Məhkəmə qərarları › İş №2(104)-1902/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1902/2024

24.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1902/2024 24.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılması barədə) Sədrlik edən və məruzəçi hakim Süleymanov Loğman Srac oğlu, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-811/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə baxılması məktubundan görünür ki, sənədlərdə çatışmazlıqlar olduğundan, İddiaçı Bərdə Rayonu Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli, 80 saylı qərarı ilə Bərdə şəhəri, Nizami küçəsində yerləşən 366 kv.m torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. “İcarəyə verən” Bərdə Bələdiyyəsi X1 və “İcarəçi” İddiaçı arasında bağlanmış arasında bağlanmış 29 iyun 2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, bələdiyyə tərəfindən icarə əsasında mağaza binası tikintisi üçün sahəsi 366 kv.m torpaq sahəsi 30 il müddətində İddiaçı icarəsinə verilmişdir. Bərdə Rayon İcra Hakimiyyətinin Bərdə Rayon Dövlət Arxivindən verilən sorğuya cavabdan görünür ki, Dövlət arxivində 272 saylı fondda mühafizə edilən Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli 80 saylı iclas protokolundan çıxarışı vətəndağ İddiaçı göndərilmişdir. Bərdə Rayonu Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli 80 saylı iclas protokolundan çıxarışdan görünür ki, Bərdə Bələdiyyəsinin ehtiyyat torpaq fondundan Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi İddiaçı 30 il müddətinə icarəyə verilmişdir. Bərdə Rayonu Bərdə Bələdiyyəsinin 19 yanvar 2024-cü il tarixli, 07 saylı cavabdehin nümayəndəsi Rəhim Ağamalıyevə göndərdiyi məktubdan görünür ki, İddiaçı Bərdə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 80 saylı qərarı ilə ayrılmış 366 kv.m ölçüdə torpaq sahəsi xx.xx.2019-cu il tarixli AR-İ-737413 nömrəli etibarnamə əsasında Cavabdeh xx.xx.2019-cu il tarixli Bərdə Bələdiyyəsinə müraciət etdiyi imtina ərizəsinə əsasən, sözügedən ərazi Bərdə Bələdiyyəsinin mülkiyyətinə geri qaytarılmışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən ərazi hal-hazırda Bərdə Bələdiyyəsinin mülkiyyətinə aiddir. 12 mart 2019-cu il tarixli, AR-İ-737413 nömrəli etibarnamədən görünür ki İddiaçı etibarnamə əsasında səlahiyyətlərini Cavabdeh ötürmüdür. Etibarnamənin etibarlılıq müddəti 30 yanvar 2021-ci il tarixədək müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X2 bildirmişdir ki, sözügüdən mağaza əvvəllər aptek olub, 24000 min manata Elşənə satmışdır. Pulu ona Elşən vermişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid qismində dindirilən X4 bildirmişdir ki, sözü gedən mağazanın tikintisini aparmışdır və bunun müqabilində pulu ona Elşən vermişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin 04 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ********** saylı VÖEN-i əsasında xx.xx.2010cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********-40001 saylı obyekt kodu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-811/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən Fuad Babaşov) iddia təmin edilmiş, Cavabdeh qeyri-qanuni hərəkətlərinə son qoyulmaqla, həmin şəxsin Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılması və iddiaçının mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı iddia tələbini faktiki subutlarla subut etmişdir. Belə ki, sahənin ilk başdan iddiaçıya ayrılması və orada mağazanın tikintisi, habelə mağazanın iddiaçının sahiblik və istifadəsində olması, həmin mağazanın cavabdehin qanunsuz istifadəsində olması iş materialları ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı hazırki iddianı irəli sürməkdə haqlıdır və iddia tələbi təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, onlar iş üçün əhəmiyyət kəsb edən doğru və dəqiq məlumat və informasiya verə bilməmiş, belə ki, onların ifadələrində qeyd edilmiş mağazanın mübahisə edilən həmin və ya başqa mağaza olması, pulun miqdarı və nə vaxt cavabdeh tərəfindən onlara verilməsini ayırd etmək və dəqiqləşdirmək məhkəmə tərəfindən mümkün olmamışdır. Buna görə məhkəmə həmin ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4-cü maddələrinə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə, 55, 66, 82, 84-cü, 11-ci maddələrin əistinadla əsaslandırmışdır. a) Apellyasiya instansiya məhkəməsində icraat: b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən mağazaya dair tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışları mövcud deyil və mağaza binası rəsmi reyestrdə qeydə alınmamışdır. Həmin binanın tikintisi üçün əhəmiyyətli məbləğdə xərc çəkilmişdir və uzun illərdir ki, oradan istifadə olunur. Reyestr qeydiyyatı olmadığına görə daşınmaz əşya kimi heç kimin mülkiyyətində olmasa da, həmin mağazanın tikintisində istifadə olunan daşınan əşyalar komplekti ciddi iqtisadi dəyərə malik olmaqla həmin tikinti xərclərini çəkən şəxsin mülkiyyətindədir Həmin şəxs mağazanın “gözlənilən mülkiyyət hüququ” ilə sahibidir. MM 166.1-ci maddəyə əsasən, onun mağazaya “gözlənilən mülkiyyət hüququ” ilə sahiblik etdiyi ehtimal edilməlidir. Uzun illər ərzində cavabdeh tərəfindən ona heç bir ödəniş həyata keçirilməmiş, əksinə, o, mağazadan fərdi sahibar kimi gəlir əldə etmiş, daha sonra həmin mağazanı üçüncü şəxslərə icarəyə verərək icarə ödənişləri almışdır. Xüsusilə diqqət yetirilməlidir ki, o, fərdi sahibkar kimi gəlirlərdən iddiaçıya hər hansı ödəniş həyata keçirməmiş, iddiaçı tərəfindən də, tələb edilməmişdir. Deməli o, “gözlənilən mülkiyyət hüququ” ilə sahibliyi həyata keçirmişdir. Əgər iddiaçı “gözlənilən mülkiyyət hüququ”nun ona məxsus olduğunu və cavabdehin onun razılığı əsasında fəaliyyət göstərdiyini iddia edirsə, o zaman bu halı sübuta yetirmək məcburiyyətindədir. Onun ********** saylı VÖEN-i əsasında xx.xx.2010-cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********-40001 saylı obyekt kodu müəyyən edilmişdir. Bu fakt da, onun uzun illər mağazaya qanuni əsaslarla vasitəsiz sahiblik etdiyini təsdiq edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, torpaq sahəsində olan aptek tikilisini Qədir adlı şəxsdən 24.000 manata almış, sonra həmin tikilini öz vəsaiti hesabına sökərək, orada 2012-ci ildə hazırkı mağaza tikmiş və həmin vaxtdan da, heç bir maneə olmadan istifadə edir. İddiaçı qardaşı da, təsdiq edə bilər ki, tikilini öz vəsaiti ilə tikmişdir. Torpaq sahəsinin idiaçının adına sənədləşməsi formal olmuşdur 2019-cu ildə torpaq sahəsini bələdiyyəyə təhvil vermiş və icarə müqaviləsi qüvvədən düşmüşdür. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-811/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etirz edərək, göstərdi ki, o, mübahisəli torpaq sahəsində yerləşən apteki Qədir adlı şəxsdən 17500 dollara almışdır. Qədir hazırda vəfat etmişdir. Sonra isə həmin apteki onun tapşırığı ilə cavabdeh sökdürüb, onun yerində onun vəsaiti ilə hazırkı mağazanı tikdirmişdir. Mağaza tikintisi üçün cavabdehə pulu o vermişdir və obyektin tikintisini Elşən aparmışdır. Mağazanın yerləşdiyi torpaq sahəsi onun icarəsindədir və həmin icarə müqaviləsi hazırda da, qüvvədə olmaqla, ləğv edilməmişdir və bu barədə bələdiyyənin arayışını təqdim edir. Qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-811/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-811/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. . Apellyasiya baxışının hədləri: MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-811/2024 nömrəli qətnaməsi qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı, mübahisəli mağazanın yerləşdiyi torpaq sahəsi üzərində özünün sahiblik və istifadə hüququna istinad edərək, həmin mağazadan cavabdehin çıxarılmasını və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasını tələb edir. Cavabdeh isə mübahisəli mağazanı iddiaçının razılığı əsasında öz vəsaiti hesabına inşa etdiyini, belə olan halda həmin mağazadan çıxarılmasının qanunsuz olduğunu qeyd edir. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia tələbini faktiki subutlarla subut etmişdir. Belə ki, sahənin ilk başdan iddiaçıya ayrılması və orada mağazanın tikintisi, habelə mağazanın iddiaçının sahiblik və istifadəsində olması, həmin mağazanın cavabdehin qanunsuz istifadəsində olması iş materialları ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı hazırki iddianı irəli sürməkdə haqlıdır və iddia tələbi təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, onlar iş üçün əhəmiyyət kəsb edən doğru və dəqiq məlumat və informasiya verə bilməmiş, belə ki, onların ifadələrində qeyd edilmiş mağazanın mübahisə edilən həmin və ya başqa mağaza olması, pulun miqdarı və nə vaxt cavabdeh tərəfindən onlara verilməsini ayırd etmək və dəqiqləşdirmək məhkəmə tərəfindən mümkün olmamışdır. Buna görə məhkəmə həmin ifadələri mötəbər sübut hesab etmir. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Hazırki işdə mübahisəli ev (bina) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin, mübahisəli mağazanın yerləşdiyi torpaq sahəsi İddiaçıla Bərdə Rayonu Bərdə Bələdiyyəsi arasında 366 kv.m olan torpaq sahəsi İddiaçı 30 il müddətinə icarəyə verilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin (icarədarın) razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsinə dair (özbaşına tikilinin sökülməsi, cavabdehin çıxarılması və torpaq sahəsinin geri qaytarılması və s.) iddia qaldırmaq imkanları qanunla tanınır. Çünki, mülkiyyətçinin (icarədarın) iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşşat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin (icarədarın) iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin(icarədarın) razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq mülkiyyətçisi (icarədarın) öz hüququna əsaslanmaqla, əvvəl verdiyi razılığı sonradan geri götürərək, binanı inşa etmiş şəxsin çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin (icarədarın) hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin (icarədarın) razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla bina inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin (icarədarın) icazəsi ilə binanı inşa etmiş şəxsin çıxarılacağı halda torpaq mülkiyyətçisinin (icarədarın) onun hesabına əsassız varlanması halı meydana gələ bilər. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (Əsassız varlanma) Beləliklə, mülkiyyətçinin (icarədarın) və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur.(Maddə 157) O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. (Maddə 561.1) Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin (icarədarın) öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Kollegiya onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün icarə hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin (icarədarın) öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. (Maddə 152.5) Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (Maddə 16.1, 560) Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli torpaq sahəsində yerləşən apteki 24.000 manat verərək əldə etmiş, daha sonra isə apteki sökərək hazırki mübahisələndirilən mağazanı tikdirmişdir. Cavabdeh ********** saylı VÖEN-i əsasında xx.xx.2010-cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********-40001 saylı obyekt kodu müəyyən edilmişdir. Bu fakt Cavabdeh uzun illər mağazaya qanuni əsaslarla vasitəsiz sahiblik etdiyini təsdiq edir. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahid qismində dindirilən X2 bildirmişdir ki, sözügüdən mağaza əvvəllər aptek olub, 24000 min manata Elşənə satmışdır. Pulu ona Elşən vermişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid qismində dindirilən X4 bildirmişdir ki, sözü gedən mağazanın tikintisini aparmışdır və bunun müqabilində pulu ona Elşən vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-811/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-811/2024 nömrəli qətnaməsi ləğv edilsin və və yeni qətnamə qəbul edilsin. İddiaçı, Cavabdeh qarşı mağazadn çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair iddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar