Məhkəmə qərarları › İş №2(104)-186/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-186/2023

29.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-186/2023 29.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsində tikilmiş çardağın sökülməsi və qaz sayğacının sökülməsi, maddi ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Daşkəsən Rayon Məhkəməsinin 2(030)–313/2022 saylı mülki iş üzrə 02 iyun 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 aprel 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 182,1 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. İşdə olan Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidməti 3 saylıƏrazi İdarəsi tərəfindən 01 aprel 2017ci il tarixdə tərtib eidlmiş **********07-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasportunun” surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Xüsusi qeydlər: Daşkəsən rayon İH-i Daşkəsən rayon dövlət arxivinin 23 yanvar 2017-ci il tarixli 7 nömrəli arxiv arayışı. 290 kv.m torpaq zəbtdir.

3. İşdə olan 28 iyun 2002-ci il tarixli, 5-61 inventar nömrəli “Fərdi yaşayış evinin Texniki Pasportunun” surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evi bütövlüklə X1 adına qeydiyyat alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, torpaq sahəsində tikilmiş çardağın sökülməsi, qaz sayğacının onun mülkiyyət divarından sökülməsi və alma ağaclarının kəsilməsi nəticəsində ona dəyən 3000 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı mülki iş üzrə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Bayan kəndində yerləşən ona məxsus torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş çardağın, çəkilmiş tor məftilin, istinad divarlarının sökülməsi və ona məxsus alma ağaclarının kəsilməsi nəticəsində ona dəyən 3000 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış 05 aprel 2017-ci il tarixli, **********,qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa və **********07-10301 reyestr nömrəli Fərdi yaşayış evinin Texniki Pasportuna əsasən Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 182,1 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun qonşusudur. Kərm Həşimovun yaşadığı evə və evin yerləşdiyi təqribən 0,12 ha torpaq sahəsinə dair heç bir hüququ mövcud deyildir. Cavabdeh ona məxsus 0,12 ha həyətyanı torpaq sahəsinin 40 kv.metrini 3 il bundan əvvəl zəbt edərək çardaq tikdirmiş və həmin torpaq sahəsində 5 alma ağacını dibindən kəsərək ona xeyli miqdarda ziyan vurmuşdur. Bununla əlaqədar olaraq cavadehə etirazını bildirməsinə baxmayaraq, cavabdeh heç bir tədbir görməmiş, əksinə qaz sayğacını onun mülkiyyətində olan divara quraşdırmışdır. Məcbur olub Daşkəsən Rayon Polis şöbəsinə müraciət etmiş, Polis şöbəsi tərəfindən 04 may 2020-ci il tarixli məktubla ona məhkəməyə müraciət emtəsi tövsiyyə olunmuşdur. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. Daşkəsən Rayon Məhkəməsinin 2(030)–313/2022 saylı mülki iş üzrə 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış 05 aprel 2017-ci il tarixli, **********, qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Daşkəsən rayonu Bayan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 14 metr uzunluğunda çardaq və15 metr uzunluğunda sərhəd divarı kimi çəkilmiş tor məftilin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən narazı qalan Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 2(030)–313/2022 saylı mülki iş üzrə 02 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə ilə işin faktiki halları və sübutlar tam araşdırılmamış, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddianın qaz sayğacının iddiaçının divarından sökülməsi ilə bağlı qeyd etmişdir ki, həmin sayğac onun tərəfindən deyil, “Azəriqaz” İB tərəfindən quraşdırılmışdır. Ağacların kəsilməsi və iddiaçıya 3000 manat ziyan dəyməsi ilə bağı isə qeyd etmişdir ki, ümumiyyətlə belə bir hadisə olmamış, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Torpaq sahəsində tikilmiş çardağın sökülməsi ilə bağlı tələbə münasibətdə isə qeyd etmişdir ki, həmin çardağ onun evinin qəzalı vəziyyətdə olduğundan quraşdırılmışdır. Evini yağış sularından qorumaq məqsədilə inşa edilmiş və həmin çardaq ona aid torpaq sahəsində inşa edilmişdir. İddiaçı tərəfindən gələn su-selin qarşısını almaq məqsədi daşıyır və bu məsələ onun tərəfindən dəfələrlə iddiaçıya xəbərdarlıq edilsə də, heç bir iş görülməmişdir. İddiaçı tərəfindən inşa edilmiş tövlə bünövrəsi olmadığı üçün uçmuş və ona aid həmin çardağın damını və evin novdanlarını zədələmişdir. Onun öz vəsaiti ilə inşa edilmiş, iddiaçı tərəfindən 10 il ərzində heç bir irad bildirilməmişdir. Bundan başqa evi ona satan şəxs evi satarkən ona aid torpağın iddiaçı ilə aralarında olan məftil çəpəri sərhəd müəyyən etmişdir. Mübahisəli torpaq sahəsi ona aiddir, O, iddiaçının torpağını zəbt etməmişdir. Məhkəmə iddiaçının adına olan çıxarışda koordinatarı mübahisə edilən torpağın koordinatları ilə üst-üstə düşüb-düşməməsi barədə dəqiqləşdirmə aparmalı idi. Məhkəmə bunun əvəzinə mübahisəli yerə yerli baxış küçirərək mübahisəyə baxmışdır. Halbuki, həmin məsələyə ixtisaslaşdırılmış müətəxəssislər rəy verə bilərdilər. Hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxarkən iş ürə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməklə qərar qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

13. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

18. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 26 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

28. Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:

30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

32. Maddə 385.1.2 və 385.1.3. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)– 313/2022 saylı mülki iş üzrə 02 iyun 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış 05 aprel 2017-ci il tarixli, **********, qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Daşkəsən rayonu Bayan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 14 metr uzunluğunda çardaq və15 metr uzunluğunda sərhəd divarı kimi çəkilmiş tor məftilin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

36. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

37. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

39. Qeyd olunan maddi hüquq normalarının işin hallarına tətbiqi üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

40. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 42.Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki işdə apellyatorun şikayətinin dəlilinə qiymət verilməsi məqsədilə, onun tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt olunub-olunmaması məsələsinə aydınlıq gətirilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin başqa mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza keçirilmiş və həmin Mərkəzi məhkəməyə daxil olan, 11 iyul 2023-cü il tarixli 10/3914 saylı ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə Cavabdeh tərəfindən müdaxilə halı müəyyən olunmamışdır.

44. Bundan əlavə, İşdə olan Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidməti 3 saylıƏrazi İdarəsi tərəfindən 01 aprel 2017-ci il tarixdə tərtib eidlmiş **********07-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasportunun” surətindən görünür ki, İddiaçı istifadə etdiyi 290 kv.m torpaq sahəsi zəbt edilmiş torpaq sahəsidir. 45.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olan, 11 iyul 2023-cü il tarixli 10/3914 saylı rəyini işin faktiki hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edərək, hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və irəli sürülən iddianın təmin olunmaması üçün əsasdır.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi irəli sürülən iddianın təmin edilmiş hissəsində sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələri ilə bağlı MPM-in tələblərinə tam riayət etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə qətnamə qəbul etmiş və yekun olaraq iddianın təmin edilmiş hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar vardır. Buna görə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 2(030)–313/2022 saylı mülki iş üzrə 02 iyun 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış 05 aprel 2017-ci il tarixli, **********, qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Daşkəsən rayonu Bayan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 14 metr uzunluğunda çardaq və15 metr uzunluğunda sərhəd divarı kimi çəkilmiş tor məftilin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməli və irəli sürülən iddia həmin hissədə təmin edilməməlidir.

47. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 10/3914 saylı ekspert rəyinə əlavə olunun ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir.Apellyasiya şikayəti təmin edildiyindən və irəli sürülən iddia rədd edildiyindən Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsaslanan kollegiya hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməli, 100 manat məbləğində pul İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1, 392, 393, 402, 403, 404, 405- və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 2(030)–313/2022 saylı mülki iş üzrə 02 iyun 2022ci il tarixli qətnaməsi mübahisələndirilən-iddianın qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış 05 aprel 2017-ci il tarixli, **********, qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Daşkəsən rayonu Bayan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 14 metr uzunluğunda çardaq və15 metr uzunluğunda sərhəd divarı kimi çəkilmiş tor məftilin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissəsində təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar