Məhkəmə qərarları › İş №2(104)-191/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-191/2024

14.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-191/2024 14.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X17 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehlər X17, onun nümayəndəsi X5 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X17 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(058)-615/2023 nömrəli qətnaməsindən cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 yanvar 2023-cü il tarixli ********** nömrəli çıxarış və 09 yanvar 2023-cü il tarixli A seriyalı 910854 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Samux rayonu Seyidlər kəndində yerləşən 1,9285 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X11, X7, X12, X6 və X1 ümumi birgə mülkiyyətindədir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər X17 və Cavabdeh2 qarşı Samux Rayon Məhkəməsində iddia qaldıraraq, zəbt olunmuş 1,9285 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə 1,9285 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 yanvar 2023-cü il tarixli ********** nömrəli çıxarış və 09 yanvar 2023-cü il tarixli A seriyalı 910854 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Cavabdehlər X17 və Cavabdeh2 onlara məxsus torpaq sahəsini özbaşına zəbt edərək iri və xırda buynuzlu mal-qaralarını otarırlar. Bu səbəbdən mülkiyyətlərində olan torpaqdan istifadə edə bilmirlər. Dəfələrlə cavabdehlərdən qanunsuz hərəkətləri dayandırmağı tələb etsə də nəticəsi olmamışdır.

4. Samux Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(058)-615/2023 nömrəli (hakim T.Kərimova) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan və Samux rayonu Seyidlər kəndinə yerləşən 1,9285 ha torpaq sahəsindən çıxarılması qət olunmuşdur.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220, 357-360 maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh X17 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, mübahisələndirilən torpaq sahəsi uzun illərdir ki, kənd sakinləri tərəfindən bələdiyyənin örüş sahəsi kimi istifadə edilir. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini dəqiqləşdirmədən, sonuncuya Samux rayon Aqrar İslahat Komissiyası tərəfindən torpaq sahəsi ayrılıb-ayrılmamasını müəyyən etmədən, eləcədə digər paylı mülkiyyətçiləri işə cəlb etmədən iş üzrə qətnamə çıxarmışdır. Həmçinin iş üzrə ekspert rəyi alınmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X17 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mübahisəli ərazi 1997-ci ildən örüş sahəsi kimi istifadə olunur. Həmin ərazidə ondan başqa digər şəxslərdə heyvan otarır. X4 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9 nümayəndəsi X5 da apellyasiya şikayətinin məzmununauyğun izahat verdikdən sonra təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavavdeh Cavabdeh2 izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olan örüş sahəsidir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəıyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

15. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

18. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

19. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

25. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Hazırkı işin hallarından müəyyən olunur ki, Samux rayonu Seyidlər kəndində yerləşən 1,9285 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinədədir və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 yanvar 2023-cü il tarixli ********** nömrəli çıxarış, eləcədə 09 yanvar 2023-cü il tarixli A seriyalı 910854 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər X17 və Cavabdeh2 tərəfindən zəbt edildiyini əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

32. Kollegiya hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarması, mübahisələndirilən torpaq sahəsindən uzun illərdir kənd sakinlərinin bələdiyyənin mülkiyyətində olan örüş sahəsi kimi istifadə etməsi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini dəqiqləşdirmədən, sonuncuya Samux rayon Aqrar İslahat Komissiyası tərəfindən torpaq sahəsi ayrılıb-ayrılmamasını, eləcədə digər paylı mülkiyyətçiləri işə cəlb etmədən iddianın təmin edilməsi” dəlilini kollegiya qətnamənin ləğvi üçün əsas saymır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

33. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 yanvar 2023-cü il tarixli ********** nömrəli çıxarış, eləcədə 09 yanvar 2023-cü il tarixli A seriyalı 910854 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında mübahisəli torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətində olmasını, cavabdeh tərəf isə mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan örüş sahəsi olduğunu bildirir.

34. Apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki və torpaqşunaslıqyerqurluşu ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 15 iyul 2024-cü il tarixli -16-16/2- 10/3299 nömrəli və 05 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/3429 nömrəli ekspert rəyilərində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin tərəfindən 01 aprel 2024-cü il tarixli 3-21-3-33/2-3142/2024 nömrəli mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********37 reyestr nömrəli 12 yanvar 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1,9285 ha torpaq sahəsinə dair tərtib olunmuş A-910854 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi Samux rayonu Seyidlər (Nəsimi) kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2000-ci il tarixli ərazisinin kompleks yerquruluşu layihəsi və Samux rayonu Seyidlilər bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair 2009-cu il tarixli yerquruluşu sxemində bələdiyyə mülkiyyətində olan örüş sahəsi olaraq göstərilmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarında isə A-910854 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) olaraq göstərilmişdir. İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********37 reyestr nömrəli 12 yanvar 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətlərində olan 1,9285 ha torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyini bildirmiş, cavabdehlər isə həmin torpaq sahəsini bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan örüş sahəsi kimi istifadə etdiklərini bildirmişlər.

35. Göründüyü kimi TEKUİS və AzCad məlumatlarında mübahisəli torpaq iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,9285 ha kənd təsərrüfatı təyinatlı torpaqdır. Həmin torpağa dair də iddiaçı və onun ailə üzvlərinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 yanvar 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış, eləcədə torpaq sahəsinin planı və ölçüsünə dair 09 yanvar 2023-cü il tarixli A seriyalı 910854 nömrəli sənəd verilmişdir.

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

37. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

40. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 Mosto oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(058)-615/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh X8 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar