Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1864/2023 14.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: yaşayış sahəsinə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(076)-139/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah haqqında 16 oktyabr 2011-ci il tarixli AZ-İ seriyalı 711608 nömrəli şəhadətnamənin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 16 oktyabr 2011-ci il tarixdə nikah bağlamışlar.
2. Doğum haqqında 20 oktyabr 2011-ci il tarixli AZ-İİ seriyalı 745812 nömrəli şəhadətnamədən görünür ki, X2 29 sentyabr 2011-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır.
3. Doğum haqqında 04 oktyabr 2013-cü il tarixli AZ-İİİ seriyalı 169102 nömrəli şəhadətnamədən görünür ki, X3 20 aqvust 2013-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır.
4. Doğum haqqında 18 may 2022-ci il tarixli AZ-İV seriyalı 725407 nömrəli şəhadətnamədən görünür ki, X1 05 may 2022-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2022-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh2 xüsusi mülkiyyətindədir.
6. Şəmkir Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2(076)-2856/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı məxsus cehiz əşyaları iddiaçı Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət olunmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, onu üç azyaşlı uşağı ilə birlikdə Cavabdeh2 məxsus Şəmkir rayonu Qədimqala kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2010-cu ildə ailə qurmuşlar, nikahlarını isə 16 oktyabr 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 29 sentyabr 2011-ci il tarixdə Ruzi, 20 avqust 2013-cü il tarixdə Ömər və 05 may 2022-ci il tarixdə İnci adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra qaynatası Cavabdeh2 məxsus Şəmkir rayonu Qədimqala kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və 2022-ci ilin yanvar ayınadək orada yaşamışdır. Cavabdehlər onu evdən qovmuşlar və hazırda valideyinlərinə məxsus evdə yaşayır. Cavabdeh1la aralarında olan nikah pozulmamış və hazırda uşaqları ilə birlikdə qaynatasına məxsus evə köçmək istəyir.
9. Şəmkir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(076)-139/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Məmmədova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 360-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Beləki, mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququ yaranmışdır. Eləcədə təqdim olunmuş subutlara düzgün qiymət verilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, hazırda atasının evində yaşayır. 2021-ci ilin oktyabr ayında köçmək istədiyi evdən öz istəyi ilə getmişdir. Yəni onu evdən qovmamışlar. Cavabdeh1la aralarında olan nikah pozulmamış, lakin faktiki olaraq ayrılmışlar. Cehiz əşyalarının çıxarılması ilə bağlı qətnamədən apellyasiya şikayəti verməmiş və həmin qətnamə üzrə icra vərəqəsi verilmişdir. Övladlarının gələcəyi üçün belə bir iddia qaldırmışdır ki, həmin evdən onlarada pay əldə etsin. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2021-ci ilin axırlarında iddiaçı özü evdən getmişdir. Ailə münasibətlərinin bərpası mümkün deyil. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. İddiaçı evdən özü getmiş və onu qovan olmamışdır. İddiaçı gəlin köçdüyü evdən onlarla birlikdə yaçamaq istəmir. cehiz əşyalarının evdən çıxarılması barədə də qüvvədə olan qətnamə var. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətininn təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
20. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
21. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
22. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
23. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
24. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
25. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
26. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
27. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
28. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 01-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, daşınmaz əmlakın (evin) dövlət qeydiyyatına alınması mülkiyyətçinin həmin əmlaka (evə) məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka (evə) dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı azyaşlı uşaqları ilə birlikdə Cavabdeh2 mülkiyyətində olan ünvan 1-də yerləşən fərdi yaşayış evinə köçürməməkdə düzgün nəticəyə gəlmişdir.
39. Qətnamənın maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ilə çıxarılması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar yoxdur.
40. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 2010-cu ildə faktiki olaraq ailə qurmuş və İddiaçı hazırda qaynatası Cavabdeh2 mülkiyyətində olan Şəmkir rayonu Qədimqala kəndi Vilayət Həsənov küçəsində yeləşən 4 nömrəli fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə aparmışdır. 16 oktyabr 2011-ci il tarixdə isə sonuncuların nikahı qeydə alınmışdır. 29 sentyabr 2011-ci il tarixdə Ruzi, 20 avqust 2013-cü il tarixdə Ömər, 05 may 2022-ci il tarixdə İnci adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər faktiki olaraq ayrılmışlar və Pəri Əliyevə 2021ci ilin okyyabr ayında özü könüllü olaraq azyaşlı uşaqları ilə birlikdə atası evinə getmiş, hazırda da valideyinlərinə məxsus evdə yaşayır. İddiaçı evdən könüllü çıxmasına baxmayaraq sonradan hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
41. Bu qətnamənin 38-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 Cavabdeh2 xüsusi mülkiyyətindədir və buna dair sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2022-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir.
42. İddiaçı iddia ərizəsində cavabdehlər tərəfindən evdın qovulmasını qeyd etsədə, lakin apellyasiya icraatı zamani izahatında bildirmişdir ki, 2021-ci ilin oktyabr ayında özü könüllü olaraq evdən çıxmış, həmin vaxtdan hal-hazıra kimi də atasına məxsus evdə yaşayır.
43. Kollegiya qeyd edir ki, evə köçürülmə tələbinə dair işlərə baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır. Birinci şəxs köçmək istədiyi yerdə yaşayıbmı, ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi, üçüncüsü, məhrum edilmə qanunidirmi. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı özü könüllü olaraq uşaqları ilə birlikdə evdən çıxmışdır. İddiaçının 2010-cu ildən 2021-ci ilin oktyabr ayına kimi fərdi yaşayış evində yaşaması iş materaialları ilə təsdiq olunur. İkinci hala münasibətdə isə iddiaçı gəlin köçdüyü evdən özünün iradəsindən asılı olmayan səbəblərdən məhrum olmamışdır, yəni özü könüllü olaraq evdən getmiş və artıq iki ilə yaxın müddətdir ki, valideyinləri ilə birlikdə yaşayır. Üçüncü hal isə onu deməyə əsas verir ki, məhrum etmənin qanunsuzluğu sübut olunmur.
44. Həmçinin işdən müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı məxsus cehiz əşyalarının evdən çıxarılması barədə Cavabdeh2 iddiası Şəmkir Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2(076)-2856/2022 nömrəli qətnaməsi təmin olunmuş və İddiaçı məxsus cehiz əşyalarının Şəmkir rayonu Qədimqala kəndi Vilayət Həsənov küçəsi 4 nömrəli fərdi yaşayış evindən çıxarılması qət olunmuş və həmin qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün iş üzrə icra vərəqəsi verilmişdir. İşin qeyd olunan bu halı da onu deməyə əsas verir ki, İddiaçı Şəmkir rayonu Qədimqala kəndi Vilayət Həsənov küçəsi 4 nömrəli fərdi yaşayış evində yaşamaqdan könüllü imtina etmişdir. Digər tərəfdən iddiaçı cavabdehlərdən Cavabdeh1 ailə üzvü olsada, lakin digər cavabdehin, yəni fərdi yaşayış evinin mülkiyyətçisiCavabdeh2 ailə üzvü hesab olunmur.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(076)-139/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.