Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1869/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Açar sözlər: əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(013)-921/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Kəlbəcər Filialının xx.xx.2023-cü il tarixli 08 saylı arayışlarında qeyd edilmişdir ki, Ərizəçi xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işləməsi barədə arxiv sənədləri işğal zonasında qalmışdır;
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli 3-171/2-Ə170838/2023 saylı məktubundan görünür ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkilinə xx.xx.2006-cı il tarixdən başlandığından Ərizəçi Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda Zootexnik vəzifəsində işləməsi barədə müraciətində qeyd etdiyi dövr üzrə hər hansı məlumat verilməsi mümkün olmamışdır;
3. AZE № ******* saylı əmək kitabçasının surətindən görünür ki, X3 xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixə qədər Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda işləmişdir;
4. AZE № ******* saylı əmək kitabçasının surətindən görünür ki, X1 xx.xx.1969-cu il tarixdən xx.xx.1992-ci ilə qədər Kəlbəcər rayonu Əsrik kənd soveti inzibati binasında gözətçi işləmişdir.
5. Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-55/2-421/2024 nömrəli məktubdan görünür ki, 1981-ci ildən 1992-ci ilədək olan dövrdə rayon ərazisində fəaliyyət göstərmiş Əsrik kənd sovetliyinin və Kəlbəcər rayonu “Karl Marks” adına kolxozun inzibati binaları Əsrik kəndinin ərazisində yerləşməklə bir-birindən 2 km məsafədə olmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1992ci il tarixədək Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizəçi X4 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il tarixdə Kəlbəcər rayonu Tirkeşəvənk kəndində doğulmuş və orada işləmişdir. xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonunda "Karl Marks" adına X8 qərarına əsasən həmin kolxozda zootexnik vəzifəsində işləmişdir. Lakin, xx.xx.1992-ci il tarixdə Kəlbəcər rayonunun işğal edilməsi səbəbindən məcbur qalıb oranı tərk etmişdir. Əmək kitabçasının əsli isə onda olmadığı üçün hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Onun xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu Karl-Marks adına Kolxozda zootexnik vəzifəsində işləməyi barədə sənəd ona görə lazımdır ki, həmin sənədi Rusiya Federasiyasında pensiyaya çıxmaq üçün həmin dövlətin aidiyyəti orqanlarına təqdim etməlidir. Daha əvvəl vəkil sorğusu ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kəlbəcər Dövlət Arxivinə müraciət olunaraq xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Karl-Marks adına Kolxozda zootexnik vəzifəsində işləməyi ilə bağlı arayış verilməsi xahiş edilmişdir. Kəlbəcər rayon Dövlət Arxivi sorğuya xx.xx.2023-cü il tarixli, 08 saylı məktubla cavab verərək bildirmişdir ki, Ərizəçi xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Kəlbəcər rayon Karl-Marks adına kolxozda zootexnik vəzifəsində işləməsi barədə idarədə əsaslı sənəd mövcud deyildir. Ona görə ki, Kəlbəcər rayonu xx.xx.1993-cü il tarixdə işğal edildiyi üçün xx.xx.1993-cü il tarixə qədər Kəlbəcər rayon idarə, müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozların Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi bütün sənədlər şğal zonasında qalmışdır. Bundan sonra hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 19 may 2023-cü il tarixli 2(013)-1494/2023 saylı qərardadı ilə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş və ona ümumi qaydada hazırkı mübahisə ilə bağlı müvafıq icra hakimiyyəti orqanına (DSMF orqanlarına) müraciət etmək, həmin orqan imtina etdiyi təqdirdə pensiyan təsdiq edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir. Bundan sonra tərəfindən ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fonduna müraciət olunaraq Rusiya Federasiyasında pensiyaya çıxmağı üçün ümumi iş stajına əlavə etmək məqsədilə Rusiya Federasiyasının aidiyyəti orqanlarına təqdim etməyi üçün xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu Karl-Marks adına Kolxozda zootexnik vəzifəsində işləməyi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafıə Fonduna (onun varisi olduğu əvvəlki orqana) xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək verilmiş ödənişlər, hesabatlar, iş təcrübəsini təsdiq edən digər zəruri sənədlərin surətlərini və həmin halı təsdiq edən arayış verilməsi xahiş olunmuşdur. DSMF tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkilinə xx.xx.2006-cı il tarixdən başlandığından Kəlbəcər rayonu Karl-Marks adına kolxozda işləməsi barədə müraciətdə qeyd etdiyi dövr üzrə hər hansı məlumat verilməsi mümkün olmamışdır. Bundan sonra Bakı İnzibati Məhkəməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldırmışdır. Lakin, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(112)-14495/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu Karl-Marks adına Kolxozda zootexnik vəzifəsində işləməyinə həmin kolxozda işləyən X3 və X1 şahidlik etmişlər. Ona görə də, həmin şəxslərin məhkəmə iclasına şahid qismində çağırılması zəruridir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu ilədək Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda işləmişdir. Ərizəçi 1981-ci ildən 1992-ci ilə qədər onunla birlikdə həmin kolxozda zootexnik işləmişdir.
9. Məhkəmədə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, xx.xx.1969-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu Əsrik kənd soveti inzibati binasında gözətçi işləmişdir. Həmin sovetlik Kəlbəcər rayonu “Karl Marks” adına kolxoza aid olmuşdur. Ərizəçi 1981-ci ildən 1992-ci ilə qədər sözügüdən kolxozda zootexnik işləmişdir.
10. Ağdam Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(013)-921/2024 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) ərizə əsaslı olduğundan təmin edilərək, Ərizəçi xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilə qədər Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün Əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 17-ci bəndinə, “Hüquqi əhəmiyyəti olan faktlərın müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə, habelə Mülki Prosessual Məcəlləsinin 307.2.11ci maddəsinə isitnad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Maraqlı şəxs Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
13. Maraqlı şəxs Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 xx.xx.1969-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu Əsrik kənd soveti inzibati binasında “gözətçi” vəzifəsində işlədiyini və həmin sovetliyin Kəlbəcər rayonu “K.Marks” adına kolxoza aid olduğunu, Ərizəçi 1981-ci il tarixdən 1992-ci il tarixədək həmin kolxozda “zootexnik” vəzifəsində işlədiyini bildirmişdir. Göründüyü kimi, hər iki şahidin ərizəçi ilə eyni vaxtda sözügedən kolxozda işlədiyi dövr yalnız xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək olan dövrü əhatə edir. Ona görə də, hüquqi əhəmiyyətli fakt kimi yalnız hər iki şahidin ərizəçi ilə eyni vaxtda işlədiyi dövr təsdiq edilə bilər.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Rusiya Federasiyasında yaşayır, bu fakt ona orada pensiya almaq üçün lazımdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri isə ərizəçinin ərizədə göstərdiklərinin təsdiq olunması üçün mötəbər sübut kimi sayıla bilməz. Çünki, şahidlərdən biri ərizəçi ilə başqa-başqa kəndlərdə yaşamış, fərqli yerlərdə işləmişlər. Onların bir-birini görməsi, bir-birindən məlumatlı olması inandırıcı deyildir. Digər şahidlər isə fərqli dövrlərdə işləmişlər, işlədikləri müddətlərin yalnız 4 ili üstüstə düşür.
16. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclaslarında verilmiş izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
18. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyən edilməsi zamanı alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanınınməcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
19. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün Əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə nin 17-ci bəndi: İş stajı barədə sənət olmadıqda idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bənidndə göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
26. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
27. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə məhkəmə baxır.
28. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
29. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır
30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər
31. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki prosessual qanunvericiliyə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Ərizəçi xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işləməsi faktının müəyyən olunması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
37. Birinci instansiya məhkəməsi ərizəçinin xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək illərdə Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində iişləmiş olduğunu müəyyən etmiş, bu qənaətə gələrkən şahidlərin verdiyi ifadələrə əsaslanmışdır.
38. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya aşağıdakıları qeyd edir;
39. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.1-ci bəndində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
40. Daha sonra Plenum qeyd etmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir (Qərarın 13.4-cü bəndi).
41. Hazırkı işdə Ərizəçi xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işlədiyini bildirir və bunun əsası kimi iş üzrə dindirilmiş iki nəfər şahidin ifadəsinə istinad edir.
42. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri - xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneəçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün Əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə nin 17-ci bəndinə görə, iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
45. Göründüyü kimi, iş stajının məhkəmə qaydasında müəyyən edilməsi üçün ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin eyni təşkilatda işləmələri barədə sənədləri olmalıdır.
46. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda işləmişdir. Ərizəçi 1981-ci ildən 1992-ci ilə qədər onunla birlikdə həmin kolxozda zootexnik işləmişdir.
47. Digər şahid X1 da ifadəsində bildirmişdir ki, xx.xx.1969-cu il tarixdən xx.xx.1992ci il tarixədək Kəlbəcər rayonu Əsrik kənd soveti inzibati binasında gözətçi işləmişdir. Həmin sovetlik Kəlbəcər rayonu “Karl Marks” adına kolxoza aid olmuşdur. Ərizəçi 1981-ci ildən 1992-ci ilə qədər sözügüdən kolxozda zootexnik işləmişdir.
48. Göründüyü kimi, iş üzrə dindirilmiş şahidlərdən X6 rayonu “Karl Marks” adına kolxozda deyil də, Kəlbəcər rayonu Əsrik kənd sovetində işləmişdir. Lakin, şahid M.Nuriyev Kəlbəcər rayon Əsrik kənd sovetinin “Karl Marks” adına kolxoza aid olduğunu bildirmişdir. Bu xüsusatın aydınlaşdırılması üçün apellyasiya baxışı zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinə müvafiq sorğu verilmiş və sorğuya cavab olaraq alınmış xx.xx.2024-cü il tarixli 5-55/2-421/2024 nömrəli məktubla müəyyən edilmişdir ki, 1981-ci ildən 1992-ci ilədək olan dövrdə Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərmiş Əsrik kənd sovetliyinin və Kəlbəcər rayonu “Karl Marks” adına kolxozun inzibati binaları Əsrik kəndinin ərazisində yerləşməklə bir-birindən 2 km məsafədə olmuşdur.
49. Beləliklə, müəyyən edilmişdir ki, iş üzrə dindirilmiş iki nəfər şahiddən biri olan Maşallah Nuriyevin işlədiyi müəssisə ilə Ərizəçi işlədiyi “Karl Marks” adına kolxoz bir idarə olmamışdır. Əksinə, onların işlədiyi müəssisələr bir-birindən aralı olmaqla 2 km məsafədə yerləşmişdir. Başqa sözlə, şahid Maşallah Nuriyev ərizəçinin bildirdiyi “Karl Marks” adına kolxozda çalışmamışdır. Belə olan təqdirdə şahid Maşallah Nuriyevin ifadəsi hazırkı ərizənin həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz.
50. Məhkəmə kollegiyası həmçinin iş üzrə dindirilmiş digər şahid Məhərrəm Quliyevin ifadəsi ilə bağlı qeyd edir ki, həmin şahid xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda işlədiyini bildirmişdir. Bu hal öz təsdiqini tapdığı halda belə, hazırkı işdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün Əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə nəzərdə tutulmuş şərtlər məcmu halda mövcud deyildir.
51. Nəzərə almaq lazımdır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
54. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
55. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
56. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, ərizə sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, ərizəçi ərizədə göstərilən halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
57. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlmir; bu isə Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Maraqlı şəxs Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(013)-921/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.