Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1889/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdehlər X5 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi (anası) X6 və cavabdeh X4 iştirakı ilə, İddiaçı X3 cavabdehlər X5 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12) qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1305/2024 nömrəli qətnaməsindən cavabdehlər X10 və Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X11 ilə cavabdeh X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş Banu adlı uşaq anasının yanında saxlanılmış, habelə, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin və uşağın 3 yaşına çatana kimi anası üçün hər ay cavabdehdən 40 manat məbləğdə alimentin alınması qət edilmişdir.
2. Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X10 və Cavabdeh2 adına qeydiyyata alınmış Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir.
3. Daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, X10 mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsini anası Cavabdeh2 bağışlamışdır.
4. Daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsini oğlu X9 bağışlamışdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 məxsus olmuşdur. Bu barədə qeydiyyat xx.xx.2022-ci ildə aparılmışdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olmuşdur. Bu barədə qeydiyyat xx.xx.2023-cü ildə aparılmışdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X9 məxsusdur. Bu barədə qeydiyyat xx.xx.2024-ci ildə aparılmışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən **********85 reyestr nömrəli 0.07 ha həyətyanı torpaq sahəsi Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisinin xx.xx.2022-ci il tarixli 40-382 reyestr nömrəli alqı satqı müqavilə əsasında X12 tərəfindən özgəninkiləşdirilərək xx.xx.2022-ci il tarixində X4 adına hüquqları dövlət qeydiyyatına alınmışdır. Tovuz regional "ASAN xidmət" mərkəzi notariat ofisinin xx.xx.2023-cü il tarixli 4Ə-907 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında xx.xx.2023-cü il tarixində Cavabdeh2 adına hüquqları dovlət qeydiyyatına alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı X11 cavabdehlər X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, onun Banu adlı uşağı ilə birlikdə cavabdeh X4 yaşadığı və Cavabdeh2 adına qeydiyyata alınmış Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən X10 ilə nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmiləşdirərək ailə qurmuş, birgə nikahlarından Banu adlı uşaqları doğulmuşdur. Onlar ailə qurduqdan sonra Şirəli Məmmədov torpaq sahəsi almış və həmin torpaq sahəsində yerləşən evdə yaşamışlar. Banu adlı uşaqları da həmin evdə doğulmuşdur. Özü və uşağı həmin ünvanda qeydiyyatdadırlar. Hətta ona aid cehiz əşyaları da həmin evdədir. Xasiyyətlərində olan uyğunsuzluq səbəbindən ayrılmışlar. Nikahın pozulması və aliment tələbinə dair mülki işləri Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Onun və uşağının fərdi yaşayış evində yaşamalarına cavabdehlər imkan vermirlər. Aralarında olan ailə münasibətləri pozulduqdan sonra Şirəli Məmmədov əmlakı anasına bağışlamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1305/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev), iddianın təmin edilməsi, iddiaçı X11 azyaşlı uşağı – xx.xx.2022-ci il təvəllüdlü Banu adlı uşağı ilə birlikdə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsindəki cavabdehlər X10 və Cavabdeh2 məxsus fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçı X7 aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı hüquqi vəziyyətinə görə özbaşına tikili sayılan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsində olan fərdi yaşayış evində yaşamış, sonradan, yaranmış vəziyyətlə əlaqədar evdən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmaz.
13. Çünki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir.
14. Məhkəmə bir məqamı da qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli fərdi yaşayış evi özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. İddiaçının faktiki ailə münasibətləri çərçivəsində birgə təsərrüfat apararaq orada yaşamasına görə həmin evə iqtisadi marağı yaranmışdır. Belə olan halda, tərəflərin yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni formada təzahür etmişdir. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdehlərlə eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərilməsi ilə nəticələnə bilər.
15. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının yaşaması üçün mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb etməsi əsaslıdır. Həmçinin cavabdehlərin mübahisəli ev üzərində mülkiyyət hüququ olmadığından onun iddiaçıya və uşağına qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur.
16. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Tacirə Məmmədova azyaşlı uşağı – xx.xx.2022-ci il təvəllüdlü Banu adlı uşağı ilə birlikdə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsindəki fərdi yaşayış evinə köçürülməlidir.
17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə və 43-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2010-cu il tarixli Qərarına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.1 və 13.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2, 139.1, 180.1 və 180.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1, 8, 9.1, 9.2, 68.1, 68.2 və 68.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 216- 220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdehlər X10 və Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1305/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı 2021-ci il tarixdə mübahisəli evə köçmüş rəsmi nikaha 2022-ci ildə daxil olmuş və evə köçərkən torpaq sahəsinin mülkiyyətçisi və torpaq sahəsi üzərində inşa edilmiş mübahisəli yaşayış evi də Kamil Məmmədova məxsus olmuşdur. Mübahisəli yaşayış evi digər şəxsin mülkiyyətində olmuşdur ki, məhkəmə hakiminin məhkəmə araşdırması zamanı torpaq sahəsinin mülkiyyətçisi olaraq həmçinin evin də faktiki olaraq Kamil Məmmədova məxsus olmasını işdə olan sübutlarla müəyyən edərək və işin gedişində iddiaçı razı olmadığına görə Kamil Məmmədovu işə cavabdeh qismində cəlb etmədikdə işə cavabdehlərə aidiyyəti olmayan və onlara qarşı maddi hüquqi əsası olmayan iddia tələbini təmin etməklə də qanunsuzluğa yol vermişdir. Belə ki, məhkəmə qətnaməsinin əsaslandırıcı təsvir hissəsində qeyd etmişdir ki, Daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsini oğlu X9 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X9 məxsusdur. Bu barədə qeydiyyat xx.xx.2024-cü ildə aparılmışdır. Belə olan halda məhkəmənin hazırkı gəldiyi nəticə işun faktiki halları baxımından tam səhvdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar, birgə nikahlarından Banu adlı uşaqları doğulmuşdur. Onlar ailə qurduqdan sonra qardaşı Kamil Məmmədova məxsus torpaq sahəsi üzərində qardaşı Kamil Məmmədov və anası Cavabdeh2 tərəfindən öz vəsaitləri hesabına inşa edilmiş sənədsiz evdə yaşamışlar. İddiaçı gəlin kimi həmin ilin avqust ayının 3-də mübahisəli fərdi yaşayış evinə gəlin kimi köçmüşdür. Ona məxsus cehiz əşyaları da həmin evə yığılmışdır və hazırda da mübahisəli fərdi yaşayış evindədir. Onların birgə nikahlarından doğulmuş Banu adlı uşaqları da həmin fərdi yaşayış evində doğulmuşdur. İddiaçı ilə 2023-cü ilin may ayına kimi orada yaşamışlar. Münasibətləri pozulduğu üçün, həmin tarixdə evdən çıxıb getmişdir. Mübahisəli fərdi yaşayış evinin bütün xərci qardaşı Kamil Məmmədov və anası Cavabdeh2 tərəfindən çəkilmişdir. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, yalnız həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun qardaşına məxsusdur. Ümumilikdə mübahisəli fərdi yaşayış evi ona məxsus deyildir. Həmin evdə hazırda heç kim yaşamır, özü belə valideynlərinə məxsus fərdi yaşayış evində yaşayır. Torpaq sahəsinin əvvəllər ona bağışlanılmasına səbəb ondan ibarət olmuşdur ki, gedib orada yaşasın. Lakin, sonradan qardaşı fikrindən daşınmış və özünə aid torpaq sahəsini tələb etmişdir. Ona məxsus hər hansı fərdi yaşayış evi yoxdur. Mübahisəli fərdi yaşayış evi 2020-2021-ci illərdə inşa edilmişdir. Belə olan halda məhkəmənin bu faktı nəzərə almadan iddiaçını azyaşlı övladları ilə birlikdə evə köçürməsi tamamilə anlaşılan deyildir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, onların arasında ailə münasibətləri faktiki olaraq pozulmuş və məhkəmə müstəvisində mübahisə davam edir. Belə olan halda isə üçüncü şəxs qismində cəlb edilməmiş və qardaşı Kamil Məmmədova məxsus torpaq sahəsi üzərində inşa edilmiş faktiki olaraq da ona məxsus evə iddiaçının köçürülməsi barədə qətnamə qəbul edilməsi yalnışdır. Evin bütün xərci onun özü və ailəsi tərəfindən çəkilmişdir. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, yalnız həmin evin yerləşdiyi torpaq sahəsi qardaşı Kamil Məmmədova məxsusdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi (anası) X14 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, verdiyi izahatda göstərmişdir ki, qızı X11 ilə cavabdeh Şirəli Məmmədov rəsmi nikah qeydindən keçməklə ailə qurmuş və qızı gəlin kimi Tovuz rayonu, Abulbəyli kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Həmin evə qızı gəlin kimi 2021-ci ilin avqust ayında köçmüşdür. Qızının cehiz əşyaları da həmin evə yığılmış və uşağı (nəvəsi) Banu da həmin fərdi yaşayış evində doğulmuşdur. Qızı 2023-cü ilin may ayına kimi həmin fərdi yaşayış evində fasiləsiz olaraq yaşamışdır. Həmin tarixdə isə qızı mübahisəli fərdi yaşayış evindən döyülərək çıxarılmışdır. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Şirəli Məmmədovun adına rəsmiləşdirilməsi üçün bütün xərcləri belə o çəkmişdir. Hətta fərdi yaşayış evinin təmiri belə onların vəsaitləri hesabına başa gəlmişdir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda qızı ilə nəvəsi onlarla birlikdə yaşayır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehlər X10 və Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X8 nümayəndəsi (arvadı) X2 izahatında göstərmişdir ki, o, özü 2010-cu ildə gəlin köçmüşdür. Həmin ev əri Kamil Məmmədova məxsusdur. O, hazırda qaynatasının evində yaşayır. İddiaçı Tacirə Məmmədova həmin evin tikintisinə heç bir xərc çəkməmişdir. Biz həmin evi onlara müvəqqəti yaşamaq üçün vermişdik. Birlikdə yaşaya bilmədilər, ona görə də yoldaşı Kamil evi onlardan geri almışdır. Kamil hərbi xidmətdədir. Biz iddiaçının həmin evdə yaşamasını istəmirik. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı X11 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
26. İş üzrə iddiaçı X11, Cavabdeh2, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
27. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz;
28. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
29. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
31. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
32. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
33. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
34. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
35. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onupozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
36. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
37. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
38. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
39. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
40. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
41. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarı
42. 2000-ci il sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarı
43. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
50. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
52. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
53. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
54. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
55. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
58. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
60. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
61. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh Şirəli Məmmədov 2021-ci ilin avqust ayında faktiki ailə münasibətlərinə girməklə ailə qurmuş, nikahlarını xx.xx.2022-ci ildə rəsmi qeyd etdirmişlər. İddiaçı Tacirə Məmmədova gəlin kimi Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi üzərindəki mübahisəli fərdi yaşayış evinə köçmüşdür. İddiaçıya məxsus cehiz əşyaları da həmin fərdi yaşayış evinə yığılmış, habelə, onların birgə yaşayış və nikahlarından doğulmuş Banu adlı uşaq da həmin evdə dünyaya gəlmişdir. İddiaçı Tacirə Məmmədova 2023-cü ilin may ayına kimi mübahisəli fərdi yaşayış evində yaşamışdır. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir.
62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir.
63. Belə ki, Azərbaycan Respublikasının MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
64. Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
65. İddiaçı mübahisə predmeti olan yаşаyış evinə 2021-ci ildə ailə quraraq köçdüyünü və xx.xx.2022-ci il tarixdə isə nikahlarını rəsmiləşdirdiklərini bildirmişdir.
66. Qeyd olunmalıdır ki, iddiаçının köçmək istədiyi yаşаyış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni 2009-cu ildən indiyədək rəsmi olaraq dövlət reyestrində qeydiyyatda alınmasa da, evin yerləşdiyi torpaq sahəsi cavabdeh Şirəli Məmmədovun qardaşının istifadəsinə ayrılmış və həmin torpaq sahəsi üzərində inşa edilən yaşayış evi də qardaşının sahibliyinə və istifadəsində olmuş, onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi.
67. Çünki, istər iddiaçı, istərsə də cavabdehlər məhkəmə iclaslarında verdikləri izahatlarda, mübahisəli tikilinin hazır vəziyyətdə olduğunu və iddiaçı da gəlin köçən zaman həmin tikiliyə gəlin kimi köçdüyünü qeyd etmişlər. Buna görə də qeyd olunan hal işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir.
68. Hansı ki, iddiaçının özü də məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında verdiyi izahatında bildirmişdir ki, “biz 2021-ci ilin avqust ayından 2023cü ilin may ayına qədər birlikdə yaşamışıq. Mən və mənim ailəm həmin evin şəraitinin yaxşılaşdırılmasına xərc çəkmişik. Mənim valideyinlərim mənə məxsus bank kartına müəyyən məbləğlərdə pullar köçürmüşlər və həmin pulları iddiaçı Şirəli Məmmədov çıxarmışdır. Bundan başqa mənə məxsus olan maaş kartı da daim onda olmuşdur. Ümumilikdə mənə məxsus kartdan müxtəlif vaxtlarda 18000 manatdan cox pul çıxarmışdır. Mən o evə gəlin köçən zaman evin 1 otağı, mətbəx və giriş dəhlizi (təmirli) hazır idi.”
69. Göründüyü kimi, iddiaçının hazırda köçürülməsini istədiyi tikili cavabdeh Şirəli Məmmədovun qardaşının istifadəsində olmuş torpaq sahəsində tikilməklə onun istifadəsində olmuş və hazırki iş üzrə tərəflər el adəti ilə, yəni qeyri-rəsmi evləndikdən sonra yaşamaq üçün köçən zaman artıq ev hazır vəziyyətdə olmuşdur.
70. Belə olan halda, baxılan iş üzrə mübahisə Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrini tətbiq edilməklə həll edilməlidir.
71. Birinci imstansiya məhkəməsi evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına istinad edərək, mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini və Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrini tətbiq etməmiş, bunun əvəzində isə Mənzil Məcəlləsinin 68.1, 68.2 və 68.4-cü maddələrini tətbiq etmişdir.
72. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mübahisədir.
73. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən iki hüquq mənbəyi mövcuddur.
74. Bunlardan biri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsidir. Həmin maddədə göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (keçmiş) ailə üzvləri həmin sahədən istifadə hüququna malikdirlər.
75. Digər hüquq norması isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsidir. Həmin normada isə göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
76. Baxılan mübahisəyə bu qanunlardan hansının tətbiq edilməli olması məsələsinə gəldikdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
77. Eyni məsələ ilə bağlı hüquq münasibətlərini tənzimləyən yuxarıdakı normalar arasında yaranan kolliziyanı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarında araşdıraraq bu nətcəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
78. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri 2021-ci ildən yaranmışdır. Həmin vaxt yaşayış sahəsi üzərində cavabdehlərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, cavabdehin Şirəli Məmmədovun qardaşı Kamil Məmmədovun mülkiyyətində olan torpaq sahəsində yerləşməklə sahibliyindədir və sahibliyinin qanuniliyi, habelə evə gözlənilən mülkiyyət hüququ mübahisələndirilmir.
79. Məhkəmə kollegiyası mübahisənin hüquqi həllinin daha ətraflı işıqlandırılması üçün aşağıdakı ümumi hüquqi əsasları da qeyd etməyi zəruri sayır.
80. Mənzil hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 3cü hissəsində neqativ formada ifadə edilərək göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
81. Həmin maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.
82. İlkin olaraq kollegiya mübahisənin Mülki Məcəllənin 228-ci maddəsi baxımından həllinə qiymət verilməsini zəruri hesab edir.
83. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur.
85. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Tacirə Məmmədova 2021-ci ilin avqust ayında rəsmi nikah münasibətinə girməmişdən (xx.xx.2022-ci il tarixdən) qabaq mübahisəli fərdi yaşayış evinə köçüb orada yaşasa da, qaynı, yəni evin mülkiyyətçisi ilə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında yazılı müqavilə bağlamamışdır. Belə olan halda iddiaçının Mülki Məcəllənin 228-ci maddəsinə istinad etməklə mübahisə fərdi yaşayış evinə köçürülməsini tələb etməsi əsassızdır.
86. İddiaçının mübahisəli mənzilə köçürülməsi ilə bağlı mübahisənin xx.xx.2009-cu ildən qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımındanda təhili də iddianın təmin olunmamasını şərtləndirir.
87. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
88. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
89. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə iddiaçıların evin mülkiyyətçisinin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.
90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
91. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
92. Göründüyü kimi, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qaynın keçmiş gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
93. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur.
94. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddaçının hazırda mübahisəli mənzildə yaşamaq hüququ olmadığından onun himayəsində olan azyaşlı uşaq da həmin mənzildə yaşaya bilməz.
95. Çünki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
96. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən də on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
97. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).
98. Azərbaycan Respublikasının MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
99. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
100. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
101. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.
102. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir.
103. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
104. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
105. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
106. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
107. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
108. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
109. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
110. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
111. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
112. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
113. Azərbaycan Respublikasının MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
114. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
115. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
116. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdehlər X10 və Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1305/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X3 cavabdehlər X5 və Cavabdeh2 qarşı evə köçürülmə tələbində dair iddia tələbi təmin edilməsin. İddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.