Məhkəmə qərarları › İş №2(104)-1894/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1894/2024

24.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1894/2024 24.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: mülkiyyətə qanunsuz müdaxiləyə son qoyulması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(042)-32/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 24 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0352 ha torpaq sahəsi və üzərində yerləşən ev İddiaçı adına qeydə alınmışdır;

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən istifadə edilmir. İddiaçı inşa etdirmək istədiyi hasar onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli **********45-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 ünvanında yerləşən 0,0352 ha torpaq sahəsinin ətrafına daş hasar çəkməsinə Cavabdeh yaratdığı maneələrə son qoyulması və ödənilmiş dovlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0352 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam olaraq adına qeydiyyata alınmışdır. Torpaq sahəsinə faktiki sahibliyi həyata keçirir və torpaq sahəsinin ətrafına daş hasar çəkmək istəyir. Bunun üçün torpaq sahəsinə tikinti materialları gətirmişdir. Lakin, qonşusu olan Cavabdeh torpaq sahəsinin ətrafına hasar çəkməyə imkan vermir. Hər dəfə iş görməyə başlayanda cavabdeh onu və ailə üzvlərini söyüb təhqir edir, hücum edir, azyaşlı nəvələrinin üstünə gələrək, onları ölümlə hədələyir, daş-kəsək atıb xəsarət yetirir. Bu barədə Gədəbəy Rayon Polis Şöbəsinə də şikayət etmişlər. Şikayətlə əlaqədar araşdırma aparılmış və məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Cavabdeh ona mülkiyyətindən istifadə etməsinə və mülkiyyət hüquqlarını maneəsiz şəkildə həyata keçirtməsinə imkan vermir.

5. Gədəbəy Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(042)-32/2024 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilərək, İddiaçı tərəfindən mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsində inşa etdirmək istədiyi hasarın tikilməsinə Cavabdeh tərəfindən maneələr edilməsinə qadağa qoyulması; İddiaçı tərəfindən çəkilmiş, cəmi, 158 manat məhkəmə xərcinin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 152.6, 157.4 və 170.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi uzun illər atasının istifadəsində olmuş və atası həmin torpağı ona bağışlamışdır. İllərdir mübahisəli torpaq sahəsindən istifadə edir və həmin torpaq sahəsi onun qanuni sahibliyindədir. Belə olan halda hazırkı qətnamə ilə onun mülkiyyət hüquqları nəzərə alınmamış, hətta pozulmuşdur. Öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Onun tərəfindən heç kimin mülkiyyətinə və orada tikinti işləri aparılmasına qəsd edilməmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmağa maneçilik törətməyi barədə heç bir sübut təqdim edilməmişdir. Həmçinin, mütəxəssis rəyində iddiaçının torpaq sahəsinin onun tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 64 ildir mübahisə predmeti olan fərdi yaşayış evində yaşayır. Həmin əmlaka dair adına çıxarış verilmişdir. Cavabdeh onun ögey qardaşının qızıdır. Cavabdehin yaşadığı ev də ata mülküdür və cavabdeh öz atası tərəfindən inşa edilmiş evdə yaşayır. Torpaq sahəsinin həcmi böyükdür və üzərində iki ev vardır. O, öz mülkiyyətində olan fərdi yaşayış evinə hasar çəkilməsinə yaradılan maneənin aradan qaldırılmasını istəyir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

14. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

16. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0,0352 ha torpaq sahəsi və üzərində yerləşən ev İddiaçı adına qeydə alınmışdır. Cavabdeh da iddiaçıya məxsus fərdi yaşayış evinin qonşuluğunda yaşayır. İddiaçı özünə məxsus fərdi yaşayış evinə daş hasar çəkmək istədiyini, lakin cavabdeh tərəfindən buna maneə yaradıldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

29. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsindən mütəxəssis rəyi alınmış və rəylə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən istifadə edilmir. İddiaçı inşa etdirmək istədiyi hasar onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir.

30. Göründüyü kimi, cavabdeh X1 hər hansı əsas olmadan iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır.

31. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur.

32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(042)-32/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar