Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-191/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “çəpərin sökülməsi və gediş-gəliş yolunun açılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(076)-43/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “çəpərin sökülməsi və gediş-gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, K-9-206 qeydiyyat nömrəli, 206 inventar nömrəli, 2005-ci il tarixli Texniki Pasport əsasında ona məxsus olan, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən fərdi yaşayış evinin gediş-gəliş yolunda cavabdeh tərəfindən çəkilmiş çəpərin sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən fərdi yaşayış evi vardır və həmin evə görə K-9-206 qeydiyyat nömrəli, 206 inventar nömrəli, 2005-ci il tarixli Texniki Pasport tərtb edilmişdir. Cavabdeh onun qonşusudur. Onun evinin gediş-gəliş yolunda cavabdeh tərəfindən dəmir setkadan hasar çəkilmiş, nəticədə yol kəsilmişdir. Cavabdehin hərəkəti nəticəsində o, evinə gediş-gəliş yolundan sərbəst şəkildə istifadə edə bilmir. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsə də, o, buna məhəl qoymamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(076)-43/2022saylı qətnaməsi ilə (hakim T.Musayev) iddia təmin edilərək, K-9-206 qeydiyyat nömrəli, 206 inventar nömrəli, 2005-ci il tarixli Texniki Pasport əsasında İddiaçı məxsus olan, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən fərdi yaşayış evinin gediş-gəliş yolunda Cavabdeh tərəfindən çəkilmiş dəmir setkanın cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(076)-43/2022saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışıdr ki, ona məxsus Şəmkir rayonu Çənlibel kəndində 22 ildən artıqdır ki? istifadəsində olan torpaq sahəsində ev tikilmiş və 2 ildir ki, setka çəkmişdir. İddiaçı əlində olan 2005-ci il tarixli saxta texniki pasport əsasında ona məxsus fərdi yaşayış evinə gediş-gəliş yolunu guya bağladığını qeyd etmiş və həmin yolun açılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il taixli 2(076)-43/2022-ci il tarixli qətnaməsi ilə iddiası haqsız olaraq təmin edilmişdir. Belə ki, həmin torpaq sahəsi sərəncamla ona məxsusdur. 22 ildir ki, onun istifadəsindədir. 2 ildən artıqdır ki setka çəkmişdir. İddiaçı isə kiminsə öyrətməsi ilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddiçıya məxsus torpaq sahəsini və ya onun evinə gediş-gəliş yolunu bağlamamışdır. Hesab edirki iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Buna görə də iş üzrə ekspertiza təyin edilməsini xahiş etmişdir. İşdə olan sübutlar: K 9 206 qeydiyyat nömrəli, 206 inventar nömrəli, 2005 ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 19 aprel 2022 ci il tarixli **********83 saylı mütəxəssis rəyindən görünür ki, Çənlibel kəndi “Koroğlu” təsərrüfatı ərazisində aparılan kompleks yerquruluşu layihəsində nəzərdə tutulan və İddiaçı tərəfindən fərdi yaşayış evinə gedişgəliş yolu kimi iddia edilən 0.1148 ha yolun 0.0396 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. K 9-206 qeydiyyat nömrəli, 206 inventar nömrəli, 2005 ci il tarixli Texniki Pasport əsasında İddiaçı məxsus olan, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən fərdi yaşayış evinə gedi-gəliş yolunda Cavabdeh tərəfindən dəmir setka çəkilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6903 saylı rəyindən görünür ki, Çənlibel kəndi “Koroğlu” təsərrüfatı ərazisində aparılan kompleks yerquruluşu layihəsində nəzərdə tutulan və İddiaçı tərəfindən fərdi yaşayış evinə gediş-gəliş yolu kimi iddia edilən 0.1148 ha yolun 0.0396 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin fərdi yaşayış evinə gedişgəliş yolunda Cavabdeh tərəfindən dəmir setka çəkilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, setka çəksə də iddiaçının özü və ailəsi həmin ərazidən heç bir maneə olmadan, məftildən hörülmüş qapını açmaqla gedib-gəlir. Bundan başqa iddiaçının başqa yolu da mövcuddur. O, buna etiraz etmir. İstifadəsində olan torpaq sahəsinin hər hansı bir sənədi mövcud deyildir. Şəhid ailəsi kimi icra hakmiyyəti həmin ərazini ona vermişdir. Buna görə də həmin ərazini dəmir torla çəoərləmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, onun evinə gediş-gəliş yolu cavabdeh tərəfindən bağlanmışdır. Hazırda yol kimi istifadə eydiyi ərazi isə qonşusunun yoludur. Cavabdehin zəbt etdiyi yoldan maneəsiz istifadə etməsi ilə bağlı cavadbehin göstərdikləri yalandır. Dəfələrlə məftildən hörülmüş qapını bağlamış, oradan keçdikdə isə cavadbeh və qardaşı ona maneə yaratmaqla, onu söyüb təhqir edirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 47-ci maddənin 2-ci hissəsi. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü hissəsi. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(076)-43/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məöhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbi cavadbeh tərəfindən kənd yolunun müəyyən hissəsinin dəmir torla çəpərlənərək sökülməsi, yəni yolun açılması olmuşdur ki, məhkəmə araşdırması zamanı mütəxəssis və ekspert rəyləri ilə cavadbehin Çənlibel kəndi “Koroğlu” təsərrüfatı ərazisində aparılan kompleks yerquruluşu layihəsində təsərrüfatdaxili yol kimi nəzərdə tutulan sahənin bir hissəsini dəmir torla çəpərləyərək zəbt etməsi, bunun nəticəsində də iddiaçının həmin yoldan istifadə etməklə evinə gediş-gəlişinin məhdudlaşması müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində həmin ərazinin sərəncamla onun istifadəsinə verildiyini iddia etsə də məhkəməyə hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Buna görə də Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(076)-43/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(076)-43/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(076)-43/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavadbeh Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.