Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1859/2025 09.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), X1 və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 nömrəli qərardadından İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 (bundan sonra – cavabdeh) qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsinə, ona məxsus torpağa tökdüyü mişar daşın və torpağın şəxsi hesabına götürülərək həmin yerin əvvəlki vəziyyətə salınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 nömrəli qərardadı ilə (hakim Ziya Abdullayev), İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi, ona məxsus torpağa tökdüyü mişar daşının və torpağın şəxsi hesabına götürülərək həmin yerin əvvəlki vəziyyətə salınması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını, əks təqdirdə işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, qərardadın qəbul edilməsinə əsas o olmuşdur ki, eyni tərəflər arasında, eyni predmet üzrə əvvəllər mübahisə olmuş və qüvvədə olan qətnamə mövcuddur. Bildirir ki, hazırki iddia tələbində o, Cavabdeh qarşı “mənə məxsus torpağa tökdüyü mişar daşın və torpağın şəxsi hesabına götürülərək həmin yerin əvvəlki vəziyyətə salınmasına” dair iddia qaldırmışdır. Hazırki iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, mülkiyyətində olan torpaq sahəmin koordinatlarının müəyyən edilməsi tələbi təmin edilmişdir. Cavabdehİsmayıl oğlu onun mülkiyyətində olan və ona tanıdılan torpaq sahəsinə daş və torpaq tökərək mülkiyyət hüquqlarını pozur. Bu isə onun deməyə əsas verir ki, hazırki mübahisə ilə əvvəlki mübahisələri eynilik təşkil etmir. Ona verilmiş 0.28 ha torpaq sahəsi ********** və 0.70 ha torpaq sahəsi ********** qeydiyat nömrəli çıxarışlar onun mülkiyyətindədir. Lakin, cavabdeh onun mülkiyətində olan yerə qeyri qanuni torpaq və mişar daş tökmüşdür. Kanalizasiyasını doldurub. Dəfələrlə daşların və torpağın ordan götürməsini desə də əhəmiyət verməmişdir. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, məhkəmə hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinın xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları sonrakı hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı hazırda məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsini, ona məxsus torpaq sahəsinə tökülmüş mişar daşı və torpağın cavabdehin şəxsi hesabına götürülməsini və həmin ərazinin əvvəlki vəziyyətə qaytarılmasını xahiş etmişdir. İddiaçı öz tələbini – 0,28 ha torpaq sahəsinə dair ********** nömrəli və 0,70 ha torpaq sahəsinə dair ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla mülkiyyət hüququnu təsdiq edən sənədlərlə əsaslandırmış, cavabdehin onun mülkiyyətində olan əraziyə qeyri-qanuni şəkildə torpaq və mişar daşı tökdüyünü, bunun nəticəsində torpaq sahəsinin təyinatına zidd hala düşdüyünü, dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq cavabdehin həmin qanunsuz əməllərini aradan qaldırmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə istinad etməklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iş üzrə artıq yekun məhkəmə aktının mövcud olduğunu, həmin qətnamənin yuxarı instansiyalarda dəyişdirilmədən qüvvədə saxlandığını əsas gətirərək iş üzrə icraata xitam vermişdir. Lakin, apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianın hüquqi vəziyyətini düzgün qiymətləndirməmiş və hazırki iddia tələbi ilə əvvəlki iddia tələbinin predmeti və əsası arasındakı fərqi nəzərə almamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(021)-176/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı “torpaqdan çıxarma və tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-135/2023 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 466/2024 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin, hazırkı mübahisə üzrə iddia tamamilə başqa hüquqi tələbi – yəni “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə yönəlmişdir. Bu tələbin mahiyyəti əvvəlki iş üzrə tələbdən — “torpaqdan çıxarma və tikilinin sökülməsi” tələbindən fərqlənir. Bu halda, məhkəmə qeyd edir ki, iddia predmetinin dəyişməsi dedikdə, iddiaçının məhkəmədən tələb etdiyi hüquqi nəticənin dəyişməsi başa düşülür. Hazırkı işdə iddiaçının ilkin iddiasının predmeti torpaq sahəsindən cavabdehin çıxarılması və həmin ərazidə inşa olunmuş tikilinin sökülməsi olduğu halda, sonrakı iddiasının predmeti cavabdehin qanunsuz hərəkətlərinin (torpaq və mişar daşının götürülməsi) aradan qaldırılmasıdır. Göründüyü kimi, hazırkı mübahisə üzrə iddia tələbi tamamilə fərqli hüquqi predmeti əhatə edir və iddianın predmeti dəyişmişdir, çünki iddiaçı artıq torpaqdan çıxarılmanı deyil, qanunsuz hərəkətlərin dayandırılmasını və nəticələrinin aradan qaldırılmasını tələb edir. Yəni, həmin işdə iddiaçının torpaq üzərində istifadə hüququnun həyata keçirilməsinə cavabdehin fiziki olaraq müdaxiləsinin aradan qaldırılması, torpaqdan istifadə hüququnun bərpası məsələsi mübahisələndirilmişdir. Bununla yanaşı, iddianın əsası da dəyişmişdir. Belə ki, hazırkı iddia tamamilə fərqli faktiki hallara əsaslanır və başqa xarakterli müdaxilənin aradan qaldırılması məqsədi daşıyır. İlkin iddiada iddiaçı cavabdehin onun torpaq sahəsini zəbt etməsi və orada tikili inşa etməsi faktını əsas gətirərək iddia qaldırmışdır. Halbuki, sonrakı iddiada iddiaçı bu dəfə cavabdehin onun torpaq sahəsinə qanunsuz şəkildə torpaq və mişar daşı tökməsini, bunun nəticəsində sahənin relyefinin iddia etmiş və həmin qanunsuz əməllərə son qoyulmasını tələb etmişdir. Hansı ki, iddianın mahiyyəti fərqli xarakterli qanunsuz hərəkətlərin qarşısının alınmasıdır. Deməli, iddiaçının hazırki iddia tələbi həm faktiki, həm də hüquqi əsasları tamamilə fərqlənir. Azərbaycan Respublikası MPM-in 261.0.2 və 262.4-cü maddələrinin tələblərinə əsasən, yalnız eyni tərəflər, eyni predmet və eyni əsas üzrə iş üzrə məhkəmə tərəfindən yekun qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmiş olduqda, eyni mübahisə barədə təkrar müraciətə yol verilmir. Lakin yuxarıda göstərildiyi kimi, iddiaçının hazırkı tələbi əvvəlki işlə nə predmeti, nə də əsası baxımından eyni deyildir. Belə olan halda, MPM-in qeyd olunan maddələrinin tətbiqi üçün hüquqi əsas mövcud deyildir. Əksinə, bu halda iddiaçının müraciəti yeni hüquq pozuntusu və fərqli faktiki hallar əsasında formalaşmış yeni iddia kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Nəzərə alınmalıdır ki, hər bir şəxs pozulmuş və ya mübahisələndirilən hüquq və azadlıqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir və məhkəmələr bu hüququn həyata keçirilməsini təmin etməlidirlər. Birinci instansiya məhkəməsi iddiaçının bu hüququnu nəzərə almadan iş üzrə icraata xitam verməklə prosessual normaların tələblərini pozmuşdur. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinın xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, MPM-in 402-ci maddəsinə əsasən hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 398, 399, 267, 398 və 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 ləğv edilsin və mülki iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirirməsi üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1859/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1859/2025
09.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver