Məhkəmə qərarları › İş №2(104)-191/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-191/2025

06.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-191/2025 06.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Mehdiyev Göloğlan Əşrəf oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və tikinin sökülməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Mehdiyev Göloğlan Əşrəf oğluna qarşı torpaq sahəsindən çıxarılma və tikinin sökülməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(062)-25/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 06 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 22 iyun 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kənd ərazisində yerləşən 0,1625 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 29 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən ərazi və İddiaçı **********38 reyestr nömrəli çıxarışla mülkiyyətində olan 0,1125 ha torpaq sahəsi Tovuz rayonu Aşağı Quşçu kəndində deyil Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşir və Tovuz rayonu Aşağı Quşçu kəndində İddiaçı mülkiyyətində 0,1625 ha torpaq sahəsinin olması barədə 15 saylı Tovuz Ərazi İdarəsinin baza məlumatlarında heç bir məlumat aşkarlanmamışdır. Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən (mübahisələndirilən) Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 48 kv.m-ə qədər hissəsi və tikilinin isə 19 kv.m-ə qədər hissəsi İddiaçı **********38 reyestr nömrəli çıxarışla mülkiyyətində olan 0,1125 ha torpaq sahəsi ilə üst-üstə düşür.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlu kəndində yerləşən Mehdiyevə Ziyafət Şəmşəd qızının istifadəsində olan torpaq sahəsinin 48 kv.m-ə qədər hissəsinin və tikilinin 19 kv.m-ə qədər hissəsinin İddiaçı **********38 reyestr nömrəli çıxarışla mülkiyətində olan 0,1125 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 qarşı Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 ona məxsus Tovuz rayonu Aşağı Öysüzlü kənd ərazisində yerləşən 0,1625 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdehin inşa etdirdiyi tikilinin sökülməsi və boşaldılaraq onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Aşağı Öysüzlü kənd ərazisində yerləşən 0,1625 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur və bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Buna baxmayaraq 2022-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt edərək orada müxtəlif növ ağaclar əkmiş, yarım tikili inşa etmiş və həmin tikilidən ticarət məqsədilə istifadə edir. Yəni cavabdeh onun torpaq sahəsi ilə sərhəd təşkil edən ərazidən 2 metr eninə 20 metr uzununa olmaqla, həmçinin mübahisəli torpaq sahəsinin sol istiqamətindən 20 metr uzunluğunda olmaqla zəbt etmişdir. Mübahisəli torpaq sahəsinin sol istiqamətindən 20 metr uzununa olan ərazidə isə, müxtəlif növ ağaclar əkərək həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxamasını tələb etsədə, sonuncu bundan imtina etmişdir

6. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh1 və Mehdiyev Göloğlan Əşrəf oğlunun ona məxsus Tovuz rayonu Aşağı Öysüzlü kənd ərazisində yerləşən 0,1125 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdehlərin inşa etdirdiyi tikilinin sökülməsi və boşaldılaraq onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Tovuz Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(062)-25/2024 nömrəli (hakim Z.Hünmətov) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,1125 ha torpaq sahəsinin 48 kv.metrə qədər, tikilinin 19 kv.metr hissəsindən çıxarılmaları və həmin torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək İddiaçı verilməsi; İddiaçı mülkiyyətində olan 0,1125 ha torpaq sahəsindən inşa edilmiş tikilinin 19 kv.metr hissəsi cavabdehlərin hesabına sökülməsi; 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi; Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.4, 157.8 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 76, 77.1, 217.4, 216-220, 227, 360 maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, iddianın təmin edilməsi hissədə qətnamənin ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, mübahisəli torpaq sahəsində 1990-cı ildən dəmir konstruksiyalı mağaza var və həmin vaxtdan da onun istifadəsindədir. Tovuz rayon Aşağı Öysüzlü Bələdiyyəsi ilə əri Cavabdeh2 arasında bağlanmış 17 oktyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsi sonuncuya satılmışdır. Bununla bağlı memar rəyi var, eləcədə Aşağı Öysüzlü Bələdiyyəsi tərəfindən 28 sentyabr 2007-ci il tarixdə əraziyə baxış keçirilmiş və göstərilən ərazidə sahibkarlıq obyektinin tikilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan sonra həmin ərazidə mişar daşından mağaza inşa etmişlər və İddiaçı heç bir mülkiyyət hüququ olmamışdır. Mağaza 30 ilə yaxındır ki, fəaliyyət göstərir. İddiaçı isə həmin ərazidə 2013-cü ildə torpaq almışdır. İddiaçı orada torpaq alaraq guya mağazanın bir hissəsinin onun ərazisinə düşdüyünü və sökülməli olduğunu tələb eetmişdir. Eyni zamanda mütəxəssis tərəfindən torpağa baxış zamanı düzgün araşdırma aparılmamış, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ölçülərkən sürüşdürmə edilərək mağazanın bir hissəsi ilə üzs-üstə düşməsi göstərilmişdir. Halbu ki, həmin yer iddiaçının torpaq sahəsinin yuxarı hissəsinə düşür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi əvvəllərdən onların sahibliyində olmuşdur. İddiaçıya isə mübahisəli torpaq sahəsini sonradan almışdır. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişlər. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddianın təmin olunması hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh Mehdiyev Göloğlan Əşrəf oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

17. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

18. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

21. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

22. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

28. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Qətnamə iddianın təmin edilməsi hissədə mübahisələndirildiyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Hazırkı işin hallarından müəyyən olunur ki, Tovuz rayonu Aşağı Öysüzlü kənd ərazisində yerləşən 0,1625 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və buna dair sonuncuya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 22 iyun 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Mehdiyev Göloğlan Əşrəf oğlu tərəfindən zəbt edildiyini əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.

35. Kollegiya hesab edir ki, iddia tələbini qimsən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də apellyasiya şikayətinin dəlillərini kollegiya qətnamənin ləğvi üçün əsas saymır.

36. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Tovuz rayonu Aşağı Öysüzlü kənd ərazisində yerləşən 0,1625 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və bu barədə sonuncuya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 22 iyun 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh tərəf mübahisəli torpaq sahəsini Tovuz rayon Aşağı Öysüzlü Bələdiyyəsindən 17 oktyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında aldığını və həmin tarixdən də onların sahibliyində olduğunu bildirsələrdə, lakin mübahisəli torpaq sahəsinə dair sonuncuların mülülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədi (çıxarışı) məhkəməyə təqdim etməmişlər. Mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları iddiaçının adına qeyd alınıb.

37. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə də müəyyən olunur ki, Tovuz rayonu Aşağı Öysüzlu kəndində yerləşən Mehdiyevə Ziyafət Şəmşəd qızının istifadəsində olan torpaq sahəsinin 48 kv.m-ə qədər hissəsinin və tikilinin 19 kv.m-ə qədər hissəsinin İddiaçı **********38 reyestr nömrəli çıxarışla mülkiyətində olan 0,1125 ha torpaq sahəsi ilə üst-üstə düşür.

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

39. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Yuxarıda da qeyd olunduğu kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin (ekspert rəyində göstərilən həcmdə) cavabdehlər tərəfindən heç bir hüquqi əsas olmadan zəbt edilmişdir. Sonuncuların bu qanuna zidd hərəkətləri nəticəsində isə iddiaçın qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Halbu ki, mülkiyyət hüququ təbiəti etibarıilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(062)-25/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,1125 ha torpaq sahəsinin 48 kv.metrə qədər, tikilinin 19 kv.metr hissəsindən çıxarılmaları və həmin torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək İddiaçı verilməsi; İddiaçı mülkiyyətində olan 0,1125 ha torpaq sahəsindən inşa edilmiş tikilinin 19 kv.metr hissəsi cavabdehlərin hesabına sökülməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar