002-ci il tarixli, 180 nömrəli sərəncamı”), Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti başçısının “vətəndaş X2 ictimai iaşə obyektinin tikintisi üçün torpaq sahəsinin təhkim edilməsi haqqında” 02 aprel 2002-ci il tarixli, 180 nömrəli sərəncamına və ona əlavə olunmuş sənədlərə əsasən Sadıllı yaşayış sahəsi, İ.Əliyev küçəsi, 41 nömrəli evdə yaşayan X1 xx.xx.2002-ci il tarixli, R-359 nömrəli ərizəsi, Memarlıq və tikinti şöbəsinin təklifi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər şöbəsinin rəyi nəzərə alınaraq D.Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsindəki bağın giriş hissəsində 8,0 m x10,0 m. ölçüdə torpaq sahəsi ictimai iaşə obyektinin tikintisi üçün X2 təhkim edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən əldə edilmiş mütəxəssis və ekspert rəylərinə əsaslanmış və hesab etmişdir ki, cavabdeh İddiaçı mübahisə edilən torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3166 nömrəli icarə müqaviləsinə uyğun olaraq, Gəncə şəhəri, D.Qorqud küçəsi ilə Müseyib Bağırov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının oduğu 80,0 kv.m torpaq sahəsi icarəyə verilmiş və İddiaçı adına xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş müvafiq mütəxəssis və ekspertiza rəyləri ilə Cavabdeh tərəfindən inşa edilmiş abidə tipli tikilinin 4.0 (dörd) metrə qədər hissəsinin **********15 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı icarəsində olan 0,008 ha torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Cavabdehin həmin ərazidən istifadəyə dair heç bir sənədi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə edilən torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmaqla, cavabdehin həmin torpaq sahəsindən istifadəsi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(125)-85/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(125)-85/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar