Məhkəmə qərarları › İş №2(104)-1866/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1866/2023

19.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1866/2023 19.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evdən cehiz əşyalarının çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə Açar sözlər: evə köçürülmə, cehiz əşyalarının çıxarılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X3, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-78/2023 saylı mülki iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. iş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 164,80 kv.m fərdi yaşayış evi və altındakı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətlərindədir.

2. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahından xx.xx.2010-cu il tarixdə X5, xx.xx.2012-ci il tarixdə X4 anadan olmuşlar.

3. İşdə olan Şəmkir rayon Məhkəməsinin 2(076)-1384/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 12 otyabr 2010-cu il tarixdə bağlanmış rəsmi nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş xx.xx.2010cu il tarixdə X5, xx.xx.2012-ci il tarixdə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə ünvan 2 ünvanda yerləşən cavabdehlərə məxsus (mərhum X2 mülkiyyətində olan) ümumi sahəsi 164.kv. m olan birmərtəbəli yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 2010-cu ildə rəsmi nikaha daxil olaraq cavabdehlərə məxsus evə gəlin köçmüşdür. Nikahdan 2 uşaqları olmuşdur, cehiz əşyaları da həmin evə aparmışdır. Sonra cavabdehlə münasibətləri qaynanası Cavabdeh2 təqsirindən pozuldu. Ev qaynatası Elxan Hüseynovun adına olub. Şəmkir rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaqlara cavabdehdən aliment tutulması qət edilmişdir. Cavabdehlər ona həmin evdə yaşamağa imkan vermədilər. Hesab edir ki, həmin mübahisəli evə 2009-cu ildə gəlin köçmüşdür, onun o evdən istifadə etmək hüququ yaranmışdır, ona görə də uşaqları ilə birlikdə həmin evə köçürülməyini istəyir.

6. Məhkəmənin hazırlıq iclası mərhələsində Cavabdeh2 ilk İddiaçı qarşı evdən cehiz əşyalarının çıxarılması tələbinə dair qarşılıqlı iddia verərək, iddiaçının cehiz əşyalarının onun mülkiyyətində olan evdən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasında göstərib ki, guya hazırki mübahisəli evə gəlin köçüb və uşaqları da o evdə dünyaya gəlib. Əslində bu belə deyil, iddiaçı ünvan 3 ünvanına köçüb. Orada ailə üzvləri ilə yola getmədiyindən müvəqqəti olaraq mübahisəli hazırki evə köçürüldü. Orada da yoldaşı ilə yola getmədi və nikahları pozuldu. İddiaçı onun mülkiyyət hüquqularını pozur, bir ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti, 1 dəst yumşaq mebel, 1 ədəd şamlı çıl-çıraq, iki ədəd iri gəvə, bir ədəd balaca gəvə, bir dəst yemək dəsti, bir dəst çay servisi, bir dəst qazan dəsti Tefal firmadan, bir dəst şirəli qazan dəsti olan iddiaçının cehiz əşyalarının onun mülkiyyətində olan evdən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin 2(076)-78/2023 saylı mülki iş üzrə 22 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim: Ş.Məmmədova) ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 78/2023 saylı mülki iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi barədə və qarşılıqlı iddianın təmin edilmədən rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Şəmkir Rayon Məhkəməsi iş üzrə heç bir araşdırma aparmadan, ilk iddia üzrə iddiaçının iştirakı olmadan və həmin evə pasport qeydiyyatının olmağını, həmçinin evin birgə nikah dövründə inşa edilməyini nəzərə almadan nəticəyə gəlməklə kobud pozuntuya yol vermişdir. Belə ki, onun tərəfindən sənədlər və sübutlar məhkəməyə təqdim olunsa da məhkəmə qətnaməsində göstərir ki, guya o, məhkəmə iclaslarına gəlməmiş və iddiası əsaslı olmamışdır. Əslində isə ona məhkəmə bildirişləri göndərilməmiş və onun iştirakı olmadan qərar verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının vəkili X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

18. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları vəvalideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

19. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

28. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazılarıilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

30. Məhkəmə kollegiyasında işə baxılarkən müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh1la 12 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha girmişlər. Tərəflər bundan əvvəl faktiki nikah münasibətlərinə daxil olmuşlar. İddiaçı həmin vaxtdan da mübahisəli evə gəlin kimi köçdüyünü iddia etsə də, iş materiallarından işin faktiki halı kimi müəyyən olunur ki, İddiaçı Cavabdeh1la ailə qurarkən cavabdehlərə məxsus evə deyil, başqa bir yaşayış sahəsinə gəlin köçmüş, sonradan isə Cavabdeh2 adına mülk kimi qeydə alınmış ünvan 2 ünvanlı evə köçmüşdür. Daha sonra Cavabdeh1 ilə aralarında olan nikah münasibətləri məhkəmə qaydasında pozulmuşdur. Hazırda İddiaçı həmin evdə deyil başqa ünvanda yaşayır. Qeyd edilən ev qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh2 məxsusdur.

31. İlk iddia üzrə iddiaçı məhkəməyə müraciət etmiş və məhkəmə iddia tələbini təmin etməmişdir. Bundan başqa məhkəmə qarşılıqlı iddia üzrə iddia tələbini təmin edərək, İddiaçı aid olan cehiz əşyalarının Cavabdeh2 məxsus Şəmkir şəhəri, Oleq Miroşniçeko küçəsi, 39 saylı evdən çıxarılması qənaətinə gəlmişdir.

32. Kollegiya qeyd edir ki, hazırda ilk iddia üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi ilk iddia üzrə cavabdeh olan Cavabdeh2 adına mülk kimi qeydə alınmış ünvan 2 ünvanlı evdir. Həmin evlə bağlı tərəflər arasında hüquq münasibətləri hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən sonrakı dövrə təsadüf edir. Ona görə də, ilk iddia üzrə mübahisənin düzgün həlli üçün hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. İlk İddiaçı köçürülməsini tələb etdiyi evin mülkiyyətçisi olan Cavabdeh2 ailə üzvü deyildir və Cavabdeh2 ilk iddia üzrə İddiaçı yaşayış sahəsi ilə təmin etmək vəzifəsi (öhdəliyi) daşımır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə mülkiyyətçinin ailə üzvü sayılmayan iddiaçının həmin evdən istifadə hüququ tanına bilməz. Buna görə də, onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir.

33. Bundan başqa ilk iddia üzrə İddiaçı məxsus olan cehiz əşyalarının ilk iddia üzrə Cavabdeh2 mülkiyyətində olan əmlakda qalması sonuncunun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.

34. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianı təmin etməkdə birinci insansiya məhkəməsi haqlı olmuşdur.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405,-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-78/2023 saylı mülki iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar